Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-2862/2024 01.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «atanın icazəsi olmadan azyaşlı uşağın ölkədən çıxması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «atanın icazəsi olmadan azyaşlı uşağın ölkədən çıxması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı oğlu X3 ölkədən çıxmasına onun atası Cavabdeh razılığı olmadan icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından xx.xx.2020-ci il tarixdə oğulları X6 dünyaya gəlmişdir. Cavabdehlə müxtəlif xarakterdə olmaları səbəbindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(004)-149/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdehlə faktiki ayrıldıqları vaxtdan azyaşlı oğlu Riad onun himayəsindədir və nikahlarını pozan məhkəmə övladını onun yanında saxlamışdır. Hazırda 4 yaşında olan oğlu R.Babazadənin hərtərəfli inkişaf etməsi, ilin müəyyən vaxtlarında onunla bərabər ölkədən kənar istirahətə getməsi olduqca zəruridir. Lakin cavabdehin xarakterindən irəli gələn hərəkətləri uşağın normal inkişafına müəyyən maneçilik yaradır. Belə ki, azyaşlı uşağı istirahət üçün ölkədən kənara aparmağa cavabdeh çox çətinliklə razılıq versə də, verdiyi razılıq ərizəsini istənilən vaxt ləğv etməyəcəyinə əmin deyil. Bu səbəbdən də azyaşlı uşağının istirahət hüququ, həmçinin onun azyaşlıya uyğun planlaşdırdığı planları pozulmuş olur. Yaranmış vəziyyəti nəzərə alıb hesab edir ki, azyaşlı oğlu Riadın ölkədən çıxmasına razılığın verilməsi məsələsi məhkəmə qaydasında həll olunmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, İddiaçı bundan əvvəl də uşağın ölkədən çıxması ilə bağlı ona müraciət etmiş və bildirmişdir ki, anası və uşağı ilə xarici ölkəyə səyahət etmək istəyirlər. O bununla əvvəlcə razılaşmış və iddiaçıya uşağın ölkədən çıxması ilə bağlı notarial qaydada razılıq vermişdir. Lakin sonradan müəyyən etmişdir ki, iddiaçı anası ilə deyil, yeni ailə qurduğu şəxslə xarici ölkəyə səyahət edir və uşağını da özü ilə aparmaq istəyir. Bu səbəbdən uşağının kənar şəslə səhahət etməsinə etiraz edir. Çünki iddiaçı uşağına onun deyil, atasının həmin şəxs olması barədə yalan məlumatlar verir və uşağından ona ata deməsini tələb edir. Məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2(004)-149/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 Cavabdeh qarşı «nikahın pozulması, uşağın ananın yanında qalması və aliment» tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X4 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsində 2527 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X6 anası X1 yanında saxlanılmış, xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay 180 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X2 ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nigahda olmaları, rəsmi nigahdan 1 uşaqlarının olması, tərəflər arasında olan nikahın pozulması, uşağın ananın yanında saxlanılmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İddiaçı uşağın Ölkə xaricinə aparılıb-gətirilməsi zərurətini uşağın, eləcə də, özünün istirahət və digər Konstitusion hüquqlarının həyata keçirilməsi ilə əsaslandırır. İş materiallarına əlavə olunmuş Bakı 18 saylı Mediasiya Təşkilatının 19 iyul 2024cü il tarixli, MŞB/18/2024-00711 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, cavabdeh 19 iyul 2024-cü il tarixə saat 11:00-a təyin edilmiş mediasiya sessiyasına gəlməmiş, iddiaçı həmin sessiyada iştirak etməklə 50 manat mediasiya xərcini və 10 manat poçt xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir 28-ci maddəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikası ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. 34-cü maddəsinə əsasən, nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsinə görə, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 18-ci maddəsində görə, uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşaqların ən yaxşı maraqları onların qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən ailənin bir üzvü öz hüquqlarını həyata keçirərkən və vəzifələrini yerinə yetirərkən ailənin başqa üzvlərinin və digər vətəndaşların hüquqlarını, azadlıqlarını və qanuni mənafelərini pozmamalıdır. 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 58.2-ci maddəsində əsasən, valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. 52-ci maddəsində əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 25-ci maddəsinə əsasən, hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Məhkəmə işin müəyyən edilmiş hallarının hüquq normalarının dispozisiya şərtlərinə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə apararaq müəyyən edir ki, İddiaçı Möhübbət qızı uşağı ilə faktiki birgə yaşayan valideyn kimi öz uşağının maraqlarını üstün tutmaq şərti ilə ona dair qərar qəbul etmək, hazırkı halda onu Azərbaycan Respublikasından xaricə aparıb-gətirmək, onun dünyagörüşünün artırılması, istirahətinin təşkil edilməsi üçün tədbirlər görmək hüququ vardır. Bu hüquq uşağın daha yaxşı tərbiyəsinin psixoloji və mənəvi təminatı kimi qəbul edilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında uşağın himayəsinə verilmiş valideyninə həmin uşağın mənafeyinin təmin edilməsi ilə bağlı səlahiyyətlərin verilməsi halı müəyyən edilmişdir (bax, Z. Sloveniyaya qarşı, § 115, 30 noyabr 2010-cu il və Eberhard and M. Sloveniyaya qarşı, § 88, 1 dekabr 2009-cu il). Göründüyü kimi, qanunverici 18 yaşına çatmamış vətəndaşın ölkədən getməsini valideynlərinin razılığının olması ilə tam məhdudlaşdırmamış, mübahisə halında bu hüququn məhkəmə tərəfindən həll olunması imkanını təsbit etmişdir. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 13 nömrəli Qərarının qeyd edilmişdir ki, bu kateqoriya işlər üzrə tələb “yetkinlik yaşına çatmayan vətəndaşın (uşağın) digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi” məzmununda qoyulmalıdır. Həmin Qərarın 7.1-ci bəndində qeyd edilir ki, məhkəmələr tərəfindən bu qəbildən olan işlərə baxılarkən, qanunla müəyyən edilmiş yaş həddinə çatmış uşağın fiziki və psixoloji vəziyyəti nəzərə alınmaqla dinlənilməsi təmin edilməlidir. Nəzərə alınmalıdır ki, bu dinlənilmə uşağın yaşayış yerində, təhsil aldığı müəssisədə, o cümlədən sosial həyata uyğunlaşdığı şəraitdən ölkəni bir valideyni ilə çıxması səbəbi ilə daimi və ya müvəqqəti məhrum olmasının onun əqli, fiziki və mənəvi inkişafına yaratdığı təsirlərlə əlaqədar uşağın fikirlərinin öyrənilməsi baxımından həyata keçirilməlidir. Ailə qanunvericiliyinin müəyyən yaş həddinə çatmış uşağın fikrinin nəzərə alınması ilə bağlı göstərişləri hər bir işin konkret hallarından və uşağın üstün mənafeyindən çıxış edilərək, onların fikri ilə üstüstə düşməyən qərarın qəbul olunmasını istisna etmir. Lakin bu çür hallarda uşağın fikrini həlledici hesab etməyən məhkəmə öz mövqeyini işin hallarına və işdə olan sübutlara istinadla əsaslandırmalıdır. Həmin Qərarın 7.16-ci bəndində qeyd edilir ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilibyetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. Həmin Qərarın 7.17-ci bəndində qeyd edilir ki, uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşaqların xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir. Həmin Qərarın 7.18-ci bəndində qeyd edilir ki, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübuta yetirməlidir. 7.19-ci maddəsinə əsasən bu baxımdan, uşağın himayəsində olduğu valideynlə xarici ölkəyə çıxarılmasına etiraz edən tərəf belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmadığını sübut etdiyi təqdirdə iddianın təmin olunmasından imtina edilə bilər. Göstərilən qanunvericilik aktı normalarına və beynəlxalq təcrübəyə əsaslanaraq, məhkəmə hazırkı mübahisədə uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verərək, uşağın mənafeyi baxımından onun digər uşaqlarla (həmyaşıdları ilə) bərabər malik olduğu bu hüquqlarının isə yalnız valideynlərindən ayrı yaşaması halı ilə məhdudlaşdırılmasının yolverilməz olduğunu əsas götürərək, habelə bu hüququn təmin edilməsinin uşağın əqli, fiziki inkişafına, təlim-tərbiyəsinə yalnız müsbət təsirinin ola biləcəyini, həmçinin işin digər hallarını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, tərəflərin birgə nikahdan olan uşağının müvəqqəti olaraq cavabdehin razılığı olmadan ölkədən kənara çıxarılmasına icazə verilməlidir. Məhkəmə onu da qeyd edir ki, uşağın xarici ölkəyə getmək hüququnun məhdudlaşdırılmasına əsas verən halların müəyyən edilməməsini, belə səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, fiziki və psixi sağlamlığına, əxlaqi inkşafına uyğun olmamasına əsas olan hər hansı sübutların məhkəmə araşdırması çərçivəsinə müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olmaqla təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X6 himayəsində olduğu İddiaçı ilə birlikdə konstitusion hüquq olan - azad hərəkət etmək hüquqlarını, yəni ölkədən gedib-gəlmək hüquqlarını sərbəst həyata keçirə bilmir. Məhkəmə qeyd edir ki, hazırkı işdə uşağın maraqları, yəni azad hərəkət etmək hüququ (ölkədən gedib-gəlmək hüququ) valideynlərin maraqlarından üstün tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki işin araşdırılması zamanı uşağın konstitusion hüquq olan azad hərəkət etmək hüququna dövlət tərəfindən müdaxilə edilməsi üçün tutarlı əsas müəyyən edilmədiyindən, xx.xx.2020-ci il təvəllüdlü X6 atası Cavabdeh razılığı olmadan 18 yaşına çatanadək (daimi əsaslar olmadan) anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikasının hüdudlarından kənara sərbəst getməsinə və qayıtmasına icazə verilməlidir. Lakin məhkəmə uşağın tərbiyə və təhsilinə aid olan bütün məsələlərdə hər iki valideynin iştirakının zəruri olmasını nəzərə alaraq hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X6 Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılarkən anası İddiaçı tərəfindən atası Cavabdeh mütləq şəkildə yazılı qaydada məlumat verilməli, məlumatda uşağın hansı ölkəyə, hansı müddətə və nə məqsədlə aparılması qeyd edilməlidir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X3 18 yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, atası - Cavabdeh razılığı olmadan, sonuncuya öncədən rəsmi məlumat verilməklə anası İddiaçı ilə birgə Azərbaycan Respublikasından gedib-gəlmə hüququna icazə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi cavabdeh ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat ödəniş etmiş və buna görə, iddiaçı iddia ərizəsinin verilməsinə görə, ödənilməli olan dövlət rüsumundan həmin hissədə azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından ödənilmiş 50 manat dövlət rüsumu onun özünə aid edilməli, dövlət rüsumunun iddiaçının azad edildiyi 50 manat hissəsi isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2020-ci il təvəllüdlü X3 18 yaşına çatanadək daimi əsaslarla ölkəni tərk etməsi istisna olmaqla, atası - Cavabdeh razılığı olmadan, sonuncuya öncədən rəsmi məlumat verilməklə anası İddiaçı ilə birgə Azərbaycan Respublikasından gedib-gəlmə hüququna icazə verilsin. İddiaçının azad edildiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-2862/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-2862/2024
01.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver