Məhkəmə qərarları › İş №e-2(001)-6851/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-6851/2024

27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-6851/2024 27.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin, mediasiya təşkilatına ödədiyim mediasiya xərci olan 60 manat dövlət rüsumunun, hüquqi xidmətə görə vəkilə ödənilən 300 (üç yüz) manat, cəmi 360 (üç yüz altmış) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir .

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü ildə tanış olmuş və faktiki olaraq birlikdə yaşamağa başlamışlar. Birlikdə yaşadıqları dövr ərzində 14 yanvar 2015-ci il tarixində övladı X3 dünyaya gəlmişdir. Cavabdeh ilə aralarında rəsmi nikah olmamışdır və o, uşağın doğum haqqında şəhadətnaməsinin alınmasında iştirak edərək atası olduğunu etiraf etmiş, uşağın atası kimi tanınmış və müvafiq sənədlərdə bu barədə qeydlər aparılmışdır. Uşaq doğulduqdan sonra da cavabdehlə birgə 6 ay müddətində birlikdə yaşamış, münasibətlərimiz normal olmuşdur, lakin bir müddət sonra cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən aramızda olan münasibətlər pisləşmiş və ayrılmaq qərarına gəlmişlər. Ayrıldıqdan sonra cavabdehlə əlaqə saxlamamışdır. Onun ünvanını dəqiq bilməsə də, şifahi əldə etdiyi məlumata əsasən, hazırda Abşeron rayonu Müşfiqabad qəsəbəsində yaşadığını öyrənmişdir. Cavabdeh heç bir şəkildə övladı ilə maraqlanmamış, onun yaşaması üçün lazım olan xərclərin heç birini qarşılamır. Hazırda 9 yaşında olan övladı X3 244 saylı tam orta məktəbdə təhsil alır. Uşağın saxlanılması və təhsil xərcləri gündən-günə artdığı üçün artıq təkbaşına bu xərcləri qarşılaya bilmir. Bir valideyn kimi övladının saxlanılması xərclərini qarşılamaq cavabdehin də vəzifəsidir. Buna görə də, tərəfindən Cavabdeh övladımız X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 300 manat aliment tutularaq ona ödənilməsi barədə iddia tələbimi qanuni və əsaslı hesab edir. Hal-hazırda maddi cəhətdən azyaşlı övladına baxmaqda çətinlik çəkir, ona baxa bilməyi üçün aliment ödənilməsinə ehtiyacı var. Buna görə də hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq tutularaq ona ödənilməsi barədə qətnamənin qəbul edilməsi zərurəti vardır. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçının nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyinin nəzərə alınmasını, iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, cavabdehin uşağın yetkinlik yaşına çatana kimi hər ay 235 manat aliment ödəməsinə razıdır.

5. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir.

6. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir, iddianı qismən qəbul edir. İddiaçı ilə faktiki nikahdan 1 övladı doğulmuş, uşağa atalıq vermişdir. Onun başqa nikahdan 2 azyaşlı övladı vardır. İddiaçının tələb etdiyi aliment məbləğini ödəməyə gücü çatmır. Özü mebel ustasıdır və aylıq qazancı 500-600 manat civarındadır. Hüquqi xidmətə görə vəkil xərcini ödəməyəcək. Lakin uşağın yetkinlik yaşına çatana kimi iddiaçıya hər ay 235 manat aliment ödəməyə razıdır. Növbəti məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş edir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İİİ seriyalı, 732660 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3, xx.xx.2015-ci il tarixində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır.

8. Bakı 18 saylı mediasiya təşkilatı tərəfindən verilən mediasiya sessiyasına iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçımediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən, İddiaçı ilə Cavabdeh arasında alimentin tutulması ilə bağlı mübahisə üzrə qətnamə qəbul edilənədək xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat məbləğində müvəqqəti aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır.

10. “Milli Ön” elektron ödəmə sistemindən olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Kəngərli və partnyorları” –nın hesabına 300 manat ödəniş edilmişdir. Məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:

11. Cavabdeh ilə İddiaçı faktiki nikah münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X3 doğulmuşdur. Uşaq faktiki olaraq ananın himayəsindədir.

12. İddiaçı iddia edir ki, cavabdeh valideynlik borcunu yerinə yetirmir, uşağın saxlanmasında iştirak etmir.

13. Cavabdeh isə iddianı qismən qəbul etməklə, uşaq üçün aylıq 235 manat sabit pul məbləğində aliment ödəyə biləcəyini bildirir.

14. Bundan başqa Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 428/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı cavabdeh tərəfindən icra edilir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

15. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

16. 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. 75.4-cü maddəsinə görə, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

18. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

19. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

20. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

21. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

23. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, uşağı saxlamaq valideynlərin borcu olduğundan, uşaq yanında olan valideynin uşağın saxlanılmasında iştirak etməyən digər valideyindən aliment tələb etməsi əsaslıdır.

24. Belə ki, Ailə Məcəlləsi alimentin miqdarının müəyyən edilməsini aliment ödəməli olan şəxsin qazancı və digər gəlirləri ilə əlaqələndirsə də(Ailə Məcəlləsi 76), müntəzəm və kifayət qədər qazancı və ya ümumiyyətlə qazancı və sair gəliri olmayan valideynlərə münasibətdə uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu müəyyən mənada alimentin minimal meyarı kimi qəbul edilir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir prinsipi məhkəmə təcrübəsində formalaşmışdır. Qanunda isə 2024-cü ilə görə uşaqlar üçün yaşayış minimumu 235 manat məbləğində müəyyən edilmişdir.

25. Məhkəmə valideynlərin uşaqlarını saxlamağa borclu olduğunu, uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumu haqqında tələbləri, uşağın mənafeyinin üstünlüyünü, uşağın əvvəlki təminatının səviyyəsinin maksimal saxlanılmalı olmasını, cavabdehin etirazının dəlillərinin yaşayış minimumu miqdarında alimentin müəyyən edilməsini istisna etmədiyini, cavabdehin ödəmək qəbiliyyətində olduğu məbləğin iddiaçı tərəfindən qəbul edilməsini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olmaqla yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı hər ay üçün 235 manat məbləğində müəyyən edilməlidir.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır.

27. Odur ki, uşaqların saxlanılması üçün alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə müraciət etdiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən başlanmalıdır. Həmçinin aliment məbləği hesablanarkən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e- 16(001)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ödənilmiş məbləğ nəzərə alınmalıdır.

28. Həmçinin “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

29. Odur ki, Cavabdeh 24 oktyabr 2024-cü il tarixində saat 10:00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında üzürsüz səbəbdən iştirak etmədiyindən 60 manat məbləğində mediasiya xərci Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

30. Hüquqi yardım üçün vəkilə ödənilən xərcin cavabdehdən tutulması hissəsində məhkəmə hesab edir ki, işin mahiyyəti sadə olduğundan peşəkar hüquqi yardıma zərurətin olmaması, vəkilin 10 dəqiqə davam edən yalnız bir prosesdə iştirak etməsi nəzərə alınarsa 100 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulması ağlabatandır. Tətbiq edilən prosessual normalar:

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

32. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

33. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

34. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır;

35. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

36. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

37. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Nəticə:

38. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 14 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməli, alimentin tutulmasının əvvəli 28 oktyabr 2024-cü il tarixindən hesablanmalı, iddia qalan hissədə təmin edilməməli, aliment tutularkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 428/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ödənilmiş məbləğ nəzərə alınmalıdır.

39. 60 manat məbləğində mediasiya xərci və hüquqi yardımla bağlı 100 manat vəsait Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir.

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. 14 yanvar 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin tutulmasının əvvəli xx.xx.2024-cü il tarixindən hesablansın. Aliment hesablanarkən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)- 428/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ödənilmiş məbləğ nəzərə alınsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. 60 (altmış) manat məbləğində mediasiya xərci və hüquqi yardımla bağlı 100 (yüz) manat vəsait Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar