Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-508/2024 22.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan “Haval Jolion” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 970,20 manat (doqquz yüz yetmiş manat iyirmi qəpik) pulun və ödənilmiş 30,40 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2023-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “MAN” markalı, **-FR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Haval Jolion” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş **********7 nömrəli, xx.xx.2022-ci il tarixli tam sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Haval Jolion” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da könüllü sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin Haval servis mərkəzinin dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2023-ci il tarixli hesablama aktına və elektron qaiməyə əsasən, “Haval Jolion” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1220 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 124158 nömrəli sığorta aktına və 12627 nömrəli ödəniş tapşırığına əsasən sığortalanmış “Haval Jolion” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 manat azadolma məbləği çıxılmaqla 970,20 manat məbləğində sığorta ödənişini "xxxx" QSC-yə ödəmişdir. İddiaçı bildirir ki, xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olduğuna görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarın və protokolun surətindən görünür ki, Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmişdir. Hesab edir ki, 970,20 manat pul Cavabdeh oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Ona görə də iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh Azərbaycan Respublikası MPM-nin 284-5.1 və 284-5.2-ci maddələrinə əsasən ona göndərilmiş rəsmi bildirişlə bağlı müəyyən edilmiş qaydada iddiaya qarşı hər hansı əsaslandırılmış yazılı etiraz bildirməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 284- 5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarında olan sübutları tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan İXP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun və TP seriyalı ******* saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, “MAN” markalı, **-FR-*** dövlət qeydiyyat avtomobilin sürücüsü Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 100 manat miqdarında cərimə edilmişdir. Protokolla razı olduğunu Cavabdeh öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan **********7 nömrəli, xx.xx.2022-ci il tarixli tam sığorta şəhadətnaməsindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Haval Jolion” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-də könüllü sığorta müqaviləsi üzrə sığortalanmışdır, azadolma məbləği 250 manat təşkil edir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş 124158 saylı sığorta aktının surətindən görünür ki, Haval Jolion” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 1220,20 manat miqdarında qiymətləndirilmişdir. İş materiallarında olan ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı təşkilat tərəfindən zərər dəymiş əmlakın sahibinə 1220,20 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta” Qaydalarının 25.1-ci bəndinə əsasən, sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. Həmin Qaydaların 25.2-ci bəndinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Beləliklə, iş materiallarında olan sübutlara və sadalanan hüquq normalarının tələblərinə əsasən məhkəmə müəyyən edir ki, iddiaçının ödədiyi sığorta ödənişi məbləğinin (970,20 manat) subroqasiya qaydasında yol-nəqliyyat hadisəsinə görə təqsirli bilinmiş cavabdehdən tutulması tələbi əsaslı hesab olunaraq təmin edilməlidir. Məhkəmə, eyni zamanda iddianın dövlət rüsumunun və bank xidməti haqqının cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, həmin tələb də təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-1 - 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 970,20 manat (doqquz yüz yetmiş manat iyirmi qəpik) sığorta ödənişi məbləği, 30 (otuz) manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №e-2(002)-508/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-508/2024
22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver