Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-980/2023 16.08.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi Qurbanlı Manaf Emil oğlunun katibliyi ilə İddiaçı Paşa Sığorta ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Paşa Sığorta ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılır ki, Cavabdeh tərəfindən idarə olunan ** BH *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsi ilə Paşa Sığorta ASC tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış ** PR *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsilə əlaqədar xx.xx.2021-ci il tarixli TP4422961 saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyi əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. Tayota Bakı Mərkəzi tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PR *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 10916,55 manat müəyyən edilmişdir. Paşa Sığorta ASC-nin xx.xx.2022-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 100 manat azadolma çıxılmaqla 10816,55 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmir edilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortası olan Azərsığorta Dövlət Sığorta şirkəti tərəfindən 4619,18 manat Paşa Sığorta ASC-nin hesabına ödənilmişdir. Ödənilmiş sığorta məbləğindən 4619,18 manat çıxılmış və 6197,37 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində Paşa Sığorta ASC-nin bank hesabına ödənilməsini cavabdehdən xahiş edilmiş cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışdır. Mülki hüquq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Ona görə də Paşa Sığorta ASC tərəfindən sığortalıya ödənilmiş qalıq məbləğ olan 6197,37 manatın və ödənilmiş məhkəmə xərçi olan 82,37 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması xahiş olunur. Məhkəmə iclasında iddiaçı Paşa Sığorta ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmunu ilə eyni məzmunlu izahat verib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi iddia ərizəsinə qarşı etirazından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı o, idarə etdiyi **-BH-*** qeydiyyat nişanlı Opel Vektra markalı avtonəqliyyat vasitəsinin qabaqdan sol buferi ilə **-PR-*** qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinin sağ arxa buferini, təkərini və arxa qapısını vurmuş, hadisə nəticəsində Toyota Corolla markalı avtomobilin sağ arxa buferi əzilmiş, sağ arxa qapısı cüzi əzilmiş, sağ arxa təkəri və amortizatoru deformasiyaya uğramışdır. Onun təxmini hesablamasına görə Toyota Corolla markalı avtonəqliyyat vasitəsinin təmirinə ümumilikdə 6000 manat xərc tələb olunurdu. Həmin məbləğin 4619,18 manatını onun icbari sığortası Azərsığorta Dövlət Şığorta şirkəti ödəmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi qüsur aktında sadalanan ehtiyat hissələri və qiymətlər yeni ehtiyat hissələrinin qiymətləridir və avtomobil təmir olunarkən onların əksəriyyəti dəyişilməmişdir. Qüsur aktında sadalanan ehtiyat hissələrinin dəyişdirilməsini sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Belə ki, qüsur aktında göstərilən 935 manat dəyərində olan travers yenisi ilə əvəz olunmamışdır. Çünki hadisə zamanı Toyota Corolla markalı avtomobilin traversinə heç bir zədə dəyməmiş və onun əyilməsi və ya sınması mümkün deyildir. Eləcə də digər ehtiyat hissələri də dəyişdirilməmişdir. Ona görə də hesab edir ki, iddiaçı qüsur aktında qeyd edilən ehtiyat hissələrinin təmir olunan avtomobilə həqiqətən də yığılması barədə həm video görüntünü, həm də qeyd olunan ehtiyat hissələrinin Toyota Bakı Mərkəzindən satın alınmasına dair rəsmi alqı-satqı sənədlərini və pul köçürməsi qəbzini məhkəməyə təqdim etməlidir. Həmçinin qüsur aktında qeyd olunan 935 manat dəyərində traversin guya sifariş əsasında xarici ölkədən gətirilməsi qeyd olunur. Həmin travers ehtiyat hissəsinin xarici ölkədən gətirilməsini təsdiq edən gömrük sənədi də məhkəməyə təqdim olunmalıdır. Bundan başqa qüsur aktına əlavədə usta xərci kimi 4065,55 manat göstərilmiş, bindan 674,5 manat armatur işi, 255 manatı digər xərclər kimi göstərilmişdir. Halbuki usta xərci həddindən çox şişirdilmişdir. Usta xərcinin həqiqətən Toyota Bakı Mərkəzinə ödənilməsini təsdiq edən müqavilə, ödəniş qəbzi məhkəməyə təqdim edilməlidir. Ona görə də iddia ərizəsinin təmin edilməməsi xahiş olunur. Məhkəmə iclsaında Cavabdeh iddia ərizəsini qəbul etməyib, etirazına uyğun izahat verib, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Maddə 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. Maddə 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli Q-20 saylı qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydalarına əsasən: Bənd 33.1. Sığorta ödənişinin məbləği sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalanmış avtomobilə dəyən real zərərin məbləğindən çox ola bilməz. Bənd 33.2. Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında aşağıdakı formalarda ödənilə bilər: 33.2.1. avtomobilə qismən zərər dəydikdə: 33.2.1.1. zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi; 33.2.1.2. zərərin aradan qaldırılması üçün sığortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi; 33.2.1.3. avtomobilin təmiri və ya bərpası; Bənd 33.2.2. avtomobilin tam məhv olması (avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75 %-ni və ya daha çox hissəsini təşkil etməsi), yaxud oğurlanması və ya qaçırılması halında: 33.2.2.1. sığorta məbləğindən çox olmamaq şərtilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərinin pul şəklində ödənilməsi. Bu zaman sığortaçının avtomobilin qalıqlarına münasibətdə öz seçimi əsasında aşağıdakı hüquqları var: 33.2.2.1.1. avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman sığortaçı ilə sığortalı arasında qalıqların dəyəri barədə razılıq əldə oluna bilmədikdə sığortaçı 15 iş günü ərzində qalıqların müəyyən etdiyi qiymətə satılmasını təmin edir və ya onları özü alır; 33.2.2.1.2. həmin qalıqların onun mülkiyyətinə verilməsini tələb etmək. 33.2.2.2. sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobillə əvəz edilməsi. Paşa Sığorta ASC-nin xx.xx.2021-ci il tarixli C-MİC-0595/21 saylı avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən müəyyən olunur ki, ** PR *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı nəqliyyat vasitəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər şərtsiz azadolma məbləği 100 manat, sığorta məbləği 38600 manat, sığorta haqqı 1067,26 manat olmaqla Paşa Sığorta ASC-də sığortalanmışdır. AB N 699112 saylı xx.xx.2012-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən müəyyən olunur ki, ** BA *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsi Cavabdeh mülkiyyətindədir. Bakı şəhəri DYPİ-nin xx.xx.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindan müəyyən olunur ki, Cavabdeh barəsində xx.xx.2021-ci il tarixli İXP4010617 saylı inzibati protokola baxılaraq Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə edilmişdir. Cavabdeh Bakı şəhəri BPİ-in DYPİ-nin rəisi R.Piriyevə xx.xx.2021-ci il tarixdə verdiyi izahatından müəyyən olunur ki, o, xx.xx.2021-ci il tarixdə idarə etdiyi özünə məxsus ** BA *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Kral şadlıq sarayının qarşısında hərəkətdə olan Şevralet Malibu markalı ** OK *** qeydiyyat nişanlı və Toyota Corolla markalı ** PR *** qeydiyyat nişanlı avtomobillər dayandığı, ara məsafəsi az olduğu, fikirli olduğu üçün avtomobilini tam saxlaya bilməyib avtomobillərin arxasına vuraraq dayanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh mülkiyyətində olan ** BA *** dövlət qeydiyyat nişanlı Opel Vectra markalı avtonəqliyyat vasitəsi ilə törətdiyi yol nəqliyyat hadisəsində Kapital Bank ASC-yə məxsus ** PR *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. xx.xx.2022-ci il tarixli sığorta aktından müəyyən olunur ki, Paşa Sığorta ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növündə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər sığortalanmış ** PR *** dövlət qeydiyyat nişanlı Toyota Corolla markalı nəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəyən ziyanın məbləği 10916,55 manat, sığorta ödənişi 10816,55 manat müəyyən edilmiş, 10916,55 manat zərər məbləği avtomobilin təmiri üçün Toyota Bakı Mərkəzi MMC-nin hesabına köçürülmüş, sığortalı tərəfindən 100 manat azadolma ödəniləcəkdir. xx.xx.2021-ci il tarixli elektron qaimədən müəyyən olunur ki, Paşa Sığorta ASC tərəfindən Toyota Bakı Mərkəzi MMC-yə 10767,80 manat ödənilmişdir. xx.xx.2021-ci il tarixli elektron qaimədən müəyyən olunur ki, Toyota Bakı Mərkəzi MMC-yə Paşa Sığorta ASC tərəfindən 148,75 manat ödənilmişdir. Paşa Sığorta ASC-nin təhvil-təslim aktından müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalan ** PR *** qeydiyyat nişanlı Toyota Corolla markalı avtonəqliyyat vasitəsi Paşa Sığorta ASC tərəfindən 10767,80 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmiş və əvəzində həmin şəxs öz növbəsində onu heç bir qüsur və çatışmamazlıqlar müəyyən olunmadan saz vəziyyətdə təhvil almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/2486 saylı rəyindən müəyyən olunur ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan Toyota Bakı Mərkəzi MMC-nin tərəfindən tərtib edilmiş xx.xx.2021ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı Toyota Corolla markalı 99- PR-479 qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərcihadisə baş verən tarixə təxminən 9125 manat təşkil edir. Rəydən daha sonra müəyyən olunur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edərkən təqsirli bilindiyi yol hərəkəti qaydalarını pozması nəticəsində iddiaçı tərəfindən sığortalanan nəqliyyat vasitəsinə ziyan vurmuş, iddiaçı vurulmuş ziyanla bağlı sığorta ödənişi ödəməklə subroqasiya hüququnu əldə etmişdir. Məhkəmə araşdırması zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdehin bağladığı icbari sığorta müqaviləsinə əsasən dəymiş ziyanla bağlı iddiaçıya 4619,18 manat ödənilmişdir. Məhkəmə araşdırması zamanı iş üzrə keçirilən ekspertiza tədqiqatı ilə 2021-ci il buraxılışlı Toyota Corolla markalı **-PR-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 9125 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, iddiaçı sığortalıya sığorta ödənişini həyata keçirməklə subroqasiya hüququnu əldə etdiyindən, sığorta hadisənin baş verməsində cavabdehin təqsiri sübuta yetdiyindən, məhkəmə araşdırması zamanı 2021-ci il buraxılışlı Toyota Corolla markalı 99- PR-479 qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 9125 manat təşkil etməsi müəyyən olunduğundan iddiaçının cavabdehdən 4405,82 (9125- 4619,18-100) manat tələbi əsaslıdır, ona görə də iddia ərizəsi bu hissədə təmin, qalan hissədə təmin edilməməlidir. Məhkəmə cavabdehin iddia ərizəsinə qarşı etirazına münasibət bildirib qeyd edir ki, etirazda istinad olunanlara dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, cavabdehin hadisə baş verəndən dərhal sonra vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ilə bağlı iddiaçı tərəfindən görülmüş bütün hərəkətlərin həyata keçirilməsində iştirak etmək hüququ olduğundan etirazda qeyd olunanlar əsassızdır, ona görə də məhkəmə tərfindən qəbul edilmir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 4405,82 manat, məhkəmə xərclərinə görə 82,37 manat olmaqla cəmi 4488,19 manat Paşa Sığorta ASC-nin xeyrinə tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səadət Səlimova
Məhkəmə qərarları › İş №e-2(001)-980/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-980/2023
16.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver