Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7129/2024 15.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Kreditor Borclu qarşı “borc” tələbi barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyənetdim: Kreditor Borclu qarşı pul tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, borcludan onun xeyrinə 569.500 manat vəsaitin və 100 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycna Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.2.1-ci maddəsi (tələb notariat qaydasında təsdiq edilmiş əqdə əsaslanırsa) 29 iyun 2018-ci il tarixli 1222- VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə ləğv edilmişdir. Həmin Məcəllənin 276.2.2-ci maddəsinə əsasən tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslandığı halda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.1, 279.2 və 279.2.1-ci maddələrinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Mülki-prosessual qanunvericiliyin tələblərindən göründüyü kimi, tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığı halda məhkəmə əmri verilə bilər. Hazırki ərizə isə tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli borc müqaviləsinə əsaslanır və həmin müqavilə sadə formada deyil, notarial formada bağlanmışdır. Belə olan halda, hazırki tələbə əmr icraatı qaydasında baxıla bilməz. Eyni zamanda onu da qeyd etməyi zəruri hesab edirəm ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində göstərilmişdir ki, ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsi ilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin birinci hissəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1 və 6.1.4-cü maddələrinə əsasən notariusun icra qeydləri icra sənədləri sayılır. Qanunvericiliyin tələblərindən göründüyü kimi, tələbkar icra sənədi sayılan icra qeydinin verilməsi üçün borclunun olduğu yer üzrə notariusa da müraciət edə bilər. Göstərilənlərdən əlavə o da qeyd olunmalıdır ki, hazırki mübahisənin kommersiya münasibətlərindən yaranıb-yaranmamasıda şübhəlidir. Belə ki, tərəflərin hər ikisi vergi ödəyicisi olmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdir, mübahisə predmeti isə yüksək məbləğdə pul tələbidir. Qeyd edilənlərə əsasən hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməli, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora qaytarılmalı, kreditora onun hazırki tələbi ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə, həmçinin məhkəmə aidiyyətini dəqiqləşdirməklə müvafiq məhkəməyə iddia icraatı qaydasında müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq qəraraaldım: Kreditor Borclu qarşı “borc” tələbi barədə əmr icraatı qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina edilsin, ərizə və ərizəyə əlavə olunmuş sənədlər kreditora qaytarılsın. Kreditora izah olunsun ki, o, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət etməklə, həmçinin məhkəmə aidiyyətini dəqiqləşdirməklə hazırki tələbi ilə müvafiq məhkəməyə iddia icraatı qaydasında müraciət edə bilər. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-7129/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7129/2024
15.11.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver