Məhkəmə qərarları › İş №e-2(002)-845/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-845/2022

14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-845/2022 14.04.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.04.2013-cü il təvəllüdlü Zeynalov oğlunun və 26.08.2018-ci il təvəllüdlü Zeynalova X1 üçün Cavabdeh hər ay 386 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Esra Hasan kızı Kazan Cavabdeh ilə 10 sentyabr 2017-ci il tarixində rəsmi nikaha daxil olmuşdur. İddiaçı ilə cavabdehin birlikdəliyindən 12 aprel 2013-cü il təvəllüdlü X8 və 26 avqust 2018-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. X6 1. Ailə Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli qərarı ilə İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması, uşaqların İddiaçı himayəsinə verilməsi, Cavabdeh hər bir uşaq üçün aylıq 250 TL olmaqla, cəmi 500 TL alimentin tutulması müəyyən edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 vəsatətlə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, Türkiyə Respublikasının Düzce 1. Ailə Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli qərar ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahının pozulmasını göstərmiş və həmin qərarın Azərbaycan Respublikasının ərazisində tanınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli, 10(102)-196/2021 saylı qərardadı ilə İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 ərizəsinin təmin edilməsi, Türkiyə Respublikasının Düzce

1. Ailə Məhkəməsinin 24 dekabr 2020-ci il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınması qərara alınmışdır. Qeyd etmək istərdim ki, Cavabdeh gəmilərdə kapitan vəzifəsində işləyir və uşaqların saxlanması üçün qazancından alimentin tutulması onun maddi vəziyyətinə heç bir təsir göstərmir. Həmçinin cavabdeh tərəfindən bu günə qədər heç bir aliment məbləği ödənilməmişdir. Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İddiaçınən nümayəndəsi və vəkili məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında cavabdehin xarici ölkədə daimi yaşayış yeri və iş yeri olmadığından həmin qətnamənin icrası mümkün olmamış, cavabdeh asanlıqla aliment ödəməkdən yayınır, cavabdeh gəmidə dənizdə işləyir, o hər vaxt başqa-başqa ölkələrdə olur, belə olan halda həmin alimentin icrası heç cür mümkün deyildir, lakin burada onun daimi qeydiyyatda olduğu, vətəndaşı olduğu ölkədə onun icrası mümkündür, onun barəsində məcburi icra tədbirləri məhz Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri əsasında mümkündür, indiki halda isə sanki həmin qətnamə icrasız qətnamə kimi mövcuddur, habelə həmin hissədə qətnamə tanınmamışdır, bu halların nəzərə alınaraq, uşaqların mənafeyinin əsas götürülərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək,etirazı onunla əsaslanıdrmışdır ki, iddiaçı və uşaqların Türkiyə vətəndaşı olub orada daimi yaşamaları və Türkiyə məhkəməsinin aliment qərarı olduğundan, cavabdehin orada aliment ödədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabehin vəkili və nümayəndələrinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan A05V03123 seryalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zeynalov Can Zeynal oğlu 12.04.2013-cü il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan A13M12594 nömrəli doğum haqqında şəhadətnamənin çıxarışının məzmunundan aydın olur ki, X4 26.08.2018-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Türkiyə Respublikasının Düzcə 1. Ailə Məhkəməsinin 24.12.2020-ci il tarixli qərarının məzmunundan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuş, tərəflərin nikahından olan iki uşağın saxlanması üçün hər birinə 250 Tl miqdarında atadan aliment tutulması qərara alınmışdır. Qərar 22.03.2021-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 06.12.2021-ci il tarixli 10(102)-196/2021 saylı qərardadın məzmunundan aydın olur ki, Türkiyə Respublikasının Düzcə 1. Ailə Məhkəməsinin 24.12.2020-ci il tarixli qərarı nikahın pozulması hissəsində Azərbaycan Respublikasında tanınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ və İİ hissələrinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İİİ və İV hissələrində müəyyən olunmuşdur ki, analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 18-ci maddəsinin 1-ci bəndinə görə, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Ailə Məcəlləsinin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən isə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarın 8.2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanılmış nikah pozulmuş, tərəflərin birgə nikahdan iki övladı olmaqla, iddiaçının himayəsindədirlər. Həmçinin, məhkəmədə tədqiq eidlmiş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nikahın pozulması hisəsində müvafiq xarici ölkənin məhkəmə qərarı Azərbaycan Respublikasında tanınsa da, alimentin tutulması hissəsində tanınmamışdır. Bu halda, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahdan olan övladları iddiaçının himayəsində olduğundan, uşaqların bir sıra qayğılarının çəkilməsi məhz həmin valideynin üzərinə düşdüyündən, aliment öhdəliyi daşıyan valideyn qismində cavabdeh çıxış etdiyindən və cavabdeh Azərbaycan Respublikası vətəndaşı olmaqla, Azərbaycan Respublikası ərazisində daimi pasport qeydiyyatında olduğundan, hbaelə müvafiq məhkəmə qərarı alimentin tutulması hissəsində Azərbaycan Respublikasında tanınmadığından, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuşdur. Məhkəmə tutulacaq alimentin miqdarının müəyyən eidlməsi ilə bağlı onu qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdehin aylıq qazancını və gəlirini müəyyən etmək mümkün olmamışdır. Bu baxımından məhkəmə hesab edir ki, ailə qnaunvericiliyin tələbinə əsasən aliment hər ay ödənilməli olan sabit pul məbləği şəklində müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə uşaqların aylıq xərcinin müəyyən edilməsi mümkün olmadığından, uşaqların təhsil, sağlamlıq və digər gündəlik tələbat xərclərinin olmasının zərurliyini nəzərə alaraq, alimentin məbləğinin qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği əsas götürülməklə müəyyən edilməsi uşaqların mənafeyinə uyğun olmaqla, ağlabatan məbləğ kimi çıxış edir. Bu halda, məhkəmə qeyd edilən halları nəzərə alaraq, hər bir halda uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Həmçinin, məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan yəni, 16.02.2022-ci il tarixdən etibarən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu halda, məhkəmə iddiaçının dövlət rüsumunu ödəməkdən azad olunduğunu,həmçinin, qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan halları əsas götürərək, habelə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hər bir halda uşaqların üstün mənafeyini əsas götürərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12.04.2013-cü il təvəllüdlü X5 və 26.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, iş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 12.04.2013-cü il təvəllüdlü X5 və 26.08.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. Aliment 16.02.2022-ci il tarixdən tutulsun. Qətnamə dərhal icra edilsin. İş üzrə ödənilməli olan 66,32 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar