Məhkəmə qərarları › İş №e-2(003)-1767/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-1767/2024

25.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-1767/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, İddiaçı2 (həmçinin digər iddiaçının nümayəndəsi), iddiaçıların vəkili Vəkil2, Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ona məxsus Xəzər rayonu X1 yerləşən 4 sot torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən məcburi çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi, evin təhvil verildiyi günədək hər ay 250 manat kirayə haqqının hesablanaraq cavabdehlərdən tutulması, bundan başqa dəymiş zərər olaraq, ələ keçirdikləri qızıla görə 4500 manat və nəğd pul 10 000 manat və əmlaka vurulan zərər olaraq, 10 000 manat olmaqla cəmi 24 500 (iyirmi dörd min beş yüz) manat pulun, həmçinin 165 manat dövlət rüsumunun və vəkilə etibarnamənin verilməsinə görə ödənilmiş 19 manatın onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(003)-1767/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə-torpaqşünaslıq ekspertizası təyin edilməsi və ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, ekspertizanın Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssislərinin iştirakı ilə keçirilməsi və iş üzrə rəy təqdim edilənədək məhkəmə baxışına hazırlığın icraatının dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin böyük eksperti Xəyyam İsgəndərov xx.xx.2024-cü il tarixli məlumat tərtib edərək qərardadla ekspert qarşısında qoyulmuş sualların həlli üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin mütəxəssisləri tərəfindən qərardadda qoyulmuş suallarla əlaqədar tədqiq olunan torpaq sahəsinə dair müvafiq mütəxəssis rəyinin mərkəzə təqdim edilməsi zəruri olduğundan bu barədə məhkəməyə xx.xx.2024-cü il tarixli vəsatət göndərilmişdir. Vəsatətin verildiyi tarixdən uzun müddət keçməsinə baxmayaraq mütəxəssislər tərəfindən tərtib edilməli müvafiq mütəxəssis rəyi Mərkəzə təqdim edilməmişdir. Bu səbəbdən “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə əsasən hazırki ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Mütəxəssis rəyinni verilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Abşeron rayonu inzibati sərhədləri daxilində yerləşdiyindən müraciətdə qeyd olunan məsələ ilə bağlı 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilməsi məqsədə uyğun hesab edilmişdir. Məhkəmə iclasında İddiaçı2 mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etdiyini bildirdi. Qeyd etdi ki, mülki işin aidiyyatı apellyasiya instansiyası tərəfindən müəyyən edilmişdir. Hazırkı işə Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmalıdır. Cavabdeh2 mülki işin ərazi aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini qeyd etdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə hazırlıq iclasının Cavabdeh1 iştirakı olmadan davam etdirilməsini mümkün hesab etmişdir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olunarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Mülki-Prosessual Məcəllədən göründüyü kimi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Bu qaydada iddia tələblərinə daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılması mübahisələrə daha tez və çevik baxılması üçün vacibdir. Belə ki, mülki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakın yerində müayinəsi və sair kimi tədbirlər həyata keçirilərkən onun mübahisəyə baxan məhkəməyə yaxın olması vacib əhəmiyyət kəsb edir. Bu səbəbdən hazırkı iddia ərizəsi üzrə mülki işə müstəsna aidiyyat qaydası tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakın yerləşdiyi yer Abşeron Rayon Məhkəməsinin inzibati ərazisinə aid olduğundan, hazırkı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 44, 45, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma və sair” tələbinə dair iddiası üzrə mülki iş aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar