Məhkəmə qərarları › İş №e-2(001)-982/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-982/2023

16.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-982/2023 16.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyimiş ziyana görə 2465 manat pulun və ödənilmiş 45.05 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ford Fusion” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirməklə maddi ziyan vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı zərər dəymiş avtomobilə sığorta tərəfindən qüsur aktına əsasən 2465 manat ödəniş edilmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə iddiaçı tərəfindən ona qarşı subroqasiya hüququ yaranmışdır. Buna görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Rəhimov iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib, toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - pretenziya məktublarından görünür ki, iddiaçı tərəfindən cavabdehə subroqasiya hüququ ilə əlaqədar 2465 manat məbləğində vəsaitin 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nin bank hesabına ödənilməsi barədə məktub ünvanlamışdır. Məktubda həmçinin qeyd olunan müddət ərzində vəsaitin ödənilməməsi halında cavabdehlərə qarşı məhkəmə qaydasında subroqasiya tələbi irəli sürüləcəyi barədə məlumatlandırılmışdır. - İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 099648 saylı sığorta aktına və 8341 nömrəli xx.xx.2021-ci il tarixli ödəniş tapşırığına əsasən, “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat avtomobilə görə 2465 manat məbləğində sığorta X2 hesabına köçürülmüşdür. - İnzibati Tənbeh vermə haqqında TP ******* nömrəli qərara əsasən, “Ford Fusion” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 327.2 və 327.6-cı maddələri ilə 100 manat məbləğində cərimə edilmişdir. - Cavabdeh polis şöbəsində verdiyi izahatdan görünür ki, o, hadisəni törətdiyini etiraf edərək, hadisəni törətdikdən sonra özünü itirdiyindən hadisə yerindən uzaqlaşdığını bildirmişdir. “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci madəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi, Cavabdeh idarə etdiyi “Ford Fusion” markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin yolnəqliyyat hadisəsində müvafiq qərarla törətdiyi əmələ görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən, cavabdehlərdən subroqasiya qaydasında 2465 manat məbləğində vəsait tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2465 manat (iki min dörd yüz altmış beş) məbləğində vəsait və 45.05 (qırx beş manat sıfır beş qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar