Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(001)-7685/2022 23.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması və uşağın əlavə xərcləri” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması və uşağın əlavə xərcləri” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 2012-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay 193 manat sabit pul məbləğinin, təhsil haqqının və reyestrdən çıxarışa əsasən əmək haqqının ¼ hissəsinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan, habelə Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, Cavabdeh (şəxsiyyət vəsiqəsi nömrəsi AZE ********, verilmə tarixi 02 dekabr 2016-cı il) ünvan 1 ünvanında rəsmi qeydə alınmışdır. İddiaçı isə iddia ərizəsində cavabdehin ünvanını ərizəyə əlavə etdiyi 23 avqust 2007-ci il tarixdə verilmiş AZE 05933145 nömrəli şəxsiyyət vəsiqəsində qeyd edilmiş 8 mkr, Azadlıq prospekti, ev 194, mənzil 54 olaraq göstərmişdir. Göründüyü kimi, cavabdeh rəsmi qeydə alındığı ünvanı dəyişməsinə baxmayaraq, iddiaçı bunu ərizəsində göstərməmiş, habelə cavabdehin məhz iddia ərizəsində qeyd edilən ünvanda faktiki yaşadığı barədə də hər hansı sənədi iddia ərizəsinə əlavə etməmişdir. Habuki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehin yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) tam və düzgün şəkildə iddia ərizəsində göstərilməlidir. Çünki, iddia ərizəsində cavabdehin ünvanının düzgün və tam göstərilməsi iddiaçının vəzifəsidir və ünvan göstərilmədikdə, çəkişmə prinsipinə əməl edilməsi üçün iddia ərizəsinin surətinin cavabdehə göndərilməsi qeyri-mümkün olur. Bundan əlavə, Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. İddia ərizəsindən görünür ki, iddiaçının tələbləri də tam aydın deyil. Belə ki, iddiaçı alimentin miqdarının artırılması ilə yanaşı, cavabdehdən təhsil haqqı və cavabdehin əmək haqqısının ¼ hissəsinin tutulmasını tələb etsə də, iddiaçı ərizəsində tələb etdiyi təhsil haqqı məbləğini konkret olaraq qeyd etməmiş, eyni zamanda həmin tələblərinin əsası kimi istinad etdiyi fakt və halları iddia ərizəsində göstərməmişdir. Bu hal həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün dövlət rüsumunun ödənilməli olubolmaması halını da aydınlaşdırmağa imkan vermir. Belə ki, “Dövlət rüsumu haqqında” Qanuna əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçının tələbi isə tək alimentin alınması deyil. Halbuki, yuxarıda qeyd olunan prosessual qanunvericiliyin tələbindən də göründüyü kimi, tələblər konkret və aydın olmalıdır. Başqa sözlə, prosessual qanunvericiliyin cavabdehə qarşı yönəlmiş tələblərin iddia ərizəsində dəqiq və aydın göstərilməli olması onu nəzərdə tutur ki, cavabdeh ona qarşı yönəlmiş tələbin konkret nədən ibarət olduğunu müəyyən etməlidir. Təsadüfü deyildir ki, Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddia ərizəsinin surətini aldıqdan sonra 20 gün ərzində iddiaya etirazını, qoyulmuş suallara cavablarını və ərizəyə əlavə olunmuş sənədlərə münasibətini, həmçinin iddiaya etirazın və ona əlavə olunmuş sənədlərin surətlərini iddiaçıya və məhkəməyə təqdim edir. Bu isə yalnız o halda mümkündür ki, iddiaçı öz tələblərini və tələblərinin əsası kimi istinad etdiyi fakt və halları konkret şəkildə iddia ərizəsində göstərmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessaul Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin həcminin artırılması və uşağın əlavə xərcləri” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilir ki, o, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №e-2(001)-7685/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(001)-7685/2022
23.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver