Məhkəmə qərarları › İş №e-2(002)-1201/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1201/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1201/2024 30.05.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Razil qızının, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «qeyd edilən dövr üzrə aliment borcunun ödənilməsindən azad edilməsi və aliment borcunun silinməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «qeyd edilən dövr üzrə aliment borcunun ödənilməsindən azad edilməsi və aliment borcunun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsi məbləğində tutulması müəyyən olunan alimentin ödənilməsindən 2019-cu ilin may ayından birgə yaşadıqları 2023-cü ilin yanvar ayı da daxil olmaqla olan müddətdə tamamilə azad edilərək həmin dövrlərə görə halhazıradək əmək haqqına yönələn aliment borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan iki övladları vardır. Bunlar xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X4r. Cavabdehlə ailə quran tarixdən 2023-cü il yanvar ayının ortalarınadək ailəsi ilə, övladlarıyla birgə yaşamış, birgə təsərrüfat aparmışlar. 2023-cü ilin əvvəllərində cavabdeh uşaqları da götürüb yaşadıqları evi tərk etmişdir. 2023-cü ilin mart ayının sonunda cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış nikahın pozulması, uşaqların ananın himayəsində saxlanması, məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq uşaqları yetkinlik yaşına çatanadək əmək haqqı və əlavə gəlirlərdən 1/3 hissədə aliment tutulması tələblərinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-16(002)24/2023 saylı qərardadı ilə alimentin müvəqqəti tutulmasına dair ərizə qismən təmin edilmiş və iş üzrə yekun məhkəmə aktı çıxarılanadək ondan övladlarının saxlanması üçün hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində müvəqqəti alimentin tutularaq Cavabdeh ödənilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərardadı Xəzər Rayon İcra Şöbəsinə daxil olduqdan və araşdırıldıqdan sonra Cavabdeh özünə də məlum olmuşdur ki, cavabdehin ona qarşı əvvəllər də aliment tələbi ilə bağlı iddiası olmuşdur və bu barədə məhkəmə qətnaməsi vardır. Bundan sonra Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli qərardadı ilə qeyd olunan müvəqqəti təminat tədbiri barədə qərardad ləğv olunmuşdur. O, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində üzə çıxan bu hallardan sarsıntı keçirmişdir. Belə ki, bu illər ərzində onlar çox mehriban ailə olaraq bir yerdə yaşamışlar, ailənin, uşaqların bütün maddi ehtiyaclarının ödənilməsi, ailəsinin saxlanması ailə başçısı olaraq bütünlüklə onun üzərində olmuşdur. Övladları, ailəsi üçün mümkün qədər qayğısız, firavan həyat yaratmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsini xx.xx.2023-cü il tarixdə rəsmi qaydada aldıqdan sonra ona məlum olmuşdur ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi ilə Cavabdeh ona qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2012-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X2 üçün ondan əmək haqqının (əlavə gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia təmin edilərək xx.xx.2019-cu il tarixdən ondan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsində aliment tutularaq Cavabdeh ödənilməsi, ondan 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Qeyd olunan qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-6698/2023 saylı qətnaməsi ilə təmin edilməmişdir. Apellyasiya mərhələsində hər iki tərəfin izahatları dinlənilmiş və işi araşdıran apellyasiya məhkəməsi öz qətnaməsində aşağıdakıları bildirmişdir : - «23. İşin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2019-cu il tarixdə aliment tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmə də uşaqların mənafeyini əsas götürərək uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulması barədə qətnamə qəbul etmişdir. Qətnamə icra edilməsi üçün müvafiq icra şöbəsinə göndərilsə də, iddiaçı Cavabdeh icra şöbəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək barışdıqlarının nəzərə alınmasını və məcburi icra tədbirini tətbiq etməməyi xahiş etmişdir. - 24. Apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən xx.xx.2023-cü il tarixdə iddiaçının ərizə ilə müraciət edərək qətnamənin icra edilməsini xahiş etməsi müəyyən olunur. -25. Məhkəmə kollegiyası qeyd edir ki, 2023-cü ilin aprel ayınadək alimentin tutulmaması barədə iddiaçı tərəfindən icra şöbəsinə ərizə verilmişdir. Lakin cavabdeh bildirir ki, ona həmin dövr üçün aliment borcu hesablanmışdır. - 26. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ərizəsində qeyd etdiyi kimi barışıb bir ailə olaraq yaşadıqları dövr üçün əgər aliment borcu hesablanmışdırsa, cavabdeh İddiaçı aliment borcunun silinməsini tələb edə bilər». Bildirir ki, cavabdeh ilə nikahları bağlandığı tarixdən 2023-cü ilin əvvəllərində cavabdeh uşaqları da götürüb yaşadıqları evi tərk edənədək bir ailə, bir ocaq olmuşlar. Ailənin bütün ehtiyaclarının qarşılanması onun tərəfindən həyata keçirilmişdir. Çalışmışdır ki, övladları ehtiyacın nə olduğunu bilməsinlər, aldığı əmək haqqını son qəpiyinə qədər ailəsinə, uşaqlarına xərcləmişdir. Ailəcanlı olduğu bütün yaxın dost-tanışlarına da yaxşı məlumdur. Dəfələrlə iş yoldaşları, dostları öz ailələri ilə birgə onların evində tədbirlərdə olmuşlar. Bu illər ərzində, o cümlədən 2019-2022-ci illərdə evə aldıqları məişət əşyalarının alınmasına dair çoxsaylı sənədlərdən də görünür ki, əşyaların çatdırılması ünvanı yaşadıqları Buzovna, Şağan qəsəbəsi, Təzə sahə, Nüsrət Məmmədov (bəzi sənədlərdə ünvan 1 ünvanı, əlaqə nömrələri olaraq cavabdeh birgə yaşadıqları evin ev telefon nömrəsini **********, öz nömrəsi ilə yanaşı onun istifadəsində olan ********** mobil nömrəsi göstərilmişdir. Hal-hazırda da cavabdehin hansı səbəbdən 2019-cu ildə aliment tutulmasına dair belə bir iddia qaldırması, sonra ərizə yazıb, iş yerinə heç bir sənəd göndərilməməsini xahiş etməsi, bu illər ərzində bir dəfə də olsun bu barədə bəhs etməməsi, bunu gizlətməsi ümumiyyətlə ona aydın deyil. Əlavə olaraq bildirir ki, qeydiyyatı formal olaraq ata evi olan ünvan 2 ünvanı olsa da, o, 25 ilə yaxındır ki, Şağan qəsəbəsi, Təzə sahə, Nüsrət Məmmədov, ev 100 (bəzi sənədlərdə ünvan 3 ünvanında yaşayır. Bu illər ərzində cavabdeh və övladları ilə bərabər həmin ünvanda yaşamışlar. Uşaqlar həmin evdən bağçaya, məktəbə getmişlər. Cavabdeh cehiz əmlakları və digər əşyalar 2023-cü ildə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia qaldırandan sonra Cavabdeh öz yaxın qohumları (qardaşı və başqaları) tərəfindən bu evdən aparılmışdır. Övladlarını da oxuduqları 183 saylı məktəbdən çıxarıb başqa məktəbə, 310 saylı məktəbə yazdırmışdır. Lakin sonradan böyük övladı məktəbdən çıxaraq birbaşa könüllü onun yanına, öz evlərinə gəlmişdir. Bu dövr ərzində dəfələrlə toy, şənliklər, ad günləri, gəzintilər və s. tədbirlərdə birlikdə iştirak etmişlər. Bundan başqa, Xəzər Rayon İcra və Probasiya şöbəsindən təqdim olunan cavabdehin xx.xx.2019-cu il tarixli ərizəsindən də məlum olur ki, nə cavabdehin, nə də övladlarının maddi yardıma, alimentə ehtiyacı olmayıb. Bildirir ki, xx.xx.2023-cü il tarixədək aliment tutulmasına görə onun iş yerinə icra və probasiya şöbəsindən heç bir sənəd daxil olmamışdır (yalnız xx.xx.2023-cü il tarixdə belə bir məktub daxil olmuşdur), onun əmək haqqından və ya ona hesablanan əlavələrdən ümumiyyətlə heç bir halda alimentə görə tutulmalar olmamışdır. Xəzər Rayon İcra və Probasiya Şöbəsi tərəfindən işlədiyi idarəyə ilk dəfə 108/2 21F saylı, xx.xx.2023-cü il tarixlİ icra tədbirlərinin görülməsi barədə məktub ünvanlanmışdır (işlədiyi təşkilata xx.xx.2023-cü il tarixdə daxil olmuşdur) ki, bu da yalnız xx.xx.2023-cü ildə cavabdehin icra şöbəsinə ərizəsindən sonrakı aylarda baş vermişdir. Həmin tarixədək isə cavabdehin özünün xx.xx.2019-cu il tarixli ərizəsinə əsasən heç bir icra tədbiri aparılmamışdır. Qeyd olunan məktubda məhkəmə qərarı üzrə bu günə olan aliment borcunun 36 ay təşkil etdiyi, onun hər ay əmək haqqının 1/3 hissəsi məbləğində borc qurtarana qədər 70 %-i miqdarında aliment ödənilməsi bildirilmişdir. Göründüyü kimi, işin faktiki halları, təqdim etdiyi sübutlardan aydın olur ki, onlar həm əvvəllər, həm də cavabdehin ondan aliment tələb etdiyi dövr - 2019-cu ildən 2023-cü ilin əvvəllərinədək bir yerdə yaşamaqla bir ailə olmuşlar, birgə təsərrüfat aparmışlar, ailənin, övladlarının bütün xərcləri, zəruri ehtiyacları onun özü tərəfindən ödənilmişdir. Hətta 2023-cü ilin yanvar ayında evi tərk etdikdən sonra belə cavabdeh alimentin alınması üçün heç bir tədbir görməmişdir. Çünki cavabdehin, övladlarının bu illər ərzində o alimentə ehtiyacı olmamışdır və hətta cavabdeh belə bir qətnamənin mövcudluğunu belə unutmuşdur. Yalnız Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qeyd olunan qərardadı icraya yönəldikdən və icra şöbəsində məlumat üzə çıxdıqdan sonra cavabdeh xatırlamışdır ki, 2019-cu ildə belə bir qətnamə olmuşdur. Hətta cavabdehin məqsədi həqiqətən də ondan aliment tutulması olmuş olsaydı belə, bu illər ərzində (2019-cu ildən 2023-cü ilin aprel ayınadək) bircə dəfə də olsun icra şöbəsinə alimentin hansı səbəbdən ödənilməməsi, icra tədbirlərinin görülməməsi, uşaqların ehtiyac içində olması və s. bağlı müraciət etmiş olardı. Bu isə onu deməyə əsas verir ki, 2019-cu ildə icra şöbəsinə ərizə ilə müraciət edərək heç bir icra tədbiri görülməməsini, iş yerinə heç bir sənəd göndərilməməsini xahiş edən, qətnamənin mövcudluğunu belə unudan və yalnız Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin alimentin müvəqqəti tutulmasına dair xx.xx.2023-cü il tarixli qərardadının icrasına başlandıqdan sonra 2019-cu ilin qətnaməsini xatırlayan cavabdehin həmin qətnamənin icrasına heç bir ehtiyacı və marağı olmamışdır. Əgər həqiqətən də ailəsi, övladları ehtiyac içərisində yaşasaydılar, o, ailəsinə baxmasaydı cavabdeh alimenti tələb etmək üçün 4 il (2019-cu ilin mayından xx.xx.2023-cü ilədək) niyə gözləyirdi? Çünki bu illər ərzində (2023-cü ilin yanvar ayı ortalarınadək) birgə yaşayıb, birgə təsərrüfat apardıqlarından, ailə dəyərlərinə önəm verdiklərindən cavabdehin o alimenti almağa nə maddi ehtiyacı, nə də marağı olmamışdır. Bundan başqa, cavabdeh 2019-cu ildə, eləcə də həmin tarixdən keçən illər ərzində heç bir vaxt nikahın pozulmasını arzulamamış, bu barədə iddia irəli sürməmişdir. Onlar ailə qurduqları tarixdən 2023-cü ilin yanvar ayı daxil olmaqla rəsmi və faktiki bir ailə olaraq yaşamış, birgə təsərrüfat aparmışlar. Yalnız 2023-cü ilin mart ayında cavabdeh məhkəməyə nikahın pozulması, aliment tutulması və s. tələblərlə müraciət etmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-1301/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahlarının pozulması, övladlarından X5 onunla qalması, digər övladlarının isə cavabdehlə qalması qət edilmişdir. Ailə Məcəlləsinin 75.4-cü maddəsinin mahiyyətinə görə uşaqlar üçün tutulan alimentin məqsədi uşağın mənafeyinə xidmət etməklə, onun zəruri ehtiyaclarının ödənilməsinə yönəlmişdir. Hazırkı işə münasibətdə 2019-cu ildən əvvəl də, 2019-cu ildən 2023-cü ilədək (yanvar ayı ortalarınadək) ailəsi ilə bir yerdə yaşamışlarsa, ailəsinin, övladlarının bütün maddi ehtiyaclarını özü ödəmişdirsə, ondan yenidən aliment tutulması qanuna ziddir. Üstəlik, nəzərə alınsa ki, məhz 5 il keçəndən, xx.xx.2023-cü il tarixdə cavabdeh icra şöbəsinə ərizə yazıb aliment tələb etdikdən sonra 2023-cü il avqust ayından başlayaraq əmək haqqının 70% miqdarında aliment tutulmağa başlamışdır. İcraçının hərəkətlərindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilmiş, icraçının hərəkətləri qanunsuz hesab edilsə də, lakin sonradan hal-hazıradək 50% tutulmalar davam edir. Bütün bunlar isə onun ağır maddi vəziyyətə düşməsinə gətirib çıxarmaqla, cavabdehin əsassız varlanmasına səbəb olur. Eyni zamanda nəzərə alınmalıdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(002)-1301/2023 saylı qətnaməsi ilə övladlarından X5 onunla qalması qət edilmişdir. Bu illər ərzində (2023-cü ilin yanvar ayının ortalarınadək) cavabdehlə birgə yaşadıqları Bakı Apellyasiya Məhkəməsində cavabdehin öz izahatları ilə bir daha təsdiq olunmuşdur. Cavabdeh izahatında bildirmişdir ki, birgə yaşadığı dövrdə aldığı əmlaklar onun adına olub, onları hazırda təkbaşına ödəməli deyil. Cavabdehin də qeyd etdiyi kimi «birgə yaşayış dövründə alınmış əmlaklar»ın tarixinə nəzərə yetirmək kifayətdir ki, bu əmlakların bəzilərinin 2019-2022-ci illər ərzində alınması məlum olsun. Həmin əşyaların alınmasına dair sənədləri, zəmanət talonları, quraşdırma və sair sənədləri məhkəməyə təqdim etmişdir. Göründüyü kimi cavabdehin özü də bildirir ki, bu illər ərzində birgə yaşayıb, birgə təsərrüfat aparmışlar. Bütün bu qeyd olunanlar və əlavə edilmiş sübutlar onu təsdiq edir və əsas verir ki, 2019-cu ilin may ayından 2023-cü ilin yanvar ayının ortalarınadək ondan aliment tutulması qanuni sayıla bilməz. Həmçinin bildirir ki, xx.xx.2023-cü il tarixdə cavabdehlə aralarında bir sıra məsələlərə dair razılıq əldə edilərək notarial qaydada təsdiqlənməklə saziş bağlanmışdır. Həmin Sazişin 2.6-cı bəndinə görə Cavabdeh hər iki övladı xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək aliment tələbindən imtina edir. Hesab edir ki, qeyd olunan sazişin tələblərinə müvafiq olaraq da ondan heç bir aliment tələb olunmamalıdır. Lakin təəssüf ki, heç bir hüquqi əsas olmadan bu günədək ondan əmək haqqının 50 % miqdarında aliment tutulur. Bu onun bir vətəndaş, bir ata olaraq hüquqlarının ədalətsiz şəkildə pozulması, digər tərəfin isə cavabdehin heç bir qanuni əsas olmadan varlanması deməkdir. MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bildirir ki, ilkin mediasiya prosesində cavabdeh iştirak etməmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi baradə MŞB/11/2024-00078 saylı, xx.xx.2024-cü il tarixli arayış verilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil Razil qızı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində göstərilən dəlillər məntiqsiz və əsassız olduğundan təmin olunmamalıdır. Onun uşaqlarını götürüb evi tərk etməsinin səbəbi İddiaçı bir ata kimi öhdəliklərini yerinə yetirilməməsi, narkotik preparatlardan istifadə etməsi ilə bağlı olmuşdur. Bu barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə sorğu verərək 3-1367/2019 saylı İddiaçı barəsində inzibati materialları nəzərdən keçirərək məhkəmə əmin ola bilər. 2019-cu ildən etibarən 2023-cü ilə qədər iddiaçıya verilmiş islah şansları özünü doğrultmadığı üçün, əksinə daha da mütəmadi, şiddətli xarakter aldığından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16(002)-24/2023 saylı qərarı ilə iddiası təmin olunmuş və hər iki uşağa görə 150 manat, cəmi 300 manat olmaqla alimentin İddiaçı tutularaq ona ödənilməsi barədə qərar qəbul olunmuşdur. Bundan başqa, iddiaçı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarından guya sarsıntı keçirmiş və ümumiyyətlə ailə üçün qayğısız firavan həyat yaratması barədə ifadəsində göstərmişdir. Bu haqda qısa və konkret izah verərək bildirir ki, iddiaçının bütün baş verən proseslərdən ətraflı məlumatı olmuş, 2019-cu ildən 2023-cü ilədək mütəmadi olaraq mübahisələri davam etmiş, İddiaçı atalıq öhdəliklərini icra etməmiş və göstərilən məsuliyyətsiz, tüfeyli həyat tərzini davam etmişdir. Bundan sonra o, Apellyasiya Məhkəməsinə müraciət etmiş, həmin məhkəmə tərəfindən qeyd olunan məsələlər ətraflı və obyektiv araşdırılmış və nəticədə xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayəti təmin etməmişdir. Bundan başqa, iddiaçı onun icra şöbəsinə xx.xx.2019-cu il tarixdə ərizə ilə müraciət edərək barışdığını və icra sənədinin icrası tədbirinin tətbiq etməməsini xahiş etdiyini göstərmişdir. Bu məsələyə gəldikdə qeyd etmək istəyir ki, iddiaçı icra məmuru ilə əlbir olaraq əvvəlcədən planlaşdırılmış şəkildə hüquqlarını bilmədiyindən istifadə edərək, onu aldadaraq hər iki ərizəni eyni gündə fərqli tarixlə ona yazdırıb, guya alimentin icrası üçün zəruri olmasını səbəb kimi göstərərək aldatmışlar. Göstərilənlərə əsasən həmin ərizələrin heç bir hüquqi qüvvəsi yoxdur və onlar əsas kimi qəbul oluna bilməz. Bundan başqa, iddiaçı iddia ərizəsində göstərir ki, 2019-cu ildən 2023-cü ilədək ailənin bütün ehtiyaclarını ödəmiş və uşaqlar üçün qayğısız, firavan həyat qurduğundan onun və uşaqlarının heç nəyə ehtiyacı olmadığından o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2019cu il tarixli qətnaməsində göstərilən alimentdən istifadə etməmiş və həm də belə bir qətnamənin mövcud olmasını unutmuşdur. Bu məqama toxunaraq qeyd etmək istəyir ki, o, şəxsən 2019-cu ildən etibarən uşaqlarının və yaşayışlarının acınacaqlı vəziyyətinə tab gətirə bilməyərək, keçmiş həyat yoldaşının tüfeyli həyat tərzi ucbatından, köməksiz qaldığı üçün «Embafinans» kredit təşkilatından 6.000 manat dəyərində mebel, 4.200 manat pul vəsaiti və əlavə olaraq «Bank of Baku» kredit təşkilatından əlavə 8.000 manat pul kreditlərini götürərək, uşaqlarının mənafeyi naminə ailə üçün götürsə də, cavabdeh bundan istifadə edərək özünə məxsus evin təmirinə xərcləmiş, mebel avadanlığını mənimsəmiş və nəticədə həmin kredit borcunun 12.000 manat faiz ilə artaraq hazırki vaxta qədər özü şəxsən ödəmək məcburiyyətində qalmışdır. Həmin kreditlər barədə sənədləri etiraz ərizəsinə əlavə edir. Şərh olunanlardan göründüyü kimi, iddiaçı 2019-cu il tarixdən 2023-cü il tarixədək ailə üçün deyil, yalnız öz şəxsi maraqlarını güdmüş, ailə adından istifadə etmiş, qərəzli mövqe nümayiş etdirərək, yalan mülahizələr üzərində qurulmuş iddialar istifadə etməklə məhkəmənin yanlış qərar qəbul edilməsinə yönəlmiş iddia irəli sürmüşdür. Beləliklə, göstərilənlərə əsasən hesab edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(002)-1301/2023 saylı qərarı həmin qərarda göstərilən qanunvericilik normaları düzgün tətbiq edilərək qəbul olunmuşdur. Bu səbəbdən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, İddiaçı nümayəndəsi və vəkili Vəkil Razil qızının, Cavabdeh izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid Süleymanov Hicran Böyükağa oğlu ifadəsində bildirdi ki, Farizi 10 ildən artıqdır ki tanıyır. Ailəvi gediş-gəlişləri var. Süsənbər xanımı tanıyır, Farizin keçmişdə həyat yoldaşı olub. Tərəflərin evlərinə gedibgəlmişdir, o vaxtlar həmişə mehriban dolanırdılar. Fariz ailəsinə çox yaxşı baxmışdır, uşaqlarına, ailəsinə münasibəti çox yaxşı olmuşdur. Fotoşəkillərdə onun da əksi var, şəkillərin çəkildiyi 2 il olar. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «aliment» tələbinə dair iddiası təmin edilmiş, xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı 02 iyun 2012-ci il təvəllüdlü X5 və 06 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün əmək haqqının və əlavə gəlirlərinin 1/3 hissəsində alimentin tutularaq Cavabdeh xeyrinə ödənilməsi, İddiaçı 30 manat dövlət rüsumunun alınaraq dövlət büdcəsinə köçürülməsi, qətnamənin dərhal icra olunması qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 20 iyun 2023-cü il tarixli, e- 16(002)-24/2023 saylı qərardadından görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşağın ananın yanında qalması və aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə arasında 11 aprel 2012-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsində 247 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra uşaqların ananın yanında qalması, birgə nikahdan doğulan övladları 02 iyun 2012-ci il təvəllüdlü X5 və 06 yanvar 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı məhkəməyə müraciət edildiyi vaxtdan başlayaraq hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarda alimentin tutularaq ona verilməsi, 11 yanvar 2023-cü il tarixli sazişin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddia ərizəsi ilə yanaşı məhkəməyə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə təqdim edərək, iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək İddiaçı ilə birgə nikahlarından doğulan övladları 02 iyun 2012-ci il təvəllüdlü X5 və 06 yanvar 2014-cü il təvəllüdlü X1 üçün hər ay 440 manat alimentin tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, e-16(002)-24/2023 saylı qərardadı ilə ərizə qismən təmin edilmişdir. Sonradan müəyyən olunmuşdur ki, Cavabdeh öncələr məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, İddiaçı aliment tutulmasını xahiş etmiş və həmin mülki iş üzrə yekun məhkəmə aktı olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)- 2049/2019 saylı qətnaməsi qətnamə çıxarılmış və qanuni qüvvəyə minmişdir. Bu səbəbdən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli, e-16(002)-24/2023 saylı qərardadı ləğv edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(003)- 231/2023 saylı qərardadından görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı icra sənədi üzrə borclu İddiaçı tərəfindən Bakı şəhəri Xəzər rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkətlərindən verilmiş şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı icra sənədi üzrə borcun borclu İddiaçı əmək haqqının 70 faizinə yönəldilməsi barədə Bakı şəhəri Xəzər Rayon İcra şöbəsinin icra məmuru Elvin Fərzəliyevin hərəkəti qanuna uyğun olmayan hesab edilmiş və bu barədə görülmüş tədbirlər ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6698/2023 saylı qətnaməsindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-6698/2023 saylı qətnaməsində qeyd edilmişdir ki, tərəflər 2019-cu ildə barışaraq bir ailə kimi yaşamışlarsa, İddiaçı aliment borcunun silinməsini tələb edə bilər. Bakı 11 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 17 fevral 2024-cü il tarixli MŞB/11/2024-00078 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh öncədən məlumatlandırılmasına baxmayaraq, xx.xx.2024-cü il tarixə saat 12.00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, 50 manat mediasiya xərcini və 10 manat kargüzarlıq xərcini ödəmişdir. «Nigahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı qərarına görə məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı artırılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında cavabdehin xeyrinə tutulan alimentin ödənilməsindən 2019-cu ilin may ayından 2023-cü ilin fevral ayının 01-dək olan dövrə münasibətdə azad edilməli və həmin dövr üçün hesablanmış aliment borcu silinməlidir. Məhkəmədə müəyyən edildi : - Cavabdeh 2019-cu ildə aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(003)-2049/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir; - Cavabdeh icra qurumuna ərizə ilə müraciət edərək, icra sənədi üzrə icra tədbirlərinin görülməməsini xahiş etmişdir; - İş üzrə tərəflər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi qəbul ediləndən sonra, 2023cü ilin fevral ayının 01-dək olan dövr ərzində birgə yaşayaraq, ümumi təsərrüfat aparmışlar, uşaqlar və valideynləri eyni ünvanda yaşamışlar, İddiaçı aldığı əmək haqqını övladlarının tələbatlarının ödənilməsinə sərf etmişdir; - Cavabdeh 10 aprel 2023-cü il tarixdə ərizə ilə icra şöbəsinə müraciət edərək, 2019-cu ildə verilmiş icra sənədinin icra olunmadığını bildirmiş və icra olunmasına köməklik göstərilməsini xahiş etmişdir; - Cavabdeh tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə nikahın pozulması və s. tələblərə dair iddia ərizəsi təqdim edəndən sonra onun əvvəllər aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etməsi və həmin iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olduğu aşkar olunmuşdur. Məhkəmədə müəyyən edildi ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi dövrdə tərəflər birgə yaşayaraq, təsərrüfatı birgə idarə etmişlər və iddiaçının iş yerindən aldığı əmək haqqı ailənin ehtiyaclarınin, uşaqlarının tələbatlarının təmin edilməsinə sərf edilmişdir. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı narkotik vasitədən istifadə etdiyi üçün barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, o, qeyd edir ki, ailənin qayğılarının həll edilməsi üçün kredit alaraq müxtəlif əşyalar almışdır. Məhkəmə cavabdehin etirazında bildirdiyi bu dəlillərlə bağlı qeyd edir ki, iddiaçının narkotik vasitədən istifadə etdiyi üçün barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi və cavabdehin kredit alaraq müxtəlif əşyalar alması iddiaçının əmək haqqı almadığını və yaxud əmək haqqının uşaqlarının ehtiyaclarının təmin edilməsi üçün sərf edilmədiyini təsdiq edən mötəbər sübut deyildir. Əksinə hazırki mülki iş üzrə toplanmış və tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, tərəflər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsi qəbul ediləndən sonra, 2023-cü ilin fevral ayının 01-dək olan dövr ərzində birgə yaşayaraq, ümumi təsərrüfat aparmışlar. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında cavabdehin xeyrinə tutulan alimentin ödənilməsindən 2019-cu ilin may ayından 2023-cü ilin fevral ayının 01-dək olan dövr ərzində azad edilməli və həmin dövr üçün hesablanmış aliment borcu silinməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ödənilmiş 99 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «qeyd edilən dövr üzrə aliment borcunun ödənilməsindən azad edilməsi və aliment borcunun silinməsi» tələblərinə dair iddiası təmin edilsin. İddiaçı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli, 2(003)-2049/2019 saylı qətnaməsinə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında Cavabdeh xeyrinə tutulan alimentin ödənilməsindən 2019cu ilin may ayından 2023-cü ilin fevral ayının 01-dək olan dövr ərzində azad edilsin və həmin dövr üçün hesablanmış aliment borcu silinsin. Ödənilmiş 99 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar