Məhkəmə qərarları › İş №e-2(002)-2306/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2306/2025

07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2306/2025 07.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, Məhkəmə iclas katibi Babayeva Nərmin Sahib qızının katibliyi, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı məhkəmə qətnaməni qəbul etdi İşin halları

1. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 25.12.223-ci il tarixdə verilmiş AZ-İİ 611366 saylı nikah haqqında şəhadətnaməyə əsasən, İddiaçı ilə Cavabdeh arasında nikah 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində xx.xx.2023-ci il tarixdə bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İddia tələbi

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış nikah ləğv edilməsi, əmlakların çıxarılması və 2500 manat pulun geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)- 2306/2025 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, pul və cehiz əmlak” tələbinə dair iddia ərizəsi cehiz əşyalarının qaytarılması hissəsində baxılmamış saxlanılması qərara alınmışdır.

4. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(002)- 2306/2025 saylı qərardadı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması, pul və cehiz əmlak” tələbinə dair mülki iş üzrə “2500 manat pul tələbi” hissəsi tələbi ayrıca icraata ayrılması qərara alınmışdır.

5. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o İddiaçı ilə Cavabdeh ilə nikaha daxil olmuş bir müddət münasibətləri normal olsada sonra kəskin pisləşmiş və hal-hazırda hər ikisi ayrı yaşayır, həmi nikahdan övladı olmamışdır. Cavabdehin həyatında başqa xanım olduğundan hesab edir ki, onların bir ailə kimi bir yerdə olmağı mümkün deyildir ona görə də aralarında bağlanmış nikah ləğv edilməlidir.

6. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1, 19.1, 19.2, 20.2, 20.1-ci maddəsinə istinad etmişdir.

7. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

8. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq iddia tələbini müdafiə edərək, cehiz əmlaklarını cavabdehin mənzilindən çıxardığı üçün həmin hissədə tələbi olmadığını, nikahın pozulmasını xahiş etmişdir.

9. Cavabdeh xx.xx.2025-ci il tarixdə ərizə yazaraq boşanmağa razı olduğunu və nikahın vaxt verilmədən pozulmasını xahiş etmişdir.

10. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 19.1-ci maddəsinə əsasən, bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. 20.1-ci maddəsinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. 21.1-ci maddəsinə əsasən, ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Əsaslandırma

13. İddia əsaslıdır.

14. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər xx.xx.2023-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birdə nikahlarından övladları yoxdur. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. Məhkəmə iclasında müəyyən olundu ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ayrı yaşayırlar, ailələri faktiki olaraq dağılmışdır. Cavabdeh məhkəmə hazırlıq iclasında iştirak edərək nikahın pozulmasına razı olduğunu bildirmişdir. Bu halda, məhkəmə tərəflər arasında ailə münasibətlərini bərpası mümkünsüz olduğundan və iddiaçının nikahın pozulmasında təkid etməsini əsas götürülərək hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır.

15. Məhkəmə əlavə olaraq Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Plenum Qərarının göstərişlərinə əsasən tərəflərin diqqətinə çatdırır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə xərcləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

17. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

18. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmiş, həmçinin məhkəməyə 100 manat dövlət rüsumu ödəmişdir.

19. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 100 manat dövlət rüsumu ödəməsi ilə bağlı azad edildiyi hissəyə uyğun olaraq dövlət rüsumunun tutulmasına ehtiyac qalmamışdır. Nəticə

20. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci ildə Səadət Sarayı (Bakı nikah evi) bağlanmış nikah pozulmalıdır.

21. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2023-ci il tarixdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsinin 4146 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi vasitəsilə və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar