Məhkəmə qərarları › İş №e-2(001)-6549/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6549/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6549/2020 02.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, İddiaçı etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla hamiləliyi dövründə hər ay üçün sabit pul məbləğində 200 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Səadət Sarayında 1013 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuş və cavabdehin, yəni həyat yoldaşı Cavabdeh, X2 və X1 yaşadığı ünvan 1 ünvanına gəlin köçmüşdür. Cavabdehlə hazırda nikah münasibətində olsalar da, cari ilin aprel ayından faktiki nikah münasibətləri pozulmuş və 2020-ci ilin may ayından başlayaraq o, valideynlərinə məxsus ünvan 2 ünvanında yaşayır. Hazırda hamilədir və hamiləliyinin 26-cı həftəsini keçirir. Cavabdeh tərəfindən ona hamilə olduğu müddətdə heç bir maddi köməklik göstərilməmiş və birgə nikahdan doğulacaq gələcək övladlarının taleyinə biganə yanaşılmışdır. Dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, bütün maliyyə öhdəlikləri geri çevrilmiş və hamiləliklə bağlı bütün xərclər öz valideynləri tərəfindən qarşılanmaqdadır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirmişdir ki, o, iddiaçı ilə xx xxxxxx 2019-cu il tarixdə ailə həyatı qurmuşdur. Birgə yaşadıqları müddətdə aralarında xoş münasibət olmuşdur. Faktiki olaraq hal-hazırda nikah münasibətləri rəsmi şəkildə pozulmamışdır. Hal-hazırda nikahda olduğu iddiaçı öz xoşu ilə birgə yaşadıqları mənzildən getmişdir. Ona heç bir artıq söz deyilməmişdir, təhqir olunmamış və evdən qovulmamışdır. Anladığına görə iddiaçının evdən getməsi onun səhhəti ilə bağlı gərginliyi və əlavə olaraq valideynlərinin səsini istəməyidir. Ona görə də iddiaçı öz xoşu ilə geri qayıdarsa, iddia səbəbləri aradan qalxmış olar. Amma evə qayıtmaq istəmirsə, onda nikahın pozulmasını tələb etməli idi. İddiaçı iddia ərizəsində istinad etdiyi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.2-ci maddəsində təsbit edilmişdir ki, “bu köməyin göstərilməsidən imtina edildikdə və ər-arvad arasında aliment ödənilməsi barədə saziş olmadıqda, aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər”. Lakin, o, birlikdə yaşadıqları dövrdə ailəsini saxlamaqdan boyun qaçırmamış və ya imtina etməmişdir. Buna dəlalət edən hər hansı sübutu yoxdur. Əksinə o, həm öz gücündən həm də valideynlərinin onlara verdiyi dəstəkdən istifadə edərək həmişə iddiaçıya köməklik göstərmişdir. Baxmayaraq ki, iddiaçı əmək qabiliyyətlidir, lakin heç bir yerdə işləmir. Əgər iddiaçı birgə yaşadıqları evdən istədiyi yerə gedib, ordan tələb irəli sürürsə, o, bu hərəkətləri qanuni və ya əsaslı saya bilməz. İnsan başqa ölkəyə də gedə bilərdi. Bu o demək deyildir ki, o da həmin ölkədə ona köməklik göstərməlidir. Bundan başqa, hətta evdən getdikdən sonra da bir müddət iddiaçı onun atasına məxsus pensiya kartından istifadə etmişdir. Bunu Bankdan görüntü tələb edərək almaqda mümkündür. Yəqin iddiaçının özü də etiraf edər ki, belə olmuşdur. Göründüyü kimi Ailə Məcəlləsinin 84-cü maddəsinin tətbiqi üçün heç bir əsas yoxdur. Göstərilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə əsasında nümayəndəsi (vəkili) Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, o, xəstə olduğu üçün məhkəmə iclasına gələ bilməyəcəkdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2-ci və 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 372461 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx xxxxxx 2019-cu il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) bağlanmış və 1013 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra arvada Paşazadə soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş Respublika Perinatal Mərkəzinin xx xxxxxxx 2020ci il tarixli Ultra-səs müayinəsi protokolundan görünür ki, pasiyent İddiaçı 26 həftə + 4 günlük hamiləlik müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2019-cu il tarixdən hal-hazıradək rəsmi nikahdadırlar və iddiaçı hazırda hamiləlik dövründədir. Lakin, tərəflər birgə nikahda olmalarına baxmayaraq, onlar faktiki olaraq ayrı yaşayırlar. Hazırda iddiaçı əvvəli xx xxx 2020-ci il tarixdən başlayaraq hamiləlik dövrü üçün cavabdehdən hər ay üçün 200 manat sabit pul məbləğində aliment tələb edir, cavabdeh isə iddianı qəbul etmir. Belə olan halda, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ərarvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. 86-cı maddəsinə əsasən aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Məhkəmə ailə qanunvericiliyinin yuxarıda göstərilmiş normalarını nəzərə alaraq qeyd edir ki, iddiaçı hazırda hamiləlik dövründə olduğundan, habelə onun maddi yardıma ehtiyacı olduğundan iddiaçıya hamiləlik dövrü üçün alimentin tutulması zəruridir. Bundan əlavə məhkəmə qeyd edir ki, məhkəmə alimentin məbləğini müəyyən edərkən, hər iki tərəfin maddi vəziyyətini və diqqətəlayiq digər məqamları nəzərə almalıdır. Ona görə də məhkəmə iddia tələbinin “200 manat sabit pul məbləğində alimentin tutulması” hissəsi ilə bağlı belə qənaətə gəlir ki, iddia bu hissədə qismən təmin edilməli, hamiləlik dövrü üçün tutulmalı olan alimentin məbləği 170 manat məbləğində müəyyən edilməlidir. Belə ki, məhkəmə ananın və doğulacaq uşağın mənafeyini nəzərə alaraq, hamiləlik dövrü üçün 170 manat sabit pul məbləğində alimentin tutulmasını ədalətli və məqsədə müvafiq hesab edir. Digər tərəfdən, məhkəmə iddia tələbinin “alimentin tutulmasının əvvəlinin xx xxx 2020-ci il tarixdən hesablanması” hissəsi ilə əlaqədar aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Qeyd edilən ailə qanuvericiliyinin normalarından da göründüyü kimi, iddiaçı əvvəlki dövr üçün aliment tələb edirsə bu halda iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək onun aliment almaq üçün hansı tədbirlər gördüyünü, tədbir görülməsinə baxmayaraq cavabdehin alimenti verməkdən boyun qaçırdığını və bunun nəticəsində iddiaçının aliment ala bilməməsi barədə sübutları məhkəməyə təqdim etməlidir, lakin hazırda isə iddiaçı tərəfindən belə sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də qismən təmin edilməli, alimentin tutulma müddəti iddiaçı tərəfin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı hazırki aliment tələbi ilə xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi - xx xxxxxx 2020-ci il tarixdən başlanmalıdır. Təsvir edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, hamiləlik dövrü üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilməli, qalan hissədə iddia təmin edilməməlidir. Həmçinin qeyd edilməlidir ki, “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun: -9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. -9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. -8.1.1-ci maddəsində isə, məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 500 (beş yüz) manatdan çox olduqda dövlət rüsumunun qiyməti 30 (otuz) manat miqdarında müəyyən edilmişdir. Bu mənada məhkəmə aliment alınması haqqında iddianın qiymətinin 500 manatdan çox olmasını nəzərə alaraq hesab edir ki, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 14.2-ci maddəsinə əsasən yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Hamiləlik dövrü üçün xx xxxxxx 2020-ci il tarixdən başlayaraq hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar