Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6787/2025 08.01.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı – İddiaçı cavabdeh – Cavabdeh qarşı “ödənilən alimentin 35%-nin açılmış hesaba köçürülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:
1. İddiaçı ilə cavabdeh xx.xx.2015-ci il tarixində 1 saylı Bakı Asan Xidmət qeydiyyat şöbəsində nikaha daxil olmuşlar, tərəflərin birgə nikahdan iki övladları – xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X13 doğulmuşdur.
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X1 üçün ödədiyi hər uşaq üçün 272 manat alimentin 35%-nin onların adına açılmış hesaba köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək Cavabdeh ilə aralarında xx.xx.2015-ci il tarixli 1 saylı Bakı Asan Xidmət qeydiyyat şöbəsinin AA060574 saylı qeydə alınmış nikahın pozulması və övladları xx.xx.2016 cı il təvəllüdlü X20 və xx.xx.2018-ci il təvəllüdlü X5 iddiaçının himayəsinə verilməsinə dair qətnamə qəbul olunması xahiş edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-996/24 saylı iş üzrə 18 noyabr 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, aralarında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqların ondan alınaraq analarının yanında qalmaları, ondan hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, ümumilikdə 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi, alimentin tutulmasının əvvəlinin uşaqların icra qaydasında anaya verildiyi tarixdən hesablanması, məhkəmə-psixoloji ekspertizasının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaitinin 70 (yetmiş) manat hissəsinin İddiaçı, 30 (otuz) manat hissəsinin isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. İddiaçı tərəfindən həmin məhkəmə qətnaməsindən apellyasiya məhkəməsinə şikayət verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 noyabr 2024-cü il tarixli qətnaməsi aliment tutulması hissəsində dəyişdirilmiş, xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir.
Cavabdehin etirazları:
4. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz məhkəməyə təqdim edilməmişdir.
Tərəflərin izahatları:
5. İddiaçının məhkəmə iclasında iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçı bildirdi ki, 13 ildir bankda işləyir. Qarşı tərəf onu polisə verib ki, uşaqları özündə saxlayır. Uşaqların xəstəliyi var, xəstəxanaya aparır, elə bilir qaçırdır. Hazırda 2 ipotekası var. Qarşı tərəf verdiyi alimenti təyinatı üzrə sərf etmir. Alimentin əsas məqsədi uşağın hüquqlarını qorumaq və onun ehtiyaclarını qarşılamaq, yaşayış, təhsili və inkişafını təmin etməkdir. Ödədiyim alimentin 50%-dən çoxunu kirayə verir, bu da özlüyündə yanlışdır, çünki Binəqədi rayonu İcra Hakimiyyəti qəyyumluq şöbəsində olarkən həyat şəraitinin müayinə aktında qarşı tərəf bildirmişdir ki, o qeydiyyatda olduğu ünvanda qalacaq, uşaqları kirayə qalmayacaq. Həm məhkəmədə, həm də qəyyumluq komissiyasında qarşı tərəfin yalan danışdığını bildirsə də, buna məhəl qoyulmamışdır. Bundan əlavə bildirir ki, aprel ayından uşaqları həftədə 1 dəfə görsə belə övladlarının xəstəxana xərclərini özü qarşılamışdır. Buna baxmayaraq qarşı tərəf onu uşaqları gec gətirdiyinə görə polisə şikayət etmişdir və uşaqların adına Rabitə Bank ASC kart açdırıb qazandığından həmin karta yükləyib övladları zəng və yanına gələn zaman onlar üçün sərf edir.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ:
Faktiki hallar və sübutlar:
7. İş materiallarında olan Rabitəbank ASC-nin çıxarışından müəyyən olunur ki, İddiaçı məxsus kart kesabından xx.xx.2025-xx.xx.2025-ci il tarixləri aralığında mütəmadi ödəmələr həyata keçirilmişdir.
8. İş materiallarında olan Respublika Pediatriya Mərkəzinin laboratoriyasının çıxarış məlumatlarından görünür ki, X14 və X21 müayinələrdən keçmişlər.
9. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli həyat şəraitinin müayinə aktından müəyyən olunur ki, Cavabdeh yaşayış yeri üzrə həyat şəraitinin müayinə edilməsi üçün Bakı şəhəri, ünvan 1 ünvanına baxış keçirilmişdir. Mənzil 4 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşir. Baxış zamanı Cavabdeh bildirdi ki, yuxarıda göstərilən ünvanda ailə tərkibi 7 nəfər (özü, anası X6, qardaşı X2, qardaşının arvadı X7, qardaşının övladları X4, X3 və X8) olmaqla yaşayır. Cavabdeh qeyd etdi ki, özü fərdi qaydada şirniyyat mağazasında şirniyyatçı işləyir, anası işləmir, qardaşı fərdi qaydada santexnik ustası işləyir, qardaşının arvadı işləmir, Zeynəb Bakı şəhəri 5 nömrəli tam orta məktəbdə təhsil alır, Mübariz (4 yaş) və Davud (2 yaş) azyaşlıdırlar. Baxış zamanı müəyyən edildi ki, mənzil dəhlizdən, zaldan, iki yataq otağından. mətbəxdən, hamam və sanitar qovşağından ibarət olmaqla ümumi sahəsi 57.50 m² təşkil edir. Mənzildə yaşayış üçün lazımi şərait yaradılmış, təmir işləri orta səviyyədədir, sanitar-gigiyenik qaydalara tam riayət olunmuşdur. Mənzil məişət və mebel avadanlıqları, su, elektrik enerjisi, kanalizasiya sistemi. internet, kondisioner və mərkəzləşdirilmiş istilik sistemi ilə təchiz edilib. Sözügedən mənzildə uşaqların dərsləri ilə məşğul olması, istirahət etməsi və asudə vaxtını keçirməsi üçün xüsusi şərait mövcud deyil. Həmin mənzildə uşaqların həyatına və sağlamlığına təhlükəli şərait yoxdur. Baxış zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli Hüquqlarım dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış təqdim edildi. Çıxarışa əsasən mənzil X6 (Cavabdeh anası) tam mülkiyyətindədir. Həyat şəraitinin müayinə edilməsinin nəticələri onu göstərir ki, Cavabdeh ailə və mənzil-məişət şəraiti yaşayış üçün qənaətbəxşdir.
10. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik komissiyasının xx.xx.2024-cü il tarixli həyat şəraitinin müayinə aktından müəyyən olunur ki, İddiaçı yaşayış yeri üzrə həyat şəraitinin müayinə edilməsi üçün Abşeron rayonu, Saray qəsəbəsi, nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı bildirdi ki, yuxarıda göstərilən ünvanda ailə tərkibi 2 nəfər (özü və övladı X20) olmaqla yaşayır. İddiaçı qeyd etdi ki, özü "xxxx" ASC-nin 28 May filialından İpoteka üzrə baş mütəxəssis vəzifəsində işləyir, övladı Sadiq Abşeron rayonu, Saray qəsəbəsində 3 saylı tam orta məktəbdə 2-ci sinifdə təhsil alır. Həmçinin İddiaçı bildirdi ki. kiçik oğlu X13 uşaq bağçasına getdiyi üçün həftənin 5 günü anası X16 ilə birgə anasına məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən mənzildə qalır. Baxış zamanı müəyyən edildi ki, ev ikimərtəbəlidir, evin birinci mərtəbəsi dəhlizdən, zaldan, mətbəxdən, hamam və sanitar qovşağından, ikinci mərtəbəsi isə dəhlizdən, iki yataq otağından, bir uşaq otağından, hamam və sanitar qovşağından ibarət olmaqla ümumi sahəsi təxminən 120 m² təşkil edir. Evdə yaşayış üçün lazımi şərait yaradılmış, təmir işləri orta səviyyədədir, sanitar- gigiyenik qaydalara tam riayət olunmuşdur. Ev məişət və mebel avadanlıqları, su, təbii qaz, elektrik enerjisi və kombi istilik sistemi ilə təchiz edilib. Sözügedən evdə uşaqların dərsləri ilə məşğul olması, istirahət etməsi və asudə vaxtını keçirməsi üçün xüsusi şərait mövcuddur. Həmin evdə uşaqların həyatına və sağlamlığına təhlükəli şərait yoxdur. Baxış zamanı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli və xx.xx.2019-cu il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış təqdim edildi. Çıxarışa əsasən ev X9 (İddiaçı anası) tam mülkiyyətindədir. Həyat şəraitinin müayinə edilməsinin nəticələri onu göstərir ki, İddiaçı ailə və mənzil-məişət şəraiti yaşayış üçün əlverişlidir.
11. İş materiallarında olan resept blankı və qəbzlərin surətlərindən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə alınmış dərman vasitələri üçün 69.17 manat və 11.70 manat ödəniş edilmişdir.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - Maddə 34. İİİ. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. - Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.
13. Beynəlxalq hüquqi aktlar: BMT-nin 10 dekabr 1948-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”: - Maddə 25. Analıq və körpəlik xüsusi himayə və yardım hüququ verir. Nikahlı və yaxud nikahsız doğulmuş bütün uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. BMT-nin 19 dekabr 1966-cı il tarixli qətnaməsi ilə təsdiq edilmiş “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”ı: - Maddə 10. Cəmiyyətin başlıca özəyi olan ailəyə imkan dairəsində, ələlxüsus onun yaranma dövründə və öhdəsinə kiçik yaşlı uşaqların böyüdülməsi və tərbiyə olunması məsuliyyəti düşdüyü zaman hərtərəfli mühafizə və kömək təmin olunmalıdır. BMT-nin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında Konvensiya”sı: - Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. - Maddə 18. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. - Maddə 27. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
14. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AR AM): - Maddə 55.3. Məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər.
15. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu: - Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. - Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. - Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mə nəvi tələbatlarının tə min edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. - Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
17. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 1. 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı: “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli: - Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı: “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 8-2/2016 nömrəli, 28 mart 2016-cı il tarixli: - 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedibgetməməsi də nəzərə alınmalıdır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kollegiya Qərardadı: “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə” 04/2023 saylı, 08 dekabr 2023-cü il tarixli: - 38. Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.9-cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunubolunmamasını və s. bu kimi halları nəzərə almalıdır. - 39. Göründüyü kimi, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. - 40. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. - 41. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. - 42. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. - 43. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir.
Məhkəmənin mövqeyi:
21. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, əlavə edilmiş sənədləri obyektiv, qərəzsiz, hərtərəfli və tam şəkildə nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir.
22. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıdan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1148/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X10 və xx.xx.2018-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçıdan tutulan alimentin məbləği hazırda mövcud olan minimum əmək haqqına nisbətdə götürdükdə hər uşaq üçün aylıq 272 manat edir ki, bu məbləğ də 2026cı ildə uşaqlar üçün müəyyən edilmiş 260 manat məbləğindəki yaşayış minimumundan cəmi 12 manat artıqdır. İddiaçı isə tutulan alimentin məbləğini yüksək hesab edərək həmin məbləğin 35%-ni uşaqların adına açılmış bank hesabına köçürülməsini məhkəmədən xahiş etmişdir.
23. Məhkəmə qeyd edir ki, aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır və uşağı saxlayan valideynin uşağın qidalanmasına, geyiminə, asudə vaxtının təşkili və digər xırda məişət məsələlərinə dair xərcləri barədə sübutlar təqdim etmək vəzifəsi yoxdur. Lakin, buna baxmayaraq iddiaçı alimentin məbləğinin bir hissəsinin bank hesabına köçürülməsinin uşağın mənafeyinə xidmət etdiyini əsaslandıra bilməmiş, bunu sadəcə olaraq gələcəkdə uşaqların təhsil almaları ilə bağlı yarana biləcək əlavə xərclərinə görə etdiyini qeyd etməklə kifayətlənmişdir.
24. Məhkəmə həmçinin onu da qeyd edir ki, ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özüözlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. İndiki halda iddiaçı tərəfindən ödənilən alimentin məbləği uşaqların saxlanılması üçün müəyyən edilmiş yaşayış minimumunun məbləğinə yaxın olduğundan (ödənilən alimentlə müəyyən edilmiş yaşayış minimumu arasında cəmi 12 manat fərq vardır), eləcə də yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün gündəlik olaraq artan təlabatlar, qiymətlərdə baş verən dəyişikliklər, inflyasiya və digər amillər nəzərə alındığında məhkəmə tələbin əsassız olduğu qənaətinə gəlir.
25. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsassız olduğundan rədd olunmalıdır.
26. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia rədd edildiyindən məhkəmə qeyd edir ki, məhkəmə xərcləri qismində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
27. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 119, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin.
3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
4. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Anar Rzayev