Məhkəmə qərarları › İş №e-2(001)-806/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-806/2024

05.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-806/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və “X1- Bakı” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və “X1- Bakı” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və “X1-Bakı” QSC-dən müştərək qaydada “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 8095.73 AZN pulun və ödənilmiş 101.40 dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə “X1-Bakı” QSC-yə məxsus olan və Cavabdeh1 tərəfindən idarə olunan “Ford Transit” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yolnəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığortalı “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 AZN azadolma (fransıza) məbləği çıxılmaqla 13001.40 AZN sığorta ödənişi həyata keçirmişdir. Həmin məbləğdən Cavabdeh1 tərəfindən idarə olunan “Ford Transit” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC icbari sığorta şirkəti tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 4905.67 AZN məbləği İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 8095.73 AZN məbləğində pul hal-hazırda ödənilməmiş qalmaqdadır. xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirli olduğuna görə ona və “X1-Bakı” QSC-yə qarşı subroqasiya hüququ yaranmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin İnzibati tənbeh vermə haqqında qərarına əsasən, Cavabdeh1 İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Hesab edilir ki, 8095.73 AZN pul Cavabdeh1 və “X1-Bakı” QSC-dən müştərək qaydada İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi elektron məhkəmə informasiya sisteminə ərizə yükləyərək, işə onların iştiakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, o, təcili tibbi yardım avtomobili idarə etdiyindən qırmızı işıqda keçmişdir. Buna görə də, onun barəsində inzibati tənbeh tətbiq edilmişdir. Odur ki, iddianın rədd olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının digər cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 114608 nömrəli sığorta aktından görünür ki, “Renault Dokker” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixli “Avtonəqliyyat vasitələrinin sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətində sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Renault Dokker” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 13251,4 manat məbləğində zərər dəymişdir. Sığorta ödənişini alan şəxs "xxxx" MMC-dir. 7651 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən "xxxx" MMC-nin hesabına 13251,4 manat məbləğində sığorta ödənişi köçürülmüşdür. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 və “X1-Bakı” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziyalardan görünür ki, cavabdehlər 8095,73 manat məbləğində sığorta ödənişinin 10 gün ərzində ödənilməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli, TP ******* nömrəli elektron qərardan görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixndə, saat 23:44-də “Ford Transit” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməsi nəticədə hadisə törətmişdir. Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. xx.xx.2022-ci il tarixli qüsur aktından görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Renault Dokker” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 13251,4 manat məbləğində zərər dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2021-ci il buraxılışlı, “Renault” markalı, “Dokker” model, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 10120,00 manat məbləğində olduğu müəyyən edilmişdir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 8320,00 manat; - Təmir-bərpa işlərinin qiyməti – 1800,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9787,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti – 7987,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 1800,00 manat. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materialında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş, xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2021-ci il buraxılışlı, “Renault” markalı, “Dokker” model, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir, o cümlədən:

1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 10120,00 manat edilir, o cümlədən: - Dəyişilməli hissələrin qiyməti – 8320,00 manat; - Təmir-bərpa işlərinin qiyməti – 1800,00 manat.

2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 9787,00 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti – 7987,00 manat; Təmir-bərpa işlərinin qiyməti – 1800,00 manat. Dəymiş ziyan (ehtiyat hissələrinin qiymətinə və təmir-bərpa xərclərinə) ƏDV nəzərə alınmaqla hesablanmışdır. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən, iddiaçı iddianın məhkəmədə qaldırılması üçün 101 manat məbləğində dövlət rüsumu və 0,4 manat bank xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 idarə etdiyi və “X1-Bakı” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan “Ford Transit” markalı, ** JC *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş və bunun nəticəsində İddiaçı Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitələrinin sığortası” növündə sığortalanmış “Renault Dokker” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi zədələnmişdir. Hadisə nəticəsində “Renault Dokker” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə iddiaçı tərəfindən 13301,4 manat məbləğində zərər qarşılanmışdır. Həmin məbləğdən Cavabdeh1 tərəfindən idarə olunan “Ford Transit” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC icbari sığorta şirkəti tərəfindən subroqasiya qaydasında dəymiş zərərin 4905.67 AZN məbləği İddiaçı Sığorta Şirkətinə ödənilmiş, qalan məbləğ, yəni 8095,73 manat ödənilməmişdir. Hazırda iddiaçı həmin 8095,73 manat məbləğində vəsaitin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ həddindən artıq şişirdilmişdir. Belə ki, iş materiallarında olan qüsur aktında qeyd olunmuşdur ki, “avtomobil Rusiya yığılması olduğundan və hal-hazırda Rusiyada olan vəziyyətlə əlaqədar olaraq ehtiyyat hissələrinin sifarişinin gətirilməsi çətinləşib. Ehtiyyat hissələrinin gəlişinin başqa alternativ yollar vasitəsi ilə həyata keçirdikləri üçün qiymətləri və gəliş müddəti standartdan daha artıqdır”. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərindən də görünür ki, nəqliyyat vasitəsinin zədələndiyi və təmir-bərpa xərcinin 10120 manat məbləğində olduğu müəyyən edilmişdir. Belə olan halda məhkəmə iş materiallarında olan qüsur aktını, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəylərini nəzərə alaraq hesab edir ki, “Renault Dokker” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilməli olan məbləğ 5214,33 manat (10120 – 4905,67 = 5214,33) məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 və “X1-Bakı” QSC-dən müştərək qaydada “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5214,33 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddianın məhkəmə xərclərinin tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 97 manatı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh1 və “X1-Bakı” QSC-dən müştərək qaydada “Renault Dokker” markalı, ** PD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5214,33 manat pul vəsaiti və 97 (doxsan yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsaitin 50 (əlli) manatı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətindən, 50 (əlli) manatı isə cavabdeh “X1-Bakı” Qapalı Səhmdar Cəmiyyətindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar