Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-180/2023 16.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "ödənilməmiş əmək haqqı və son haqq hesabın tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı "ödənilməmiş əmək haqqının və son haqq hesabın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ödənilməmiş əmək haqqı və son haqq hesaba görə 1363.59 manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 100 manat, cəmi 1513.59 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-də 2021-ci ilin avqust ayından əmək müqaviləsi əsasında işləmişdir. Cari ilin iyun ayında əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndində əsasən xitam verilməsi haqqında ərizə vermişdir.15 iyul 2022-ci il tarixində əmək müqaviləsinə xitam verilmişdir. O, sonuncu günə qədər əmək funksiyalarını icra etmişdir. Lakin cavabdeh ona əmək haqqını və son haqq-hesabı ödəməkdən qərəzli şəkildə imtina etmişdir. İddia ərizəsinə əlavə edilən bank hesabından çıxarışdan da görünür ki, əmək haqqı və son haqq hesab tam ödənilməmişdir. Beləliklə cavabdehin ona 1363.59 manat əmək haqqı borcu qalmışdır. Bu mübahisə ilə əlaqədar əvvəlcə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Bakı şəhər İdarəsinə yazılı şikayət etmişdir. Həmin şikayət əsasında cavabdehin rəhbəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin192.4-cü maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən o, hesab edir ki, həmin pul vəsaiti cavabdehdən məcburi tutulmalıdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə xəbərdar edilmiş) cavabdeh ""xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsənin 185.5-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və eyni zamanda vəkilinin izahatını dinləyib, iş üzrə sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı baş mühasib peşəsinə işə qəbul edilmişdir. Müqavilənin şərtlərinə görə müqavilənin müddəti 3 ay, xx.xx.2021-ci il tarixinə kimi, əmək haqqı 1115 manat qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli, **********7 saylı cavab məktubundan müəyyən olunur ki, iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq xitam verildiyi məlum olmuşdur. Təqdim edilən bank hesab çıxarışından son haqq hesabın cəmiyyətlər tərəfindən ödənilmədiyi müəyyən edilmişdir. Bununla da "xxxx" MMC-nin rəhbəri barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı “E-sosial.gov.az” portalından çıxarışa əsasən, işəgötürən "xxxx" MMC işçi İddiaçı ilə xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “A” bəndində əsasən xitam verilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli son haqq hesaba dair sənədinə əsasən, İddiaçı ödənilməli olan məbləğ 1363.59 manat təşkil edir. xx.xx.2022-ci il tarixli Mediassiya Sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən, İddiaçı tərəfindən 50 (əlli) manat məbləğində mediasiya xərci ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən hüquqi yardım xidməti olaraq 100 (yüz) manat məbləğində ödəniş həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbi üzrə işçinin əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsi ilə əlaqədar tələblərinə əməl olunub olunmadığı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmin maddənin 2-ci hissəsinə görə isə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Göründüyü kimi əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməli, eyni zamanda bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, X1 Sisteminin iddiaçının əmək müqviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndi ilə (tərəflərdən birinin təşəbbüsü) istinad olunmaqla xitam verilmiş, lakin işçiyə son haqq hesab tam olaraq ödənilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-cü maddəsinin 1-ci hissəsinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Məhkəmə iddiaçının əmək haqqı tələbini əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinə əsasən, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Həmin məcəllənin 172.5-ci maddəsinə görə əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə iş materiallarından müəyyən etmişdir ki, cavabdeh tərəfdən iddiaçıya sonuncu iş günü son haqq hesabı tam həyata keçirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı və son haqq hesabın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilməli, cavabdehdən ödənilməmiş əmək haqqı və son haqq hesaba görə 1363.59 manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 100 manat, cəmi 1513.59 manat pul vəsaiti tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbi təmin olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmək haqqı və son haqq hesabın ödənilməsi tələbinə dair iddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən ödənilməmiş əmək haqqı və son haqq hesaba görə 1363.59 manat, məcburi ilkin mediasiya üçün verilmiş 50 manat, hüquqi xidmətə görə 100 manat, cəmi 1513.59 (min beş yüz on üç manat əlli doqquz qəpik) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-180/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-180/2023
16.01.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver