Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-881/2024 22.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, övladı X9 22 yaşı tamam olmamış həyatdan məhrum olmuşdur. Hər gün oğlunun yoxluğunun acısını yaşayır, iztirabını çəkir. Oğlunun boyunu sevə bilməmiş, onun toyunu edə bilməmiş, balalarını görə bilməmişdir. Ana olaraq ona bala dağı çəkilmişdir. Səbəbi övladının gənc yaşında, işinə məsuliyyətsiz yanaşan şəxslərin qurbanı olması və faciəli surətdə vəfat etməsidir. Belə ki, cavabdehin işçisi X4 28 mart 2015-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi "Xaliq Faiqoğlu” MMC-nin balansında olan və ona yol vərəqəsi əsasında verilmiş “Daewoo BS 090” markalı, **-VS-*** dövlət nömrə nişanlı avtobusla Babək prospekti ilə köhnə maşın bazarı istiqamətində hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, Babək prospekti 8 ünvanında, yolun qarşı hərəkət hissəsinə çıxmış, “Mersedes” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobili idarə edən Rüstəm Bədirovun və avtomobildə sərnişin qismində olan oğlu Mübariz Abasovun sağlamlıqlarına həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirərək, ölmələrinə səbəb olan qəza törətmişdir. Mustafa Mamedov Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 nömrəli xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdən göründüyü kimi, hadisənin baş verməsi cavabdehin işçisinin təqsiri ucbatından baş vermişdir. Mustafa Mamedovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 nömrəli xx.xx.2015-ci il tarixli hökmü qanuni qüvvəyə minmişdir. Mustafa Mamedovun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2015-ci il tarixli 1(103)-1192/2015 tarixli qərarı ilə şikayət qismən təmin edilərək cəzası 07 ilə endirilmiş, qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minmişdir. Qeyd olunan qanuni qüvvəyə minmiş hökmlə baş vermiş hadisədə cavabdehin məsuliyyəti təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Cavabdehin işçisinin hüquqazidd hərəkətlərinə görə baş verən hadisə nəticəsində gənc övladı öldüyünə görə ona mənəvi zərər dəymişdir. Baş vermiş cinayət mənəvi hüzurunun pozulmasının təməlini qoymuşdur. Oğlunun əzilmiş və qan içində olanda başı, bud hissəsindən qırılmış ayaqları gözünün önündən getmir. Həmin hadisədən sonra davamlı əzab çəkir. Övladı təxminən 2 il olar hərbi xidmətdən qayıtmışdır. Toyunu edəcəkdilər. Lakin cavabdehin işçisinin təqsirinə görə övladının yasını keçirtdilər və bu onun həyatının normal ahəngini pozmuşdur. Harada gənc yaşda insan görür, oğlunun cansız bədəni gözünün önünə gəlir. Hələ o, doğum günləri, şənliklər, toy məclisləri barədə eşidərkən keçirdiyi hissləri demir. Bütün bunlara görə davamlı iztirablara, ruhi sarsıntılara məruz qalır. Hökmdə əks olunan məhkəmə-tibbi ekspertizasının xx.xx.2015-ci il tarixli 43 nömrəli rəyindən görünür ki, X6 meyitində baş toxumasına və qişalarına, yan mədəciklərə qansızma, alın sümüyünün kəllə əsasına keçən xətti sınığı, hər iki budun qapalı yerdəyişmiş sınıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Oğlunun ölümünə səbəb baş-beyin əzilməsi olmuşdur. Çox ağırdır. Ürəyi hələ də sızlayır. Gənc bir şəxsin ölməsini eşidən adi bir insan sarsıntı keçirdiyi halda, bir ana üçün bunun necə dərin yaralar açdığını, iztirablar verdiyini, ruhi sarsıntılar yaşatdığını təsəvvür edə bilərsizmi? Mənəvi zərər, bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Onun iztirablarının, sarsıntılarının dərəcəsini təsəvvür belə edə bilməzsiniz. Çünki, hər dəfə gənc yaşda oğlan görərkən övladını xatırlayır. Onu görmək, qucaqlamaq, oxşamaq istəyir. Lakin edə bilmir. Çünki cavabdehin işçisi övladını yaşamaq hüququndan, onu isə övladı ilə ünsiyyətdə olmaq hüququndan məhrum etmişdir. Bunu hər gün yaşamaq ana üçün işgəncədir. Bu iztirablarının ömür boyu bitməyəcəyini göstərir və bütün bunlar onu çox sarsıdır, yaşama həvəsini azaldır, mənəvi hüzurunu pozur. Balasının yoxluğuna qəbullanmaq çox ağırdır. Hərdən elə gəlir ki, hardansa çıxıb gələcək. Amma gəlmir. Aciz qalır. Ruhu sarılır. İztirab çəkir. Ömrünün sonunədək bitməyəcək iztirablar! Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fıziki mənəvi əzablar, iztirablar, sarsıntılar çəkməyi, məhrumiyyətlərə məruz qalmağı şübhəsizdir. Cavabdeh 10 marşrut xətti üzrə sərnişindaşımanı həyata keçirir. Balansında 300 avtobusu var. Göründüyü kimi cavabdehin maddi durumu iddianın tam təmin edilməsi üçün yetərlidir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan tələbin həcmini bu əzabları, iztirabları və sarsıntıları yaşayan şəxs müəyyən edə bilər. Gənc övladını itirmiş bir ana olaraq iztirab və sarsıntılarının ömrünün sonunadək davam edəcəyini nəzərə alaraq, cavabdehdən vurulmuş mənəvi zərərin əvəzi olaraq 30.000 manat pul tələb edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı, iddia tələbini müdafiə etdiyini bildirmiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X10 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndələri və eyni zamanda vəkillərinin izahatlarını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmünün surətindən görünür ki, X4 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)- 1192/2015 saylı, 13 oktyabr 2015-ci il tarixli Qərarının surətindən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmündən X2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmü dəyişdirilmiş və hökmlə X3 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddəti 08 il 06 aydan 07 ilə endirilmişdir. İş materiallarında olan Cavabdeh MMC-ti tərəfindən verilmiş etiraz ərizəsindən görünür ki, İddiaçı Mirhüseyn qızı tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 30000 manat məbləğində pulun cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, guya cəmiyyətdə müəyyən qanun pozuntuları baş vermiş və bu səbəbdən də iddiaçının övladı baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. Belə ki, sözügedən avtobus 49 saylı müntəzəm marşrut üzrə sərnişin daşımaları üçün sürücü X2 istismarına verilmişdir. xx.xx.2015-ci il tarixdə, saat 20 radələrində MMC-yə məxsus **-VS-*** dövlət qeydiyyat nişanlı avtobus Babək prospekti ilə davam edərkən yolda mövcud olan qazıntı və yenidənqurma işləri səbəbilə məcburiyyətdən əks istiqamətdə olan yola daxil olmuşdur. Həmin zaman sürücüdən alınmış izahatda da qeyd etdiyi kimi, avtobus tam saz vəziyyətdə olmuş, hər hansı spirtli içkidən istifadə etməmiş və ya narkotik vasitələrin təsiri altında olmamışdır. Bu barədə müəssisə tərəfindən tam şəkildə yoxlanışları daimi olaraq aparılmışdır. Bu faktlar ekspertiza nəticələri ilə təsdiqlənmişdir. Həmin zaman sürücü ondan asılı olmayan səbəblərdən öz marşrutunu tamamlamaq üçün Yusif Səfərov istiqamətində hərəkət edən avtomobillərin yoluna daxil olmuşdur. Körpünün divarı boyunca avtobusun sürəti 20-30 km olmuşdur. Yəni özü fərqində olmuşdur ki, onun getidyi yolda problem yarana bilər. Bu səbəbdən öz sürətini artırmamışdır. Bu zaman təxminən 70 metr məsafədə 150-160 km surətlə “Mercedes” markalı **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun üzərinə gəldiyini görmüşdür. Həmin zaman avtobusu tam şəkildə yolun ortasında saxlamış və avtobusda olan sərnişinlərə möhkəm dayanmalarını bildirmişdir. Hadisədən dərhal sonra özü və sərnişinlər avtobusdan düşərək “Mercedes” markalı avtomobildə olan şəxslərə köməklik etməyə calışmış, o cümlədən xəsarət almış şəxsləri təcili tibbi yardım avtomobilinə mindirmişdir. Daha sonra isə onlara məlum olmuşdur ki, sözügedən “Mercedes” markalı avtomobil həmin şəxslərin olmamış, onlar qanunsuz və icazəsiz olaraq avtomobili talama məqsədi olmadan qaçıraraq istifadə etmişdirlər. İşin faktiki halarından məlum olur ki, “Mercedes” markalı avtomobildə olan şəxslər avtoyuma yerində fəaliyyət göstərmişdirlər. Avtoyuma məntəqəsinin daimi müştərisi olan Tofiq Gülməmmədova məxsus avtomobili icazəsiz olaraq sürmüşdürlər. Bundan əlavə həmin zaman sərxoşluq hallarının müəyyən edilməsi ilə bağlı yoxlanış keçirilmiş və bu barədə hər hansı bir halın müəyyən edilmədiyi qeyd edilmişdir. Həmçinin M.S.Mamedovun cəzasını yüngülləşdirən halların mövcud olması da diqqətə alınmalıdır. Həmin zərərçəkən şəxslərə hadisə baş verdikdən sonra şirkət tərəfindən maddi yardım göstərilmişdir. Bu səbəbdən zərərçəkmişlərlə müəyyən barışıq da əldə edilmişdir. Lakin İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə nəzər yetirdikdə həmin ərizədə cəmiyyətdə baş tutan qanunpozuntuları səbəbindən insan həyatının itirilməsi qeyd edilmişdir. Bu barədə ilk öncə qeyd etmişlər ki, onlar cəmiyyət olaraq həmin şəxsin övladını itirməsi barədə öz məyusluqlarını bildirmək istəyirlər. Nəzərə çatdırmışlar ki, həmin zaman müəssisədə hər hansı qanunsuzluq halı mövcud olmamışdır. Belə ki, avtobusu istifadə edən şəxs müəssisənin rəsmi işçisi olmuş, həmin avtobusu istifadə etmək hüququ olan sürücülük vəsiqəsi olmuşdur. Hər hansı bir alkoqol və ya narkotik vasitənin təsirində olmamışdır. Müəssisə tərəfindən qüvvədə olan qanunvericiliyin tələbinə əsasən sözügedən sürücü bütün sürücülərlə birlikdə reys qabağı tibbi yoxlanışdan keçirilmişdir. Bu kimi hallara əsasən isə hesab edirlər ki, müəssisədə hər hansı qanunsuz əməl olmamışdır. Dəymiş mənəvi zərər məhkəmə hökmü və ya səlahiyyətli orqanın yekun qərarı ilə müəyyən edilir. Lakin işin faktiki hallarına nəzər yetirdikdə müəyyən etmək mümkün olur ki, nə məhkəmə, nə də səlahiyyətli orqan tərəfindən bu barədə hər hansı bir müddəa qeyd edilməmişdir. Hal-hazırda mübahisələndirilən iddia üzrə hər hansı zərərin müəyyən edilməməsi nəzərə alınsa iddiaçı tərəfindən 30000 manat məbləğində pul vəsaitini hansı əsaslarla hesablanması onlara məlum olmamışdır. Bu göstərilənlərdən də aydın olur ki, iddiaçının qeyd etdiyi miqdarın hansı qanunvericiliyə uyğun olaraq müəyyən edilməsi qeyd edilməmişdir. Qeyd edilənlərdən isə aydın olur ki, müəssisə baş verən halların hər hansı birində qanun pozuntusu yerinə yetirməmiş və müəssisədən asılı olan səbəblərdən sözügedən bədbəxt hadisə baş tutmamışdır. Müəssisənin hər hansı təqsirinin olmaması da nəzərə alınmalıdır. Həmçinin müəssisə tərəfindən zamanında zərərçəkmiş şəxs və onların ailələrinə maddi yardım göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsində isə bu kimi hallar ümumiyyətlə qeyd edilməmişdir. Digər hall isə bundan ibarətdir ki, artıq həmin hadisənin baş verməsindən 10 ilə yaxın bir müddət ötmüşdür. Yuxarıda qeyd edilən qanunvericilik normalarından da aydın olur ki, mülki iddiaçı cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilərdi. Lakin iddiaçı tərəfindən uzun bir müddət ötdükdən və təqsirləndirilən şəxs X4 azadlığa buraxıldıqdan sonra məhkəməyə müraciət edilmişdir. Yəni təqsirləndirilən şəxs artıq öz cəzasını çəkmişdir. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində İddiaçı Mirhüseyn qızının Cavabdeh MMC-nə qarşı mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - mənəvi zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəyə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddə isə müəyyən edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır." Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Qeyd edilən Qərarın 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında Plenum qeyd etmişdir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hissləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hisslərlə ağır mənəvi sarsıntı və iztirab hisslərini fərqləndirməlidirlər. X7 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir; ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrı-ayrılıqda təzminat almaq hüququna malikdirlər; ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviriəsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir; məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İşdə olan sübutlarla təsdiq edilir ki, 28 mart 2015-ci il tarixdə Cavabdeh MMC-nin balansında olan və yol vərəqəsi əsasında verilmiş “Daevoo BS 090” markalı, ** VS *** dövlət nömrə nişanlı avtobusun sürücüsü X1 prospekti ilə köhnə maşın bazarı istiqamətində hərəkət edərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbini pozaraq, Babək prospekti 8 ünvanında, yolun qarşı hərəkət hissəsinə çıxmış, “Mersedes” markalı **-LB-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobili idarə edən Rüstəm Bədirovun və avtomobildə sərnişin qismində olan iddiaçının oğlu Mübariz Abasovun sağlamlıqlarına həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirərək ölmələrinə səbəb olan qəza törətmişdir. Onun əməlinə məhkəmənin hökmü ilə hüquqi qiymət verilmiş, X4 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum olunmaqla 8 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmdən onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasının 1(103)-1192/2015 saylı, 13 oktyabr 2015-ci il tarixli Qərarına əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 771/2015 saylı, 30 iyul 2015-ci il tarixli hökmü dəyişdirilmiş və hökmlə X3 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrumetmənin müddəti 08 il 06 aydan 07 ilə endirilmişdir. Hal-hazırda iddiaçı baş vermiş cinayət hadisəsi nəticəsində övladının ölməsi nəticəsində mənəvi sarsıntı keçirməsinə əsaslanaraq, bu hadisə nəticəsində və ondan sonrakı proseslər zamanı yaşadığı streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb edir. Mülki Məcəllənin 1097.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, cavabdehin işçisinin ehtiyatsızlığı nəticəsində baş vermiş cinayət hadisəsi nəticəsində iddiaçının övladının ölməsi ilə bağlı iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsizdir və o, bu hadisə nəticəsində stresləri, əzab və əziyyətləri ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə haqlıdır. Qanunverici bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Məhkəmə işin faktiki hallarını, mülki işdə olan sübutları qiymətləndirib, yuxarıda qeyd edilmiş maddi və prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq, belə qənaətə gəlir ki, iddiaçı ona dəyən mənəvi zərərin məbləğini 30000 manat məbləğində qiymətləndirsə də, işin faktiki halları, iddiaçının oğlunun ölümünə səbəb olmuş qəzanın cavabdehin işçisi tərəfindən qeyd edilmiş cinayətin ehtiyatsızlıqdan törədilməsi və qəsdinin olmaması, cavabdeh hüquqi şəxsin mənəvi zərərin yetirilməsində rolu, eyni zamanda X2 Azərbaycan Respublikasının CM-in 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən zərərçəkmiş şəxslərin və ya onların hüquqi varisləri ilə barışığın əldə olunması, habelə hadisənin baş verməsindən 9 ilə yaxın müddətin keçməsi nəzərə alınaraq, Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində dəymiş mənəvi ziyanın İddiaçı xeyrinə tutulması ədalətli olmaqla yanaşı tərəflərin mənafeyinə uyğundur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 3000 (üç min) manat məbləğində dəymiş mənəvi ziyan İddiaçı xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(001)-881/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-881/2024
22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver