Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1134/2025 08.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 150 manat sabit pul məbləğində alimentin və ödənilmiş 60 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2021-ci tarixdə nikaha daxil olmuş və birgə nikahlarından 08 noyabr 2023-cü il tarixdə övladları X2 dünyaya gəlmişdir. Övladı dünyaya gəldikdən sonra ailə münasibətləri pisləşmiş və birlikdə təsərrüfat aparmaq qeyri-mümkün hala gəlmişdir. Cavabdeh mediasiya təklifi göndərməklə boşanmaq istəyini bildirmişdir. Aralarında bağlanan barışıq sazişi ilə X1 yetkinlik yaşına çatanadək onun himayəmə verilməsi və övladının saxlanması üçün 250 manat sabit pul məbləğinin ona ödənilməsi barədə razılığa gəlinmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin nikahın pozulması barədə xx.xx.2024-cü il tarixli 2(002)- 3180/2024 nömrəli qətnaməsi ilə barışıq sazişi nikahın pozulması hissəsində təsdiq edilmiş və cavabdeh ilə aralarında xx.xx.2021-ci il tarixdə 4 saylı Bakı «ASAN xidmət» Mərkəzi Qeydiyyat şöbəsində 13 nömrəli akt qeydi ilə bağlanmış nikah qeydi pozulmuşdur. Himayəsində azyaşlı uşaq olduğundan və ona baxacaq kimsəsi olmadığından işləyə bilmir. Uşaq körpə olduğuna görə davamlı olaraq müayinə və müalicəsi üçün xərclər çəkir. Həmçinin özü də uşağı dünyaya gətirdikdən sonra səhhəti ilə bağlı müalicələr almağa məcbur olur. Cavabdehin uşaq üçün ödədiyi aliment məbləği isə nəinki onun dərmanlarını almağa kömək edir, heç gündəlik yemək və geyim xərclərini qarşılamağa yetmir. Halhazırda işsizdir, ağır maddi şəraitdə övladı və anası ilə birgə yaşayır. Xəstə və yaşlı anasından başqa heç kimi, heç bir gəliri yoxdur. Anası ağır ürək çatışmazlığından əziyyət çəkir və onun müalicəsi üçün heç bir yardım göstərə bilmir. Cavabdehin uşağın saxlanması üçün ödədiyi aliment məbləği ilə övladının xərclərini qarşılamaqda çətinlik çəkir. Özü üçün aliment tələbi ilə Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət edərək Cavabdeh mediasiya sessiyasında iştiraka dəvət etsə də, cavabdeh razılığa gəlməmişdir. Cavabdeh isə dəstək olmaq yerinə onu daha ağır vəziyyətdə qoymaq istəyir. Belə ki, faktiki ailə münasibətləri kəskin pisləşdiyi dövrdə nikah pozulduqdan sonra onun özü üçün tələb edəcəyi alimenti tələb etməməsini bildirmiş, əks təqdirdə nikahda olduqları müddət ərzində 07 mart 2024-cü il tarixdə "xxxx" QSC-dən ondan xəbərsiz öz şəxsi istifadəsi məqsədilə götürdüyü kredit məbləğinin aralarında bölünməsinə dair məhkəməyə müraciət edəcəyini bildirmişdir. Mediasiya və məhkəmə proseslərində bununla bağlı şifahi razılıq əldə etsələr də, cavabdeh sözünü tutmayaraq məhkəməyə müraciət etmişdir. Belə ki, kredit müqaviləsində kreditin təyinatı olaraq Cavabdeh yeni övladının dünyaya gəlməsi göstərilsə də, o, Qaradağ rayon Məhkəməsinə ünvanladığı müqavilənin dəyişdirilməsi tələbinə dair iddia ərizəsində həmin məbləği onun müalicəsi məqsədilə aldığını qeyd edib. Qeyd edilənlər tamamilə əsassız olmaqla həqiqəti əks etdirmir. Sözügedən iddia ərizəsinə dair etirazını məhkəməyə ünvanlamışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərərək qeyd etmişdir ki, iddiaçının bu işlə bağlı ilkin olaraq ona təklif göndərməsindən xəbərsiz olmuşdur, bundan əlavə mediasiya prosesində onun iştirakı təmin edilməmişdir. Baxmayaraq ki, onun yaşadığı ünvanı da bəllidir, mobil nömrələri də aktivdir. Bu iddiadan elektron məhkəmə sisteminə daxil olarkən xəbəri olmuşdur. İddiaçı ilə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmış, həmin barışıq sazişinin şərtlərinə əsasən hər ay uşağın saxlanılması üçün iddiaçıya 250 manat pul məbləğində aliment ödəyir. Bundan əlavə aralarında bağlanmış barışıq sazişinə əsasən hər həftənin şənbə və bazar günləri 14:00-dan 17:00-a dək uşaqla ünsiyyətdə olmaq hüququ vardır. Cavabdeh iddia ərizəsində qeyd edir ki, onun ödədiyi aliment müalicə və dərman xərclərinə yetmir. Məhkəmənin nəzərinə çatdırır ki, o, hər dəfə uşaqla ünsiyyətdə olduqda ödədiyi aliment miqdarından əlavə uşağın digər xərclərinin ödənilməsində də iştirak edir. İddiaçı birgə nikah dövründə əldə olunmuş kreditin guya ki, onun öz şəxsi ehtiyacları üçün götürdüyünü qeyd edir. Lakin, kredit müqaviləsində kreditin təyinatının müştərinin yeni övladının dünyaya gəlməsi ilə bağlı olduğu bildirilir. Bununla bağlı sənədi də etiraz sənədinə əlavə edir. Kredit müqaviləsindən göründüyü kimi hər ay o, 490 manat kredit ödəyir. Bundan əlavə 250 manat aliment ödənişi edir. Özü hal-hazırda evi olmadığı üçün kirayədə yaşayır, aylıq kirayə haqqı kommunal ödənişlərlə bilrikdə 250 manat təşkil edir. İş yerindən aldığı əmək haqqı 1.100 manat təşkil edir. Qeyd etdiklərindən də göründüyü kimi aylıq onun xərcləri 990 manat təşkil edir. Ona qalan 110 manatla isə aydın məsələdir ki, bu günkü gün üçün yetərli deyildir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və iddia tələbi təmin edilməməlidir. Odur ki, İddiaçı aliment tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən etirazı nəzərə alaraq mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(002)-3180/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 06 yanvar 2021-ci il tarixdə 4 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 13 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Qaradağ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 fevral 2025-ci il tarixli AZ-İ seriyalı 500870 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2(002)-3180/2024 saylı qətnaməsi icra edilmiş, nikaha 29 dekabr 2024-cü il tarixdə xitam verilmiş, bu barədə müvafiq akt qeydləri kitabında 07 yanvar 2025-ci il tarixdə 3 saylı akt qeydi aparılmışdır. Nikah pozulandan sonra qadına Zamanova soyadı verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktından və 23 noyabr 2023-cü il tarixdə verilmiş AZ-İV seriyalı 948861 saylı doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş 08 noyabr 2023-cü il təvəllüdlü X2 adlı bir övladları var. Yuxarıda qeyd edilən qətnamədən, eləcə də, tərəflər arasında mediatorun iştirakı ilə bağlanmış barışıq sazişindən görünür ki, hazırki iş üzrə cavabdeh iddiaçıya uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində aliment ödəmək öhdəliyini üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh rəsmi şəkildə əmək fəaliyyəti göstərməklə 1292 manat əmək haqqı alır. Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞB/16/2024-01615 saylı mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:30-13:00-a təyin edilmiş mediasiya sessiyasına gəlmiş, Cavabdeh isə mediasiya sessiyasına gəlməmişdir. İddiaçı tərəfindən 50 manat İMS xərci və 10 manat poçt xərci ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsassən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. İddiaçının bildirdiyinə görə, o, övladı körpə olduğuna və sağlamlıq durumu ilə bağlı qayğılarına görə əmək fəaliyyəti ilə məşğul ola bilmir. Bu səbəbdən, cavabdehdən özü üçün hər ay 150 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. Cavabdeh əmək haqqı almaqla, ödəniş qabiliyyətlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 08 noyabr 2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulmalıdır. Aliment tələbi ilə bağlı Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olamsına dair mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 08 noyabr 2023-cü il təvəllüdlü X1 3 yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 100 manat sabit pul məbləğində aliment tutulsun. Aliment tələbi ilə bağlı Cavabdeh 32 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Ödənilmiş 50 manat mediasiya xərci və 10 manat poçt xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1134/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1134/2025
08.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver