Məhkəmə qərarları › İş №e-2(001)-979/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-979/2023

16.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-979/2023 16.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlu, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "subroqasiya qaydasında pul" tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3427,01 manat sığorta ödənişinin məbləğinin və ödənilmiş 54,27 manat dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının, cəmi 3481,68 manat pul məbləğinin cavabdehdən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Neftçilər prospekti ünvanında "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi" ilə sığortalanmış və Cavabdeh Məmməd qızına məxsus olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "Bakı Sığorta” ASCdə (bundan sonra ASC) kasko sığorta növü üzrə sığortalanmış “Mazda CX-5" markalı, **- AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinmişdir və barəsində AR DİN BDYPİ tərəfindən xx.xx.2015-ci il tarixdə MYP 214978 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması üçün ASC tərəfindən 7872.88 (yeddi min səkkiz yüz yetmiş iki manat, səksən səkkiz qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş, xx.xx.2015-ci il tarixli, MİL-5735/15 saylı avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "Mazda CX-5” markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil ASC tərəfindən "əmlak sığortası" qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş AR DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixdə MYP 214978 saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, xx.xx.2015-ci il tarixdə, Bakı şəhəri, Neftçilər prospekti ünvanında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi” ilə sığortalanmış və Cavabdeh Məmməd qızına məxsus olan “KİA Sportage” markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdeh idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2015-ci il tarixli zərərin hesablanması aktına əsasən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) manat məbləğində müəyyən edilmişdir. xx.xx.2015-ci il tarixli sığorta aktına əsasən sığorta hadisəsi nəticəsində “Mazda CX-5" markalı, 99- AL-328 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə ödənilməli məbləğ 350 (üç yüz əlli) manat məbləğində azadolma məbləği çıxıldıqdan sonra 7872.88 (yeddi min səkkiz yüz yetmiş iki manat, səksən səkkiz qəpik) məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş 01 iyul 2015-ci il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) məbləğində zərər dəymiş və ASC tərəfindən 350 (üç yüz əlli) manat şərtsiz azadolma məbləği çıxılmaqla 7872.88 (yeddi min səkki yüz yetmiş iki manat, səksən səkkiz qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, BS-S-22/5489 saylı “Geriyə tələb (subroqasiya məktubundan görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş sığorta ödənişinin 5 gün müddətində geri ödənilməsi cavabdehdən tələb edilmişdir və cavabdeh həmin məktubu xx.xx.2022-ci il tarixdə təhvil almışdır. Sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) məbləğində zərər məbləğinin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manat məbləğində olan hissəsi mütənasiblik qaydasında cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməli olduğundan ASC həmin zərərin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manatdan artıq olan hissəsini, yəni 3427.01 (üç min dörd yüz iyirmi yeddi manat, sıfır bir qəpik) manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, xx.xx.2022-ci il tarixində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərmiş, bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin ona qarşı pul tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək, rədd edilməsini xahiş etmişdir. Cavabdeh etirazını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin iddia tələbinin rədd edilməsi üçün bir neçə əsas vardır. Bu əsaslardan biri də iddia müddətinin keçməsidir. Belə ki, iddia ərizəsində də qeyd olunmuşdur ki, yol nəqliyyat hadisəsi xx.xx.2015-ci il tarixində baş vermiş, sığorta ödənişi isə xx.xx.2015-ci il tarixdə "xxxx" markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə ödəniş edilmişdir. Qeyd edilməlidir ki, iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdən hesablanmağa başlanmışdır. Belə ki, iddianın hüquqi əsasını sığorta müqaviləsi təşkil edir. Çünki, iddiaçı "xxxx" ASC ondan məhz "xxxx" markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ilə bağladığı müqavilə əsasında pul tələb edir. Eyni zamanda "xxxx" ASC sığorta ödənişi edərkən MYP214978 nömrəli inzibati xəta haqqında protokol şikayəti əsasında məhkəmənin qərarı ilə ləğv edilmişdir. Yəni o, təqsirli şəxs hesab edilməmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında ondan pul tələb edilməsi özlüyündə qanunsuzdur. Əgər onunla "xxxx" ASC arasında hər-hansı öhdəlik (borc və s.) hüquq münasibətləri yaranmış olsaydı belə artıq həmin öhdəlik xitam olunmalı idi. Qeyd edilənlərdən müəyyən olunur ki, artıq 2020-ci ildə onun mövcud olmayan öhdəliyinə müddətin keçməsi ilə əlaqədar xitam verilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini, cavabdehin iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan MİL-5735/15 “Avtomobillərin tam sığortası üzrə sığorta şəhadətnaməsi” ilə müəyyən edilir ki, “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək 20.800 manat məbləğində sığortalanmış və hər bir hadisə üzrə azadolma məbləği 350 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2015-ci il tarixli, MYP214978 №-li inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh özünə məxsus olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən xx.xx.2015-ci il tarixdə Neftçilər prospektindən sağ zolaqdan sola Azadlıq prospekti istiqamətinə dönərkən özündən solda düzünə hərəkət edən “Mazda” markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobili buraxmayıb, onunla toqquşmuş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Bakı şəhəri X3 İdarəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 3648 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” Arayışdan görünür ki, Cavabdeh özünə məxsus olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində "xxxx" markalı **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Sığorta hadisələrinin tənzimlənməsi Depertamentinin zərərlərin qiymətləndirilməsi üzrə mütəxəssisi Sadıxov Ramil tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli qüsur aktından görünür ki, “Mazda CX-5" markalı, **- AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8222.88 (səkkiz min iki yüz iy irmi iki manat, səksən səkkiz qəpik) məbləğində zərər dəydiyi müəyyən edilmişdir. İş materiallarında olan AB № 632678 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh məxsusdur. İş materiallarında olan AC № 349815 saylı Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsusdur. İş materiallarında olan xx.xx.2015-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2015-ci il tarixində yol nəqliyyat hadisəsi törətmişdir. "xxxx" ASC tərəfindən həyata keçiriləcək sığorta ödənişi sənədlərinin imzalanması və nağd şəkildə alınması X1 həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli 626/15-CM376/15 saylı sığorta aktından və kassa məxaric orderindən görünür ki, xx.xx.2015-ci il tarixdə nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə zərər aktına uyğun olaraq “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 8222.88 manat zərər dəymiş, həmin məbləğdən 350 manat azad olma məbləği çıxılmaqla qalan 7872,88 manat "xxxx" MMC-nin etibarnaməsinə əsasən X1 ödənilmişdir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ həmin Məcəllənin 936.6 maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2 maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarının: -25.1-ci maddəsinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. -25.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir Beləliklə də, yuxarıda təsvir olunanlarla müəyyən edildi ki, Cavabdeh Məmməd qızı özünə məxsus olan “KİA Sportage" markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "Bakı Sığorta” ASC-də (bundan sonra ASC) kasko sığorta növü üzrə sığortalanmış “Mazda CX-5" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Sığorta hadisəsi nəticəsində "xxxx" markalı, **-AL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 8222.88 (səkkiz min iki yüz iyirmi iki manat, səksən səkkiz qəpik) məbləğində zərər məbləğinin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manat məbləğində olan hissəsi mütənsaiblik qaydasında cavabdehin məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" Sığorta Şirkəti tərəfindən ödənilməli olduğundan ASC həmin zərərin 4795.87 (dörd min yeddi yüz doxsan beş manat, səksən yeddi qəpik) manatdan artıq olan hissəsini, yəni 3427.01 (üç min dörd yüz iyirmi yeddi manat, bir qəpik) manat məbləğində pulu cavabdehdən tələb etmək hüququna malik olmuşdur. Eləcə də, cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC-nin ona qarşı pul tələbinə dair iddiasına iddia müddətini tətbiq edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə verilmiş ərizə əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən, ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Göründüyü kimi, sığortalı "xxxx" MMC və Cavabdeh arasındakı münasibətlər “zərərvurmadan (deliktdən) doğan öhdəlik münasibətlərin”dən meydana gəlmişdir. İddiaçı sığorta şirkəti sığortalı ilə öz arasında olan sığorta müqaviləsi üzrə sığorta ödənişini həyata keçirdiyindən MM-in 936.1-ci ("Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.") və 936.2-ci ("Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi iddiası ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.") maddələrinə əsasən onun subroqasiya hüququ yaranmışdır. MM-in 936.1-ci maddəsində subroqasiya hüququna verilmiş anlayışdan da göründüyü kimi, sığorta şirkəti sığortalı və cavabdeh arasında mövcud olmuş zərərvurmadan irəli gələn münasibətlərdə ödədiyi sığorta məbləği həcmində tələb hüququnu əldə etmişdir. Beləliklə, işin göstərilən halları onu təsbit edir ki, hazırkı iş üzrə iddiaçı və cavabdeh arasındakı münasibətlər sığorta müqaviləsindən deyil, zərər vurmadan doğan öhdəlik münasibətləridir. Bu növ öhdəliklərdən irəli gələn tələblərə isə ümumi iddia müddəti şamil edilir və MM-in 373.1-ci maddəsinə görə, ümumi iddia müddəti on il təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, hal-hazırkı subroqasiya qaydasında pul tələbinə dair iddiaya ümumi iddia müddəti şamil edilməli və ümumi iddia müddəti 10 il təşkil etdiyindən və xx.xx.2015-ci ildə baş vermiş sığorta hadisəsindən 10 illik müddət ötmədiyindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, cavabdeh etirazında MYP214978 nömrəli inzibati xəta haqqında protokolun onun şikayəti əsasında məhkəmənin qərarı ilə ləğv edildiyini və bununla da, onun təqsirli şəxs hesab edilmədiyini qeyd etsə də, cavabdeh bununla bağlı hər hansı sübutu etirazına əlavə etməmişdir. Mülki Prosesual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddia təmin edildiyindən, iddiaçı tərəfindən ödənilmiş 54,27 manat dövlət rüsumu və 0,4 manat məbləğində bank xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3427,01 (üç min dörd yüz iyirmi yeddi manat 01 qəpik) manat sığorta ödənişinin məbləği, 54,27 (əlli dörd manat 27 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,4 (40 qəpik) manat məbləğində bank xidmət haqqı olmaqla, cəmi 3481,68 (üç min dörd yüz səksən bir manat 68 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar