Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-1892/2022 17.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənəvi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ayrı-ayrı vaxtlarda, Tik-tok və Facebook səhifələrində görüntüləri ona və sinifinə aid olan video və fotolara, üzərinə şərh yazaraq paylaşmış olduğu, həqiqətə uyğun olmayan, böhtan dolu məlumatı nəticəsində ona dəymiş olan mənəvi zərərə görə 3.000 manat pulun və ödənilmiş 50 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 2001-ci il tarixdə Azərbaycan Dövlət Pedoqoji Universitetinə daxil olmuşdur. 2005-ci il tarixdə həmin Universiteti bitirmişdir. 06 noyabr 2006-cı il tarixdə Heydər Əliyev adına Liseydə əmək fəaliyyətinə başlamışdır. 06 dekabr 2006-cı il tarixdə həmin Liseydə ibtidai sinif müəlliməsi kimi işə başlamışdır. 16 ildir ki, fasiləsiz olaraq pedoqoji fəaliyyətlə məşğul olur. Əmək fəaliyyəti ərzində işinin, tutduğu vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Hesab edir ki, buna da nail olmuşdur. Hər zaman işinin, tutduğu vəzifələrin məsuliyyətini dərk etmişdir, Təhsil Nazirliyi tərəfindən ona göstərilən etimadı doğrultmağa çalışmışdır. 16 illik pedoqoji fəaliyyəti ərzində təhsil verdiyi şagirdlər yaxşı mənada fərqlənmişlər, ilklərdən olmuşlar. 2021-ci il mart ayında Liseydə rəhbəri olduğu sinifdə Novruz bayramı şənliyi təşkil edilmişdir. Həmin şənlik özü tərəfindən telefonla videoya çəkilmiş və valideyn qrupuna atılmışdır. Uşaqları ilə gözəl və yadda qalan bayram şənliyi təşkil etmişlər, oynayıb rəqs etmişlər. Uşaqlar bir-birinə hədiyyə vermişlər. Hər bir uşaq, püşkatma ilə digər uşağa hədiyyə verib bayramını təbrik etmişdir. Bir uşaq da aldığı hədiyyəni müəllimi kimi ona təqdim etmişdir. Əlbəttə ki, həmin hədiyyəni geri çevirib uşağın qəlbini qıra bilməzdi. Həm də uşaqların bir-birinə hədiyyə verib, ən sonda uşağın birisinin müəlliməsinə aldığı hədiyyəni təqdim edib təbrik etməsi qədər təbii hal ola bilməzdi. Bunu o qədər səmimi bir hal hesab etmişdir ki, video çəkilişi belə saxlamamışdır, olduğu kimi valideyn qrupuna atmışdır. 2022-ci ilin may ayının ortalarında övladı onun sinifində belə oxumayan, Liseydə başqa sinifdə oxuyan bir uşağın valideyni olan iş üzrə Cavabdeh özünün Tik-tok səhifəsi olan «leylazülfeliyeva51» səhifəsində həmin videogörüntüdən bir hissəsini paylaşaraq, üzərində «Eger özün boyda müəlliməyə hediye ve rusvet vermesen senin tehsil almağa hüququn yoxdur… Heydər Əliyev liseyinin direktor və müəllim heyeti kimi» sözlərini yazmışdır. 14 may 2022-ci il tarixdə facebook səhifəsi olan Təhsil Formu-2022 övladı olan Mehemmed Abdullayev adından «X1 Əliyev liseyinin de müellime uşaqlardan necə rüşvət aldığının görüntüləri» cümləsini paylaşmışdır. Cavabdeh sosial mediada etdiyi bu paylaşımlarla onun özü boyda hədiyyə və rüşvət aldığını iddia edərək, onda mənfi psixi reaksiyaya səbəb olmuş, onu tərifini verə bilməyəcəyi mənəvi sarsıntıya məruz qoymuşdur. O, qadın, 16 ilin pedaqoqu, özünün çəkib valideyn qrupunda paylaşdığı videonu başqa birisi rüşvət aldığının sübutu kimi paylaşır, onu da, görüntüdəki uşağı da, həmin uşağın valideynlərini də əsası olmayan tənbeh altında qoymağa çalışır, sözün əsl mənasında mənəvi zərbə altında qoyur. Cavabdeh tərəfindən paylaşılmış böhtan dolu xəbəri sosial media vasitəsi ilə hər kəs, onu tanıyan, tanımayan, şagirdləri, valideynlər, rəhbərliyi, nazirlik, ən əsası ailəsi oxumuşdur. Ona atılan bu ləkə, ona qarşı edilmiş bu haqsızlıq, xüsusən də bunun sosial mediada edilməsi onu mənəvi olaraq sarsmış və hesab edir ki, cavabdeh ya onun rüşvət aldığını sübut etməlidir, ya da bu əməlinə görə ona vurmuş olduğu mənəvi zərəri ödəməlidir. Əksini düşünmək belə istəmir. Hesab edir ki, hər kəs qanun qarşısında bərabərdir, hər kəs etdiyi qanuna zidd əmələ görə cavabdehdir, hər kəs vurmuş olduğu zərərin əvəzini ödəməlidir. Öz eqosunu, ambisiyasını sosial media vasitəsi ilə başqalarına şər-böhtan atmaqla onları mənəvi sarsıntıya məruz qoyan şəxs və ya şəxslər bunun hesabını qanun qarşısında ödəməlidirlər. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, cavabdeh həqiqətən iddiaçının çəkdiyi Novruz bayramı şənliyinin görüntülərini özünə məxsus sosial şəbəkə hesabından, həqiqətə uyğun olmayan sözlərlə şərh etməklə paylaşmışdır. Cavabdeh tərəfindən iddiaçıya, həmçinin iddiaçının əmək fəaliyyəti ilə məşğul olduğu təhsil ocağına əsassız ittihamlar səsləndirilmiş, iddiaçı rüşvət alan şəxs, şagird rüşvət verən şəxs kimi təsvir edilərək, ictimaiyyətdə yanlış fikir formalaşdırmaqla, iddiaçıya mənəvi zərər vurmuşdur. Cavabdeh iddiaçı barədə səsləndirdiyi fikirlərin əsaslı olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Azərbaycan Respublikası Konstitusiyasının 26-ı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Mülki Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Konustitusiyası ilə qorunur, digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Şəxsin şərəfi, ləyaqəti təhqir olunarsa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxılarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verilməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatların doğru olmaması; bu məlumatların yayılması. Məhkəmələrə izah edilmişdir ki, məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Yol verdiyi nöqsanlara görə vətəndaşın tənqid edilməsi onun şərəf və ləyaqətinin ləkələnməsi kimi qiymətləndirilə bilməz. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması, yəni yalan olması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətləndə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. Üsullarla yayıla bilər. Məlumatın ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatın yayılması sayılmır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər, zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Qeyd olunan qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində isə Plenum izah etmişdir ki, mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır. İşin təkzibedilməz faktiki hallarından göründüyü kimi, cavabdeh bütün dünyada istifadəçilərinin sayına görə ilk pillələrdə olan sosial şəbəkə vasitəsi ilə iddiaçı barəsində həqiqətə uyğun olmayan, iddiaçı barəsində mənfi rəy yaradan, şərəf və ləyaqəti ləkələyən, işgüzar nüfuzuna xələl gətirən məlumat yaymışdır. Cavabdeh bu cür paylaşımla faktiki olaraq iddiaçını Azərbaycan Respublikası CMnin 311-ci maddəsində qeyd olunan rüşvət alma (passiv rüşvətxorluq) cinayətini törətməkdə ittiham etmişdir. Cavabdehin bu cür davranışı iddiaçıda mənfi psixi reaksiyaya səbəb olmuş, ona mənəvi ziyan dəymişdir (ədalətsizliyə, haqsızlığa uğraması, etmədiyi əməldə ittiham olunması, adının buna heç bir əsas olmadığı halda sosial şəbəkədə hallanması, özündən başqa, işlədiyi təhsil ocağı, şagird və şagirdin valideynlərinin də adının birbaşa və ya dolayı yolla hallanması nəticəsində əlavə mənəvi iztirab çəkməsi və s.). Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, hesab edir ki, iddiaçıya mənəvi zərər vurulmasına dair hissədə iddia əsaslıdır. Lakin vurulmuş mənəvi zərərin həcminə dair hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə həqiqətə uyğun olmayan məlumatın yayılması nəticəsində vurulmuş mənəvi zərərin həcmini müəyyən edərkən, obyektivliyin təmin edilməsi baxımından tələb edilən məbləğin işin hallarına uyğun olmasını, həmçinin cavabdeh tərəfin ödəniş qabiliyyətini, məhkəmə qətnaməsinin gələcəkdə icrasını, bu qəbildən olan işlər üzrə məqsədin cavabdeh tərəfin cəzalandırılması olmadığını, bu kimi əməllərdən gələcəkdə çəkindirmək olduğunu nəzərə alır və hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə vurduğu mənəvi zərərə görə 500 manat pul vəsaiti tutulmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi zərərə görə 500 manat pul vəsaiti və ödənilmiş 50 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-1892/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-1892/2022
17.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver