Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-849/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 5000 manat məbləğində pul vəsaitinin və ödənilmiş 70 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində saat 19:00 radələrində Ağstafa rayonu ərazisində Cavabdeh idarə etdiyi və iddiaçı tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mitsubishi Canter” markalı, **-KA- *** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində X5 vəfat etmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-140/2022 saylı hökmünə əsasən Cavabdeh nəqliyyat vasitəsini sərxoş halda idarə etməsi təsdiqini tapmışdır. Sığortalı “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində X2 vəfatı ilə əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA********** saylı sığorta aktı tərtib edilməklə zərərçəkənlərə dəymiş zərərə görə ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçının cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
a) İddia ərizəsinə qarşı etiraz:
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddiaçının ona qarşı tələbi qeyri-qanuni və əsassızdır. Qeyd olunan və tələb olunan məbləğ sığorta cəmiyyəti tərəfindən araşdırılaraq və dəyərləndirilərək məbləğin ödənilməsi barədə qəbul edilən qərar nəticəsində ödənilmişdir. O, hesab edir ki, bu qərar sığorta cəmiyyətinin öz səhlənkarlığı nəticəsində qəbul edilmiş və mülki hüquq pozuntularından əmələ gələn öhdəliklərdən boyun qaçırmaq üçün cavabdehə əsassız olaraq iddia qaldırılmışdır. O, məhkəmədən "xxxx" ASC tərəfindən ona qarşı qaldırılmış iddianın əsassız və qanunvericiliyin tələblərinə uyğun olmadığından əsassız sayılmağını xahiş etmişdir.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımınca məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə görə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
c) Mülki işin materialları:
5. İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, PXA********** saylı sığorta müqaviləsi üzrə “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixədək sığorta olunmuşdur.
6. Ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 310 nömrə ilə qeyd edilmişdir.
7. PXA127831 saylı sığorta aktına və ödəniş tapşırığına əsasən "xxxx" ASC tərəfindən X3 ("xxxx" ASC hesabı ilə) 5000 manat ödəniş edilmişdir.
8. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-140/2022 saylı hökmündən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində qohumu Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 3, mənzil 4-də yaşayan X1 məxsus, etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə sərxoş vəziyyətdə idarə etdiyi “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağstafa-Tatlı avtomobil yolunda Ağstafa rayonu, Göycəli kəndi ərazisindən keçən hissəsində Tatlı kəndi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin, 3-cü bəndinin tələblərini, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda sürücü Cavabdeh gözqamaşma yarandığı andan tədbir görməklə “Mitsubishi Canter” markalı avtomobili arabanın vurulma yerinə çatmadan dayandırmağa texniki imkanının olduğu halda buna əməl etməyərək yolun sağ hərəkət hissəsi ilə uzunqulaq arabası ilə hərəkətdə olan X4 ehtiyatsızlıqdan vuraraq sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 (üç) il 6 (altı)ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.
9. Pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehə subroqasiya hüququ ilə əlaqədar 5000 manat məbləğində vəsaitin 7 iş günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır.
ç) Tətbiq edilən hüquq:
10. İcbari sığortalar haqqında" Azərbaycan Respublikasi Qanununun 25.1.3-cu maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır.
11. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır.
12. Sığorta haqqında Azərbaycan Rspublikası Qanunun əsasən 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə ödənişini vermiş sığortaçıya reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
13. 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
14. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.
15. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
16. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər.
17. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
18. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
19. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:
20. 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
21. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
22. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
24. 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
d) Məhkəmənin mövqeyi:
27.Məhkəmə iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə vurulmuş zərərin aradan qaldırılması üçün zərərçəkən şəxslərə 5000 manat sığorta ödənişi verdiyinə görə, həmin məbləği subroqasiya qaydasında Cavabdeh tələb etməkdə haqlıdır.
28. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
29. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)- 140/2022 saylı hökmündən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 19:00 radələrində qohumu Bakı şəhəri, Səbail rayonu, İ.Məmmədov küçəsi, ev 3, mənzil 4-də yaşayan X1 məxsus, etibarnamə əsasında “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə sərxoş vəziyyətdə idarə etdiyi “Mitsubishi Canter” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Ağstafa-Tatlı avtomobil yolunda Ağstafa rayonu, Göycəli kəndi ərazisindən keçən hissəsində Tatlı kəndi istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 73-cü maddəsinin 4-cü hissəsinin, 3-cü bəndinin tələblərini, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin tələblərini, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayandırma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirlər görməli, həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda sürücü Cavabdeh gözqamaşma yarandığı andan tədbir görməklə “Mitsubishi Canter” markalı avtomobili arabanın vurulma yerinə çatmadan dayandırmağa texniki imkanının olduğu halda buna əməl etməyərək yolun sağ hərəkət hissəsi ilə uzunqulaq arabası ilə hərəkətdə olan X4 ehtiyatsızlıqdan vuraraq sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Beləliklə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-140/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri tam sübuta yetirilmişdir.
30. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
32. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Beləliklə məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh subroqasiya qaydasında 5000 manat məbləğində vəsait və dövlət rüsumu olaraq ödənilmiş 70 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 238-253-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 5000 (beş min) manat əsas borc və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Lətifə Məmmədova AZƏRBAYCAN RESPUBLİKASİ BAKİ ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, 7 mkr, A.Kunanbayev küçəsi 4E. AZ 1116 №2(001)-849/2025 11 fevral 2025-ci il
İddiaçı: "xxxx" ASC-yə Ünvan: Bakı şəhəri, Atatürk prospekti 42
Cavabdeh: Cavabdeh Faktiki ünvan:AZ1062, Bakı şəhəri, Qaradağrayonu, Puta qəsəbəsi (13 saylı cəzaçəkmə müəssisəsi)
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 yanvar2025-ciil tarixli, 2(001)- 849/2025nömrəli qətnamənin surəti Azərbaycan Respublikası MPM-nin 227.3-cü maddəsinə əsasən məlumat üçün göndərilir.
Qoşma: qətnamənin surəti Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi: Lətifə Məmmədova