Məhkəmə qərarları › İş №e-2(002)-3045/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3045/2022

20.12.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3045/2022 20.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 01 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 08 iyun 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər uşaq üçün hər ay 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə quraraq, sonradan nikahlarını 17 sentyabr 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat Şöbəsində 915 saylı akt qeydi ilə rəsmiləşdirmişlər. 01 dekabr 2012-ci il təvəllüdlü X3 və 19 sentyabr 2015-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmamış uşaqları var. Nikahlarının ilk dövrlərində münasibətləri yaxşı olsa da, müəyyən vaxt keçdikdən sonra münasibətləri pisləşməyə başlamışdır. Faktiki olaraq cavabdehlə birlikdə yaşamırlar. Faktiki ayrıldıqdan sonra cavabdeh övladlarının saxlanılmasında demək olar ki, bir valideyn kimi iştirak etməmişdir. Uşaqlarının saxlanılması üçün cavabdehlə aralarında razılıq yoxdur. Övladlarının saxlanılmasını cavabdehlə ayrıldıqdan sonra valideynlərinin köməkliyi ilə yerinə yetirmişdir. Cavabdeh tərəfindən onun təklifinə cavab verilməmişdir. Bundan sonra mediator təyin edilməsi ilə bağlı müraciət etmişdir. Cavabdeh mediatorun çağırışı ilə 05 oktyabr 2022-ci il tarixə təyin olunmuş ilkin mediasiya sessiyasında iştirak etməmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış tərtib edilmişdir. Hesab edir ki, cavabdehin qazancı, gəliri qeyri-müntəzəm, dəyişkən olduğu üçün, habelə alimentin cavabdehin qazancından, gəlirindən müəyyən hissə kimi tututlması mümkün olmadığı, çətinlik törətdiyi və uşaqların marağı əhəmiyyətli dərəcədə pozulduğuna görə, aliment sabit pul məbləğində tutulmalıdır. Cavabdeh hər uşağına hər ay 193 manat pul ödəyə bilər. İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən məhkəməyə təqdim etdiyi ərizədə əlavə olaraq qeyd etmişdir ki, o, cavabdehdən faktiki olaraq 08 iyun 2022-ci il tarixdə ayrılaraq, Qazax rayonuna valideynlərinin evinə qayıtmışdır. Həmin səbəbdən də, uşaqları onun himayəsində olmuşdur. Tələb etməsinə baxmayaraq, cavabdeh övladlarının saxlanılması üçün bu vaxtadək hər hansı bir maddi yardım göstərməmişdir. Cavabdeh ilkin mediasiya sessiyasında belə iştirak etməmişdir. Buna görə də hesab edir ki, uşaqlarının saxlanılması üçün aliment 08 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cavabdeh "xxxx" MMC-də sürücü işləyir və 1.172 manat 20 qəpik əmək haqqı alır. Həmin təşkilatın arayışını məhkəməyə təqdim etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hər uşağa görə hər ay 150 manat olmaqla, 300 manat aliment tutulmasına etiraz etmir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirdi ki, övladlarına maddi dəstək olmaqdan imtina etmir. Lakin iddiaçının tələb etdiyi məbləğdə aliment ödəmək imkanına malik deyil. Hər ay hər uşağı üçün ondan iddiaçının xeyrinə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmasına razıdır. Bu səbəbdən, iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 17 sentyabr 2013-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon Qeydiyyat şöbəsində 915 saylı akt qeydi ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada İbrahimova soyadı verilmişdir. Tərəflər bundan öncə faktiki münasibətlərdə olmuşlar. Tərəflərin 01 dekabr 2012-ci il təvəllüdlü X3 və 19 sentyabr 2015-ci il təvəllüdlü X4 adlı iki yetkinlik yaşına çatmamış uşaqları var. xx.xx.2022-ci il tarixli MŞQ/1-00156 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh tərəflər arasında olan mübahisə üzrə xx.xx.2022-ci il tarixdə keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat mediasiyaya dair xərci ödəmişdir. İddiaçı uşaqların maddi qayğılarını dilə gətirərək, hər ay sabit pul məbləğində aliment tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh övladlarının saxlanılması üçün hər uşağa görə hər ay 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment ödəməyə razıdır. O, uşaqları qarşısında olan öhdəliklərini yerinə yetirməkdən imtina etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Qanunun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə müraciət edərkən 50 manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 01 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı Cavabdeh qızının xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilməlidir. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin daha artıq məbləğdə aliment ödəmək imkanına malik olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 01 dekabr 2012-ci il təvəllüdlü X1 və 19 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2022-ci il tarixdən başlayaraq Cavabdeh iddiaçı Cavabdeh qızının xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Cavabdeh 56 manat dövlət rüsumu tutularaq Dövlət büdcəsinə ödənilsin. 50 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar