Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-204/2024 13.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. X4 ilə X8 arasında nikah xx.xx.1986-ci il tarixdə 388 nömrəli akt qeydi ilə bağlanmışdır. X5 onların birgə nikahlarından xx.xx.1995-ci il tarixində doğulmuşdur. (Bakı şəhər Lenin rayon VVAq şöbəsi tərəfindən verilmiş xx.xx.1986-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamə və Bakı şəhəri, Sabunçu rayonu, X7 tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AZ-İ 096571 nömrəli doğum haqqında şəhadətnamə).
2. Bakı şəhər Sabuçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamələrə əsasən, X8 və X5 xx.xx.2012-ci il tarixdə vəfat etmişdirlər.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 1(002)-85/2013 saylı hökmü ilə müəyyən edilmişdir: X14 Azərbaycan Respublikasının CM-in 314.2-ci maddəsi ilə təqsirli bilinsin və 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin, cəzasına məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minən kimi dəyişdirilmədən saxlanılsın, cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı tarixdən hesablansın, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 590 manat təqsirləndirilən şəxs X3 alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına (AZ MEM, VÖEN ********** ABB mərkəzi filialı, VÖEN ********* Kod 805250 m/h **********944 H/h **********0932851, S.V İ.F.T Bik: İBAZAX2) keçirilsin.
4. Qeyd edilən cinayət işinin icraatı zamanı zərərçəkmiş şəxslərin hüquqi varisləri X9 və İddiaçı ərizə yazaraq X11 və X1 ölməsi ilə əlaqədar Cavabdeh MMC-dən heç bir şikayətləri olmadıqlarını bildirmişdirər. İddia tələbi
5. İddiaçı cavabdeh Arazavia” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən mənəvi zərərə görə 90.000 manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o eyni gündə həm 17 yaşlı oğlunu, həm də 26 illik həyat yoldaşını faciəvi surətdə hüquqi şəxsin əməkdaşının səhlənkarlığı nəticəsində itirmişdir. Onlar mehriban ailə olaraq birgə yaşamaqla xoşbəxt idilər. Həyat yoldaşı qaynaqçı işləməklə və müxtəli işlər görməklə ailəsini dolandırmışdır. Həyat yoldaşı işində kömək məqsədi ilə 27 avqust 2012-ci il tarixdə Cavabdeh firmasının işlərini görmək üçün evdən çıxdılar. Aradan bir neçə saat keçmiş həyat yoldaşı və oğlunun elektrik vurmasından vəfat etmələri xəbəri gəldi. Bu işlə bağlı başlanmış cinayət işi üzrə Cavabdeh firmasının əməkdaşı cinayət məsuliyyətinə cəlb olunsa da, burda əsas təqsirkar kimi hüquqi şəxs məsuliyyət daşımalıdır. Cavan oğlunun və uzun illər birgə həyat sürdüyü yoldaşının faciəvi vəfatı onu dərindən sarsıtmış, keçirdiyi mənəvi sarsıntını və hələ də davam edən iztirabını yalnız onun dərdinə düşən ana və həyat yoldaşı anlaya bilər. X14 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Rahib Əliyevin məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi onun oğlu və həyat yoldaşının ölümünə səbəb olması olmuşdur. Cavabdeh MMC əməkdaşının cinayət əməli nəticəsində ölən X8 onun həyat yoldaşı, X10 isə oğlu olmuşdur. Bütün bunları nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.
7. İddia tələbinə etiraz və qarşılıqlı iddia verilməmişdir.
8. Məhkəmə tərəfindən X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
9. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclaslarında iddia tələbini müdafiə edərək iddiaçının həyat yoldaşı və oğlunun ölümündə cavabdehin əməkdaşının təqsiri olduğunu, onların cavabdeh şirkətlə əmək müqaviləsi olmadığını, cavabdeh şirkətin əməkdaşının səhlənkarlığı nəticəsində hadisənin baş verdiyini, həmin şəsin təqsiri olduğuna görə 4 il müddətinə azadlıqdan məhrum edildiyini, maddi zərərin qarşılanması ilə bağlı məlumatının olmadığını, iddiaçının bu vaxta qədər məhkəməyə müraciət etməməsinin səbəbinin onun hüquqi maariflənməsinin olmaması olduğunu, cavabdeh şirkət tərəfindən zərərin ödənilməsi ilə bağlı iddiaçıya hər hansı köməklik göstərilmədiyini bildirmiş və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
10. Cavabdehin vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi ki, vəfat edənlərin cavabdehin əməkdaşları olmadığını, hadisədə təqsiri olan X6 cavabdehin əməkdaşı olduğunu, Rahib tərəfindən vəfat edən şəxslərin iş yerinə icazəsiz gətirildiyini, hadisə ilə bağlı Əliyev Rahib barədə məhkəmə hökmü olduğunu, onun barəsində azadlıqdan məhrum etmə cəzası verildiyini, iddiaçıya maddi və mənəvi zərərə görə 10 il öncə pul ödənildiyini, nə qədər pul ödənildiyini bilmədiyini, vəfat edənlərin qəbir daşlarının şirkət tərəfindən qoyulduğunu, o zaman iddiaçı ilə barışıq əldə edildiyini, iddiaçı hüquqdan sui-istifadə etdiyini, hadisədən uzun müddət keçdiyini bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
11. Müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
13. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 12.2. Cinayətin əlamətləri olan əməldən zərər çəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanılmasını tələb etməyə, onun həyata keçirilməsində zərər çəkmiş şəxs və ya xüsusi ittihamçı qismində iştirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 9.1 Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3 Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1 Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107 Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarları: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarı: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarı: “Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. ...Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Nəzərə alınmalıdır ki, mənəvi təzminat tələbi vərəsəliklə əlaqəli deyil. Belə ki, mənəvi təzminat tələbi ilə çıxış edən iddiaçı ölən şəxsin vərəsəsi olsa da, onların ölümdən əvvəl emosional yaxınlığı olmadığı, iddiaçı şəxsin ölməsi ilə əlaqədar ağrı və kədər hissi və ya mənəvi sarsıntı keçirmədiyi təqdirdə onun mənəvi təzminat almaq tələbi də istisna edilir. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Beləliklə, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər.” “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: “Zərərçəkən Mülki Məcəllənin 1099-cu maddəsi üzrə iddia irəli sürərkən məruz qalmış olduğu zərərə, onun məbləğinə, şəxsin hüquqa zidd davranışına, sonuncunun işəgötürənin (cavabdehin) işçisi olduğuna, hüquqa zidd davranışla zərər arasında səbəbli#nəticə əlaqəsinin olmasına dair sübutları təqdim etməlidir. Mülki Məcəllənin 1099-cu maddəsinin tətbiqi üçün işçi tərəfindən vurulmuş zərərin bilavasitə işəgötürənin fəaliyyət dairəsinə aid olub-olmaması məsələsinin aydınlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Əgər işçinin zərər vuran hərəkətləri işəgötürənin fəaliyyət dairəsinə aid deyildirsə, hüquq pozuntusu işçinin əmək və ya xidməti vəzifələrinin icrası ilə əlaqədar baş verməmişdirsə, o zaman zərərin əvəzinin ödənilməsi vəzifəsi bilavasitə zərərvuranın (işçinin) üzərinə düşür.”
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarları “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərar: Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir; Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir; Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur; Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
17. “İnsan hüquqlarının və X2 haqqında” Konvensiyanın 41-ci maddəsinə və digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsi təcrübəsinə dair qərarları: Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə xx.xx.2006-cı il tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə xx.xx.2014-cü il tarixli qərarlarnda Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir. Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə xx.xx.2009-cu il tarixli Qərarında Avropa Məhkəməsi mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir. Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə Qərarında, həmçinin, göstərilmişdir ki, şəxslərin mənəvi iztirablarının dərəcəsinin müəyyən edilməsi üçün qohumluq əlaqələrinin yaxınlıq dərəcəsi, qohumluq münasibətlərinin spesifikası, qohumun hadisənin şahidi olub-olmaması və s. faktorların müəyyən edilməsi əhəmiyyət kəsb edir. Maksimov Rusiyaya qarşı iş üzrə xx.xx.2010-cu il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər. “Apicella İtaliyaya qarşı” iş üzrə xx.xx.2006-cı il tarixli qərar: “Ərizəçinin daha zəngin və ya kasıb bir ölkədə yaşamasından asılı olmayaraq eyni pozuntu üçün oxşar məbləğlər verməsi mənasızdır. Çünki pulun dəyəri fərqlidir və həqiqətən yerli iqtisadi inkişafdan və alıcılıq qabiliyyətindən asılıdır”
18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli aralıq qətnaməsinə əsasən mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.
b) Əsaslandırma
19. İddia qismən təmin edilməlidir.
20. Belə ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərərə qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeydi-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmiş şəxsin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
21. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinin tələblərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərər vurulduqda ödənilə bilər.
22. İşin hallarından aydın olur ki, iddiaçının həyat yoldaşı və oğlunu Cavabdeh MMC-də işə cəlb edən X14 qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Rahib Əliyevin məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə iddiaçının oğlu və həyat yoldaşının ölümünə səbəb olması olmuşdur.
23. Qeyd edilən hökmdən görünür ki, Rahib Əliyev Cavabdeh firmasında iş icraçısı vəzifəsində işləməklə 20 avqust 2012-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən həmin firmaya məxsus Ticarət Mərkəzinin işıqlandırılması məqsədi ilə Mərkəzdən 600 metr Lökbatan qəsəbəsi istiqamətində 35 kv-luq elektrik xəttinə qoşulmaq üçün yeni tikilmiş 2-ci yağ açarı keçid məntəqəsində üzərinə elektrik qurğusunun qoyulması üçün dəmir karkasdan qaynaqlanma yolu ilə konstruksiyalar quraşdırılması işlərinin icra olunmasını təşkil edərkən səhlənkarlıq etmiş, yəni vəzifəli şəxs kimi işə vicdansız və laqeyd yanaşması nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyərək qaynaq işlərini icra etməyə görə ünvan 1 ünvanında yaşayan X8 və sonuncunun oğlu, 29 aprel 1995-ci ildə anadan olmuş, yetinlik yaşına çatmayan X10 ilə müqavilə bağlamayaraq onların qaynaq işləriaparmağa ixtisas vəsiqələrinin olmasını öyrənmədən və onlara təhlükəsizlik texnikası qaydalarına riayət etmələrinə dair aidiyyəti təlimatlandırma keçmədən, habelə onları iş sahəsinə gətirib istehsalat tapşırığını verdikdə, istifadə olunacaq qaynaq aparatının "xxxx" ASC-dən və "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən sonuncuya məxsus 0,4 kv-luq elektrik şəbəkəsinə qoşulması üçün razılıq və texniki şərt alınaraq elektrik şəbəkəsinə qoşulmasını, eləcə də qaynaq aparatının və ona aid elektrik naqilinin istismara yararlığının yoxlanılmasını təmin etməyərək "Elektrik qaynaq işləri" 12.3.003-75 DÜST-ün 2.1, 2.18, 7 bəndlərinin və "İş icraçısının vəzifə təlimatı"nın tələblərini pozub görüləcək işlərə görə gündəlik hər birinə 20 manat əmək haqqı ödəyəcəyi razılığına gəldikdən sonra həmin işləri icra etmək üçün X8 xx.xx.20012-ci il tarixdə elektrik şəbəkəsinə qanunsuz qoşulmuş və qaynaq aparatından çıxan elektrik naqilin əvvəllər istifadə olunmasızamanı izolyasiya örtüyü zədələndiyindən həmin hissənin üzərinə izolyasiya lenti bağlamaqla yararsız kabeldən istifadə edərək oğlu Nurlan Dadaşovla qaynaq aparmaqla konstruksiyaların quraşdırılmasına başlamış, xx.xx.2012-ci il tarixdə saat 13 radələrində Yulyət Dadaşov qaynaq işiapararkən izolyasiya lentiaçılan yerdə kabel qaynaq olunan metal ayaqaltına toxunduğundan həmin ayaqaltı elektrik gərginliyi altına düşmüş və nəticədə onu elektrik cərəyanı vurmuşdur. Mərhumun dərisində elektrik nişanəsi əlamətləri, baş beyin yumşaq qişasında tək-tək xırda ocaqlı qansızmalar, atelektaz və emfizema ocaqları, xırda ocaqlı qansızmalar aşkar olunmuşdur. Ona kömək etmək istəyərkən X10 da elektrik gərginliyinə düşmüşdür. Hadisə nəticəsində hər ikisi elektrik cərəyanı ilə zədələnmə nəticəsində baş vermiş kəskin ürək-qan-damar çatışmazlığı nəticəsində ölmüşdür. Bununla da, X6 xidməti vəzifələrinə səhlənkar yanaşması ehtiyatsızlıqdan zərər çəkmiş şəxslərin ölümünə səbəb olmuşdur.
24. Göründüyü kimi, iddiaçının həyat yoldaşının və oğlunun baş vermiş hadisəsi nəticəsində vəfat etməsini, habelə ölümün cavabdehin işçisinin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Belə olan halda, həyat yoldaşının və oğlunun hadisə nəticəsində vəfat etməsi iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnmişdir və işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
26. Məhkəmə vurulmuş mənəvi zərərin məbləği ilə bağlı aşağıdakıları qeyd edir.
25. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur.
26. Mənəvi zərərin məbləğinin müəyən edilməsi üçün konkret meyarlar qanunvericiliklə müəyyən edilməmişdir. Mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Zərərin ağırlığının çox olması təzminat miqdarının yüksək, az olması isə aşağı olmasını şərtləndirir. Belə ki, bir şəxsin iş qəzasında vəfat etməsi ilə şəxsin qəsdən həyatdan məhrum edilməsinin məruz qoyduğu mənəvi zərərin məbləği fərqləndirilməlidir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər.
27. İztirab və sarsıntının ağırlıq dərəcəsinə təsir göstərən faktorlardan biri də ölən və ya cismani zərərə məruz qalanın yaxınlarının mənəvi təzminat tələb etmələri halında onların zərərçəkmiş şəxslə qohumluq dərəcəsi və şəxsi münasibətlərinin xarakteridir. Yaxınlara ödəniləcək mənəvi təzminatın miqdarında qohumluq dərəcəsindən asılı olmayaraq mövcud olan şəxsi münasibətlərin xarakteri də əhəmiyyət kəsb edir. Bu zaman sağ ikən şəxslərarası münasibətlərin məzmununa xüsusi diqqət edilməlidir. Odur ki, ölən şəxslə yaxşı münasibəti olan və daim onun yanında qalan bir kəsə ödəniləcək təzminat məbləği, münasibətləri pis olan və uzun zaman ərzində onunla görüşməyən şəxsə ödəniləcək məbləğdən çox olmalıdır.
28. Mənəvi təzminatın məbləğinə təsir edən elementlərdən biri də zərərçəkənin iqtisadi vəziyyətidir. Çünki qane olma səviyyəsi hamıda eyni deyil. Təqsirli tərəfin maddi vəziyyəti də mənəvi zərərin müəyyən edilməsində əhəmiyyətli faktorlardan biridir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsində də mənəvi zərərin məbləği məsələsi həll edilərkən ölkələrin sosial-iqtisadi durumu, insanların yaşayış səviyyəsi nəzərə alınır.
29. Həmçinin, mənəvi zərər bilavasitə zərərvuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə, mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin təsirinin azalması da labüddür.
30. Bundan əlavə, iddiaçı mənəvi zərərə görə 90.000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamışdır.
31. Məhkəmə qeyd edir ki, ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Lakin iddiaçınını hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsini, cinayət işinin icraatı zamanı cavabdeh hüquqi şəxsə qarşı hər hansı tələblərinin olmaması ilə bağlı iradə ifadəsini göstərməsini, zərərçəkmiş şəxslərin onun həyat yoldaşı və övladı olmaqla yaxınlıq və bağlılıq dərəcəsinin yüksək olmasının mübahisəsiz olması və iztirabın davamlı xarakter daşıması ilə birlikdə qiymətləndirərək hesab edir ki, iddia tələbi iddiaçıya vurulmuş mənəvi zərərə 20.000 manat pul vəsaitinin cavabdehdən tutulması həddində təmin edilməsi ədalətli və ağlabatan olacaqdır. Məhkəmə xərcləri
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
34. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.3-cü maddəsinə əsasən, əlillik, səhhətə digər xəsarətlər yetirilməsinə və ya ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
35. İddia səhhətə xəsarətlər yetirilməsinə ilə bağlı olduğundan, iddiaçı dövlət rüsumu ödəməkdən azaddır və iddia qismən təmin edildiyindən, dövlət rüsumu həmin nisbətdə, yəni 150 manat olmaqla cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Nəticə
36. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş mənəvi ziyana görə 20,000 manat pul vəsaiti Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli; iddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 150 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməli; iddia qalan hissədə təmin edilməməlidir.
37. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən mənəvi ziyana görə 20,000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçının azad edildiyi 150 manat dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülnar Aslanova