Məhkəmə qərarları › İş №e-2(001)-96/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-96/2025

08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-96/2025 08.05.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Məhərrəmli Vüsal İbadullah oğlunun katibliyi, cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin mülkiyyətində olan Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində birgə nikah dövründə ümumi vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş vəsaitin müəyyən edilərək ½ hissəsinin və iddia ərizəsi üçün tərəfimdən ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində birgə nikah dövründə ümumi vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş 52.301 manat vəsaitin ½ hissəsinin, yəni 26.150 manatın və iddia ərizəsi üçün ödənilmiş tərəfindən ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları, sübutların tədqiqi: İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında 19 iyul 2008-ci il tarixində Binəqədi rayon qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. Nikah qeydə alındığı tarixdən bir yerdə yaşamaqla birgə təsərrüfat aparmışlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2014-cü il təvəllüdlü X9 anadan olmuşlar. Birgə nikahda olduqları dövrün əvvəllərində münasibətləri normal olsa da, sonradan aralarında yaranmış sözsöhbətlər, narazılıqlar münasibətlərin kəskinləşməsinə gətirib çıxarmışdır. Nəticədə övladları ilə birgə yaşadıqları mənzildən çıxaraq atasına məxsus ünvanda yaşamağa başlamışdır. Artıq bir neçə aydır ki, aralarında olan nikah əlaqələri faktiki olaraq artıq kəsilmiş, birgə təsərrüfatı idarə etmirlər. Cavabdehlə barışmağı, ailənin qorunub saxlanması mümkün deyil. Buna görə də tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək nikahın pozulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdehlə birgə nikah dövründə ümumi vəsaiti hesabına ona bağışlama müqaviləsi əsasında keçmiş, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində fərdi yaşayış evi tikilmişdir. Fərdi yaşayış evinin tikintisi yekunlaşsa da, cavabdeh onu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmaqdan imtina edir. O, evin yarısına onun hüququnun olduğunu bilir və buna görə də fərdi yaşayış evini rəsmiləşdirmir. Halbu ki, Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı tətbiq edilməklə fərdi yaşayış evinin qeydə alınmasının çox asan proseduru mövcuddur. Cavabdeh tərəfin əmlakı qeydə aldırmaması səbəbindən həmin evə pay hüququnun tanınmasını tələb edə bilmir. Buna görə də məcbur qalaraq fərdi yaşayış evinə xərclənmiş vəsaitin yarısını tələb edir. İddia tələbinə dəqiqləşdirmə barədə ərizəsini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən təyin edilmiş məhkəmə mühəndis texniki ekspertizasının nəticəsində fərdi yaşayış evinin tikintisinə 52.301 manat vəsait xircləndiyi bəlli olmuşdur. Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində birgə nikah dövründə ümumi vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş 52.301 manat vəsaitin ½ hissəsinin, yəni 26.150 manatın və iddia ərizəsi üçün ödənilmiş tərəfindən ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Nümayəndə izahatında bildirmişdir ki, torpaq birgə nikah dövründə cavabdehə bağışlanmış və tərəflər orda ev tikmişlər. 0,50 ha torpaq sahəsinin 0.0116 ha hissəsi cavabdehə bağışlanmışdır. Göstərdiklərini nəzərə alaraq Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində birgə nikah dövründə ümumi vəsait hesabına inşa edilmiş fərdi yaşayış evinin tikintisinə xərclənmiş 52.301 manat vəsaitin ½ hissəsinin, yəni 26.150 manatın və iddia ərizəsi üçün ödənilmiş tərəfindən ödənilmiş dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Vəkil2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, cavabdeh evin tikilməsi üçün pul vəsaiti xərcləməyib, sözü gedən cavabdehin atası Gülhəsən Mayılov tərəfindən inşa edilib. O, həmçinin qeyd etmişdir ki, sözügedən torpaq sahəsi cavabdehə atası tərəfindən bağışlanılmış, lakin sonradan həmin bağışlama müqaviləsi ləğv olunmuşdur. Onu qeyd etdi ki, Cavabdeh heç bir işlə məşğul olmadığından, onun gəliri olmayıb. Göstərdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7 izahatında bildirmişdir ki, hazırda mübahisələndirilən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi onun tərəfindən oğluna bağışlanıb və üzərində inşa edilmiş fərdi yaşayış evini o, özü tikdirmişdir. Həmçinin bildirmişdir ki, mübahisəli ev oğluna bağışlanmış 0,0166 ha torpaq sahəsində tikilməyib, orda əvvəldən obyekt olub, icarəyə verilib. Ev ona məxsus olan 0.50 ha torpaq sahəsində inşa edilmişdir. Evi 2007-ci ildən özü üçün tikməyə başlamış, hələ də tikinti davam edir. Oğlunun heç bir qazancı olmayıb evin tikilməsi üçün. Göstədiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, X7 ilə qonşuluqda yaşayır. Mayıl atası Gülhəsən Mayılovla bir yerdə yaşayır. Tikintisi gedən ev Müşfiqdə yerləşir. O, sürücü işləyir. Torpaq sahəsinin neçə kvadrat metr olmasını dəqiq bilmir, lakin tikintisi gedən evə tikinti ləvazimatlarını Gülhəsən Mayılov ona həvalə etmişdir. Hər dəfə evə tikinti materialları aparanda, pulunu Gülhəsən Mayılov ödəyirdi. X15 inşa etdirib, hazır da, hələ evin tikintisi tamamlanmayıb. Mülki iş materiallarında olan: "xxxx" MMC-yə məxsus memarlıq planlaşdırmasından görünür ki, sifarişçi X4 Abşeron rayonu, 28 may qəsəbəsi ünvanında yerləşən Fərdi yaşayış evinin layihəsinə dair lisenziya verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi 0.0166 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2023-cü il tarixdən X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin vəkil sorğusuna xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Cavabdeh adına Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.50 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ləğv edilmiş DTXK-nin yaron və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqənin nəticələri barədə 4174 saylı xx.xx.2013-cü il tarixli protokoluna, torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilələrə, DTXK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli şəhadətnamələrə, habelə RX seriyalı 00198960, ******* saylı çıxarışlara, habelə 5822 və 5827 nömrəli, xx.xx.2013-cü il tarixli Forma 1 arayışlarına əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış ilə, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.0166 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə Abşeron rayon 2 saylı NKnın 4ə-0-657 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi və bölgü sxeminə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarış ilə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh adına ölkə ərazisi üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsi 0.50 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdən X3 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9228 saylı rəyindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.50 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikinti-təmirinə çəkilmiş xərclərin ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 52301 manat müəyyən edilmişdir. İşə əlavə edilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9228 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi **********03 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş (0.50 ha) torpaq sahəsi ilə üst-üstə düşür. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Maddə 225.3. Daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a.) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Maddə 225.4. Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: - 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); - 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Maddə 33.1. Ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Maddə 33.3. Ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Maddə 36.4. Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Maddə 36.9. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmənin mövqeyi: İlk olaraq qeyd edilməlidir ki, hazırki iş üzrə iddia tələbinin əsasını tərəflərin birgə nikah dövründə Cavabdeh bağışlama müqaviləsi əsasında keçmiş Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikintisi təşkil edir. İş materialları ilə müəyyən edilmişdir ki, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.50 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi ləğv edilmiş DTXK-nin yaron və ya şəhər torpaq hərrac və müsabiqə komissiyasının torpaq müsabiqənin nəticələri barədə 4174 saylı xx.xx.2013-cü il tarixli protokoluna, torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2014-cü il tarixli müqavilələrə, DTXK tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli şəhadətnamələrə, habelə RX seriyalı 00198960, ******* saylı çıxarışlara, habelə 5822 və 5827 nömrəli, xx.xx.2013-cü il tarixli Forma 1 arayışlarına əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarış ilə, Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən 0.0166 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə Abşeron rayon 2 saylı NK-nın 4ə-0-657 reyestr nömrəli xx.xx.2015-ci il tarixli bağışlama müqaviləsi və bölgü sxeminə əsasən ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh adına qeydiyyata alınmışdır. Həmçinin müəyyən edilmişdir ki, X2 rayonu, Hökməli qəsəbəsində yerləşən 0.0166 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsinə dair (Cavabdeh adına) bağışlama müqaviləsini ləğv etdirmiş və öz adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Abşeron rayonu, Hökməli qəsəbəsi 0.50 ha torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2024-cü il tarixdə çıxarış almışdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi hazırki iddia ərizəsində istinad olunan özbaşına tikilinin yerləşdiyi Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi iş üzrə Cavabdeh atası (3-cü şəxs) X3 mülkiyyətində olması işin mübahisəsiz halıdır. Qeyd edilməlidir ki, mövcud qanunvericilkdə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti hesab olunur. Qanun bu halda ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın ümumiliyi prezumsiyasını müəyyən edir. Bu o deməkdir ki: 1) birgə nikah dövründə əldə edilmiş əmlakın ümumi əmlak kateqoriyasına aid edilməsi üçün sübut təqdim etməyə ehtiyac yoxdur; 2) birgə nikah dövründə əldə edilmiş bütün əmlak qanunda həmin əmlakın ümumi əmlaka daxil olmasının göstərilibgöstərilməməsindən asılı olmayaraq ümumi əmlak sayılır; 3) hər hansı əmlakın ümumi əmlak siyahısından çıxarılması üçün həmin əmlakın ərin və arvadın əmlakı olması barədə qanunun birbaşa göstərişi olmalıdır (məhkəmə qərarı və s.). Ər-arvadın birgə mülkiyyəti-payı məlum olmayan mülkiyyətdir. Ər arvadın birgə mülkiyyətdəki payı həmin əmlakın bölünməsi yolu ilə müəyyən olunur və nəticədə, birgə mülkiyyət münasibətlərinə xitam verilir. Hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin olması zəruridir: a) əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır; b) əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. Ər-arvadın ümumi birgə mülkiyyət hüquq münasibətlərinin yaranması əsası qanunla müəyyən olunan qaydada bağlanan nikahdır. Azərbaycan Respublikasında ər-arvadın əmlakının qanuni rejimini tənzimləyən Mülki Məcəllənin 225-ci maddəsi və Ailə Məcəlləsinin 32-ci maddəsi ər-arvadın birgə nikah dövründə əldə edilmiş əmlakın onların ümumi birgə mülkiyyəti sayılması barədə qanuni prezumpsiya müəyyən edir. Normanın mənasına görə, hər hansı əmlakın nikah dövründə əvəzli əldə olunması sübuta yetirilirsə, həmin qanuni ehtimala əsasən əşya ər-arvadın ümumi gəlirləri hesabına əldə edilmiş əmlak hesab edilir. Bu halda pay tələb edən ər (arvad) əşyanı birgə təsərrüfat hesabına alındıqlarını sübuta yetirmək vəzifəsi daşımır. Belə sübut etmə yükü əksini iddia edən (etiraz edən) tərəfin üzərinə düşür. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli Qərarının: 3.11. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. 3.12. Konkret işin hallarından asılı olaraq mübahisəli əmlakın ərin və ya arvadın ayrıca əmlakı hesabına (onun satışından əldə olunan vəsaitlə, yaxud dəyişdirmə ilə) və ya sadalanan əvəzsiz əqdlər nəticəsində əldə edildiyi ər (arvad) tərəfindən sübuta yetirildiyi halda, birgə mülkiyyət prezumpsiyası aradan qalxır və sonuncunun əmlak üzərində fərdi mülkiyyət hüququnun tanınması üçün əsas yaranır. Yəni mövcud ayrıca əmlakın qarşılığında yeni əmlak əldə edildikdə özgəninkiləşdirilən əmlakın mülkiyyət rejimi (fərdi mülkiyyət) əldə edilən aktivə münasibətdə eyni şəkildə davam edir. 5.4.E.Salmanlının şikayəti üzrə 2023-cü il 28 dekabr tarixli Qərarında Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 225.2 və Ailə Məcəlləsinin 34.1-ci maddələri üzrə əvəzsiz əqd (bağışlama müqaviləsi) əsasında əldə olunmuş əşyanın ərin və ya arvadın ayrıca əmlakı hesab edilməsi üçün belə əqdin yazılı forması sübutetmə şərti kimi qəbul edilməlidir. Həmin qərarda ifadə edilmiş hüquqi mövqelərə əsasən, pul vəsaitinin bağışlanması ilə bağlı müqavilənin yazılı forması ilə bağlı qanunvericilikdə imperativ tələb olmasa da, nikah dövründə əldə edilmiş əmlakın məhz tərəflərdən birinə bağışlanmış pul vəsaiti hesabına əldə edilməsi əsası ilə ər-arvadın ümumi birgə deyil, ərin və ya arvadın şəxsi əmlakı kimi qiymətləndirilməsi və bununla da onların əmlakının qanuni rejimindən kənara çıxılması üçün, ilk növbədə, bağışlamanın ailəyə deyil, məhz tərəflərdən birinə edilməsini, habelə həmin vəsait hesabına mübahisəli əşyanın əldə edilməsini təsdiqləyəcək mötəbər, o cümlədən əyani sübutların (yazılı müqavilə və s.) mövcud olması zəruridir. 5.6.Əmlakın bağışlama nəticəsində və ya hədiyyə edilmiş vəsait hesabına əldə olunması barədə ərin (arvadın) dəlillərinə (sübutlarına) qiymət verərkən, əmlakı bağışladığı iddia edilən şəxslərin iradə ifadəsinin nədən ibarət olduğu (əmlakı məhz kimə bağışladığı – ər-arvaddan birinə, yaxud bütün ailəyə), ər-arvadın nikahda olduğu müddət və digər diqqətəlayiq hallar nəzərə alınmalıdır. Mübahisənin obyektiv həlli ilə bağlı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin hansı (0.50 və 0.0166 ha) torpaq sahəsində inşa edilməsi üçün mütəxəssis rəyinin alınması qərara alınmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi **********03 reyestr nömrəli çıxarışla X1 üzrə mülkiyyətinə verilmiş (0.50 ha) torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir. Göründüyü kimi hazırda iddiaçı, cavabdehə atası tərəfindən bağışlama müqaviləsi əsasında verilmiş 0.0166 ha torpaq sahəsində birgə nikah dövründə tərəflərin birgə vəsaiti hesabına fərdi yaşayış evini inşa etmələrini qeyd etsə də, məhkəmə araşdırması zamanı bu hal öz təsdiqini tapmamışdır. Yəni, müvafiq mütəxəssis rəyi ilə mübahisə predmeti olan evin tikintisi iddiaçının iddia etdiyi ərazıdə deyil, X1 üzrə mülkiyyətinə verilmiş 0.50 ha torpaq sahəsi ilə üst-üstə düşməsi müəyyən edilmişdir (iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 4 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əlavə edilmiş sxem). Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış tərəflərin birgə vəsaiti hesabına tikilməsini qeyd etsə də, bununla bağlı məhkəməyə heç bir rəsmi sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Nəzərə alınmalıdır ki, mülki prosesdə işin konkret hallarının müəyyən edilməsi üçün təqdim edilmiş sübutlar mümkün və aid olmaqla yanaşı, həm də mötəbər və yetərli olmalıdır. Sübutların yetərli olması dedikdə, işin sübutetmə predmetinə daxil olan hallarının mövcud olub-olmadığı barədə etibarlı qənaətə gəlməyə imkan verən sübutlar məcmusu başa düşülür. Sübutların iş üçün əhəmiyyətli halların müəyyən edilməsinə yetərli olubolmaması məsələsini isə məhkəmə öz daxili inamına əsasən həll edir. İşin məhkəmə araşdırılması ilə iddiaçının dəlillərinin əsaslı olması sübuta yetmədiyindən, eləcə də mübahisə predmeti olan fərdi yaşayış evinin birgə vəsait hesabına tikilməsi ilə bağlı əsaslı sübutlar mövcud olmadığından məhkəmə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilə bilməz. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı (X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilməklə) “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbycan Respublikası Mülki Prosessual Məcəllənin 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. İşə əlavə edilmiş 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/9228 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-tikinti texniki ekspertizası üzrə aparılmış tətqiqatın dəyəri 50 (əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, eləcə də ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X6, KOD210005; VÖEN**********; Müxbir hesab Az41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar