Məhkəmə qərarları › İş №e-2(002)-564/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-564/2023

14.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-564/2023 14.06.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh ilə xx.xx.2012-ci il tarixində bağlanmış nikah pozulması, birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X16 onun himayəsinə verilməsi, uşaqların saxlanması üçün cavabdehdən hər ay, hər uşaq üçün ayrı-ayrılıqda 193 manat sabit pul məbləğində aliment tutulması, ilkin mediasiya sessiyasında iştirak haqqı üçün cavabdehdən 50 AZN pul məbləği (xərclərin bölüşdürülməsi qaydasına uyğun olaraq) tutularaq ona ödənilməsi, ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X16 dünyaya gəlmişdir.Hal-hazırda faktiki olaraq ayrı yaşayırlar, ciddi ailədaxili anlaşmazlıqlar mövcuddur və bu səbəbdən də ailə münasibətlərinin davam etdirilməsi qeyri-mümkündür. Buna görə də Cavabdeh ilə xx.xx.2012-ci i il tarixində bağlanmış nikahın pozulması, xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa ayrı-ayrılıqda 193 manat məbləğdə alimentin ödənilməsini və uşaların onun yanında saxlanması ilə bağlı tələblərinin mövcudluğunu diqqətə çatdırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinin tələblərinə əsasən, o. mediasiya prosesində mübahiəsinin həll edilməsi ilə bağlı təkliflə Mediasiya Şurasına müraciət etsəm də, cavabdehlə mediasiya prosesində heç bir razılıq əldə edilməmiş, bu səbəbdən, mübahisənin məhkəmə qaydasında həll edilməsi zərurəti yaranmışdır. Qeyd edib ki, bu proses üçün 50 AZN məbləğində dövlət rüsumunu ödəmişdir. Hal-hazırda övladları onun himayəsindədir və onların maddi təminatını ödəmək bir ana kimi ona çox çətindir. Yuxarıda qeyd olunanlarla əlaqədar, nikahının pozulması, birgə nikahdan dünyaya gələn xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X6 onun himayəsinəə verilməsini və onların saxlanması üçün hər ay hər uşaq üçün ayrı-ayrılıqda 193 manat məbləğində alimentin təyin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin vəkili tərəfindən təqdim edilmiş cavabdehin iş yeri və onun əmək haqqı barədə arayışa dair qeyd etdi ki, cavabdehin müqaviləsinin yeni bağlanılmasından və əmək haqqının məbləğindən görünür ki, təyin ediləcək alimentin məbləğinə təsir etmək niyyəti güdür.Bu səbəbdən məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında alimentin cavabdehin əmık haqqından tutulmasına dair vəsatət və cavabdehin iş yerindən arayış təqdim edərək, Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən alimentin miqdarı aylıq qazancının üçdə bir hissəsi miqdarında tutulmasını xahiş etmişdir. Əlavə etdi ki,uşaqların tərbiyəsi ilə nənəsinin dahayaxşı məşğul ola biləcəyini bildirərək, uşaqların cavabdehin himayəsində qalmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ seriyalı 815347 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə Cavabdeh arasında nikah xx.xx.2012-ci il tarixdə Qaradağ rayonu Qeydiyyat Şöbəsində 1241 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ № 784883 saylı şəhadətnamədən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ № 784883 saylı şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X6 atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, tərəflər arasında olan ailə mübahisəsi ilkin mediasiya sessiyası prosedurunu keçmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş ********** ödəniş qəbzindən görünür ki, iddiaçı 50 manat məbləğində dövlət rüsumunu dövlət hesabına ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “İlkin mediasiya sesiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, iddiaçı 50 manat məbləğində mediasiya xərci 18 saylı mediasiya şurasının hesabına ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının xx.xx.2023-cü il tarixli 5-13/2-422 saylı rəyindən görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”sı təqdim olunmuş sənədlərlə tanış olaraq, azyaşlının gələcək mənafeyini və psixoloji durumunu nəzərə alaraq, insanlıq və humanist prinsiplərdən çıxış edərək, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 51.2-ci, 52-ci və 61-ci maddələrinə əsaslanaraq, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X16 anaları İddiaçı yanında və himayəsində saxlanılmasını məqsədəuyğun hesab edir.Rəyə əlavə olunmuş aktdan görünür ki, azyaşlı uşaqlar ataları X17 ilə birgə yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının xx.xx.2023-cü il tarixli 5-13/2-422 saylı rəyinə əlavə edilmiş, Cavabdeh mənzil-məişət şəraitinin müəyyən edilməsi barədə olan xx.xx.2023-cü il tarixli aktından görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”sının üzvləri Firidun Hüseynov, Ruslan İsmayılov, Vəfa Talıbova bu aktı tərtib edərək öyrənmişdir ki, Cavabdeh ünvan 1 ünvanında qardaşı, qardaşı ailəsi (üç nəfər),anası və qeyri rəsmi nikahda olduğu Diana Şərifova ilə birgə yaşayır.Yaşayış sahəsi 121m² olan ev beşotaqlıdır.Mənzil sahibi cavabdehin özüdür.Mənzil orta təmir, işıqlı və havalıdır, sanitar və gigiyena cəhətdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır. 1.Cavabdeh fərdi avtomobil ustası işləyir. Cavabdeh şifahi məlumatına əsasən o, dekabr 2022-ci il tarixindən Diana Şərifov ilə qeyri rəsmi nikaha daxil olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanının xx.xx.2023-cü il tarixli 5-13/2-422 saylı rəyinə əlavə edilmiş, İddiaçı mənzil-məişət şəraitinin müəyyən edilməsi barədə olan xx.xx.2023-cü il tarixli aktından görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiya”sının üzvləri Firidun Hüseynov, Ruslan İsmayılov, Vəfa Talıbova bu aktı tərtib edərək öyrənmişdir ki, İddiaçı Qaradağ rayonu, Sahil qəsəbəsi,M.Seyidov küçəsi,ev 3,manzil 71 ünvanında övladları X14 və X16 ilə birgə yaşayır. Yaşayış sahəsi 46m² olan evikiotaqlıdır.Mənzil sahibi cavabdehin mərhum atası X7r.Mənzil orta təmirli, işıqlı və havalıdır, sanitar və gigiyena cəhəttdən normalara cavab verir. Qaz, işıq, su və kanalizasiya sistemləri qaydasındadır.. İddiaçı "Qaranquş" uşaq baxçası, körpələr evinde “Dayə yardımçısı” işləyir.X2 və X3 rayonu, Sahil qəsəbəsində yerləşən 273 nömrəli tam orta məktəbdə təhsil alırlar. Məhkəmənin mövqeyi: İşin məhkəmə iclasında tərəflərin nümayəndə və vəkillərinin izahatları ilə və iş materialları ilə müəyyən edilmiş hallarından görünür ki, tərəflər rəsmi nikaha daxil olmuş, onların iki yetkinlik yaşına catmamış uşaqları var, hazırda tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ailələri faktiki olaraq dağılmışdır. Nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. İddiaçı nikahın pozulmasını tələb edir. Cavabdeh isə nikahın pozulması hissəsində iddia tələbini qəbul etsə də, birgə nikahdan olan uşaqların onun himayəsinə verilməsini yaxud uşaqların iddiaçının himayəsində qaldığı halda isə alimentin onun əmək haqqının 1/3 hissəsi miqdarında tutulmasını xahiş etmişdir. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmiş hallarını, iddia tələbinin nikahın pozulması hissəsinə cavabdehin etrazı olmadığını, qəyyumluq və himayəçilik orqanının rəyini və tərəflərin maddi vəziyyətini, uşaqlara baxmağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında mövcud olan nikah pozulmalı, birgə nikahdan doğulan yetkinlik yaşına çatmayan uşaqlar iddiaçının himayəsində saxlanılmalı, iddia tələbi aliment təyin edilməsi hissəsində qismən təmin edilərək, hər ay bir uşağa görə 180 manat, iki uşağa görə 360 manat sabit pul məbləğində aliment-iddia ərizəsinin məhkəməyə daxil olduğu gündən-xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə toplanmış sübutlara hüquqi qiymət verərək, iddia tələbinin nikahın pozulması hissəsinə cavabdehin etrazı olmadığını, qəyyumluq və himayəçilik orqanının rəyini və tərəflərin maddi vəziyyətini, uşaqlara baxmağın hər iki valideynin vəzifəsi olduğunu nəzərə alaraq iddia qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Qaradağ rayonu Qeydiyyat Şöbəsində 1241 saylı akt qeydi ilə bağlanmış nikah qeydi pozulmalı və xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X16 İddiaçı himayəsində və yanında saxlanılmalı, xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay bir uşağa görə 180 manat, iki uşağa görə cəmi 360 manat sabit pul məbləğində aliment tutulmalıdır. Ödənilmiş 50(əlli) manat dövlət rüsumu və 50(əlli) mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilməlidir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1-ci maddəsinin tələbinə, görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların kiminlə qaldığını və uşağın saxlanması üçün aliment tutulmasına dair məsələləri də həll etməlidir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardı. Ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Aliment öhdəliyi dedikdə, ailə münasibətlərinin iştirakçısı olan ər-arvad, valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur. Ailə Məcəlləsinin 99-cu maddəsinə əsasən, ailə üzvləri arasında aliment ödənilməsi barədə saziş olmadıqda, bu Məcəllənin 13-16-cı fəsillərində göstərilmiş şəxslər aliment tutulması barədə məhkəməyə müraciət edə bilərlər. Ailə qanunvericiliyində məhkəmə qaydasında alimentin tutulmasının 2 qaydası müəyyən edilmişdir:-aliment ödəyənin aylıq qazancının (gəlirinin) müəyyən hissəsi miqdarında; - sabit pul məbləğində. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-ci maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Qanunverici göstərilən maddədə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin sabit məbləğdə tutulmasının bir neçə əsasını müəyyən etmişdir: aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa; aliment verməyə borclu olan valideyn qazancının (gəlirinin) hamısını və ya bir hissəsini natura və ya xarici valyuta ilə alırsa; aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa; alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda. Bu əsaslardan hər hansı biri mövcud olduqda alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Qaradağ rayonu Qeydiyyat Şöbəsində 1241 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. xx.xx.2016-cı il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X16 İddiaçı himayəsində və yanında saxlanılsın. xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq İddiaçı xeyrinə hər ay bir uşağa görə 180(yüz səksən) manat, iki uşağa görə cəmi 360(üç yüz altmış) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. Ödənilmiş 50(əlli) manat dövlət rüsumu və 50(əlli) mediasiya xərci Cavabdeh İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin . Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar