Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1298/2025 23.06.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mənəvi zərərin əvəzi olaraq 8000 manat məbləğində pulun, 100 manat ödənilmiş dövlət rüsumunun və vəkil xidmətləri üçün ödənilmiş 320 manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Qaradağ RPİ-nin İŞ-də araşdırılan ********* saylı cinayət işi üzrə aparılmıș istintaqla müəyyən olunmuşdur ki, Cavabdeh 30 may 2023-ci il tarixdə saat 22:00 radələrində Bakı șəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, H.Məmmədov küçəsində yerləșən 7 saylı yaşayış binasının qarşısında avtomobilini park etmək istəyən İddiaçı ünvanına nalayiq söyüşlər söyərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, șəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə İddiaçı bədəninin müxtəlif yerlərinə təpik və yumruq zərbələri ilə vuraraq sonuncuya baș beyin silkələnməsi ilə müşayiət olunan bașın ənsə və sol qulaqarxası nahiyələrinin qançırı-şişkinlik halında yumșaq toxumaların əziyi, hər iki bazu, sağ çiyin qurşağının, sağ əlin arxa səthinin İV-V daraq sümük proyeksiyasının, sol dirsək oynağının arxa səthinin, sağ əlin arxa səthinin İ daraq falanqasının, sol sağrı nahiyəsinin, sağ bud və sol baldır nahiyələrinin qançırları ilə nəticələnən, ümumilikdə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 15 (on beş) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2027/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdehin sonuncu qərardan kassasiya şikayəti Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Cinayət nəticəsində zərərçəkmiş şəxsə bədənin çoxsaylı dərialtı hematomaları, baş-beyin silkələnməsi diaqnozu qoyulmuş və İddiaçı 8000 manat məbləğində mənəvi ziyan dəymişdir. Belə ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı mənəvi sarsıntı və iztirab keçirmişdir. İddiaçı döyülmə nəticəsində xəsarət alıb və bu onun psixoloji vəziyyətinə mənfi təsir göstərib. Qadın olaraq, yaşadığı məhəllədə baş verən belə bir hadisə onun güvən hissini sarsıtmış, qorxu və narahatlıq içində saxlamış, yaxın çevrəsinə, ailəsinə və cəmiyyətə qarşı utanc və rüsvayçılıq hissi yaratmışdır. Bu, onun sosial statusunu və özünə inamını ciddi şəkildə zədələmişdir. İddiaçı öz evinin həyətində belə bir hücuma məruz qalmaqla, öz təhlükəsizliyindən ciddi narahatlıq hissi keçirməyə başlayıb. Bu, onun gündəlik həyatını və normal fəaliyyətini pozmuşdur. İddiaçı, bu hadisə nəticəsində ətraf mühitdə, xüsusilə də yaxın ailə üzvləri, dostları və qonşuları arasında utanc hissi keçirir. İddiaçı döyülmə və təhqir nəticəsində özünü dəyərsiz hiss etməyə başlamış, bu onun özünə inamını zəiflətmiş və psixoloji olaraq gücsüzlük hissi yaratmışdır. Həyatını normal şəkildə davam etdirməyə çalışsa da, keçirdiyi emosional travmalar ona gündəlik həyatda mane olur. Bu cür hadisələr uzun müddət davam edən depressiyaya və stresə yol açır. İddiaçının başına gələn bu hadisə onun üçün utancverici olduğundan, sosial izolyasiyaya məruz qalmış, nəticədə iddiaçının tanışları və qonşuları ilə əlaqələri zəifləmişdir. Bu səbəbdən, iddiaçının məruz qaldığı mənəvi zərərin qiymətləndirilməsi xüsusi diqqət tələb edir. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, orta təhsillidir, işləmir, ailəlidir, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Cavabdehlə uzun müddət qonşu olublar, münasibətləri normal olub, əvvəllər aralarında heç bir ədavət olmayıb. Həmçinin, qeyd edir ki, onun digər qonşularla heç bir problemi yoxdur və olmayıb, yalnız 2019-cu ildə uşağının müəlliməsi ilə arasında münaqişə olub, həmin dövrdə CMnin 147.1, 148-ci maddələri ilə məhkum edilib. İddia ərizəsində qeyd etdiyi hadisə isə bütün qonşuların gözü qarşısında baş verib. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində idarə etdiyi avtomobillə məhəlləyə gəlmiş, cavabdehin bacısının avtomobilinin yanında avtomobilini yerləşdirmək istəyərkən çətinliklə üzləşmiş və şikayətlənmişdir. Bu zaman 3-cü mərtəbədə pəncərədən cavabdehin anası onun şikayətlənməsinə cavab olaraq nalayiq ifadələr demiş, o da nalayiq ifadələri cavablandırmışdır. Həmin vaxt cavabdeh onun avtomobilinə yaxınlamış, onu təhqir etmiş, ona zərbələr endirmişdir. O, hadisə barədə 102 xidmətinə məlumat vermiş, polis şöbəsinə gedərək ərizə yazmış, sonra ekspertiza müayinəsindən keçmişdir. Növbəti gün səhhətində ağırlaşma hiss etdiyi üçün “X4” X2 müraciət etmiş və müayinələrə cəlb olunmuşdur. Uşaqlıqda qəza nəticəsində başında travma olub, ona görə də başından aldığı xəsarət ona çox ağrı verib, uzun müddət müalicə alıb, ağır mənəvi iztirab və sarsıntı keçirib. Məruz qaldığı mənəvi zərəri 8000 manat dəyərində qiymətləndirir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qəti etiraz edir. Belə ki, o, iddiaçını döyməmiş, tamamilə şər-böhtan nəticəsində məhkum edilmişdir. İddiaçı əvvəllər onun qonşusu olmuş, aralarında münaqişə olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 22:00 radələrində yaşadığı evin həyətində səs-küy eşitmiş, oraya yaxınlaşarkən anasının iddiaçı ilə mübahisə etdiklərini, sonuncunun onun anasının ünvanına nalayiq ifadələr işlətdiyini görmüşdür. Mübahisənin səbəbi ilə maraqlandıqda məlum olmuşdur ki, iddiaçı avtomobilini yerləşdirməkdə çətinliklə üzləşmiş, həmin yerdə avtomobilini saxlamış bacısının ünvanına nalayiq ifadələr işlətmiş, anası da buna etirazını bildirdikdə mübahisə başlamışdır. O, həmin vaxt iddiaçıdan sakitləşməyi, onun və ailə üzvlərinin ünvanına işlətdiyi nalayiq ifadələri dayandırmağı tələb etmiş, lakin onu vurmamışdır. Səs-küyə həmin yerə toplaşmış qonşular da onu vurmadığının şahidi olmuş, bunu polisdə də təsdiq etmişlər. Lakin sonradan qərəzli olaraq barəsində cinayət işi başlanmış, haqsız yerə məhkum edilmişdir. Törətmədiyi əmələ görə məhkum edildiyi üçün hazırda Avropa Məhkəməsinə şikayət verməyə hazırlaşır. Əlavə olaraq qeyd edir ki, hadisədən sonra evlərini satıb oradan köçmüşdür. Onun indiyə kimi heç bir qonşu ilə problemi olmamışdır. Lakin iddiaçının bir çox qonşu ilə problemi vardır. Özü orta təhsillidir, ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır, Təcili Yardım Xidmətində sürücü işləyir, təyin edilmiş islah işləri cəzası hazırda icra olunur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli blinərək qazancının 15 (on beş) faizi məbləğində pulun dövlət nəfinə tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum ediməsi, cəzasını iş yeri üzrə çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin onun qazancından tutulmalar aparıldığı gündən hesablanması hökm edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)- 2027/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, zərərçəkmiş şəxs İddiaçı və təqsirləndirilən şəxs Cavabdeh apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-38/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-1414/2025 saylı qərarının surətindən görünür ki, məhkum Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2027/2024 nömrəli, 04 oktyabr 2024-cü il tarixli qərarının kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “X4” X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü İddiaçı xx.xx.2023-cü il tarixində X3 müraciət etmişdir. Xəstənin dediyinə görə qonşusu tərəfindən döyülərək xəsarət almışdır, xəstəyə KT, ultrasəs müayinəsi olunmuş, baş beynin silkələnməsi, bədənin yumşaq toxumasının əzilməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan “X4” PHŞ tərəfindən verilmiş ambulator, stasionar xəstənin tibb kartasından xx.xx.2023-cü il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı bədənin çoxsaylı dərialtı hematomaları, baş beyin silkələnməsi diaqnozu qoyulmuşdur. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışlardan görünür ki, Cavabdeh əmək müqaviləsi üzrə “Respublika Təcili və X1 Mərkəzi” PHŞ-də sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 1268,7 manat təşkil edir, ailəlidir, himayəsində 2016-cı il və 2019-cu il təvəllüdlü uşaqları vardır. Beləliklə, məhkəmə, izahatları dinləyib, mülki iş üzrə sübutlara, o cümlədən qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilən hallara, tibbi sənədlərin surətlərinə məcmu halında hüquqi qiymət verərək hesab edir ki, mənəvi zərərin ödənilməsi barədə iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Ona görə də cavabdehin təqsirli bilindiyi cinayət hadisəsi nəticəsində sağlamlığına zərər vurulmuş iddiaçının mənəvi iztirab və sarsıntı keçirdiyi mübahisə doğurmur. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 31-ci maddəsinin İİ hissəsinə əsasən, qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmin Qərarın 7-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10-cu bəndinə əsasən, Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini müəyyən edən üç ulduzlu xx.xx.2023-cü il tarixli 1(102)-388/2023 saylı Qərarında qeyd olunur ki, mənəvi zərərin məbləğinin müəyyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Məhkəmə, mülki işin faktiki hallarını, tərəflərə aid xüsusiyyətləri, hüquqazidd əməlin xarakterini, başvermə şəraitini, sağlamlığa dəymiş zərərin dərəcəsini, iddiaçının qadın olmasını, lakin onun uşaqlıqda travma alması, baş vermiş hadisə nəticəsində müalicəsinin müddəti, həcmi, xərci barədə konkret sübutlar təqdim etmədiyindən mənəvi iztirabın ağırlığını qiymətləndirmə baxımından yaratdığı çətinliyi, eyni zamanda cavabdehin təqsirinin formasını, onun ailə və əmlak vəziyyətini, hazırda islah işləri növündə cəza çəkdiyini nəzərə alaraq hesab edir ki, mənəvi ziyan tələbinin 1500 min manat həddində təmin edilməsi ağlabatan və ədalətli hesab olunmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, mənəvi ziyanın məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələbin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, hüquqi yardımla bağlı xərc tələbi də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə, mülki iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh mənəvi zərərin əvəzi kimi 1500 (min beş yüz) manat məbləğində pul, 100 (yüz) manat məbləğində hüquqi yardım üçün xərc və 18,75 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-1298/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1298/2025
23.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver