Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-985/2023 04.04.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh subroqasiya qaydasında iddiaçı "xxxx" ASC-nin xeyrinə 2 012,00 manatın və ödənilmiş 40,12 manat dövlət rüsumunun, 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X2 məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 5593 saylı məhəllənin 60 saylı evin 6 saylı mənzili xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixində Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən mənzildən su axması nəticəsində X2 məxsus 6 saylı mənzilə zərər dəymişdir. Baş vermiş hadisə ilə əlaqədar 138 saylı MKİS tərəfindən 15 mart 2021-ci il tarixində akt tərtib olunmuşdur. Müstəqil Sığorta eksperti tərəfindən tərtib olunmuş qüsur aktına və əsasən Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən 5593 saylı məhəllənin 60 saylı evin 6 saylı mənzilin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 2262,00 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən ziyana görə əmlakın dəymiş ziyan üzrə müqavilə əsasında 250,00 manat azadolma çıxılmaqla 2 012,00 manat məbləğində sığorta ödənişinin zərərçəkənin şəxsi hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir Tərəflərin izahatları və iddiaya münasibəti:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, suyun axıdılması onun təqsiri ucbatından olmamışdır. Belə ki, evə gələn ustanın səriştəsizliyi nəticəsində həm onun evini, həm də alt qonşunun evini su basmışdır. Odur ki, ödənilməli olan pul vəsaiti onun evinə gələn ustadan və sahə rəisindən tutulmasını xahiş etmişdir.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Türkiyə Respublikasına istirahətə getmək istədiyindən, xx.xx.2022ci il tarizində evin istilik sistemini bağlamaq üçün sahə rəisinə zəng etmişdir. Sahə rəisi öz ustası ilə birlikdə gələrək evinin istilik sistemini bağlamaq əvəzinə açmışdır. xx.xx.2022-ci il tarixdə su verilən zaman özü evdə olmamışdır. Bu zaman su həm onun evini, həm də qonşunun evini basmışdır. Bundan sonra o, sahə rəisi Vəliəddin adlı şəxsə zəng edərək bildirmişdir ki, onun ustası istilik sistemini bağlamaq əvəzinə açıq qoyduğundan onun və aşağı mərtəbədəki qonşunun evini su basmışdır. Vəliəddin isə həmin ustanın yaddaşının zəif olması ucbatından bilməyərəkdən, istilik sistemini açıq qoyduğunu bildirmiş, həmçinin ustanın çox kasıb bir adam olduğunu demişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:
6. "xxxx" ASC tərəfindən tərtib edilən sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixində Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 5593, ev 60, mənzil 6 ünvanında subasma hadisəsi baş vermiş, hadisə nəticəsində sığortalı X1 daşınmaz əmlakın icbari sığortası növündə sığortalanan mənzilinə 2262 mant zərər dəymişdir. Dəymiş zərərə görə sığortalının hesabına 2012,00 manat sığort ödənişi köçürülmüşdür. Həmçinin mənzil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, 25000 manat məbləğində sığortalanmış və 250 manat azadolma məbləği hesablanmışdır.
7. 138 saylı Mənil İstismar sahəsinin rəisi M.Məmmədli, sahə nəzarətçiləri A.İbrahimov, M.Əlişov tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli aktdan görünür ki, ünvan 2 ünvanında yaşayan X1 mənzilinə baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, 19 noyabr 2020-ci ildə həmin binanın 4-cü mərtəbəsində yaşayan Cavabdeh məxsusu 10-cu mənzildə istilik sistemində baş vermiş nasazlıq nəticəsində sistemdə olan isti su axaraq, X1 mənzilinin 1 otağına xeyli ziyan dəymişdir. Belə ki, 20 kv.m otağın tavanı, divarları və parket döşəməsi su axıntısı nəticəsində islanmış tavanın suvağı çatlamış, qopub, divar kağızı islanaraq qopub, döşəmədə parket qabarmışdır.
8. "xxxx" ASC tərəfindən təqdim edilən, müstəqil ekspert Elşən Mehdiyev tərəfindən tərtib edilən xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 3 ünvanın yerləşən sığortalı X4 dəyən zərər 2262 manat müəyyən edilmişdir.
9. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 40,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatları və tədqiq edilmiş sübutlar əsasında müəyyən edilən işin faktiki halları:
10. xx.xx.2020-ci il tarixində Cavabdeh məxsus Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 5593, ev 60, mənzil 10 ünvanından alt mərtəbə qonşusu olan iddiaçı X4 məxsus Yasamal rayonu, Z.Xəlilov küçəsi, məhəllə 5593, ev 60, mənzil 6 ünvanına su sızdırılmışdır.
11. Hadisə nəticəsində sığortalı X3 daşınmaz əmlakın icbari sığortası növündə sığortalanan mənzilinə 2262 manat zərər dəymişdir. Dəymiş ziyandan 250 manat azadolma çıxıldıqdan sonra dəyən zərər məbləği 2012 manat hesablanmış və həmin məbləğ sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X4 ödənilmişdir.
12. Hazırda iddiaçı 2012 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında cavabdehdən tutulmasını xahiş edir.
13. Cavabdeh isə məhkəmə iclasında iştirak edərək, iddiaçının mənzilinə onun mənzilindən su axıdıldığını təsdiq etmiş, lakin özünü təqsirli bilməyərək, su sızmanın ustanın səriştəsizliyindən qaynaqlandığını bildirməklə, tələb edilən pulun əslində evinə çağırdığı sahə rəisindən və yanında gətirdiyi ustasından tutulmalı olduğunu bildirməklə iddia tələbini qəbul etmir.
14. İşin müəyyən edilmiş hallarından göründüyü kimi iddiaçı sığorta şirkəti zərər dəymiş mənzilin əmlakın icbarı sığortası üzrə sığortaçısıdır. Zərərin Cavabdehı qızının evindən axan su sızma nəticəsində vurulması və dəymiş zərərin məbləğinin 2262 manat hesablanması işin mübahisəsiz halıdır.
15. İşin cavabdeh tərəfindən mübahisələndirilən halı isə vurulmuş zərərin əvəzinin cavabdehdən yox, onun tapşırığını icra edən zaman səriştəsizliyə yol verən ustadan və tapşırığın icrası üçün tapşırıq verilmiş sahə rəisindən tutumalı olması ilə bağlıdır. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
17. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın;
18. 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur;
19. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir;
20. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər;
21. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);
22. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır;
23. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər;
24. 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
25. 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
26. 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2022-ci il tarixli qərarında göstərilir: İstər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3-cü, 1099.1-ci və 1099.2-ci maddələrində işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur.
28. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.
29. Qeyd edilməlidir ki, işçi ilə hüquqi şəxs (fiziki şəxs) arasında əmək müqaviləsi olmadan da faktiki əmək münasibətləri mövcud ola bilər. Onu da nəzərə almaq lazımdır ki, tərəflər arasında əmək münasibətləri işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı da yarana bilər. Həmçinin işçi tərəfindən əmək vəzifələrinin iş vaxtından sonra icra edilməsi halında dəymiş zərərə görə də hüquqi (fiziki) şəxs işəgötürən olaraq məsuliyyət daşıyır. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir.
30. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
31. Sadalanan normaların məzmunundan göründüyü kimi mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
32. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, ehtiyatsızlıq nəticəsində su axıdılaraq mülki hüquq pozuntusu törədilmişdir, bu pozuntu nəticəsində zərər vurulmuşdur və cavabdehin bu pozuntu nəticəsində təqsirsiz məsuliyyəti vardır.
33. Odur ki, sığortaçının iradəsindən asılı olaraq onun ödədiyi sığorta məbləği həddində məsul olan şəxsdən subroqasiya tələbi əsaslıdır.
34. Məhkəmə cavabdehin etirazının dəlillərinə münasibətdə isə qeyd etməyi zəruri hesab edir ki, onun tapşırığının icrası nəticəsində üçüncü şəxsə ziyan vurulması öz təsdiqini tapdığından və məsuliyyətini istisna edən hal olmadığından sığortaçının iradəsinə uyğun olaraq cavabdehə qarşı subroqasiya tələbi əsaslıdır.
35. Belə ki, cavabdeh tapşırığı ilə yerinə yetirilən işdən öz mənfəəti üçün yararlanan şəxs kimi tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməsinə tələb olunan diqqət və qayğının göstərmək vəzifəsi daşımışdır. Lakin lazımi diqqət göstərilməməsi nəticəsində yaranan nasazlıq nəticəsində üçüncü şəxsin mənzilinə ciddi şəkildə zərər vurulmasına səbəb olmuşdur.
36. Beləliklə məhkəmə hesab edir ki, tapşırığın icrası üçün göstəriş verəncavabdehin yuxarıda qeyd edilən vəzifəsinin lazımınca yerinə yetirilməməsi səbəbindən ustasının(tapşırıq münasibətində olduğu şəxsin) vurmuş olduğu zərərə görə özü məsuliyyət daşıyır. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 2012 manat məbləğində sığorta ödənişini cavabdehdən subroqasiya qaydasında tələb etməkdə haqlıdır.
37. Eyni zamanda cavabdehin nəzərinə çatdırılmalıdır ki, onun zərər vurulmasında təqsirkar olan şəxs və ya şəxslərdən ödədiyi zərər məbləğində geriyə tələb hüququ vardır.
38. Belə ki, Mülki Məcəllənin 1114.1-ci maddəsində qeyd edilmişdir ki, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Tətbiq edilən prosessual normalar:
39. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:
40. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə:
44. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2012 manat məbləğində pul vəsaiti və 40,12 manat məbləğində dövlət rüsumu və 0,40 manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi:
İddia təmin edilsin. Cavabdeh 2012 (iki min on iki) manat məbləğində pul vəsaiti və 40,12 (qırx manat, on iki qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən İlkin Əliyev