Məhkəmə qərarları › İş №e-2(001)-733/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-733/2024

18.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-733/2024 18.07.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: (nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, uşağın ananın yanında saxlanılması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında xx.xx.2019-cu il tarixdə rəsmi qeydə alınmış nikahın pozulması, xx.xx.2021-ci il təvəllüdlü X1 ananın himayəsində saxlanılması, birgə nikahdan olan uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 500 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan Mehin adlı uşaqları olmuşdur. İlk vaxtlar münasibətləri normal olsa da sonradan pisləşmişdir. Ailə faktiki dağıldığından artıq ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Bu səbəbdən də mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək nikahın pozulması və uşağın iddiaçının himayəsinə verilməsinə razı olduğunu, lakin 500 manat məbləğində aliment tutulmasına etiraz etdiyini bildirdi. Belə ki, onun yalnız 250 manat məbləğində aliment ödəməyə imkanı çatır. Bundan başqa hesab edir ki, iddiaçı qeyd edilən alimenti uşağın ehtiyaclarına deyil, öz tələbatlarına sərf edəcəkdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 izahat verərək bildirdi ki, cavabdeh alimentin sabit pul məbləğində tutulmasına etiraz etmir, lakin iddia ərizəsində qeyd olunan məbləğlə razı deyil. Cavabdeh uşağın saxlanılması üçün hər ay 250 manat məbləğində aliment ödəyə hazırdır. Bundan əlavə cavabdeh uşağın əlavə xərclərini qarşılayır və gələcəkdə uşağın məktəb xərclərini də qarşılamağa hazırdır. Bundan başqa bildirdi ki, məhkəməyə təqdim etdikləri 2023-cü il üzrə gəlir vergisinin bəyannaməsindən göründüyü kimi cavabdeh 2023-cü il üçün 12762,05 manat gəlirdən 638,10 manat vergi çıxılmaqla illik 12123,95 manat gəlir əldə edir. Bu isə aylıq olaraq 1010 manat təşkil edir. Qeyd edilənlərə əsasən, cavabdehdən ümumi gəlirinə əsasən ¼ hissədə və ya sabit pul məbləğində 250 manat alimentin tutulmasına etiraz etmir. Mülki işin materialları: - nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, tərəflər xx.xx.2019-cu il tarixdə 396 nömrəli akt qeydi ilə nikahlarını rəsmi qaydada qeyd etdirməklə evlənmiş, birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü Mehin adlı uşaq doğulmuşdur. - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-16(001)-424/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadına əsasən İddiaçı hər həftənin şənbə günü saat 10:00-dan saat 14:00-dək Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X2 ilə görüşüb, ünsiyyətdə olmasına maneələr yaratması müvəqqəti təminat tədbiri olaraq qadağan edilməsi qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli valideyn müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə “Buta” körpələr evi-uşaq bağçası arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “Buta” körpələr evi-uşaq bağçası xx.xx.2021-ci il təvəllüdlü X1 tərbiyəsi və təhsilə hazırlanması ilə məşğul olmaq xidmətini İddiaçı göstərməyi, İddiaçı isə göstərilən xidməti qəbul edib 275 manat məbləğində pulu ödəməyi öhdəsinə götürür. - 2023-cü il üzrə gəlir vergisinin bəyannaməsindən görünür ki, cavabdeh 2023-cü il üzrə 12762,05 manat məbləğində gəlir əldə etmiş və 638,10 manat gəlir vergisi hesablanmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin 5-10/2- 1118/2024 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyinə əsasən tərəflər arasında uşağın yaşayış yeri barədə mübahisə olmaması və azyaşlı uşağın daha çox ana qayğısına ehtiyacının olmasını və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 58 və 60-cı maddələrini nəzərə alaraq uşağın mənafeyinin üstünlüyü baxımından xx.xx.2021-ci il təvəllüdlü X1 İddiaçı himayəsində qalmasını məqsədəmüvafiq hesab edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 19.1-ci maddəsinə görə bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. - 20.1-ci maddəsinə görə ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. - 22-ci maddəsinə əsasən boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını və alimentin tutulmasını məhkəmə müəyyən etməlidir. - 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. - 60.2-ci maddəsinə görə valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. - 60.3-cü maddəsinə görə uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. - 60.4-cü maddəsinə görə valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. - 61.1-ci maddəsinə görə uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. - 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 100-cü maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyası 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 234.2.1-ci maddəsinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakılara görə qismən təmin edilməlidir. Nikaha xitam verilməsinin əsasları və qaydası Ailə Məcəlləsinin 4-cü fəslinin, nikahın pozulmasının qeydə alınması məsələləri isə həmin Məcəllənin 25-ci fəslinin müddəaları ilə tənzimlənir. Məhkəmə AR Ailə Məcəlləsinin 19.1, 20.1, 20.2, 22, 60.1-60.4, 61.1, 62.2, “Uşaq hüquqları haqqında Konvesiyanın” 3-cü maddəsinin 1-ci bəndi, 18-ci maddəsinin 1ci bəndi, 27-ci maddəsinin 2-ci bəndi, “Uşaq hüquqları”haqqında AR Qanunun 19-cu maddələrinə əsaslanaraq belə qənaətə gəlir ki, tərəflər arasında bağlanmış nikah formal xarakter daşıyır, iddiaçı könüllü olaraq nikahın pozulması ilə bağlı iradə ifadəsini açıq nümayiş etdirmiş, cavabdeh nukahın pozulmasına razı olduğunu bildirmişdir, eyni zamanda ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü təsdiq edildiyi üçün iddia nikahın pozulması hissəsində təmin olunmalı, onların arasında olan nikah pozulmalıdır. Nikah pozulduqdan sonra tərəflərin razılığına əsasən birgə nikahdan olan uşaq ananın himayəsində saxlanılmalıdır. Məhkəmə AR Ailə Məcəlləsinin 75, 76 və 78.1-ci maddələrinə əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları aliment ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə iddiaçının iddia tələbini və cavabdehin qazancının (gəlirinin) qeyri-müntəzəm olmasını nəzərə alaraq, alimentin sabit pul məbləğində tutulmasını məqsədəmüvafiq hesab edir. Qanunvericilik alimentin təyin edilməsinin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Müəyyən edilmişdir ki, iddiaçı uşağın əvvəlki təminatı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu (“Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir) özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə iddiaçının uşağın saxlanılması üçün 500 manat məbləğində, cavabdehin isə 250 manat məbləğində aliment tutulmasına dair dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı uşağın saxlanılması üçün aliment tələb etməkdə haqlı olsa da cavabdehin 500 manat məbləğində alimenti ödəyə biləcəyinə dair hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə eləcə də cavabdehin uşağın saxlanılması üçün 250 manat məbləğində aliment tutulmasına dair dəlili ilə də razılaşmır. Belə ki, cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi 2023-cü il üzrə gəlir vergisinin bəyannaməsindən göründüyü kimi cavabdeh 2023-cü il üçün 12762,05 manat gəlirdən 638,10 manat vergi çıxılmaqla illik 12123,95 manat gəlir əldə etmişdir. Həmin məğləğin ¼ hissəsi isə təxminən 252-253 manat təşkil edir. İddiaçı isə sabit pul məbləğində aliment tutulmasını tələb etmişdir. Məhkəmə eləcə də qeyd edir ki, müəyyən edilən alimentin məbləği ilə cavabdehin ödəməyə razı olduğu məbləğ arasında çox cüzi bir fərq vardır. Qeyd edilənlərə əsasən məhkəmə uşağın saxlanılması üçün 280 manat məbləğində aliment tutulmasını uşağın mənafeyinə uyğun və məqsədəmüvafiq hesab edir. Bundan başqa cavabdehin ondan tutulacaq alimentin iddiaçının uşağın ehtiyaclarına deyil, öz şəxsi tələbatlarına sərf edəcəyinə dair dəlilini də məhkəmə inandırıcı hesab etmir, həmçinin cavabdeh bu dəlilini məhkəmədə əsaslandıra bilməmişdir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, uşağın maraq və mənafeyini, onun əvvəlki yaşayış şəraitini, eləcə də cavabdehin gəlir vergisinin bəyannaməsinə əsasən yüksək məbləğdə gəlir əldə etməsini nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehdən 280 manat sabit pul məbləğində aliment müəyyən edilməklə tutulması ədalətli olar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8- ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xususən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh ilə Səmədova (Rəhimli) Südabə Ənvər qızı arasında xx.xx.2019-cu il tarixdə 396 nömrəli akt qeydi ilə Səadət Sarayında (Bakı Nikah evi) bağlanmış nikah pozulmalı, nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 iddiaçı Səmədova (Rəhimli) Südabə Ənvər qızının yanında saxlanılmalı, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 280 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Səmədova (Rəhimli) Südabə Ənvər qızının xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, qətnamə aliment tələbinə dair hissədə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən məhkəmə xərcləri tələb edilmədiyindən iddiaçının özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ilə Səmədova (Rəhimli) Südabə Ənvər qızı arasında xx.xx.2019-cu il tarixdə 396 nömrəli akt qeydi ilə Səadət Sarayında (Bakı Nikah evi) bağlanmış nikah pozulsun. Nikah pozulduqdan sonra birgə nikahdan doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X2 iddiaçı Səmədova (Rəhimli) Südabə Ənvər qızının yanında saxlanılsın. xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq iddiaçı Səmədova (Rəhimli) Südabə Ənvər qızının xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə aliment tələbinə dair hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar