Məhkəmə qərarları › İş №e-2(002)-3611/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3611/2025

24.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3611/2025 24.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin tutulması tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəlüldlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 738 (yeddi yüz otuz səkkiz) manat sabit pul məbləğində alimentin və 50 manat mediasiya xərcinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında xx.xx.2015-ci ildə Bakı 3 saylı Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində nikah qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 25 fevral 2025-ci i tarixli, 2(002)- 80/2025 saylı qətnaməsinə əsasən, tərəflər arasında bağlanmış nikah pozulmuş və xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X5, xx.xx.2013-cü il təvəllüdlü X7 iddiaçının himayəsinə verilmişdir. Artıq xeyli müddətdir ki, o, cavabdehlə ayrılmışdır, cavabdeh uşaqların saxlanılmasında maddi cəhətdən iştirak etmir, könüllü olaraq aliment ödəmir, iddiaçı isə təkbaşına uşaqların saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Cavabdeh izahat verərək bildirdi ki, o, iddia tələbinə qismən etiraz edir. Belə ki, həqiqətən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-80/2025 saylı qətnaməsinə əsasən, tərəflər arasında nikah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X8, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəlüldlü X1 Elməddin Qorxmaz oğlunun himayəsinə verilmişdir. İddiaçının tələb etdiyi aliment məbləği ilə razı deyildir. Belə ki, rəsmi iş yeri yoxdur, bəzən qeyri-rəsmi olaraq dırnaq ustası kimi aylıq 400 manat qazanc əldə edir, hazırda hər ay hər uşağa görə ən çoxu 90-100 manat məbləğində aliment ödəyə bilər. Eyni zamanda bildirir ki, iddiaçı avtobus sürücüsü olmaqla aylıq təqribən 1000 manat qazanca malikdir. Qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(002)-80/2025 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsində 467 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəlüldlü X3 cavabdeh İddiaçı himayəsində və yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərin birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.2-ci maddəsinə müvafiq olaraq sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilibkeçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndinə əsasən, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 1.2.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1-ci yarımbəndi əlavə edilmişdir: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345x0,74=255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini "xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun" məzmununda ifadə etməlidir). Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək, yuxarıda sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, yetkinlik yaşına çatmayan uşaqların yaşı, mənafeyi, sayı, onların minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, eyni zamanda cavabdehin qazancı barədə konkret sübutların təqdim edilməməsi, cavabdehin izahatında qeyd etdiyi hallar, qanunvericiliyin tələbinə əsasən valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olması, 2025-ci ildə uşaqlara görə yaşayış minimumu normasının minimum əmək haqqının 0,62 misli həddində olması, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli Qərarında sabit pul məbləğində alimentin təyin edilməsi ilə bağlı müəyyən edilən qaydalar nəzərə alınaraq, iddia qismən təmin edilməli, 05 sentyabr 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəlüldlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, mediasiya xərci tərəflər arasında bərabər bölünməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 05 sentyabr 2025-ci il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X4, xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,31 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş mediasiya xərcinə görə 25 (iyirmi beş) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar