Məhkəmə qərarları › İş №e-2(002)-3719/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-3719/2025

04.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-3719/2025 04.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlak üzərində payın müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «daşınmaz əmlak üzərində payın müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh birgə təsərrüfat fəaliyyəti nəticəsində əldə etdikləri Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində onun ½ payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuş və bununla bağlı Biləsuvar rayon qeydiyyat şöbəsində 85 saylı akt qeydi aparılmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(002)-307/2024 saylı qətnaməsi ilə onlar arasında bağlanmış nikah pozulmuşdur. Lakin onlar arasında nikah Cavabdeh işi ilə əlaqədar formal olaraq pozulmuş, faktiki olaraq ərarvad münasibətlərində olmuş və birgə təsərrüfat aparmağa davam etmişlər. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Qusar rayonu Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə Cavabdeh adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi onların birgə təsərrüfat apardıqları dövrdə əldə edilmişdir. Bu səbəbdən onun həmin daşınmaz əmlak üzərində ½ payı müəyyən edilməlidir. Tərəflər arasında medasiya prosesi keçirilmiş və Bakı 6 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli MŞB/6- 01769 saylı arayışından göründüyü kimi, mediasiya prosesinin davam etdirilməsi mümkün olmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə ərizə göndərmişdir. O, iddia ərizəsinə iddiaçının cavabdeh və digər qohumları ilə çəkdirdikləri fotoşəkilləri əlavə etmişdir. Onun bildirdiyinə görə həmin fotoşəkillər tərəflər arasında bağlanmış nikahın pozulmasından sonra, yəni xx.xx.2024-cü il tarixdən sonra çəkilmişdir. İddiaçının bildirdiyinə görə həmin fotoşəkillərin çəkildiyi tarixə nəzər yetirdikdə aydın olur ki, tərəflər arasındakı faktiki nikah münasibətləri 2025-ci il tarixədək davam etmişdir. Cavabdeh isə sözügedən torpaq sahəsini xx.xx.2024-cü il tarixdə, yəni tərəflər arasında nikah münasibətləri davam edən zaman adına rəsmiləşdirmişdir. Bu səbəbdən tərəflərin birgə nikah dövründə əldə etdikləri Qusar rayonu Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində İddiaçı ½ payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəməyə ərizə göndərərək, iddianı qəbul etmədiklərini bildirmiş və mülki işə onun iştirakı olmadan baxılaraq, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizələri nəzərə alaraq mülki işə tərəflərin (nümayəndələrinin) iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmaları nəticəsində aşağıdakı hallar müəyyən edildi: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)- 307/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2009cu il tarixdə Biləsuvar rayon Qeydiyyat şöbəsində 85 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların övladları xx.xx.2009-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X10 anaları İddiaçı yanında saxlanılmış, ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci iddiaçıya aid edilmişdir. - xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı 493055 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı nikahlarına Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə xitam verilmiş, bu barədə xx.xx.2024-cü il tarixdə müvafiq akt qeydləri kitabında 50 saylı akt qeydi aparılmışdır. - xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, X7, X6 və X5 ümumi mülkiyyətlərində olan – Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,30947 ha torpaq sahəsini 5.400 manata Cavabdeh satmışlar. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX DƏDK və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan (sorğuya cavab) görünür ki, Cavabdeh adına Qusar rayonu Çubuqlu kəndində yerləşən 1,3095 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. - Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/6- 01769 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, tərəflər (iddiaçının nümayəndəsi və cavabdeh) xx.xx.2025-ci il tarixə saat 14:30-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi mümkün olmamışdır. Ümumilikdə 61 manat xərc (mediasiya xərci və s.) iddiaçı tərəfindən ödənilmişdir. - xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 mart 2024-cü il tarixli qərarının 3.7-ci bəndinə əsasən, əmlak üzərində birgə mülkiyyət hüququnun tanınmasını tələb edən ər (arvad) həmin əmlakın nikah dövründə əldə edildiyini sübut etməlidir. Qeyd olunduğu kimi birgə mülkiyyət hüququnun tanınması üçün ilkin tələb həmin əmlakın nikah dövründə əldə olunmasının sübuta yetirilməsidir. Məhəkəmə araşdırması zamanı isə müəyyən edildi ki, barəsində iddia qaldırılan torpaq sahəsi xx.xx.2024-cü ildə tərəflərin nikahı pozulduqdan sonra cavabdeh tərəfindən xx.xx.2024-cü ildə əldə edilmişdir. Belə olan halda iddiaçı nikah münasibətlərinin faktiki olaraq davam etməsinə və birgə təsərrüfat aparmalarına istinad edərək həmin torpaq sahəsi üzərində pay hüququnun tanınmasını o halda tələb edə bilər ki, bu torpaq sahəsinin mülki qaydada birgə vəsaitləri hesabına əldə edilməsini sübut etmiş olsun. İddiaçı tərəfindən təqdim olunan dəlillər bu halı sübut etmir. Məhkəmədə həmçinin müəyyən edildi ki, tərəflər arasında nikah pozulduqdan sonra münasibətlərin bərpasına cəhdlər olmuş, lakin bu baş verməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə müvafiq olaraq nikahın hüquqi nəticə yaratması üçün onun dövlət qeydiyyatına alınması zəruridir. Tərəflərin nikahları rəsmi qaydada pozulsa da onlar sonradan nikaha daxil olmamışlar. Tərəflərin faktiki olaraq ailə münasibətlərinin davam etməsi onların ərarvadın hüquq münasibətlərindən irəli gələn hüquq və vəzifələrinin yaranmasına səbəb ola bilməz. İddiaçı iddia ərizəsində cavabdehlə formal olaraq boşanmalarına istinad etmişdir. Müəyyən edildi ki, məhkəmədə nikahın pozulması ilə bağlı iddia qaldırılmasından öncə işin mediasiya mərhələsində həlli baş tutmamış, nikah məhkəmə qaydasında pozulmuş, işə baxılması zamanı hər hansı formal boşanma halları aşkar edilməmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra məhkəmə tərəfindən icraya yönəlmiş, nəticədə tərəflərə nikahın pozulması barədə şəhadətnamə verilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin formal boşanmaları onların ər-arvad olmasını ehtiva etmir. Çünki ər-arvad münasibətləri rəsmi nikaha əsaslanır. Beləliklə də, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında nikah pozulduğundan, iddiaçının nikahın formal pozulmasına istinad etməsi ilə bağlı dəlilləri əsassızdır. İddiaçı tərəfindən mübahisəli torpaq sahəsinin tərəflərin birgə vəsaiti hesabına əldə edilməsi qeyd edilsə də həmin torpaq sahəsinin onların ümumi vəsaiti hesabına alınmasına dair məhkəməyə mötəbər sübutlar təqdim edilməmiş və təqdim edilən sübutlar isə qeyd edilən halı təsdiq etmir. Əksinə, məhkəmə iclasında müəyyən edildi ki, mübahisə predmeti olan torpaq sahəsi tərəflərin nikahları məhkəmə qaydasında pozulandan sonra cavabdeh tərəfindən əldə olunmuşdur və həmin torpaq sahəsi birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilə bilməz. Məhkəmədə həmçinin müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış AN-İ seriyalı, ******* saylı alğı-satqı müqaviləsi ilə Cavabdeh Qusar rayonu, Çubuqli kəndində yerləşən 1,3095 ha torpaq sahəsini X4, X3 və X1 almışdır. Bunun nəticəsi olaraq həmin torpaq sahəsi Cavabdeh adına qeydiyyata alınmışdır. Bu alğı-satqı müqaviləsi bağlanıldlqda tərəflər arasında nikah qeydiyyatı mövcud olmamışdır. Alğısatqıda ödənilmiş məbləğin tərəflərin birgə vəsaiti olması barədə iddiaçı tərəfindən mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,3095 ha torpaq sahəsi üzərində ½ pay hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Qusar rayonu, Çubuqlu kəndində yerləşən 1,3095 ha torpaq sahəsi üzərində ½ pay hüququnun müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar