Məhkəmə qərarları › İş №e-2(001)-927/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-927/2024

07.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-927/2024 07.03.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Muradova Nigar Yunis qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “məlumatın təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “məlumatın təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, yəni İddiaçı Dövlət və Dövlətçiliyə sadiq vətəndaş və Dövlət Qulluqçusu olmaqla Azərbaycan Respublikası XİN-nin Yaxın Şərq və Afrika idarəsinin müşaviri vəzifəsində çalışır. Onun rəhbərlik və kollektiv arasında yüksək nüfuzu vardır. Lakin bu nüfuza xələl gətirmək istəyən Cavabdeh heç bir təsdiqedici sənədlər və əsas olmadan Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab X5 Ərizəsi ünvanlayaraq, guya ki, üç il əvvəl onun, yəni İddiaçı öz vəzifəsindən istifadə edərək Cavabdeh etibarını qazanmasını, ondan 23620 manat dəyərində olan mərmər daşlarının almasını və bu günə kimi heç bir ödənişin həyata keçirilməməsini bildirmişdir. Ondan bu əsassız ərizəyə görə müvafiq qaydada izahat alınmış və rəhbərlik və kollektiv arasında nüfuzdan düşmüşdür. Reallıq ondan ibarətdir ki, o, cavabdehi ümumiyyətlə tanımamış, onunla heç bir zaman ünsiyyətdə olmamış və qeyd edilən məbləğdə mərmər daşları almamışdır. Bu tanışlığı və alğı-satqını sübut edəcək heç bir sadə yazışma belə mövcud deyildir. Cavabdehin şikayət ərizəsi tamamilə fərziyyələrə əsaslanaraq onun işgüzar nüfuzuna xələl yetirmək məqsədi güdmüşdür. Göründüyü kimi, heç bir əsas olmadan onun işgüzar nüfuzuna xələl gəmişdir. İddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 23.1, 23.2, 23.4, 1096.1 və 1096.2-ci maddələri ilə əsaslandıraraq, Cavabdeh tərəfindən onun, yəni İddiaçı işgüzar nüfuzuna vurulmuş ləkənin təkzib olunması və Cavabdeh mənəvi zərərə görə 8000 manat məbləğində kompensasiyanın tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh izahatında bildirmişdir ki, o, uzun illərdir ki, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Azərbaycan Respublikasına mərmər daşlarının idxal edilərək pərakəndə satışının təşkil edilməsini həyata keçirdir. Hazırki iş üzrə İddiaçı ilə aralarında olan münasibətlər qonşuluğunda yaşayan İddiaçı atası X3 vasitəsilə olmuşdur. Belə ki, Malik Məmmədzadə satış məntəqəsinə yaxınlaşaraq mərmər daşı almaq istədiyini bildirmiş, söhbət əsnasında oğlu İddiaçı Xarici İşlər Nazirliyində məsul vəzifədə çalışdığını bildirmişdir. Tərəfindən hazırki iş üzrə iddiaçının atasına ümumi dəyəri 23620 manat təşkil edən mərmər daşları verilmiş, mərmər daşlarının dəyəri ödənilmədiyindən Malik Məmmədzadə ilə əlaqə saxlamış, sonuncu xəstəliyi ilə əlaqədar mərmər daşlarının pulunu xərclədiyini, pulun əvəzinə isə şəxsi avtomobilini təklif etsə də, o, aralarında yaranmış səmimi münasibətə görə imtina etmişdir. Sonradan hazırki iş üzrə iddiaçının atası vəfat etmiş, vəfat etməmişdən qabaq oğluna zəng edərək “Range Rover” markalı avtomobili satmasını və ona olan borcu ödəməsini bildirmişdir. X8 vəfat etdikdən sonra oğlu İddiaçı ödənişi etməkdən yayınmış, bu səbəbdən də, o, məcbur olaraq iddiaçının işlədiyi yerə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Ceyhun Bayramova ünvanlanmış ərizədən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Ceyhun Bayramova ərizə ilə müraciət etmiş, ərizədə aşağıdakılar göstərilmişdir: “Hörmətli Ceyhun müəllim! Bununla bildirmək istərdim ki, uzun illərdi fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq, Azərbaycan Respublikasına mərmər daşlarının idxal edilərək pərakənda satışının təşkil edilməsi həyata keçirdirəm. Təxminən 3 il bundan öncə mənimlə qonşuluqda yaşayan İddiaçı satış məntəqəsinə yaxınlaşaraq mərmər daşı almaq istədiyini bildirdi. Söhbət əsnasında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində məsul vəzifədə çalışdığını bildirərək özünə etibar qazandı. Tərəfimdən İddiaçı istədiyi bütün mərmər daşları verildi. Satışı həyata keçirilmiş mərmər daşlarının ümumi dəyəri 23620.00 (iyirmi üç min altı yüz iyirmi) manat təşkil edir. Sözügedən pul vəsaiti bu günədək İddiaçı tərəfindən ödənilmir. Dəfələrlə borclu olduğu pul vəsaitinin ödəməsini xahiş etsəm də, İddiaçı uzun illərdi qərəzli olaraq ödəniş etməkdən yayınır. Xarici İşlər Nazirliyində işləməsini əsas gətirərək ona qarşı hüquqi təsir tədbirlərinin görülməsinin qarşısını alır. Artıq əlacsız qaldığım üçün sizə müraciət edərək xahiş edirəm ki, İddiaçı barəsində müvafiq araşdırmanın aparılmasını və mənə borclu olduğu 23620.00 (iyirmi üç min altı yüz iyirmi) manat məbləğində pul vəsaitinin ödənilməsində köməklik göstərəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımı bildirirəm. İş materiallarında olan Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış 25 dekabr 2023-cü il tarixli məktubdan (sorğuya cavabdan) görünür ki, Azərbaycan Respublikası vətəndaşı Cavabdeh Nazirliyə ünvanladığı müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmış, müraciətdə qeyd olunan məsələnin bilavasitə Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığı, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual Qanunvericiliyinə əsasən, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduğu vətəndaşın nəzərinə çatdırılmışdır. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Qaimə- Fakturaların surətlərindən görünür ki, “İlham Rafail – Malik Elşən” arasında müxtəlif tarixlərdə Vyetnam istehsalı olan mərmərlərin satışı həyata keçirilmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hər bir cəmiyyətin müəyyən olunmuş birgə yaşayış qaydaları və bu qaydaları təmin edən hüquq normaları mövcuddur. Azərbaycan Respublikasının vətəndaşı Konstitusiya ilə onlara verilmiş fikir, söz, mətbuat, məlumat və yaradıcılıq azadlıqlarını həyata keçirdikdə qanunlara riayət etməli, başqalarının hüquqlarına hörmətlə yanaşmalıdırlar. Çünki hər kəsin hüquq və azadlıqları digərinin hüquq və azadlıqlarının başladığı yerə qədərdir. Bir hüququn həyata keçirilməsi digər hüququn məhdudlaşdırılması və ya ümumiyyətlə, nəzərə alınmaması ilə müşayiət edilə bilməz. Bu baxımdan şərəf və ləyaqətin müdafiəsi həyata keçirilərkən fikir və söz azadlığı hüququnu nəzərdə tutan Konstitusiya müddəalarına da riayət edilməli və hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Bütün hüquqlar həyata keçirilərkən biri digəri ilə rəqabətdə olur və ona görə də qanunun mənəvi zərərin ödənilməsini nəzərdə tutan müddəaları tətbiq edilərkən bir hüququn müdafiəsi digər hüququn məhdudlaşdırılması hesabına həyata keçirilə bilməz. İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakta görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən şəxsiyyətin şərəf və ləyaqəti dövlət tərəfindən qorunur, heç bir hal şəxsiyyətin şərəf və ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Bununla yanaşı, «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 saylı Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən 3 halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni, yalan olması anlaşılır. Qeyd edilən Qərarın 3-cü bəndində həmçinin göstərilmişdir ki, məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsulla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə müvafiq olaraq başqasının şərəf və ləyaqətini ləkələyən məlumatların doğruluğunu sübut etmək vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. İddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri -əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s hüquq pozmalarda ) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati, və yaxud cinayət məsulliyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin həmin qərarın 7-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi, bir qayda olaraq, pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində (CM) Respublika DH 2009) qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Avropa Məhkəməsi “Koinq Almaniyaya” qarşı işdə ərizəçiyə mənəvi narahatlıq yetirməsinə, “Artiko İtaliyaya” qarşı işdə tənhalıq və kimsəsizlik hisslərinə, “Younq, James və X1rşı” işdə alçaldıcı və təhqiredici hərəkətlər görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı sübutlarla təsdiq edilmişdir ki, hazırki iş üzrə İddiaçı ilə Cavabdeh arasında olan münasibətlər İddiaçı atası X3 vasitəsilə yaranmışdır. Belə ki, Cavabdeh ilə iddiaçının atası X3 arasında mərmər daşlarının alqı-satqısı həyata keçirilmiş, nəticədə iddiaçının atasının cavabdehə mərmər daşlarının ümumi dəyəri olaraq 23620.00 (iyirmi üç min altı yüz iyirmi) manat borcu yaranmışdır. İddiaçı atası X3 həmin məbləği ödəmədən vəfat etdiyi üçün cavabdeh onun oğluna, yəni iddiaçıya müraciət etmiş, oğlu həmin məbləği ödəməkdən imtina etdiyi üçün Cavabdeh tərəfindən iddiaçının iş yerinə - Azərbaycan Respublikası Xarici İşlər Naziri cənab Ceyhun Bayramova ərizəmüraciət ünvanlanmış, həmin məbləğin ödənilməsində köməklik göstərilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən müraciətdə qeyd olunan məsələnin bilavasitə Xarici İşlər Nazirliyinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş, eyni zamanda Azərbaycan Respublikası Mülki Prosessual qanunvericiliyinə əsasən, bütün fiziki və hüquqi şəxslərin özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malik olduğu cavabdehin nəzərinə çatdırılmışdır. Məhkəmə işdə olan sübutlara və yuxarıda istinad edilmiş beynəlxalq və milli hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçının iş yerinə ünvanlanan müraciətdə qeyd edilən məlumat doğru olmaqla yanaşı həmin məlumatın əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında iddiaçı barəsində mənfi rəyin yaratması mötəbər sübutlarla təsdiq edilmədiyindən həmin məlumat iddiaçının işgüzar nüfuzuna xələl gətirən məlumat hesab edilə bilməz. Həmçinin iddiaçı həmin müraciətdən sonra iş yerində, əmək münasibətlərində hər hansı zərərə məruz qaldığı ilə bağlı sübutları da məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə, iddiaçının mənəvi ziyan tələbini də əsaslı hesab etmir. Belə ki, həmin tələb kifayət qədər əsaslandırma aparılmadan irəli sürülmüş, onun əsaslı olduğuna dair heç bir sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı ona konkret hansı mənəvi iztirabların vurulmasını müəyyənləşdirməmişdir. Odur ki, Cavabdeh tərəfindən İddiaçı işgüzar nüfuzuna ləkənin vurulması və bunun nəticəsində iddiaçıya mənəvi zərərin dəyməsi sübutlarla təsdiq edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “məlumatın təkzib edilməsi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar