Məhkəmə qərarları › İş №e-2(002)-932/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №e-2(002)-932/2023

12.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(002)-932/2023 12.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı atalıq faktının tanınması və aliment tələbləri barədə iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı atalıq faktının tanınması və aliment tələbləri barədə iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X3 münasibətdə Cavabdeh atalıq faktının tanınması, faktiki nikahdan doğulmuş xx.xx.2021ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X1 üçün cavabdehin əmək haqqının və digər gəlirlərinin üçdə biri məbləğində alimentin və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2020-ci il tarixdə faktiki nikaha daxil olmuşlar. Faktiki nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X6 adlı iki uşaqları dünyaya gəlmişdir. Ailə həyatı qurduqları ilk dövrlərdən iddiaçı cavabdeh tərəfindən pis rəftara məruz qalmışdır. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X8 adlı övladına atalıq versə də, xx.xx.2022-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəldikdən sonra iddiaçının arxasınca gəlməmiş, buna görə də iddiaçı uşaqla birlikdə atası evinə getmişdir. İddiaçı dəfələrlə uşağa atalığın verilməsi ilə bağlı müraciət etsə də, cavabdeh buna məhəl qoymamış, əksinə hər dəfə iddiaçıya müxtəlif formada hədə-qorxu gəlmişdir. Cavabdeh bu günə qədər uşaqların saxlanılması ilə bağlı heç bir maddi və digər formada köməklik göstərməmişdir, uşaqlara alimentin verilməsi və atalıq faktının tanınması ilə bağlı ilkin mediasiya sessiyasında da iştirakdan yayınmışdır. Uşağa veriləcək doğum haqqında şəhadətnamədə uşağın soyadının “Məmmədova”, ata qrafasının “Cavabdeh” kimi qeyd edilməsi zəruridir. Hazırda o, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək izahatında bildirdi ki, o, iddianı qəbul edir. Belə ki, həqiqətən xx.xx.2022-ci il təvəllüdlü uşağın atasıdır, uşağın soyadının Məmmədova kimi qeyd edilməsini xahiş edir. Bundan əlavə, Qaradağ RPİ PPX bölüyündə polis serjantıdır və aylıq əmək haqqı alır, iddiaçı tərəfindən iki uşağa görə tələb olunan alimenti ödəməyə razıdır. Qeyd olunanlara əsasən, iddianın təmin edilməsini xahiş edir. Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaradağ rayon Qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbləri təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İV seriyalı, 647341 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Məmmədli Əfrahimin atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan AZ-İV seriyalı, 819285 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mustafayeva Əsmanurun atası X7, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 188-ci maddəsinə əsasən, atalığın müəyyən edilməsi haqqında qeyd əsasında uşağın doğulması haqqında qeydə ata barəsində məlumat yazılır və doğum haqqında yeni şəhadətnamə verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 76.1.2. iki uşağa görə - qazancın və (və ya) başqa gəlirlərin üçdə bir hissəsi. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının qoşulduğu BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.12-ci bəndinə əsasən, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Beləliklə, məhkəmə, izahatları dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək və sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, cavabdehin xx.xx.2022-ci il təvəllüdlü Əsmanur adlı uşağın atası olmasını etiraf etməsi nəzərə alınaraq atalıq faktının tanınması barədə iddia tələbi təmin edilməli, habelə hər iki valideynin razılığı nəzərə alınaraq uşağa atanın soyadı verilməlidir. Bundan əlavə, azyaşlı uşaqların mənafeyi, cavabdehin iş yerinə və aylıq qazanca malik olması, tərəflərin qarşılıqlı razılığı nəzərə alınaraq, iddia tələbi aliment hissəsində də təmin edilməli, uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilməlidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə iddianın mediasiya xərcinin və məhkəməyə müraciət üçün rüsumun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunduğundan, 50 (əlli) manat məbləğində mediasiya xərci və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 19 oktyabr 2022-ci ildə anadan olmuş X2 atası olması faktı müəyyən edilsin. 19 oktyabr 2022-ci ildə anadan olmuş X2 doğum aktı qeydində düzəliş edilərək, ona veriləcək yeni doğum haqqında şəhadətnamədə soyadı “Məmmədova”, ata qrafasında “Cavabdeh” qeyd olunsun, digər məlumatlar dəyişdirilmədən saxlanılsın. xx.xx.2023-cü il tarixindən başlayaraq xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının 1/3 (üçdə bir) hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. İş üzrə mediasiya xərcinə görə 50 (əlli) manat və ödənilmiş dövlət rüsumuna görə 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar