Məhkəmə qərarları › İş №e-2(002)-1865/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1865/2024

25.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1865/2024 25.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymuş zərərin ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı dəymuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus “Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş maddi ziyanın əvəzi olaraq 22905 (iyirmi iki min doqquz yüz beş) manat məbləğində pulun, 5726,25 manat (beş min yeddi yüz iyirmi altı manat iyirmi beş qəpik) məbləğində amortizasiya xərcinin, mənəvi zərərin əvəzi olaraq 5000 (beş min) manat pulun və 190,9 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, Cavabdeh1 xx.xx.2023cü il tarixdə saat 23:30 radələrində etibarnamə əsasında idarə etdiyi, digər Cavabdeh2 məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, “DAF FT ** XF ***" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində 1-ci hərəkət zolağı ilə 60 km/saat sürətlə üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən qarşıda olan avtomobil ilə ara məsafəsini düzgün seçmədiyindən ona məxsus "Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, daha sonra zəncirvari yol qəzası baş vermişdir. Baş vermiş qəza nəticəsində onda aşkar edilən xəsarətin dərəcəsini müəyyənləşdirmək məqsədilə məhkəmə tibbi-ekspertizası keçirilmiş, ekspert rəyinə əsasən onun xəsarəti sağlamlığa yüngül zərər vurmaya aid edilmişdir. Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Mirsaleh Cavadovun 20 yanvar 2024-cü il tarixli qərarı ilə Cavabdeh1 əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərar əsasında Cavabdeh1 barəsində Nərimanov rayon DYPŞ-nin YNH üzrə inspektoru X6 tərəfindən 04 fevral 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(005)-431/2024 saylı qərarı ilə Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilmişdir. Ona məxsus “Ford Fujin” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin həcminin müəyyən olunması məqsədilə onun tərəfindən “Akay Auto” servis mərkəzinə müraciət edilmiş, avtomobilə texniki baxış keçirilmiş, xx.xx.2024-cü il tarixli qüsur aktı tərtib olunmuşdur. Həmin qüsur aktına əsasən, ona məxsus avtomobilin təmir-bərpa xərcinin 22905 manat olduğu müəyyən edilmişdir, ona görə də maddi ziyanın əvəzi olaraq 22905 manat tələb etmişdir. Bundan əlavə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 114.3.3-cü maddəsinin tələbinə əsasən amortizasiya olunan aktivlər üzrə illik amortizasiya norması nəqliyyat vasitələri üzrə 25 faizədək müəyyənləşdirilmişdir. Ona görə də əlavə olaraq maddi ziyan məbləğinin 25 faizi məbləğində, yəni 5726,25 manat həcmində amortizasiya xərcinin tutulmasını tələb edir. Eyni zamanda, qeyd edir ki, prosesin uzanmaması üçün ekspert rəyi ilə razılaşır və ekspert rəyində müəyyən edilmiş maddi ziyan məbləği ilə razıdır, həqiqətən avtomobilin təmiri çətin görünür, hazırki vəziyyətdə ona yeddi mindən artıq qiymət verən yoxdur. Həmçinin bildirir ki, baş verən hadisə onun sağlamlığına zərər vurmaqla yanaşı, əhəmiyyətli dərəcədə əsəb, gərginlik, stress, mənəvi sarsıntı keçirməsinə, şüurunda mənfi psixi reaksiyaya səbəb olmuşdur, hələ də klinik psixoloqun müalicəsinə ehtiyacı vardır, təmir işlərinin uzun müddət ərzində yekunlaşmaması, xərclərin kifayət qədər böyük həcmdə olması nəticəsində on bir ay ərzində avtomobilsiz olduğuna görə də mənəvi zərərə məruz qalmışdır. Hazırda mənəvi zərər məbləğini 5000 manat həddində qiymətləndirir. Hadisədə Cavabdeh1 təqsirli olduğu mübahisə doğurmur. Hadisədən sonra Cavabdeh1 özü bildirdi ki, digər Cavabdeh2 işçisidir. Ona görə də iddia tələbini işəgötürən kimi digər cavabdehə qarşı da yönəltmişdir. Hesab edir ki, Cavabdeh2 da işəgötürən kimi öz işçisinin vurduğu ziyana görə məsuliyyət daşıyır. Mübahisənin sülh yolu ilə həlli mümkün olmamış, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, həqiqətən o, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində etibarnamə əsasında idarə etdiyi, Cavabdeh2 məxsus “DAF FT ** XF ***" yük markalı, **- ZS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində 1-ci hərəkət zolağı ilə 60 km/saat sürətlə üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olarkən qarşıda olan avtomobil ilə ara məsafəsini düzgün seçmədiyindən iddiaçının idarə etdiyi "Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, həmin avtomobilə maddi ziyan dəymişdir. O, hadisə zamanı hər hansı xəsarət almamışdır, hadisəyə görə təqsirli bilinmişdir. Özünü təqsirli bilir. Həmçinin bildirir ki, idarə etdiyi avtomobil digər Cavabdeh2 mülkiyyətindədir. O, iki aya yaxın idi ki, Cavabdeh2 işçisi kimi işləyirdi. Lakin iş tapmaq çətin olduğundan və həmin dövrdə digər işəgötürənlə rəsmiləşməsi olduğundan, əmək müqaviləsi bağlamamışdır. İşçi kimi Cavabdeh2 göstərişi ilə yük daşımış, hər daşımaya görə 30-35 manat pul almışdır. Həmin yük maşını ilə təqribən 26-27 ton yük daşına bilər, adətən bir ton yük 15 manata daşınır. O, yük maşınını icarəyə götürməmişdir. Şahidlərdən yalnız Talehi tanıyır. Ziyanı tam ödəmək üçün özünün maddi imkanı yoxdur, hesab edir ki, ziyanın ödənilməsinə görə digər cavabdeh də məsuliyyət daşımalıdır. Hazırda ekspert rəyinə etiraz etmir və rəydə göstərilən məbləğin yarısının öz tərəfindən ödənilməsinə razıdır. Qeyd olunanlara əsasən, iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirdi ki, iddia tələbinə qəti etiraz edir. Belə ki, hüquqlarını müdafiə etdiyi şəxs ümumiyyətlə cavabdeh qismində göstərilməməlidir. Belə ki, cavabdehlər arasında hər hansı əmək münasibəti olmamışdır. Cavabdeh2 həmin yük avtomobilini Cavabdeh1 etibarnamə əsasında icarəyə vermişdir. Tərəflər arasında hər hansı əmək müqaviləsi bağlanmamışdır. Cavabdeh1 yük maşınını icarəyə götürmüş, 26-27 ton yük daşıma qabiliyyəti olan nəqliyyat vasitəsi ilə tonu 15 manata yük daşımış, Cavabdeh2 isə aylıq təqribən 1000 manat icarə haqqı ödəmişdir. Cavabdeh1 gecə vaxtı yol-nəqliyyat hadisəsini öz ehtiyatsızlığından törətdiyi və buna görə təqsirli bilindiyi halda, məsuliyyətdən yayınmaq üçün iddiaçıya əsassız olaraq Cavabdeh2 işçisi olduğunu bildirmişdir. Halbuki, hadisə nəticəsində yük maşınına da ziyan dəymişdir və Cavabdeh2 həmin ziyanı Cavabdeh1 tələb edəcəkdir. Cavabdeh1 özü etibarnamə ilə avtomobilə sahiblik etmişdir, buna görə də mülkiyyətçinin hadisəyə görə hər hansı məsuliyyəti yoxdur. Hesab edir ki, iddia tələbi Cavabdeh2 qarşı tamamilə əsassızdır, Cavabdeh2 cavabdehliyini təsdiq edən hər hansı sübut və qanuni əsas yoxdur. Qeyd olunanlara əsasən, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X2 ifadə verərək bildirdi ki, o, Cavabdeh2 yanında işləyir, ona məxsus maşınlara nəzarət edir. **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Cavabdeh1 aylıq 1000 manata icarəyə götürmüşdü. Cavabdeh1 Natiq müəllimin işçisi olmayıb. Həmin yük avtomobili Cavabdeh1 icarəyə veriləndə saz vəziyyətdə idi. İcarəyə götürəndə Cavabdeh1 Bakı-Quba yolunda yük daşıma ilə məşğul olacağını bildirmişdi. Hadisədən məlumat alan kimi yük maşınına baxmaq üçün hadisə yerinə gəlib, məlum olub ki, Çingiz yük dolu maşını enişdə sürətlə idarə edib və hadisəni törədib, hadisə nəticəsində yük maşınına da ziyan dəymişdi, yükün nədən ibarət olduğunu bilmirdi. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirdi ki, o, Cavabdeh2 yanında işləyir, sənədləşmə işləri ilə məşğul olur. Cavabdeh1 bir-iki dəfə görüb. **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Cavabdeh1 aylıq 1000 manata icarəyə götürmüşdü. Həmin yük avtomobili Cavabdeh1 icarəyə veriləndə saz vəziyyətdə idi. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri və ekspert rəyini tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı Nərimanov RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan, "Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Z.Bünyadov prospekti ilə üzü “Koroğlu” metrostansiyası istiqamətində sol 1-ci zolaqla hərəkətdə idi, bu zaman Z.Bünyadov prospektində onunla eyni zolaqda arxada hərəkət edən yük avtomobilinin sürətlə hərəkət etdiyini güzgüdən gördüyü üçün o, sağa manevr edərək hərəkət zolağını dəyişmək istədi, bu zaman ondan arxada hərəkət edən yük avtomobilinin sürücüsü də 2-ci hərəkət zolağına keçdi və onun avtomobilinin sağ arxa hissəsinə çırpıldı. O, zərbə nəticəsində 1-ci zolaqda dayanmış olan Hyundai markalı avtomobilə çırpıldıqdan sonra 2-ci zolaqda ondan qarşıda dayanmış digər yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı xəsarət almışdır. İş materiallarında olan Cavabdeh1 Nərimanov RPİ-də verdiyi xx.xx.2023-cü il tarixli izahatının surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:30 radələrində o, etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Daf markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə 1-ci hərəkət zolağı ilə 60 km/saat sürətlə üzü “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edirdi. Bu zaman onunla eyni zolaqda qarşıda hərəkət edən avtomobil yolda hərəkət sıxlığı olduğu üçün hərəkət sürətini azaltdı, o da avtomobildə yük olduğundan sürətini azaltmaq istədi və avtomobili dayandıra bilmədiyi üçün sağ zolağa keçdi və onun qarşısındakı avtomobil də zolağı ikinci hərəkət zolağına keçirdiyindən, o, ara məsafəsini düzgün saxlamadığından, eyni zamanda avtomobildə olan yükün həcmini və tormozlanma gücünü nəzərə almadığı üçün avtomobili dayandıra bilməyib qarşısında hərəkətdə olan “Ford Fujin” markalı avtomobilin arxa hissəsinə çırpıldı. Zərbədən “Ford Fujin” markalı avtomobilin sürücüsü 1-ci zolaqda dayanmış olan Hyundai markalı avtomobilə çırpıldıqdan sonra 2ci zolaqda ondan qarşıda dayanmış digər yük avtomobilinin arxa hissəsinə çırpılmışdır. Hadisə zamanı heç bir xəsarət almamışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 21 dekabr 2023cü il tarixli tibbi müayinə protokolunun surətindən görünür ki, İddiaçı alkoqol qəbulu əlamətləri olmamaqla ayıqdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 21 dekabr 2023cü il tarixli tibbi müayinə protokolunun surətindən görünür ki, Cavabdeh1 alkoqol qəbulu əlamətləri olmamaqla ayıqdır. İş materillarında olan Nərimanov RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı M.Cavadovun xx.xx.2024cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, sürücü Cavabdeh1 Azərbaycan Respublikası İXM-nın 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması məqsəilə toplanmış materialın Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-431/2024 saylı, xx.xx.2024cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X11 tərəfindən verilmiş 1645 saylı ekspert rəyinin surətindən görünür ki, İddiaçı aşkar edilmiş xəsarət-ağrı simptomu və hərəkət məhdudluğu müşayiət olunan, sol mil-bilək oynağının yumşaq toxumalarının şişkinlik halında əzilməsi-fluktasiya hematoması-küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2023-cü il tarixdə və şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İş materiallarında olan “AKAY AUTO” Servis tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus "Ford Fujin" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 16245 manat ümumi ehtiyat hissələri və 6600 manat ümumi xidmət haqqı olmaqla, cəmi 22905 manat təşkil edir. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “DAF FT ** XF ***" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh2dur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ƏN-Vİ № 755110 saylı etibarnamənin surətindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan “DAF FT ** XF ***" yük markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edilməsi üçün Cavabdeh1 etibarnamə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli tibbi tövsiyə vərəqələrinin surətlərindən görünür ki, İddiaçı bir sıra dərman preparatları tövsiyə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə "xxxx" MMC-də konsultasiya olunmuşdur. İddiaçı keçirdiyi avtoqəza ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək klinik psixoloq Aydan Sabirlinin yanında terapiya keçməyə başlamışdır və terapiyalara gəlməyə davam edəcəkdir. İş materiallarında olan Cavabdeh1 barəsində “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, o, işəgötürən X5 ilə bağlanmış əmək müqaviləsinə əsasən sürücü vəzifəsində işləyir və aylıq əmək haqqı 500 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2024-cü il tarixli, 9/5025 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 2013-cü il buraxılışlı mühərrik həcmi 1499 sm³ olan "Ford Fusion" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti nəzəri qaydada təxminən 17000 manat müəyyən olunur. Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti 17000 manat olmuş avtomobilin təmirinə 22905 manat xərc çəkilib təmir edilməsi məqsədəmüvafiq və rentabelli hesab edilmir. İş materiallarında olan "Akay Auto" Servis tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktında qeyd edilən məlumatlar müqayisə olunduqda salamat qalmış hissələrin faiz ifadəsi ilə avtomobilin dəyərinin təxminən 20%-ni təşkil etməsi ehtimal olunur. Beləliklə, təmiri məqsədəmüvafiq və rentabelli hesab edilməyən, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 17000 manat olmuş "Ford Fusion" markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsindən dəymiş ziyanın məbləği salamat qalmış hissələr nəzərə alınmaqla təxminən 13600 (17000-20%) manat müəyyən edilir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara əsasən müəyyən edildi ki, 20 dekabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinə görə qüvvədə olan məhkəmə qərarına əsasən Cavabdeh1 təqsirli bilinmiş, hadisə nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın məbləğini dəqiq müəyyən etmək üçün ekspertiza keçirilmiş və ekspert rəyi alınmışdır, tərəflər də həmin ekspert rəyi ilə razı olduqlarını bildirmişlər. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddiaçıya məxsus avtomobilə dəymiş maddi ziyan barədə iddia tələbi Cavabdeh1 münasibətdə ekspert rəyi ilə müəyyən edilmiş hissədə əsaslı hesab edilərək qismən, 13600 manat həddində təmin olunmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, ekspert rəyində avtomobilin normal vəziyyətdə bazar dəyəri ilə bağlı göstərilən məlumatlar və iddiaçının özünün izahatında avtomobilin hazırki dəyəri ilə bağlı qeyd olunan hallar, həmçinin amortizasiya olunan aktivlər üzrə illik amortizasiya normalarının mahiyyəti nəzərə alınmaqla, əlavə olaraq dəymiş ziyan məbləğinin iyirmi beş faizi həcmində amortizasiya xərcinin tələb edilməsi əsassız hesab olunmalıdır. Ona görə də iddia tələbi maddi ziyan hissəsində Cavabdeh1 münasibətdə 13600 manat həcmində əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində də qismən əsaslı hesab olunmalı, Cavabdeh1 təqsiri səbəbindən iddiaçının sağlamlığına yüngül zərərin vurulması, onun fiziki və mənəvi sarsıntılar keçirməsi, klinik psixoloji müalicəsi alması, yaşadığı stress və gərginliyin başadüşülən olması nəzərə alınaraq, Cavabdeh1 mənəvi zərərin əvəzi kimi 1500 manat məbləğində pulun tutulması qanuni və ədalətli hesab olunmalıdır. Belə ki, “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarının 8-ci bəndində izah olunmuşdur ki, mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Bununla yanaşı, mülki iş üzrə sübutlara əsasən məhkəmə müəyyən edir ki, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız hesab olunaraq təmin edilməməlidir. Belə ki, Cavabdeh1 Cavabdeh2 işçisi olması və onların arasında əmək münasibətlərinin olması barədə hər hansı mötəbər sübut təqdim edilməmişdir, bu barədə iddiaçının və Cavabdeh1 izahatları isə digər izahatlar, şahidlərin ifadələri, habelə Cavabdeh1 əmək müqaviləsi üzrə başqa işəgötürənin işçisi olması barədə çıxarışla təkzib olunur. Həmçinin, Cavabdeh1 hadisədən sonra nə polisə, nə də məhkəməyə verdiyi izahatlarında bu barədə hər hansı məlumat verməmişdir. Ona görə də Cavabdeh2 hazırda işəgötürən qismində məsuliyyətə cəlb edilməsi əsaslı hesab oluna bilməz. Digər tərəfdən, hadisə zamanı Cavabdeh1 nəqliyyat vasitəsinə etibarnaməyə əsasən sahiblik etdiyindən, Cavabdeh2 mülkiyyətçi qismində də məsuliyyətə cəlb edilməsi əsaslı hesab oluna bilməz. Ona görə də iddia tələbinin Cavabdeh2 münasibətdə təmin olunması üçün hüquqi əsas mövcud deyildir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına əsasən, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb də ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan, ekspertiza xərci ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı və Cavabdeh1 tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 maddi ziyanın əvəzi olaraq 13600 (on üç min altı yüz) manat məbləğində, mənəvi ziyanın əvəzi olaraq 1500 (min beş yüz) manat məbləğində pul və 86 (səksən altı) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərcinə görə İddiaçı 22 (iyirmi iki) manat, Cavabdeh1 28 (iyirmi səkkiz) manat məbləğində pul tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına ödənilsin: Büdcə təsnifatının kodu:142595, ekspertiza xərci, SAP (XİİS) hesabı:X1, kodu:210005, VÖEN:**********, müxbir hesab:AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN:**********, hesab:AZ34CTRE********************. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar