Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6643/2022 06.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məmmədli Elnurə Həbib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X1 üçün onların yetkinlik yaşına çatana qədər cavabdehdən hər bir uşaq 193 manat sabit məbləğdə, ümumilikdə 386 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 09 noyabr 2007-ci il tarixində 1954 saylı aktla Moskva şəhəri üzrə VVAQ idarəsinin Medvedkovskiy VVAQ şöbəsi tərəfindən nikahlarını rəsmiləşdirmişlər. Həmin nikahdan 09 aprel 2008-ci il tarixində qızları X4 və 10 sentyabr 2010-cu il tarixində oğulları X7 dünyaya gəlmişdir. Sonradan 22 fevral 2012-ci il tarixində Moskva şəhəri Otradnoe rayonunun 159 saylı ərazi məhkəməsinin qətnaməsi ilə nikah pozulmuşdur. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra nikahları Moskva şəhəri üzrə VVAQ idarəsinin Medvedkovskiy VVAQ şöbəsi tərəfindən ləğv edilərək ona nikahın pozulması haqqında 1776 saylı şəhadətnamə verilmişdir. Hazırda qızının 13 yaşı, oğlunun isə 11 yaşı vardır və onunla birlikdə yaşayırlar. Övladların tərbiyəsi və maddi təminatı ilə o məşğul olur. Qeyd olunan iş üzrə ilkin mediasiya sessiyası təşkil olunmuş, lakin heç bir nəticə əldə olunmadığına görə 14 oktyabr 2022-ci il tarixində “ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış” verilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş Arayışa əsasən müəyyən olunmuşdur ki, cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanından 15 iyul 2021-ci il tarixində qeydiyyatdan çıxmış, lakin digər ünvana qeydiyyata düşməklə bağlı heç bir məlumat sistemə daxil edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 147-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş hesab olunduğundan, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Moskva şəhəri üzrə VVAQ idarəsinin Medvedkovskiy VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-MЮ seriyalı 858284 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 09 aprel 2008-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Moskva şəhəri üzrə VVAQ idarəsinin Medvedkovskiy VVAQ şöbəsi tərəfindən verilmiş X-MЮ seriyalı 635385 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 10 sentyabr 2010-cu il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. Moskva şəhəri üzrə VVAQ idarəsinin Medvedkovskiy VVAQ şöbəsi tərəfindən verilmiş İİİ-MЮ seriyalı 874597 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah Moskva şəhərinin Otradnoe rayonunun 159 saylı ərazi üzrə məhkəməsinin 18 aprel 2012-ci il tarixli qərarı ilə pozulmuşdur. Bakı 6 saylı Mediasiya Təşkilatının 14 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı ailə mübahisəsi üzrə ilkin mediasiya sessiyasından keçmək üçün mediasiya təşkilatına müraciət etmiş, lakin qarşı tərəf sessiyada iştirak etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ bəndinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2022-ci il üçün yaşayış minumumu ölkə üzrə uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır...Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından iki üşaqları doğulmuşdur: 09 aprel 2008-ci il təvəllüdlü X6 və 10 sentyabr 2010-cu il təvəllüdlü X8. Hazırda cavabdeh uşaqların saxlanmasına iştirak etmədiyindən iddiaçı cavabdehdən uşaqların saxlanması üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini, uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşdüyünü nəzərə alaraq belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən 17 oktyabr 2022-ci il tarixdən başlayaraq 09 aprel 2008-ci il təvəllüdlü X2 və 10 sentyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat sabit pul məbləğində olmaqla, cəmi 386 manat məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2 və 234.2.1-ci maddələrinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə cavabdehdən tutulan bir illik alimentin məbləğini (386x12=4.632) nəzərə alaraq hesab edir ki, 66,12 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 17 oktyabr 2022-ci il tarixdən başlayaraq 09 aprel 2008-ci il təvəllüdlü X2 və 10 sentyabr 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat məbləğində aliment tutularaq İddiaçına ödənilsin. Cavabdeh 66,12 (altmış altı manat, on iki qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsi hesabına ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(001)-6643/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6643/2022
06.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver