Məhkəmə qərarları › İş №e-2(002)-1358/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1358/2024

27.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1358/2024 27.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin, habelə ödənilmiş mediasiya xərcinə görə 60 (altmış) manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 adında bir uşaqları dünyaya gəlmişdir. Lakin bir ilə yaxındır ki, iddiaçı cavabdehlə ayrı yaşayır, birgə təsərrüfat aparmırlar, birgə nikahdan olan uşaq iddiaçının himayəsindədir. Cavabdeh çilingər kimi rəsmi gəlirə və digər qazanca malik olsa da, uşağı ilə maraqlanmır, uşağının maddi problemlərinə laqeyd yanaşır, valideynlik vəzifələrini yerinə yetirmir. Uşaq bağçaya gedir, fiziki inkişaf dövründədir, belə dövrdə yaxşı qidalanması, daim artan fiziki ölçülərinə uyğun geyimlərlə təmin olunması şərtdir. Bundan başqa, uşağın qidalanması və geyim təchizatı zəif olduğundan tez-tez xəstələnir və müalicəsi üçün əlavə məsrəflər yaranır. Nəticədə iddiaçı bir ana kimi uşağın mənəvi qayğısına yetərincə qalsa da, bütün kommunal xərcləri özü ödəmək şərti ilə kirayə mənzildə qalmaqla uşağın maddi qayğılarının öhdəsindən təkbaşına gələ bilmir. Bütün bunlara əsasən hesab edir ki, uşağın mənafeyi nəzərə alınaraq, cavabdeh uşağın saxlanması xərclərini ödəməlidir. Cavabdehdən uşağın saxlanması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. Odur ki, iddiaçı Tuğba Əhmədzadənin yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını tələb edir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbinə qismən etiraz edir. Belə ki, o, əmək müqaviləsi üzrə çilingər vəzifəsində işləyir və aylıq 500 manat məbləğində əmək haqqı alır. Bundan əlavə, nadir hallarda müxtəlif yerlərdə işləməklə aylıq təqribən 150 manat məbləğində qazancı olur. Onun birinci nikahından Ayşəm adlı uşağı vardır və məhkəmə qətnaməsinə əsasən Ayşəmin saxlanması üçün aylıq 170 manat məbləğində aliment ödəyir. xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 200 manat sabit pul məbləğində aliment ödəyə bilər. Qeyd olunanlara əsasın, iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi qismən əsaslı hesab olunaraq qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı, 314460 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 04 yanvar 2019-cu il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Sumqayıt Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Əhmədova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV No 408869 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən Cavabdeh ilə bağlı çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMC-də qaz avadanlığının istismarı və təmiri çilingəri vəzifəsində işləyir və aylıq əmək haqqı 500 manatdır. İş materiallarında Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(009)-693/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, 25 noyabr 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq 01 yanvar 2020-ci il tarixə qədər sabit pul məbləğində 160 manat və 01 yanvar 2020-ci il tarixdən başlayaraq (uşaq yetkinlik yaşına çatanadək) 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tövsiyə vərəqəsinin surətindən görünür ki, Əhmədzadə Tuğbanın müalicəsi üçün dərman siyahısı qeyd olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, cavabdehin vəsatəti təmin edilərək, mülki iş üzrə məhkəmə-tibbi genetik (DNT) ekspertizası təyin olunmuş, ekspertizanın keçirilməsi üçün zəruri xərcin vəsatət vermiş şəxs tərəfindən ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 xx.xx.2024-cü il tarixli, 9/515 saylı məktubundan görünür ki, “Məhkəmə- Tibbi Ekspertiza və X5” p.h.ş-nin məhkəmə-tibbi biologiya şöbəsinə xx.xx.2024-cü il tarixdə İddiaçı Cavabdeh qarşı 2(002)-1358/2024 saylı mülki iş üzrə məhkəmə-tibbi genetik ekspertizanın təyini barəsində qərardad və həmin saylı mülki iş daxil olmuşdur. Sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəflər şöbəyə gəlmiş, lakin məhkəmə-tibbi genetik ekspertizasının keçirilməsi üçün zəruri olan reaktivlərin alınması təmin olunmadığından ekspertizanın keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən 2(002)-1358/2024 saylı mülki iş icra edilmədən məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən, uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin Qərarın bəndinə əsasən, Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, uşağın mənafeyi, yaşı, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, 2024-cü il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu norması, əmək qabiliyyətli cavabdehin əmək haqqından əlavə müəyyən qazanca malik olması, lakin onun aylıq qazancının miqdarı barədə konkret sübutun təqdim edilməməsi, digər uşağa təyin edilmiş alimentin də müvafiq ilin yaşayış minimumu həddində müəyyən edilməsi, hazırda hər iki tərəfin alimentin sabit pul məbləğində müəyyən edilməsini tələb etməsi halları nəzərə alınaraq, iddia qismən təmin edilməli, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin, məhkəmə müəyyən edir ki, aliment üzrə iddia tələbi qismən təmin edildiyindən, mediasiya xərci tərəflər arasında bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 05 mart 2024-cü il tarixindən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş mediasiya xərcinə görə 30 (otuz) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar