Məhkəmə qərarları › İş №e-2(001)-761/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-761/2023

09.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-761/2023 09.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh qarşı alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, tərəflər xx.xx.2005-ci ildə rəsmi nigah girib ailə qurmuş, nikah Sumqayıt şəhər qeydiyyat şöbəsində 602 saylı qeydlə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nigahlarından xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2011-ci il təvəllüdlü X7 anadan olmuşdur. Tərəflərin əvvəllər münasibətləri normal olsa da sonralar münasibətləri korlanmış və tərəflərin nigahı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 1022/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Nigah pozularkən tərəflər arasında xx.xx.2020-ci il tarixli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişi ilə tərəflər arasında xx.xx.2005-ci il tarixli nikahın pozulması, xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 anaları İddiaçı himayəsində qalması və hər uşağa görə 600 manat olmaqla ümumilikdə 1200 manat alimentin İddiaçı ödənilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixli barışıq sazişinin 2.13-cü bəndində qeyd edilmişdir ki, tərəflər razılığa gəlirlər ki, aliment ödəyən tərəfin maddi və ailə vəziyyətində əsaslı dəyişikliklər olduqda bu sazişin alimentə dair şərtlərinin dəyişdirilməsinə yenidən baxıla bilər. Uşaqlar böyüdükcə onların maddi tələbatı da artır. Ödənilən aliment isə onların tələbatını ödəmir. Tərəflərin qızları xaricdə təhsil alması üçün əlavə kürslarda iştirak edir. Tərəflərin oğulları Adnanın da tədrisi ilə bağlı i əhəmiyyətli dərəcədə artmışdır. Ödənilən aliment isə bu xərcləri ödəmir və bir valideyin kimi iddiaçıya sıxıntı yaradır. Cavabdehin maddi vəziyyətindəki dəyişikliyi müəyyən etmək məqsədilə işlədiyi Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ünvanlanan vəkil sorğusuna verilmiş cavabdan görünür ki, o, Azərbaycan Respublikası Prezident X2 şöbəsinin Amerika, Qərbi Avropa və Okeaniya ölkələri iş sektorunun müdiri vəzifəsində çalışmaqla əmək haqqı 6741,25 manat 16664,86 manat aralığında dəyişir. Belə ki, bura vəzifə maaşı, hakimiyyət səlahiyyətlərinin icrasına görə əlavə, staja görə əlavə, ixtisas dərəcəsinə görə əlavə, vəzifə maaşına əlavə, mükafat, məzuniyyət, məzuniyyət kompensasiyası və müavinət, ezamiyyətə hesablanan haqq daxildir. Göründüyü kimi cavadehin aldığı əmək haqqı və əlavələr ödənilən alimentə nisbətdə qatqat çoxdur. Ona görə də, təyin olunan alimentin miqdarını artıraraq xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 cavabdehin iddia tələbinə qarşı etirazının olmamasını bildirib izahatında göstərmişdir ki, tərəflər arasında təsdiq olunan barışıq sazişinə əsasən cavabdeh övladlarının saxlanması, təlim və təhsilində iştirak etmək üçün kifayət qədər vəsait ödəməyi öhdəsinə götürmüş, hazırda da hər ay qazancının və gəlirlərinin 1\3 hissəsini aliment olaraq övladlarına ödəməyə etiraz etmir. Eyni zamanada qətnamədə alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasını, alimentin tutulmasının son müddətinin qeyd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Bütün uşaqlar bərabər hüquqlara malikdirlər. Uşaqların, onların valideynlərinin və ya onları əvəz edən şəxslərin sosial və əmlak vəziyyətindən, sağlamlığından, irqi və milli mənsubiyyətindən, dilindən, təhsilindən, dinindən, siyasi baxışlarından, yaşayış yerindən asılı olmayaraq uşaqlar ayrı-seçkiliyə məruz qala bilməzlər. Uşaqlar valideynlərinin və ya onları əvəz edən digər şəxslərin hərəkətlərinə görə məsuliyyət daşımır və valideynləri ilə bağlı səbəblərə görə onların hüquqlarının məhdudlaşdırılmasına yol verilmir. Nikahda və ya nikahdankənar doğulmasından asılı olmayaraq uşaqların valideynləri barəsində eyni hüquqları vardır. (Uşaq hüquqları haqqında Qanunun 5-6 mad.) Uşaq hüquqları bəyannaməsinin (BMT-nin Baş Assambleyasının xx.xx.1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmişdir) 2 saylı prinsipinə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin olunmalıdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1022/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddia ərizəsi təmin edilərək İddiaçı ilə Cavabdeh arasında xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhər qeydiyyat şöbəsində bağlanmış 602 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(001)-1022\2020 saylı qərardadından müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında təsdiq olunmuş barışıq sazişinin 2.11-ci bəndinə əsasən, Cavabdeh övladlarının gündəlik yaşayış tələbatlarının təmin edilməsinə görə hər ay hər bir uşağa görə 600 manat sabit pul məbləğində olmaqla ümumilikdə 1200 manat pulu İddiaçı aliment qismində ödəməyi öhdəsinə götürmüşdür. Qərardaddan daha sonra müəyyən olunur ki, barışıq sazişinin 2.13-cü bəndinə əsasən, tərəflər aliment ödəyən tərəfin maddi və ailə vəziyyətində əsaslı dəyişikliklər olduqda bu sazişin alimentə dair şərtlərinin dəyişilməsinə yenidən baxıla biləcəyi ilə bağlı razılığa gəlmişlər. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin xx.xx.2022-ci il tarixli 4/1106 saylı arayışdan müəyyən olunur ki, Azərbaycan Respublikası Prezident X2 şöbəsinin Amerika, Qərbi Avropa və Okeniya ölkələri ilə iş sektorunu müdiri Cavabdeh əmək haqqı və digər gəlirləri xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər olan dövr üçün 100950,95 manat təşkil edir. Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İ 354005 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2020-ci tarixdə 181 saylı akt qeydi tərtib edilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AZ-İİ № 772049 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 5228 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Səfirliyi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZ-İİİ № 572385 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2006-cı il tarixdə Avstriyanın Vyana şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 17 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsinin 20 nömrəli uşaq poliklinikasının xx.xx.2023-cü il tarixli 28 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2011-ci il təvəllüdlü X7 xx.xx.2011-ci il tarixdən 20 nömrəli uşaq poliklinikasında hipoksik ensefalopatiya diazqnozu, xx.xx.2016-cı il tarixdən G.80.2 Uşaq serebral iflici hemiparetik forma (kəskin dərəcəli) diaqnozu ilə qeydiyyatdadır. Diamed klinikasının xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, xx.xx.2006cı il təvəllüdlü X4 fəqərə sütununun ön və yan proyeksiyalarda çəkilmiş R-qramında İİ dərəcəli S-vari skolioz (220,140) izlənilir. Fəqərə cisimlərində sümük destruktiv dəyişiklik yoxdur, fəqərəarası məsafələr dəyişilməyib, döş kifozu və bel lordozu normaldır. Məhkəmə qeyd edir ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) məhkəmə qaydasında tutulmalıdır. (AM-nin 56.1.,75.1.,75.4-cü mad.) Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.1. 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 76.1.2. 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 76.1.3. 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarına əsasən Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Elşolts Almaniyaya qarşı iş üzrə 13 iyul 2000ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərinə görə Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər. Tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən, 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz (§50). Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, valideynlər uşaqlarına münasibətdə bərabər hüquq və vəzifələrə malik olduqlarından, araşdırma zamanı cavabdehin övladlarının saxlanması üçün gəlirlərinə uyğun həddə aliment ödəmədiyi müəyyən olunduğundan, aliment tələbi ilə bağlı hüquq münasibətləri davam edən hüquq münasibətlərinə aid olduğundan, iddiaçının tərəflər arasında bağlanmış barışıq sazişi ilə övladlarının saxlanması üçün müəyyən olunan alimentin məbləğinin artırılmasına dair tələbi əsaslıdır ona görə də iddia ərizəsi təmin edilərək hazırkı qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablanmaqla övladlarının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə cavabdehin övladlarının saxlanması üçün ondan tutulmalı olan alimentin hər uşağa münasibətdə son tarixinin qətnamədə göstərilməsi ilə bağlı qeyd edir ki, tərəflərin övladlarından xx.xx.2006-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatdıqdan sonra cavabdehin hazırkı qətnamənin icra üsulunun dəyişdirilərək bir uşağa görə qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında alimentin tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmək hüququ vardır. (MPM-in 231.1-ci mad.) Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş mediasiya xərcinə görə 50 manat iddiaçının özünə, ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış, öz qətnaməsini məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1022/2020 saylı xx.xx.2020-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qərardadı ilə xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəsinə mindiyi gündən hesablanmaqla xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh dövlət rüsumuna görə 50 manat dövlət nəfinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar