Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-784/2024 14.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədzadə Fitat Eldar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh anasıdır. Qeyd olunan fərdi yaşayış evi əvvəllər mərhum əri Yusub Məmmədova məxsus olmuş, o öldükdən sonra isə cavabdehin adına rəsmiləşdirilmişdir. Miras pay bölünərkən iddiaçı öz oğlu Cavabdeh xeyrinə imtina etmişdir. Mübahisəli mənzil 3 otaq olmaqla, otaqlardan biri daimi olaraq iddiaçının yataq otağı olmuşdur. Əri öldükdən sonra da iddiaçı həmin otaqda yaşamağa davam etmişdir. Lakin evi öz adına rəsmiləşdirən cavabdeh iddiaçını evdən çıxarmaq üçün əvvəlcə guya evi təmir edəcəyini bildirmiş və onun bütün əşyalarını həyətdəki 1 otaqdan ibarət tikiliyə yığmış və orada yaşamasını tələb etmişdir. İddiaçı bir müddət şəraitsiz evdə qaldıqdan sonra evə qayıtmaq istəsə də, cavabdeh ümumiyyətlə iddiaçının evə buraxmaqdan imtina etmişdir. Hazırda isə cavabdeh evi bağlayaraq ailəsi ilə birgə xaricə köçmüşdür. Bu səbəbdən də iddiaçı yaşayış sahəsindən istifadə hüququ olan evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X6 ( 2 otaq y/s 28 kv.m – 4 və 7 nömrəli y/otaqları) və Cavabdeh (2 otaq y/s 35.6 kv.m – ü/s 63.2 kv.m) xüsusi mülkiyyətindədir. - yaşayış yeri üzrə qeydiyyat haqqında arayışa əsasən, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - 26 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli sorğuya cavabından görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X6 əmlakına dair Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və mərhumun vərəsələri: arvadı-X9 və qızları X7, X15 miras əmlakı qəbul etmişlər. Lakin mərhumun anası-İddiaçı miras əmlakdan X3 xeyrinə imtina etmişdir. - 27 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 adına açılmış vərəsəlik işinin surətindən görünür ki, İddiaçı, X16, X12, X13, X8 və X1 Yusib Qurban oğlundan miras qalmış əmlaklardan Cavabdeh xeyrinə imtina etmişlər. - Ölüm haqqında şəhadətnaməyə əsasən, X14 xx.xx.2017-ci il tarixdə vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 433 nömrə ilə qeyd edilmişdir. - Texniki İnventarlaşdırma və mülkiyyət hüquqularının qeydiyyat idarəsi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli FM seriyalı, 041363 nömrəli Qeydiyyat Vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 77 ünvanında yerləşən 9 otaqlı, 151.5 kv.m yaşayış sahəsi, 196.9 kv.m ümumi sahəsi olan 343A saylı fərdi yaşayış evi paylar üzrə X5 (A tikilisi), X6 (Q tikilisi) və X2 (B və D tikililəri) mülkiyyətindədir. - xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, X4 vərəsəsi – oğlu Cavabdeh miras əmlakı olaraq ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin ona aid olan “A” tikilisi (4 otaq, ü/s 91.2 kv.m, /s 63.6 kv.m, yard/27.6 kv.m) qalmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və yaşadığı evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Cavabdehin ev üzərində hüquqlarının olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə (evə buraxmama) qanunsuzdur. Beləliklə, cavabdeh yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşdur, pozuntunun nəticələri hal-hazıra kimi davam edir. Əgər qanun pozuntusu varsa, onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. İddiaçının evdən istifadə hüququnun olmaması Konstitusiyanın 43-cü maddəsinin 1-ci hissəsinin ifadə olunan “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu normanın tətbiq edilməsinə mane olmur. Belə ki, bu norma göstərişinin xarakterinə görə səlahiyyətverici norma deyil, qadağanedici normadır. Əgər səlahiyyətverici norma olsaydı (mənzildə yaşamaq səlahiyyəti versəydi) bu halda iddiaçının istifadə hüququnun olması normanın tətbiqi üçün vacib sayılardı. Normada “heç kəs” və “yaşadığı” ifadələrindən istifadə olunur, bu isə o deməkdir ki, norma istifadə hüququnun olub-olmadığından asılı olmayaraq mənzildə yaşayan hər kəsi qanunsuz məhrumetmədən mühafizə edir və şəxsin mənzildə yaşaması faktı kifayətdir ki, normanın mühafizəsi ona tətbiq edilsin. Obyektiv hüququn funksiyalarında biri də mühafizə funksiyasıdır. “Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”məzmunlu norma qanunsuz məhrumetməni qadağan etməklə obyektiv hüququn mühafizə funksiyasını həyata keçirir, mənzildə və digər bu kimi yerlərdə yaşayan hər bir şəxsi özbaşınalıqdan qoruyur. Əgər “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz” məzmunlu normanın mühafizə funksiyası olmasa fiziki cəhətdən güclü olan istənilən şəxs istifadə hüququ olmadan mənzildə yaşayan digər şəxsi oradan çıxara bilər və ya yaşadığı mənzilə daxil olmasına manelər yarada bilər və ya digər bu kimi hərəkətlər edə bilər, nəticədə isə özbaşınalığa şərait yaranar. AR Konstitusiya Məhkəməsinin bir çox qərarlarında ifadə olunmuş mövqeyinə görə vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Yaşayış sahəsindən istifadə müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusion məqsədə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzim etmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Odur ki, bu tip mübahisələr həll edilərkən mənzildən məhrumedilənin deyil, mənzildən məhrumedənin mənzilə hüququnun olub-olmadığı araşdırılmalı, buna əsasən mübahisə həll edilməlidir. Əgər məhrumedənin mənzilə hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılmalı, qanunsuz məhrumetmənin nəticələri aradan qaldırılmalı, məhrumedilən mənzilə köçürülməlidir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı mübahisəli mənzilə 1989-cu il tarixdən mənzilə qeydiyyata alınmış və həmin mənzildə yaşamışdır. xx.xx.2003-cü il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 2-ci mədən, korpus 77 ünvanında yerləşən 9 otaqlı, 151.5 kv.m yaşayış sahəsi, 196.9 kv.m ümumi sahəsi olan 343A saylı fərdi yaşayış evinin bir hissəsi X5 (A tikilisi) adına qeydiyyat vəsiqəsi verilməklə rəsmiləşdirilmişdir. 2017-ci il tarixdə X14 vəfat etmişdir. xx.xx.2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mübahisəli mənzil Cavabdeh adına qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Göründüyü kimi, hüquq münasibətləri 1989-cü ildə yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göstərilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçı Y.Məmmədovun ailə üzvü qismində mübahisəli mənzilə köçürüldüyündən və onun mənzilə köçürülməsi zamanı hər hansı başqa qeyd-şərt nəzərdə tutulmadığından iddiaçı mübahisəli mənzildən qeyd edilən mənzilin həmin vaxtdan istifadə hüququna malik olmuşdur. Belə ki, münasibətlərin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mənzilə ailə üzvü qismində köçürüldüyündən və onun mübahisəli mənzilə köçməsi zamanı başqa qeyd-şərt nəzərdə tutulmadığından, o, mübahisəli mənzildən istifadə hüququna malikdir. Buna görə də iddia tələbi əsaslıdır. Belə ki, qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçı mübahisəli mübahisəli mənzilə hüquq əldə etmişdir. Cavabdehin iddiaçını mübahisəli mənzilə buraxmaması nəticəsində iddiaçı yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunmuşdur. Odur ki, iddiaçının mübahisəli mənzilə köçürülməsi barəsində iddia tələbi əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mübahisəli mənzil iddiaçının yaşayış yeri sayıldığından və cavabdehin onu həmin mənzilə buraxmaması səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduğundan, bununla da o, yaşadığı mənzildən qanunsuz olaraq məhrum olunduğundan, iddia təmin edilərək, iddiaçı mübahisəli mənzilə, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №e-2(001)-784/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-784/2024
14.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver