Məhkəmə qərarları › İş №e-2(002)-835/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-835/2024

25.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-835/2024 25.06.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «nikahın pozulması, uşağın himayədə saxlanılması və aliment» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qətnaməni qəbul etdi İşin halları

1. Tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar (Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ 368685 nömrəli nikah haqqında şəhadətnamə) Birgə nikahlarından iki övladları doğulmuşdur: xx.xx.2008-ci il təvəllüdlü X4 və xx.xx.2011-ci il təvəllüdlü X7. (Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, AZ-T 229029 nömrəli və xx.xx.2022-ci il tarixli, AZ-T 229030 nömrəli doğum haqqında şəhadətnamə). İddia tələbi

2. İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə 20 noyabr 2007-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində bağlanmış, akt qeydləri kitabında 1098 nömrə ilə qeydə alınmış nikahının (pozulmasına), birgə nikahdan doğulmuş övladları 05 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 sentyabr 2011-ci il təvəllüdlü X5 onun (anası İddiaçı) yanında qalmasına , Cavabdeh övladları 05 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 sentyabr 2011-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizənin verildiyi tarixdən hesablanaraq hər uşaq üçün 235 (iki yüz otuz beş) manat (ümumilikdə 470 manat) sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə 20 noyabr 2007-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon VVADQ şöbəsində rəsmi nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1098 nömrə ilə qeyd aparılmışdır. Birgə nikahdan 05 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 sentyabr 2011-ci il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra cavabdehlə bir müddət normal ailə münasibətlərində olsa da, sonradan bu münasibətlər pozulmuş, cavabdehlə xasiyyətində ziddiyyətlər yaranmışdır. Bir müddətdir ki, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Hazırda nikahı formal xarakter daşıyır və bərpası qeyri-mümkündür.

4. İddiaçı tələbin hüququ əsası kimi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1, 20.1, 22.1, 75.1-ci maddələrinə istinad etmişdir.

5. İddia tələbinə yazılı etiraz və qarşılıqlı iddia ərizəsi verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

6. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iştirak edərək, iddia tələbini müdafiə etmiş və nikahın pozulmasına və uşağın onun himayəsinə verilərək hər ay 470 manat aliment tutulmasını xahiş etmişdir.

7. Cavabdeh X6 məhkəmə iclasında ərizə yazaraq, boşanmağa və uşaqların analarında qalmasına razı olduğunu, hər ay uşağa cəmi 470 manat aliment ödəməyə razı olduğunu bildirmişdir.

8. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin mövqeyi: a) İddia tələbinin qanuni əsası Azərbaycan Respublikası Konstitusiyasının:

9. 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

10. 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın:

11. 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın

12. 7 saylı Protokolunun 5-ci maddəsinə görə, ərlə arvad bərabər hüquqlara malikdirlər və uşaqları ilə münasibətlərdə, habelə nikaha daxil olmaq, nikahda olmaq və boşanma ilə bağlı bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun

13. 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin

14. 19.1-ci maddəsinə əsasən bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

15. 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

16. 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur.

17. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

18. 21.1-ci maddəsinə əsasən ər-arvadın nikahın pozulmasına razılığı olduqda, bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur.

19. 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər.

20. 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə: 22.2.1. boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını müəyyən etməli; 22.2.2. uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir.

21. 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlaını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər.

22. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

23. 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

24. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

25. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

27. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

29. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

31. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. b) Əsaslandırma

32. İddia əsaslıdır.

33. İşin mübahisəsiz halları ondan ibarətdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birdə nikahlarından yetkinlik yaşına çatmamış iki övladı vardır. Tərəflər arasındakı nikah formal xarakter daşıyır və ailənin bərpasına ümid yoxdur. Cavabdeh işin məhkəmə baxışına hazırlanması mərhələsində ərizə yazaraq boşanmağa razı olmadığını bildirdiyindən qanunun yuxarıda qeyd edilən tələbinə əsasən tərəflərə barışıq üçün vaxt verilmiş, lakin tərəflər arasında bu müddət ərzində barışıq əldə edilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, tərəflər ər-arvad münasibətlərini kəsmişlər, ayrı yaşayırlar, ailələri faktiki olaraq dağılmışdır. Bundan başqa, cavabdeh məhkəmə baxış iclasında ərizə yazaraq iddianı qəbul etdiyini, uşağın anada saxlanmasına və hər ay cəmi 470 manat sabit məbləğdə aliment ödəməyə razı olduğunu bildirmişdir. Bu halda, məhkəmə ailə qanunvericiliyinin tələblərini əsas götürərək hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır.

34. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan övladı Məmmədəli və Elmir iddiaçının himayəsində olmaqla onunla birlikdə yaşayırlar. Bu halda, məhkəmə tərəflərin birgə nikahdan olan övladlarının hazırda iddiaçının himayəsində olması, onunla birlikdə yaşamasını və cavabdehin boşanmadan sonra uşaqların iddiaçının yanında saxlanmasına razılığını əsas götürərək hesab edir ki, tərəflərin birgə nikahdan olan övladları 05 noyabr 2008-ci il təvəllüdlü X4 və 09 sentyabr 2011-ci il təvəllüdlü X7 İddiaçı yanında və himayəsində saxlanılmalıdır.

35. Məhkəmə birgə nikahdan olan uşaqların saxlanması üçün cavabdehdən tutulmalı olan aliment tələbinə münasibətdə qeyd edir ki, həm yerli, həm beynəlxalq qanunvericliyin tələbinə əsasən, uşaqların üstün mənafeyi əsas götürülməklə həmin hissədə də iddia təmin edilməlidir.

36. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır.

37. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri).

38. Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

39. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

40. Məhkəmə tutulacaq alimentin miqdarının müəyyən edilməsi ilə bağlı onu qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin aylıq qazancını və digər gəlirlərini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iddiaçı tələbində hər ay 470 manat alimentin tutulmasını xahiş etmiş, cavabdeh maddi və ailə vəziyyətinin hər ay uşaq üçün 470 manat aliment ödəməyə kifayət etdiyini bildirmişdir. Bu halda, tərəflərin qarşılıqlı razılığını, cavabdehin maddi və ailə şəraitini uşaqların üstün mənafeyi ilə birlikdə nəzərə alaraq hesab edir ki, cavabdehdən uşağın saxlanması üçün tələb həcmində, hər ay cəmi 470 manat sabit pul məbləğində aliment tutulmalı, alimentin tutulması iddia ərizəsinin verildiyi tarixdən hesablanmalıdır.

41. Məhkəmə əlavə olaraq tərəflərin diqqətinə çatdırır ki, Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 29 iyul 2019-cu il tarixli Plenum Qərarının göstərişlərinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Məhkəmə xərcləri

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

43. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

44. Hazırkı iddia tələbinin irəli sürülməsi üçün 100 manat dövlət rüsumunun ödənilməsi (qiymətləndirilməyən iddialar üzrə) nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat ödəniş etmiş və buna görə ödənilməli olan dövlət rüsumundan həmin hissədə azad edilmişdir.

45. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından 50 manat dövlət rüsumu onun özünə aid edilməli və dövlət rüsumunun iddiaçının azad edildiyi 50 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə

46. Beləliklə, məhkəmə yuxarıda qeyd edilmiş beynəlxalq və milli qanunvericilik normalarına uyğun, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsində 1098 saylı akt qeydi ilə bağlanmış nikah pozulmalı, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 İddiaçı himayəsində və yanında saxlanılmalı, cavabdeh X1 xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 50 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir.

47. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2007-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu VVADQ şöbəsində 1098 saylı akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X4 İddiaçı himayəsində və yanında saxlanılsın. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Alimentin tutulması 25 yanvar 2024-cü il tarixdən hesablansın. Alimentin tutulması hissəsində qətnamə dərhal icra edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-16(002)-9/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təyin edilmiş müvəqqəti aliment hazırkı qətnamənin icrası zamanı nəzərə alınsın. İddiaçının azad edildiyi dövlət rüsumunun 50 manat hissəsi Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Aslanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar