Məhkəmə qərarları › İş №e-2(003)-1437/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1437/2025

21.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1437/2025 21.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixli X2 ananın himayəsində saxlanılması və hər ay uşaq üçün 246 manat aliment tutulması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024- cü il tarixli, 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 518 nömrə ilə qeydə alınmış nikah Xəzər Rayon Məhkəməsi tərəfindən pozulması barədə qətnamə çıxarılmış və nikaha xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Cavabdehlə birgə nikahdan bir övladı xx.xx.2025-ci il tarixli X3 dünyaya gəlmişdir. Məhkəməyə nikahın pozulması üçün müracət etdiyi zaman uşaq dünyaya gəlmədiyi üçün aliment müəyyən olunmamışdır. xx.xx.2025-ci il tarixli X2 ananın himayəsində saxlanılması və onun saxlanması üçün uşaq doğulduğu vaxtdan aylıq minimum aliment miqdarının müəyyən olunması barədə məsələnin həll edilərək barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə İddiaçı birgə nikahdan dünyaya gəlmiş xx.xx.2025-ci il təvəllüdlü X2 ananın himayəsində saxlanılması, birgə nikahdan dünyaya gəlmiş övladın yetkinlik yaşına çatanadək maddi cəhətdən saxlanması üçün cavabdehdən hər ay 246 manat aliment və İddiaçı saxlanması üçün cavabdehdən hər ay 100 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul çıxarılmasını məhkəmədən xahiş etmişdir. Proses iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, onlar, məhkəmə iclasına gəlməmiş lakin vəkili və nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianın rədd olunmasını xahiş etdi. Bildirdi ki, atalığın müəyyən olunmasına dair iddiası hazırda məhkəmədə baxılır, həmçinin o, işləmir, maddi imkanı yoxdur. İş materiallarına əlavə olunmuş sənədlər Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası Cavabdeh, anası İddiaçı olan xx.xx.2025-ci il təvəllüdlü X3 doğulmuşdur. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış rəsmi nikah pozulmuşdur. Tətbiq edilən qanunvericilik Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsi Maddə 49.2-ci hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. Maddə 58-ci valideynlər: uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludur; uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyır; digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqa malikdir; uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludur; uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsinin və təhsil formasını seçmək hüququna malikdirlər. Maddə 60.4-cü valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 84.1. Ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. 84.2. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: 84.2.1. əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; 84.2.2. hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad; 84.2.3. əlilliyi olan ümumi uşağa və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı ümumi övlada qulluq edən və ehtiyacı olan ər və ya arvad “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1. 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. 9-cu maddəsinə görə, iştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər birbirindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 7.1-ci bəndində göstərilmişdir ki, yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 100.2. aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Maddə 234.2.1. şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Maddə 218.1. qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmənin mövqeyi Məhkəmə tərəfləri dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, iddiaçının Cavabdeh ilə birgə nikahından xx.xx.2025-ci il təvəllüdlü X3 adlı övladları olmuşdur. Tərəflər ayrılmışlar və birgə nikahlarından anadan olmuş uşaq hal-hazırda iddiaçının himayəsindədir. Məhkəmə azyaşlı uşaqların mənafeyini, onların mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri, uşağın hazırkı yaşda ana qayğısına və nəvazişinə daha çox ehtiyacının olduğunu nəzərə alaraq hesab edir ki, tərəflərin birgə nikahından doğulan nikahından xx.xx.2025-ci il təvəllüdlü X3 İddiaçı yanında qalmalıdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh yetkinlik yaşına çatmamış uşağın valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qaldığından, uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasına dair iddia tələbi əsaslıdır. Məhkəmə bunu da qeyd edir ki, aliment tutularkən alimentin hesablanmağa başlandığı (tələb barədə ərizənin verildiyi) təqvim ili ilə qətnamənin qəbul edildiyi il arasında ölkə üzrə minimum əmək haqqı məbləğində fərq olduqda, aliment ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olmuş minimum əmək haqqına münasibətdə təyin edilməlidir. Məhkəmə tərəflərin nikahından doğulmuş uşağın mənafeyini nəzərə alaraq, cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın yaş həddini, uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı və diqqətəlayiq olan digər halları əsas tutaraq, Cavabdeh hər ay hər uşağa 246,0 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Ona görə də məhkəmə uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa görə 246 manat həddində aliment tutulmasını məqsədə uyğun hesab edir. Hazırkı iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci ildə verilmişdir. Hazırda ölkə üzrə minimum əmək haqqı məbləği 400 manatdır. Qeyd olunan 246 manat məbləğ göstərilən 400 manat minimum əmək haqqı məbləğinin (246:400) 0,615 mislini təşkil edir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti xx.xx.2025-cü il tarixdən başlanmalıdır. Belə ki, işin materiallarından görünür ki, uşaq xx.xx.2025-cü il tarixdə doğulmuşdur. Buna görə də alimentin tutulma müddəti iddiaçının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinin yerinə yetirilməsi üçün cavabdehə mediasiya prosesinin tətbiqi barədə təklifi göndərdiyi xx.xx.2025-cü il tarixdən başlanmalıdır. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, xx.xx.2025-ci il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin “ananın saxlanılması üçün 100,0 manat məbləğində pulun tutulmasına” hissəsində bildirir ki, iddia bu hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı cavabdehin zəruri vəsaitə malik olmasına dair sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulan nikahından xx.xx.2025-ci il təvəllüdlü X3 İddiaçı yanında qalmalı, Cavabdeh xx.xx.2025-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq. məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il təvəllüdlü X3 İddiaçı himayəsində saxlanılsın. xx.xx.2025-cü il tarixindən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar