Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1678/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən əmək haqqının ¼ (dörddə bir) hissəsinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin olunmasını xahiş etdi və izahatında bildirdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1589/2017 qətnaməsi ilə iddiaçı və cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və nikahın pozulması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. İddiaçının “atalığın müəyyən edilməsi və alimentin təyin edilməsi” barədə qarşılıqlı iddia tələbi isə baxılmamış saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatında tərtib edilmiş barışıq sazişinə əsasən tərəflər arasında atalığın müəyyən edilməsi, uşaqla ünsiyyət və bir uşağa görə hər ay 220 manat alimentin ödənilməsi barədə razılıq əldə edilmişdir. Lakin sonradan cavabdehin daha artıq gəlirə malik olması müəyyən edildiyindən barışıq sazişinin alimentə dair hissəsində dəyişiklik edilməsi zərurəti yaranmışdır. Belə ki, cavabdeh taxşı işdə işləməklə yüksək məbləğdə stabil gəlirə malik olduğu üçün alimentin onun əmək haqqına yönəldilməsi daha məqsədə uyğundur. Cavabdehlə iddiaçının birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. İddiaçı ilə cavabdehin evliliklərinin 6-cı ayından etibarən aralarında münaqişələr yarandığından iddiaçı ata evinə getmişdir. Uşaq hazırda iddiaçının himayəsində olduğundan onun ehtiyaclarını təkbaşına qarşılamaq iddiaçıya çətindir. Uşaq tez-tez xəstələnir və iddiaçı onun dərmanlarına pul çatdırmaqda çətinlik çəkir. Məhkəmə iclasında İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 izahatına oxşar məzmunda izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, birgə nikahlarından doğulan uşaq anadan olduqdan bəri cavabdehə heç vaxt aliment ödəməsi üçün təkid etməmişdir. Lakin hazırda maddi ehtiyaclar artdığından buna məcbur olmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1589/2017 qətnaməsi ilə iddiaçı və cavabdeh arasında xx.xx.2014-cü il tarixdə bağlanmış və nikahın pozulması haqqında akt qeydləri kitabında 165 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixdə mediasiya təşkilatında tərtib edilmiş barışıq sazişinə əsasən tərəflər arasında atalığın müəyyən edilməsi, uşaqla ünsiyyət və bir uşağa görə hər ay 220 manat alimentin ödənilməsi barədə razılıq əldə edilmişdir. Nikah pozulduqdan sonra cavabdeh yenidən ailə həyatı qurmuşdur və yaxın zamanda övladı dünyaya gələcəkdir. Cavabdeh öz uşağının saxlanması ilə bağlı məsuliyyətini dərk edir və aliment ödənməsindən yayınmır. Sadəcə olaraq, onun yenidən ailə qurması, həyat yoldaşının hamilə olmasını nəzərə alaraq aliment məbləğini sabit pul məbləğində yaşayış minimumu həddində müəyyən etmək olar. Bütün bunları nəzərə alaraq iddia ərizəsinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1589/2017 saylı qətnamənin surətindən görünür ki, ilk iddia tələbi təmin edilərək ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh ilə ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X4 arasında xx.xx.2014-cü il tarixdə 4 saylı Bakı “ASAN” Xidmət Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 165 sayla qeyd edilmiş nikahın pozulması qət edilmişdir. -Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(003)-1589/2017 saylı qərardadının surətindən görünür ki, X1 Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment tutulması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. -“Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində olan “Aqrokompleks” təşkilatında dövlət qulluğunda baş mütəxəssis vəzifəsində işləyir və aylıq əmək haqqı 2317 manat təşkil edir. -Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli MŞB/2-01871 saylı barışıq sazişinə əsasən tərəflər aşağıdakı məsələlər barədə razılıq əldə etmişlər: 1.Cavabdeh İddiaçı xx.xx.2015-ci il tarixində dünyaya gətirdiyi X2 atası olduğunu qəbul edir və bununla bağlı sənədləşmə işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanlarına ərizə ilə müraciət etməyi öz üzərinə götürür. 2.İddiaçı xx.xx.2015-ci il təvəllüdlü uşağı X2 atası- Cavabdeh ilə həftənin bazar günü saat 10:00-dan 18:00-dək və Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı və Yeni ildə isə bayramların 2-ci günündə saat 10:00-dan 18:00-dək ünsiyyətdə olmaq, təkbaşına və ya ailəsi (atası, anası, bacısı, qardaşı və sair qohumları) ilə birlikdə sərbəst surətdə görüşmək tələbini qəbul edir və bu hüququnun həyata keçirilməsində ona köməklik göstərəcəyini öz üzərinə götürür. 3.Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. (mediator: M.X.Yolçiyev) Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinəəsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. BMT-nin «Uşaq Hüquqları haqqında» Konvensiyasının müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2016cı il tarixli 8-2/2016 nömrəli qərarından görünür ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir. Bununla yanaşı, hər il ölkə üzrə bir uşağın saxlanması üçün tələb olunan yaşayış minimumu müəyyən edilir və həmin məbləğ qanunla tənzimlənir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericiliyə görə aliment 2 formada tutula bilər: qazancın və başqa gəlirlərin müəyyən hissəsi kimi və sabit pul məbləğində. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mediasiya sessiyasında alimentlə bağlı razılıq əldə edilmişdir. Lakin iddiaçı, cavabdehin rəsmi iş yerinə malik olmasını və yüksək məbləğdə əmək haqqı almasını müəyyən etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı bu tələbində tamamilə haqlı olmuşdur. Belə ki, zaman keçdikcə uşağın ehtiyacları artır, ölkədə istehlak qiymətləri dəyişir və bunlarla səbəbli əlaqəli olaraq uşağın minimum təminatında da artım baş verir. Cavabdeh birgə nikahlarından olan uşağın atası olmasını barışıq sazişində qəbul etmişdir. Qeyd olunmalıdır ki, tərəflərin birgə nikahlarından olan uşaq hal-hazırda 8 yaşındadır və o, məktəbə gedir. Onun gündəlik xərclərini, məktəb ləvazimatlarını (kitab, dəftər və sair) almaq maddi cəhətdən iddiaçıya çətindir. Cavabdehin hal-hazırda ikinci dəfə ailə həyatı qurması və arvadının hamilə olması hazırkı alimentin məbləğinin azaldılması üçün əsas ola bilməz. Eyni zamanda, iddiaçı izahatında uşağın səhhətində problem olmasını, tez-tez xəstələnməsini bildirmişdir. Bütün bu sadalananlara əsasən məhkəmə hesab edir ki, halhazırda uşağın saxlanması üçün barışıq sazişində razılaşdırılmış sabit pul məbləğində aliment kifayət etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti aliment tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edildiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2023-cü il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarından görünür ki, barışıq sazişinin bağlanması zamanı tərəflərin hər biri 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2015-ci il təvəllüdlü Rəsul yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) ¼ (dörddə bir) hissəsi miqdarında aliment İddiaçı xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №e-2(003)-1678/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1678/2023
01.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver