Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3542/2024 23.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «sığorta ödənişinin subroqasiya qaydasında tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta ödənişinin əvəzi olaraq 5.030 manat pul vəsaiti və 70 manat dövlət rüsumunun Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ci il tarixdə Kürdəxanı-Zabrat şossesində Cavabdeh idarə etdiyi və "xxxx" ASC tərəfindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış «Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil «Kia Rio» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. Sabunçu rayon Məhkəməsinin 3(008)-858/2015 saylı qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsinin (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" ASC tərəfindən «Kia Rio» markalı **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 6.000 manat müəyyən edilmişdir. Hadisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2(81)- 1990/2016 saylı qərarı üzrə "xxxx" ASC-dən icbari sığorta üzrə zərər çəkən nəqliyyat vasitəsinə dəymiş zərər üzə 5.030 manatın tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmiş və "xxxx" ASC tərəfindən 5.030 manat sonuncu sığorta şirkətinə sığorta ödənişi ödənilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, üzürlü səbəbdən məhkəməyə gələ bilmədiyini qeyd etmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə iddiaya etiraz göndərmişdir. Həmin etirazda qeyd olunmuşdur ki, iddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 5.030 manat məbləğində əsas pul vəsaiti və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. Hesab edir ki, iddia tamamilə əsassızdır və aşağıda qeyd olunanlara əsasən rədd edilməlidir. İşin faktiki halları ondan ibarətdir ki, Cavabdeh 08 avqust 2015-ci il tarixdə, saat 22.30-da idarə etdiyi «Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlama xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edən «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinin sürücüsü yüngül bədən xəsarətləri almışdır. Cavabdeh X1 əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün onun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi və toplanılmış materiallara inzibati qaydada baxılması barədə Sabunçu rayon Polis idarəsinin Təhqiqat şöbəsi tərəfindən 14 avqust 2015-ci il tarixli qərar qəbul edilmişdir. Sabunçu rayon Məhkəməsinin 3(008)-858/2015 saylı xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında qeyd olunan hallar öz əksini tapmışdır. Həmin qərara əsasən Cavabdeh qüvvədən düşmüş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunmuşdur. Cavabdeh idarə etdiyi «Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sözügedən yol-nəqliyyat hadisəsinin baş verdiyi dövrdə üçüncü şəxslər qarşısında məsuliyyəti "xxxx" ASC tərəfindən icbari sığora olunmuşdur. Zərərçəkmiş «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə könüllü sığorta təminatı "xxxx" ASC tərəfindən verilmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı İnzibatİ-İqtisadi Məhkəməsinin 2(81)-1990/2016 saylı 27 dekabr 2016-cı il tarixli qətnaməsinə əsasən «KİA-Rio» minik markalı **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə nəticəsində tam məhv olmuş, "xxxx" ASC tərəfindən avtomobilin qalıq dəyəri çıxılaraq 6.000 manat məbləğində sığorta ödənişi faydalanan şəxsin hesabına ödənilmişdir. Sözügedən qətnamə ilə "xxxx" ASC tərəfindən 5.000 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Sabunçu rayon Məhkəməsi tərəfindən verilmiş 3(008)-858/2015 saylı qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.5-ci maddəsinin (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Lakin iddiaçı tərəfindən istinad edilən qərara və maddəyə nəzər saldıqda görünər ki, cavabdehin yol-nəqliyyat hadisəsi yerindən yayınmasını təsdiq edən heç bir müddəa yoxdur. Belə ki, qüvvədən düşmüş Azərbaycan Respublikası İXMnın 151.5-ci maddəsi aşağıdakı formada verilmişdir: Bu Məcəllənin 151.1-151.3-2-ci, 151- 1-ci və 151-3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə - iki yüz manat miqdarında cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Maddənin məzmununda iddiaçının nəzərdə tutduğu kimi konkret olaraq sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə məsuliyyət nəzərdə tutulmamışdır. Maddə göndərici maddədir. Həmin maddədə nəzərdə tutulan məsuliyyətin yaranması üçün istinad edilən maddələrdə nəzərdə tutulan inzibati xətalardan bir və ya bir neçəsi törədilməlidir. Sabunçu rayon Məhkəməsinin 3(008)-858/2015 saylı xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında Cavabdeh yol-nəqliyyat hadisəsi yerindən yayınması ilə hal öz təsdiqini tapmamışdır. Qərarda cavabdehin «Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlama xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edərkən» yolnəqliyyat hadisəsini törətdiyi öz təsdiqini tapmışdır. Bu isə qüvvədən düşmüş Azərbaycan Respublikası İXM-nın 151.3-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi deməkdir. Beləliklə, yol-nəqliyyat hadisəsi üzrə qəbul edilmiş yekun qərar olan Sabunçu rayon Məhkəməsinin 3(008)-858/2015 saylı xx.xx.2015-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarında sürücünün yol-nəqliyyat hadisəsi yerindən yayınması təsdiq edilmədiyi üçün iddiaçı tərəfindən həmin qərara istinad edilərək cavabdehdən subroqasiya qaydasında ödənilmiş sığorta ödənişini geri tələb etməsi qanuni və əsaslı deyil. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2013-cü il tarixli MB********** saylı sığorta şəhadətnaməsindən görünür ki, X2 məxsus olan «KİA Rio» markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi «avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. Təminat müddəti xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrü əhatə etmişdir. İş materiallarında olan PXA********** saylı sığorta şəhadətnaməsindən görünür ki, Cavabdeh («Vaz-2106» markalı **-UF-*** dövlət qeydiyyat nişanlı avtomobil) "xxxx" ASC tərəfindən «avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» növü üzrə sığortalanmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 31 avqust 2015-ci il tarixli 3(008)- 858/2015 saylı qərarından görünür ki, Cavabdeh 08 avqust 2015-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi «VAZ-2106» markalı ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə Zabrat-Kürdəxanı yolunda hərəkət edərkən nişanlanma xəttinin tələbini pozub, sola geriyə dönərkən qarşıdan düzünə hərəkət edən «KİA Rio» markalı ** GF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə «KİA Rio» markalı avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Cavabdeh Azərbaycan Respublikası İXM-nın 151.5-ci maddəsi ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 21-ci maddəsi tətbiq edilməklə, ona xəbərdarlıq edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli 2(81)- 1990/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" ASC-nin cavabdeh "xxxx" ASCyə qarşı «5.000 manat məbləğində pulun tutulması» tələbinə dair iddiası təmin edilmiş, subroqasiya qaydasında 5.000 manat pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 5.030 manatın cavabdeh "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir (əsas: Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-2(102)- 295/2017 saylı qərarı). Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra vərəqəsi verilmiş, icra vərəqəsi icra edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli 2(81)- 1990/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlar hazırda mübahisələndirilə və sübut edilə bilməz. Digər sözlə ifadə etdikdə, sığorta hadisəsinə dair sənədlər toplusuna aid olan sığorta aktı və s. sənədlərin yenidən müzakirə edilməsi, onların qeyd edilməsi, məhkəmə çəkişməsi predmetinə çevrilməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi ilə əlaqədar olaraq iddiaçı "xxxx" ASC tərəfindən 5.030 manat ödəniş edilmiş və cavabdehə qarşı subroqasiya qaydasında tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs, ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunur ki, bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmə iclasında təsdiq olundu ki, mülki hüquq pozuntusu məhz Cavabdeh tərəfindən törədilmişdir və o, törətdiyi hüquq pozuntusu ilə vurduğu zərəri ödəməyə borcludur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ərtafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən … və i.a. istifadə edilməsi;…) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 70 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 5.030 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə cavabdeh tərəfindən faydalanan şəxsə əlavə olaraq 800 manat ödəniş etməsinə dair bildirdikləri ilə bağlı qeyd edir ki, iddiaçı həmin məbləği pretenziya qaydasına riayət etməklə faydalanan şəxsdən müvafiq məhkəməyə iddia ərizəsi təqdim etməklə tələb edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 5.030 manat məbləğində sığorta ödənişi və ödənilmiş 70 manat dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №e-2(002)-3542/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3542/2024
23.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver