Məhkəmə qərarları › İş №e-2(001)-998/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(001)-998/2025

04.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(001)-998/2025 04.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X3 Hüseynağa qızının sədrliyi, Hümbətov Cavidan Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh nikahın pozulması, aliment tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay uşaq üçün cavabdehin hər ay qazancının 1/4 hissəsi miqdarında alimentin, habelə uşaq 3 yaşına çatanadək saxlanmasından ötrü cavabdehdən əlavə olaraq hər ay 50 manat sabit pul məbləğində alimentin, mediasiya xidmətinə görə ödənilmiş 60 manat xidmət haqqının və vəkil orderi üçün ödənilmiş 320 manatın cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2021-ci il tarixdə el adəti ilə toy edərək ailə həyatı qurmuş, rəsmi nikahları isə xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmışdır. Birgə yaşadıqları müddətdə xx.xx.2023-cü il tarixdə Zeyd adlı övladları olmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonradan xasiyyətlərinin uyğun gəlməməsi səbəbindən cavabdehlə ayrılmışlar. Hazırda oğlu ilə birlikdə anasının himayəsində yaşayır. Maddi vəziyyəti elə də yaxşı deyil, övladı körpə olduğu üçün işləyə də bilmir, bu səbəbdən də övladını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə bir valideyn olaraq öz borcunu yerinə yetirmir. Bankda işləməklə əmək haqqı və pensiya almasına baxmayaraq övladının saxlanılması üçün heç bir köməklik göstərmir, ona uşaq lazım olmadığını bildirir. xx.xx.2024-cü ildə aliment tələbi ilə bağlı cavabdehin ünvanına təklif göndərdi, cavabdeh müxtəlif bəhanələr gətirməklə onu aldadaraq, aliment verməkdən yayındı. Nəhayət məcbur qalıb mübahisənin məhkəmədən kənar həlli ilə bağlı mediasiya şurasına müraciət etdi, lakin bunun bir nəticəsi olmadı. Cavabdeh bu dəfə də mediasiya prossesinə gəlmədi. Bu səbəbdən də məhkəməyə müraciət edərək, övladının saxlanılması üçün cavabdehdən aliment tələb etmək məburiyyətindədir. Maddi imkanı olmadığı üçün vəkil xərcini ödəyə bilmirdi. Bu səbəbdən də bir az yubanmalı oldu. İddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyyat şöbəsində qeydə alınmış nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2021-ci il tarixdə faktiki ailə həyatı qurmuş və nikahları xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzinin qeydiyat şöbəsində qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2023-cü il təvəllüdlü Zeyd adlı övladları olmuşdur. Cavabdehlə xasiyyətləri tutmur, yola getmirlər və bu səbəbdən də ayrı yaşayırlar, birgə təsərrüfat idarə etmirlər və ər-arvad münasibətlərini kəsmişlər, aralarında qarşılıqlı hörmət, məhəbbət və sədaqət hissi qalmamışdır, ailə faktiki olaraq dağılmış və onun bərpası mümkün deyildir. Cavabdeh xx.xx.2024-cü il tarixində iddia ərizəsinə elektron sistem vasitəsilə etiraz edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi bütün hallarla razı deyil. O etiraz edərək bildirmişdir ki, 235 manat miqdarında alimentdən başqa heç bir ödəniş edə bilmir, çünki anası onun himayəsindədir, həmçinin 3-cü qrup əlildir. xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)- 1243/2025 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiası üzrə e-2(001)-1243/2024 saylı mülki iş İddiaçı Cavabdeh qarşı alimentin təyin edilməsi tələbinə dair iddiası üzrə e-2(001)-998/2024 saylı mülki işlə bir icraatda icraatda birləşdirilmiş və həmin işlərə bir icraatda e-2(001)-998/2024 nömrə ilə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi həm iddia ərizəsində göstərilənləri təsdiq, iddianı müdafiə etdiyini bildirib, təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Həmçinin tələbin “uşağın 3 yaşına çatana qədər anaya 50 manat məbləğində aimentin təyin edilməsi” hissəsində həllini məhkəmənin mülahizəsinə buraxdığını, cavabdehin əmək haqqısının ¼ hissədə alimentin müəyyən ediləcəyi təqdirdə bu məbləğin uşağın saxlanılmasına kifayət edəcəyini bildirdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, elektron sistem vasitəsilə ərizə yükləyərək işə onun iştirakı olmadan baxılıb nikahın ləğv edilməsini, uşağın ananın himayəsində saxlanılması və aliment kimi hər ay 235 manat məbləğinin tutulmasını xahiş etmiş, qalan hissədə iddiaçının tələbinin rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehin iştirakı olmadan işə baxılması mümkündür. Məhkəmə tərəfin nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb, təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdeh xx.xx.2022-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2023-cü il təvəllüdlü X2 adlı bir yetkinlik yaşına çatmayan övladları var. Binəqədi rayon Məhkəməsinin 2-4871/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. Binəqədi rayon Məhkəməsinin 2-4914/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsinin geri qaytarılmasına dair qərardaddan verilən şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsin göndərilmişdir. 18 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sesiyasında iştirakını təsdiq edən arayışa əsasən İddiaçı xx.xx.2024-cü ildə mediasiyaya müraciət etmiş və xx.xx.2024-cü il tarixdə mediasiya keçirilmiş, lakin cavabdehin mediasiyada iştirak etməməsi səbəbindən buna dair arayış tərtib edilmişdir. Mediasiya arayışında həmçinin tərəflərə təklifin xx.xx.2024-cü il tarixdə sifarişli poçtla göndərilməsi və onlara təqdim olunması göstərilmiş, həmçinin Cavabdeh mobil telefon vasitəsilə mediasiya sessiyası barədə məlumat verilməsi, sonuncunun hazırda Naxçıvan şəhərində olması, bu işlərlə əlaqədar vəkili ilə əlaqə saxlanılması, onu narahat etməməsi barədə bildirmişdir. AZEMİS elektron sistemdən müəyyən olunur ki, Cavabdeh Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətində mütəxəssis olaraq işləyir və aylıq əmək haqqısı 1380 manatdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi Azərbaycan Respublikasının Ailə qanunvericiliyinə əsasən nikah məhkəmə qaydasında pozularkən, məhkəmə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən etməlidir. Tələbin nikahın ləğvinə münasibətdə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ərarvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda ... nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Mülki işin araşdırılmış hallarından görünür ki, tərəflər hər ikisi nikahın ləğvində israrçıdırlar, ailə tamamilə dağılmış, bərpası mümkün deyil. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, bbu hissədə tələb təmin olunmaqla tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Yetkinlik yaşına çatmayanların hansı valideynin himayəsində qalmasına münasibətdə: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.1-ci maddəsinə görə, həmin Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda … məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. 21.2-ci maddəsinə əsasən, ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. 22.1-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmçinin, tərəflər nikah pozulduqdan sonra uşaqların hansı valideynin yanında qalmalarına dair mövqeləri üst-üstə düşdüyündən və hər hansı ziddiyyət olmadığından, məhkəmə uşağın yaşını, ana nəvazişinə ehtiyacını nəzərə alaraq hesab edir ki, nikah pozulduqdan sonra uşaq ananın, yəni iddiaçının yanında saxlanmalıdırlar. Aliment məbləğinə gəldikdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalıdır. 100.3-cü maddəsinə əsasən Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 21.5. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.2-ci bəndində görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “20” dekabr 2024-cü il tarixli qərarına əsasən 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər “Davud Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 oktyabr 2017-ci il tarixli Qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 25 iyul 2018-ci il tarixli qərarında aşağıdakıları göstərmişdir: “... Nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsasları Ailə Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 85.1-ci maddəsinə əsasən, aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; sağlamlıq imkanları məhdud ümumi uşağa və ya 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı İ qrup əlil olan ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). Ailə Məcəlləsinin 85.2-ci maddəsinə müvafiq olaraq, alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi, keçmiş ərin (arvadın) aliment almaq hüququnun əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Ailə Məcəlləsinin 85.1-ci maddəsində sadalanan əsasları birləşdirən amil keçmiş ərin (arvadın) müəyyən səbəblərə görə işləmək imkanının olmaması və ya məhdud olması və aliment ödəməsi tələb olunan keçmiş ərin (arvadın) bunun üçün zəruri vəsaitə malik olmasıdır. Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə gəldikdə isə qeyd olunmalıdır ki, Məcəllənin 85.1.2-85.1.4-cü maddələrində göstərilən əsaslardan fərqli olaraq, bu maddədə keçmiş ərin (arvadın) aliment almaq hüququnun yaranması onun maddi yardıma ehtiyacının olubolmamasından asılı deyildir. Bununla belə, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinin mənasına görə, bu maddə ilə müəyyən edilən alimentin ödənilməsi ümumi uşaqların 3 yaşına çatması ilə məhdudlaşır”. Beləliklə, məhkəmə tərəflərin maraqları arasında ədalətli tarazlığı gözləyərək və uşağın mənafeyini əsas götürərək belə qənaətə gəlir ki, qanunvericiliyin sadaladığımız normalarına əsasən, uşaqların saxlanılması və onların maddi tələbatlarının təmin edilməsi valideynlərin mübahisəsiz və şərtsiz vəzifəsidir. Valideynlər bu vəzifəni yerinə yetirmədikdə isə, qanunverici uşaqları saxlanılması üçün lazım olan vəsaiti, yəni alimenti məhkəmə qaydasında tutulmasını müəyyən etmişdir. Məhkəmə sabit pul məbləğində alimentin miqdarını müəyyənləşdirərkən tərəflərin maddi və ailə vəziyyətini nəzərə alır. Lakin bu məbləğ elə müəyyənləşdirilməlidir ki, uşaqların lazımi səviyyədə saxlanılmasını təmin etsin. Hazırkı yaşayış səviyyəsini, minimum əmək haqqının miqdarını, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını, həmçinin uşaqların mənafeyini və yuxarıda şərh olunan mənada qanunverici tərəfindən müəyyən olunmuş alimentin məqsədini nəzərə alaraq məhkəmə hesab edir ki, alimentin artırılması üçün qanuni əsasın olması barədə iddiaçının tələbi nəticə etibarı ilə qanuni və əsaslıdır. Bu, uşağın layiqli, firəvan yaşayış səviyyəsi, təlim-tərbiyəsi, təhsili, sosial müdafiəsi, sağlamlığının yüksək səviyyədə təşkilinin təmin edilməsi zərurəti baxılan iddia tələbinin qismən təmin edilməsini mümkün edir. Konstitusiya və beynəlxalq-hüquqi aktlar ilə dövlətin üzərinə uşaq hüquqlarının həyata keçirilməsinə nəzarət etmək kimi pozitiv öhdəliyin qoyulması uşaqlıq dövrünün şəxsiyyətin formalaşmasının mühüm mərhələsi olmasından, məhz bu ərəfədə insanın mənəviyyatının, dünya görüşünün inkişaf etməsi, psixi və fiziki sağlamlığının bünövrəsinin qoyulmasından irəli gəlir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Beləliklə qeyd olunanları nəzərə alıb məhkəmə hesab edir ki, iddiaçı uşağın saxlanılmasına görə aylıq stabil qazanca malik olan atadan hissəvi alimentin tutulması tələbində haqlıdır və bu hissədə də tələb təmin olunmaqla hər xx.xx.2023-cü il təvəllüdlü Sayılov Zeyd oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda (1/4) hissəsi miqdarında aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının uşağın 3 yaşına çatana qədər özünə 50 manat məbləğində alimentin təyin edilməsinə gəldikdə isə məhkəmə cavabdeh atanın maddi gəlirini, uşağa müəyyən edilən alimentin miqdarını nəzərə alaraq bu hissədə tələbi məqbul hesab etmir. Məhkəmə həmçinin alimentin tutulmasının əvvəli ilə bağlı iddiaçının tələbi ilə razılaşır və işin faktiki hallarını, o cümlədən oxşar mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1950/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq hesab edir ki, bu hissədə də tələb təmin olunmalıdır. Belə ki, tərəflər arasında keçirilmiş mediasiya prosesini əks etdirən arayışa əsasən mediator tərəflərə xx.xx.2024-cü il tarixdə bildiriş göndərmiş, cavabdeh məlumatlı olmuş, lakin bu məsələ ilə əlaqədar hazırda başqa şəhərdə olduğunu və onu narahat etməmələrini bildirmişdir. Həmçinin iddiaçının aliment tələbinə dair iddia ərizəsini geri qaytarılmasına dair məhkəmə qərardadlarından da müəyyən olunur ki, o xx.xx.2024-cü il tarixdən artıq məhkəməyə müraciət etmiş və alimenti qarşı tərəfdən tələb etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin tutulmasının əvvəli də məhz mediasiya prosesi barədə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilməsini iddiaçının qanunvericilikdə nəzərdə tutulmuş “aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər görməsi” kimi qiymətləndirmək mümkündür və bu əsasla da alimentin tutulmasının başlanğıcını bu tarixdən hesablamaq qanunamüvafiqdir. İddia tələbinin hüquqi yardıma görə ödənilmiş pulun və dövlət rüsumunun ödənilməsi ilə bağlı hissəsinə münasibətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan ödəniş qəbzindən və müqavilədən görünür ki, iddiaçı hüquqi yardıma görə İddiaçı 320 manat pul ödəmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia bu hissədə də qismən təmin olunmalı, iddiaçının hüquqi yardıma görə düşdüyü məsrəfin əvəzi olaraq 150 manat pul cavabdehdən onun xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, İddiaçı mediasiya xərci kimi ödənilmiş 60 manat pul və 100 manat Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları və işin halarını nəzərə alıb hesab edir ki, məhkəmə xərcləri həmin hissədə tərəflərin özlərinə aid edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə Məmmədova (Sayılova) Telli İlqar qızı arasında 12 mart 2022-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət mərkəzi qeydiyyat şöbəsində bağlanmış, akt qeydləri kitabında 915 nömrəsi ilə qeyd edilmiş nikah pozulsun. xx.xx.2023-cü il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılsın və uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli 02 iyul 2024-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Vəkilin göstərmiş olduğu hüquqi yardım üçün 150 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcələri mediasiya və dövlət rüsumu hissəsində tərəflərin özlərinə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar