Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-7576/2025 23.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair (açar sözlər: aliment miqdarının dəyişdirilməsi, azaldılması) Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi, Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İ.İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon məhkəməsinin 8(039)-70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 25 aprel 2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pul məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-1296/2016 saylı qətnaməsi ilə cavabdehlə aralarında olan nikah pozulmuş, 25 aprel 2015-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək ondan 117 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh aliment məbləğinin indeksasiya olunması ilə bağlı məhkəməyə müraciət etmiş və Yevlax Rayon məhkəməsinin 8(039)-70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 25 aprel 2015ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pulməbləğində aliment tutulması qərara alınmışdır. 2025-ci il üçün minimum əmək haqqının 400 manat təşkil etdiyini nəzərə alınsa, məndən tutulan alimentin miqdarı artaraq birdən-birə 445.6 manat olmuşdur. Qeyd edilən məbləği ödəməyə isə onun maddi imkanı çatmır. O, xx.xx.2022-ci il tarixdə X3 ilə nikah qurmuşdur. Birgə nikahdan 14 sentyabr 2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Həmçinin hazırda ailəsi ilə yaşadığı evi Azərbaycan Beynəlxalq Bankından 49.500 manat məbləğində kredit götürərək almışdır. Həmin kredit üzrə 44.886 manat borcum qalmaqdadır və hər ay 477.44 manat həcmində kredit ödənişi edir. Onun aylıq əmək haqqı 1016.57 manat təşkil edir, heç bir əlavə gəlir yeri yoxdur. Əvvəlki nikahdan olan övladı üçün tutulan alimentin 445 manata qaldırılması, ödəmiş olduğu 447 manat kredit məbləğini də nəzərə aldıqda əmək haqqından ona geriyə 124 manat qalmaqdadır. Hazırda onun azyaşlı uşağı vardır, yoldaşı da heç bir yerdə çalışmadığından onun himayəmdədir. Bu halda alimentin bu məbləğdə tutulması onların normal dolanmalarına belə əngəl törətməkdədir. Odur ki, hesab edir ki, 25 aprel 2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilərək, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.62 misli həddində təyin edilməlidir. Bu hal uşağın əvvəlki təminat səviyyəsinin saxlanmasına heç bir mənfi təsir göstərməyəcəkdir, əksinə 117 manat həddində təyin edilmiş alimentin 2025-ci il üçün 248 manat həddində olması uşağın normal təminatını qarşılayacaqdır. Nəzərə alınmalıdır ki, uşağın saxlanması hər iki valideynin vəzifəsidir. Mübahisənin mediasiya vasitəsilə həllinə çalışsa da, bu, mümkün olmamışdır. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli“ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmiş və 60 manat mediasiya xərci tərəfindən ödənilmişdir. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, 1396,45 manat əmək haqqı barədə məlumat sistemdə görsənməsinə baxmayaraq həmin məbləğin 1116 manat hissəsi əmək haqqı kimi alır. Bundan başqa 200 manat isə istifadəsində olan avtomobilin yanacağı üçün şirkət tərəfindən olan ödəniş olsa da, əmək haqqı məbləğinə vurulur. Aylıq qazancının ¼ hissəsi miqdarında aliment ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, həmçinin məhkəməyə yazılı etiraz ünvanlayaraq bildirdi ki, uşaq böyüdükcə onun tələbatları da artır. On bir ildir ki, uşağa tək baxır. On bir ildir ki, 117 manat aliment ödəmişdir. İddiaçı aralarında olan nikah Atilla 3 aylıq körpə ikən faktiki olaraq pozuldu. Hüquqi olaraq da Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-1296/2016 saylı qətnaməsi ilə nikah pozuldu. Faktiki ayrı yaşadıqları müddətdən etibarən Atilla ilə maraqlanmamış, uşağın heç bir xərcində iştirak etməmiş, uşağı bu yaşınadək təkbaşına böyütmüşdür. İddiaçı 2016-cı ildən etibrən 10 ildir ki, övladının təminatı üçün aylıq 117 manat məbləğində aliment ödəyir. 2016-cı ildən bu günədək aliment məbləğinin artırılması barədə məhkəməyə müraciət etməmişdir. Bununla belə o heç vaxt uşağın əlavə xərclərində iştirak etməmiş, uşağa əlavə vəsait ödəməmiş, uşaqla ümumiyyətlə maraqlanmamışdır. Ötən 10 il ərzində ata-anasının himayəsində yaşamış və onların maddi dəstəyi sayəsində uşağın xərclərini qarşılamışdır. Lakin hazırda valideynləri təqaüdə çıxmış, maddi imkanları zəiflədiyi üçün ona əvvəlki kimi dəstək ola bilmirlər. Uşağın isə yemək, geyim, təhsil, sağlamlıq və digər zəruri xərcləri artmışdır. Bu səbəbdən, uşağın bütün xərclərini ödəməkdə çətinlik çəkir. Hazırda övladının məktəb, hazırlıq və dərslərinə mütəmadi olaraq aparıb-gətirilməsi, gündəlik qayğı və nəzarət zərurəti səbəbindən tam iş günü ilə işləmək imkanı yoxdur. Bu səbəbdən o, yalnız qısa müddətli işdə çalışa bilir və gəliri məhduddur. Bu səbəbdən bu ilin aprel ayında alimentin indeksasiya olunması üçün məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində qeyd edir ki, 1016.57 manat əmək haqqı alır, yoldaşı isə işləmir. Bu halda alimentin bu məbləğdə tutulması normal dolanmağına belə əngəl törətməkdədir. Bununla bağlı bildirir ki, onun gəlirləri kifayət qədərdir, özünə aid aptekləri var. Həmçinin əmək haqqı ilə bağlı qeyd etdiyi məbləğ də real deyil. Bunu iddia ərizəsində qeyd etdiyi gəlirləri və xərcləri arasında fərqdən də görmək mümkündür. Lakin onun gəlirinin az olması uşağının saxlanması üçün xərcləri ödəməkdən onu azad etmir. İddiaçı qeyd edir ki, 25 aprel 2015-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilərək 248 manat müəyyən edilməsi uşağın əvvəlki təminat səviyyəsinin saxlanmasına heç bir mənfi təsir göstərməyəcək, əksinə 117 manat həddində təyin edilmiş alimentin 2025-ci il üçün 248 manat həddində olması uşağın normal təminatını qarşılayacaqdır. Bununla bağlı bildirir ki, 2016-cı ildə məhkəmə tərəfindən aliment uşağın zəruri tələbatı əsas tutularaq müəyyən edilmişdir. Bu məbləğ də həmin dövrdə minimum əmək haqqının 1,114 misli idi. Lakin sonrakı illərdə inflyasiya getdikcə minimum əmək haqqı artmış, buna uyğun olaraq iddiaçı uşağın təminat səviyyəsini nəzərə almamış və təyin olunmuş miqdardan artıq məbləğdə vəsait ödəməmişdir. Hazırkı dövrdə yeməklə və geyimlə təminat, təhsil alması, sağlamlığının qorunması, istirahəti, nəqliyyat xərcləri və digər zəruri xərclər üzrə qiymətlər artmışdır. Qeyd olunan xərclərin qarşılanması üçün daha çox vəsait tələb olunur. İddiaçı da aliment məbləğindən əlavə heç bir xərclərdə iştirak etməmişdir. Bundan sonra da iştirak edəcəyi gözlənilmir. Ona görə də alimentin məbləğinin azaldılması uşağın mənafeyinə ziddi zərər vuracaqdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, xx.xx.2022-ci il tarixdə X3 ilə nikah daxil olmuş, birgə nikahlarından 14 sentyabr 2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. O həmçinin bildirmişdir ki, o aylıq yaşadığı evə görə ipoteka krediti ödəyir. Həyat yoldaşı işləmir. İddiaçı qeyd edir ki, o aylıq yaşadığı evə görə ipoteka krediti ödəyir. Bu normal dolanmağına əngəl törətməkdədir. Bununla bağlı bildirirəm ki, onun nikahda olması, övladının olması, kredit borcunun olması alimentin miqdarının azaldılması üçün əsas hesab edilməməlidir. İİİ. İşin faktiki halları: İş materiallarına əlavə olunmuş: - AzeMis elektron sistemdən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlu Bakı şəhərində doğulmuş, anası Cavabdeh, atası isə İddiaçıdur. - Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-1296/2016 saylı qətnaməsindən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun 18 yaşa çatanadək saxlanması üçün İddiaçı hər ay 117 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Yevlax Rayon məhkəməsinin 8(039)-70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə 25 aprel 2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pulməbləğində aliment tutulması qərara alınmışdır. Elektron məhkəmə informasiya sistemindən iddiaçının gəlirləri barədə edilmiş sorğudan görünür ki, İddiaçı "xxxx" MMC-də aylıq əmək haqqı 1396,45 manat olmaqla mütəxəssi kimi işləyir. İV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri və cavabdehin etirazını tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. 101.2-ci maddəsinə əsasən, məhkəmə alimentin miqdarını müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə almalıdır. Yetkinlik yaşına çatmayanlar üçün alimentin miqdarı bu Məcəllənin 76-cı maddəsinə uyğun müəyyən edilir. 107.2-ci maddəsinə əsasən, məhkəmə aliment ödəməli şəxsin iddiası üzrə aliment borcunun şəxsin xəstəliyi və digər üzürlü səbəblərə görə əmələ gəldiyini, ailə və maddi vəziyyətinin bu borcları ödəməyə imkan vermədiyini müəyyən edərsə, onu həmin borcları ödəməkdən tamamilə və ya qismən azad edə bilər. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun formalaşdırdığı hüquqi mövqe ondan ibarət olmuşdur ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyəcisi kimi ödənilən verginin məbləği və sair), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və sair), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və sair qanunverciliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqlarının olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və sair məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsinə digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və sair) olubolmamasını və sair məsələləri nəzərə almalıdırlar. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli qərarına əsasən: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Bənd 8.11. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 100.3-cü maddəsində nəzərdə tutulan hallarda isə aliment əvvəlki dövr üçün 3 illik müddət həddində verilə bilər. Məhkəmələrə izah edilsin ki, aliment tutulması barədə qətnamələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinin tələbinə müvafiq olaraq dərhal icra edilməlidir. Yuxarı instansiya məhkəmələri tərəfindən aliment tutulması barədə qətnamənin ləğv olunması, aliment tələbinin rədd edilməsi, yaxud tutulan alimentin miqdarının azaldılması həmin dəyişikliyi nəzərdə tutan məhkəmə aktı qanuni qüvvəyə minənədək ödənilmiş aliment məbləğinin qaytarılmasına əsas vermir (səbəb olmur). Bənd 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Bənd 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Bənd 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr,inzibati və ya qanunvericilik orqanları tərəfindən. Maddə 9.3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. Maddə 18. Bənd 1. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1.Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbi ilə bağlı işin mübahisə olunmayan hallarına görə, tərəflər nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, onların birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlu adlı övladları doğulmuşdur. Məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra uşaq ananın himayəsinə verilmiş, uşağın yetkinlik yaşlarına çatanadək saxlanılması üçün atadan ananın xeyrinə hər ay 117 manat olmaqla cəmi 300 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə qərardadı ilə aliment məbləği indeksasiya edilməklə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.114 misli həddində indeksasiya olunmuşdur. Hazırda iddiaçı, məhkəmə tərəfindən alimentin miqdarı hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.114 misli indeksasiya edildikdən sonra ailə və maddi vəziyyətində dəyişikliyin baş verdiyinə istinadən cavabdehin xeyrinə ondan tutulacaq alimentin miqdarının azaldılmasını xahiş edir. Cavabdeh isə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra iddiaçının ailə və maddi vəziyyətində hər hansı dəyişikliyin baş vermədiyini göstərərək iddiaya etiraz edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddiaçının istinad etdiyi hallara uyğun gələn iddia tələblərinin qanuni əsasını Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Ali Məhkəmənin Plenumunun adıçəkilən Qərarının 8.14-cü bəndinə görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi, aliment təyin edilməsinə dair qətnamələrdən fərqli olaraq, alimentin miqdarının dəyişdirilməsi (artırılarkən və ya azaldılarkən) barədə qətnamələrin ümumi qaydada icra edilməsi, yəni qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməli olması müəyyən edilmişdir. Belə ki, ailə qanunvericiliyinin müddəaları təyin olunmuş aliment miqdarının tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilmə imkanını təsbit edir. Mövcud iş üzrə qiymətləndirmə apararkən diqqət yetirilməli olan əsas faktor iddiaçının və uşağın maddi vəziyyyətidir. Məhkəmə qeyd edir ki, iddiaçıdan övladının saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,114 misli həddində sabit pul məbləğində aliment tutulmuşdur. Lakin hazırda iddiaçının gəlirlərinin yeterli olmadığından və indeksasiya olunmuş aliment məbləği onun maliyyə imkanlarını aşdığından, həmin məbləğdə aliment ödəmək iqtidarında deyildir. Bu isə öz növbəsində məhkəmə qərardadının icrasını çətinləşdirir və uşağın mənafeyinə ziddir. İddiaçı ölkə üzrə müəyyən olunmuş minimum həddə aliment ödəmək iqtidarında olduğunu qeyd etsə də, məhkəmə qəyd edir ki, aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Tədqiq olunan sübutlardan müəyyən olunur ki, iddiaçı cavabdehin himayəsində olan uşağının saxlanması üçün uzun müddət yaşayış minimumunun həddindən də aşağı həddə aliment ödəmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının öz gəlirlərinə, qazancına güvənib təkrar nikaha daxil olması, həmin nikahdan da uşağının olması onu məhkəmə aktına əsasən aliment ödəməli olduğu uşağını saxlamaq, onun minimal təminatını təmin etmək öhdəliyindən azad edən mütləq əsas kimi qəbul edilə bilməz. Halbuki hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 misli həddində sabit pul məbləğində aliment miqdarı uşağın saxlanılması üçün minimum dolanacaq xərclərini qarşılayaraq, həm uşağın maddi ehtiyaclarını ödəyir, həm də iddiaçının öz yaşayışının təmininə şərait yaratmaqla məhkəmə aktının icrasını mümkün edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Yevlax Rayon məhkəməsinin 8(039)-70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, iddiaçıdan xx.xx.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Yevlax Rayon məhkəməsinin 8(039)-70/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. İddiaçı tərəflərin birgə nikahından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Abduləlimli (Abduləlimov) Atilla Taleh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,8 misli həddində aliment tutularaq Cavabdeh ödənilsin. 58,4 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdeh İddiaçı tutularaq dövlət büdcəsinə ödənilsin. Dəyişdirilmiş alimentin tutulması bu qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elnarə Vəliyeva
Məhkəmə qərarları › İş №e-2(001)-7576/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-7576/2025
23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver