Məhkəmə qərarları › İş №e-2(003)-1803/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-1803/2023

19.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-1803/2023 19.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən keçmiş kirayə haqqı 20000 manatın və gələcəkdə kirayə haqqının ödənilməsi üçün hər ay 500 manat alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş əridir. Onlar 14 mart 2009-cu il tarixdə nikaha daxil olmuşlar. Evləndikdən sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Əliyev küçəsi, döngə 2, dalan 1, ev 4 mənzildə qeydiyyatda olmaqla orada yaşamışlar. Cavabdehin və qaynatasının mülkləri olmasına baxmayaraq onu və övladını mənzil ilə təmin etməkdən boyun qaçırırlar. Onun və övladlarının mülkiyyətində heç bir mənzil yoxdur. Uşaqlar onun himayəsindədir. Uşaqlarının təlim tərbiyyəsi ilə bağlı hal-hazırda təhsil aldıqları Səbail rayonu üzrə kirayədə yaşayır. Keçmiş qaldığı kirayə ünvanı üzrə müqaviləni və yeni qaldığı yer üzrə müqaviləni təqdim edir. Qarşı tərəfin ödədiyi aliment ancaq uşaqların təlim və tərbiyyəsi, geyimi və dərmanlarının ödənilməsi üçün güclə yetir. Hazırkı kirayə haqqının ödənilməsi uşaqların əlavə xərclərinin ödənilməsi üçün məhkəməyə müraciət edir. Boşandıqları gündən indiyə qədər 20 000 manat kirayə haqqı ödəmiş, hal-hazırda da ödəməkdədir. Hesab edir ki, kirayə haqqının ödənilməsində cavabdeh tam olaraq iştirak etməlidir. Özü hal-hazırda işsizdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa oxşar izahat verdi. Həmçinin izahatında bildirdi ki, 3 ildir ki, kirayədə yaşayır. Uşaqlarının saxlanılması üçün cavabdeh 1700 manat məbləğində aliment ödəyir. Əvvəl cavabdeh 20000 manat aliment borcu yaranmış, həmin borcu məhkəmə vasitəsilə almışdır. Cavabdehin şirkəti var və rəhbər vəzifəsində çalışır, ayda 5000 manat əmək haqqı alır, digər gəlirləri ilə birlikdə 10000 manat qazancı olur. Özü işləmir, uşaqların tərbiyəsi, onların təhsili, həkimləri ilə bağlı xərcləri onun üzərindədir. O, tam şəkildə uşaqlarının bütün problemlərinin həllini təmin edir. Müəyyən vaxtlarda qardaşı, valideynləri ona köməklik edirlər. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət etmiş və idda tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçı ilə 14 mart 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 21 dekabr 2009-cu il təvəllüdlü X4 və 12 dekabr 2015-cı il təvəllüdlü X10 adlı övladları doğulmuşdur. Münasibətləri pisləşdiyi üçün nikahları faktiki olaraq pozulmuş və daha sonra nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılmış, Xəzər Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından olan övladları boşanmadan sonra anasının yəni, Muradlı (Əliyeva) Aysel Zabit qızının yanında saxlanılmış və hər ay əmək haqqının 1/3 hissəsi məbləğində alimentin tutularaq cavabdehə ödənilməsi qət edilmişdir. Məhkəmənin qətnaməsinə əsasən 2019-cu ilin sentyabr ayından hal-hazıradək tərəfindən hər ay təxminən 1700 manat məbləğində aliment ödənilir. Bundan əlavə də mütəmadi olaraq uşaqların bütün tələbatlarını qarşılayır. Alimentdən əlavə də onlara maddi yardım edir. Digər tərəfdən iddiaçı daha əvvəl “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)5325/2021 saylı qətnaməsi ilə İddiaçı “mənzilə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Bundan əlavə hazırki iş üzrə iddiaçı “birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə” dair iddia tələbi ilə də məhkəməyə müraciət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-157/2023 saylı qətnaməsi ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia tələbi qismən təmin edilmişdir. Qeyd olunanlardan da məlum olduğu kimi birgə nikahdan doğulmuş övladlarının saxlanılması üçün tərəfindən bütün mümkün olan köməkliklər göstərilir. Həmçinin, İddiaçı da qanunvericilikdə nəzərdə tutulmuş hüquqlarından istifadə edərək mümkün iddiaları qaldırmış və həmin iddialara məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Lakin qanunvericilikdə kirayə haqlarının ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik müəyyən edilməmişdir. Bundan əlavə qanunvericiliyin tələblərinə əsasən hazırki iddia tələbləri ilə bağlı tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Lakin hazırki halda iddiaçı tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş və hazırki tələblərlə bağlı ilkin mediasiya sessiyası keçirilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi mediasiya prosesinə dair arayış hazırki iddia tələblərinə aid deyil və həmin arayışda göstərilən iddia tələbləri ilə bağlı Məhkəmə mübahisələri artıq başa çatmışdır. Mülki Prosessual Məcəllənin 259.0.13-cü maddəsinə əsasən Mediasiya haqqında qanunun tələbləri pozulmaqla verilmiş iddialar Məhkəmə tərəfindən baxılmamış saxlanılmalıdır. Göstərilənlərdən məlum olur ki, iddia tələbi tamamilə əsassızdır və hüquqi əsası yoxdur. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 1 saylı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, kirayə verən X13, ona məxsus Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 157-də olan 35 saylı mənzili, aylıq kirayə haqqı 500 manat məbləğində olmaqla X1 vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, ev sahibi X2, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsində yerləşən 19 nömrəli binanın 97 nömrəli mənzilini, aylıq kirayə haqqı 500 manat olmaqla İddiaçı xx.xx.2024-cü il tarixədək kirayəyə vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinin (kirayə müqaviləsinin) surətindən görünür ki, kirayəyə verən X2 Bakı şəhəri Səbail rayonu Üzeyir Hacıbəyov küçəsində yerləşən 18 nömrəli evin 97 nömrəli mənzilini xx.xx.2025-ci il tarixədək aylıq 500 manat kirayə haqqı olmaqla İddiaçı kirayəyə vermişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Bakı 3 saylı Mediasiya təşkilatının xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, birə nikah dövründə əldə edilmiş əmlakın 2/1 hissədə payın tanınması, 3 illik kirayə haqqının və kommunal xərclərin- 20000 manat pulun ödənilməsi tələbi barədə mübahisə üzrə Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən ilkin mediasiya sessiyasının keçirilməsi mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-168/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə Muradlı (Əliyeva) Aysel Zabit qızı arasında 14.003.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 Muradlı (Əliyeva) Aysel Zabit qızının yanında qalması, xx.xx.2019-cu il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Muradlı (Əliyeva) Aysel Zabit qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)- 157/2023 saylı qətnaməsindən görünür ki, Muradlı (Əliyeva) Aysel Zabit qızının apellyasiya şikayəti qismən təmin edilərək Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 2(003)-404/2021 saylı iş üzrə xx.xx.2021-ci il qətnaməsi qismən ləğv edilərək Cavabdeh “X19” minik markalı ** UU *** dövlət nömrə nişanlı avtomobilin satılmasına görə Muradlı (Əliyeva) Aysel Zabit qızının payına düşən hissə qismində 9000 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə), həmçinin dövlət rüsumlarının əvəzi qismində 40 manat alınaraq Muradlı (Əliyeva) Aysel Zabit qızına verilməsi qət edilmişdir. Həmçinin həmin qətnamədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-404/2021 saylı iş üzrə xx.xx.2021-ci il qətnaməsi ilə iddiaçı X11 cavabdehlər Cavabdeh, X5, X9, Bakı şəhəri 7 saylı notariat ofisinə, Bakı şəhəri 53 saylı notariat ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri 53 saylı notariat kontorunun xüsusi notariusu Əli Hüseynov tərəfindən təsdiq edilmiş Cavabdeh ilə X12 arasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə dair 03 iyun 2017-ci il tarixdə bağlanmış 4Ə-731 nömrəli reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri 7 saylı notariat ofisinin xüsusi notariusu Nadir Vədətov tərəfindən təsdiq edilmiş Cavabdeh ilə X10 arasında ünvan 2 ünvanında 0.25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə dair 16 yanvar 2020-ci il tarixdə bağlanmış 4Ə-17 nömrəli reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3984 a saylı bağ sahəsinə Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi. 118 ünvanında 0,25015 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 2042,9 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və "xxxx" MMC-də olan 1 paya 1/2 hissədə X6, 1/2 hissədə Cavabdeh payının müəyyən edilməsi, “Hyundai Azera" minik markalı **-UA-*** (sonrakı nömrəsi **-UU-***) dövlət nömrə nişanlı avtomobil, "Vaz 21074” minik markalı, **-LR-*** dövlət nömrə nişanlı avtomobil və "X19" minik markalı, **-UU-*** dövlət nömrə nişanlı avtomobilin satışından əldə olunmuş pula 1/2 hissədə X6 1/2 hissədə Cavabdeh payının müəyyən edilməsi və 1/2 hissədə payın dəyərinin Cavabdeh alınıb X8 verilməsi tələbinə dair iddiası qismən təmin edilərək "xxxx" MMC-də 1 payın ½ hissəsinə X6, ½ hissəsinə Cavabdeh payları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 5325/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X6 apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin iş üzrə xx.xx.2021-ci il tarixli 2(003)-176/21 saylı qətnaməsi ilə iddiaçı X6 X4 və X10 ilə birlikdə ünvan 4 ünvanına köçürülməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iş üzrə tərəflər, əvvəllər aralarında rəsmi nikah bağlanmaqla ər-arvad olmuşlar və birgə nikahlarından iki uşaqları olmuşdur. Aralarında olan nikah xx.xx.2020-ci il tarixdə məhkəmə qətnaməsi əsasında pozulmuş, həmin qətnaməyə əsasən birgə nikahdan olan uşaqlar iddiaçının yanında saxlanılması və uşaqların saxlanılması üçün Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay əmək haqqının və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutularaq Muradlı (Əliyeva) Aysel Zabit qızına ödənilməsi qət edilmişdir. Hər iki tərəfin bildirdiyinə əsasən aliment məbləği hər ay 1700 manat təşkil edir. İddiaçı kirayədə yaşayır və hər ay 500 manat kirayə haqqı ödəməlidir. İddiaçı, cavabdehdən ödənilmiş kirayə pulunun əvəzini və ödənilməli olan kirayə haqqının məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsaslanmaqla tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci 81.1 və 81.2-ci maddələrinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir; Ailə Məcəlləsinin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir; Ailə Məcəlləsinin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur. Göründüyü kimi qeyd olunan maddədə yetkinlik yaşına çatmış və əmək qabiliyyəti olmayan övladların saxlanılması üçün valideynlərdən alimentin tutulması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə isə iddia tələbinin əsası, yəni mübahisənin mahiyyəti ondan ibarətdir ki, iddiaçı, cavabdehlə boşandıqdan sonra cavabdeh tərəfindən yaşayış sahəsi ilə təmin edilməməsi səbəbindən kirayə evdə yaşamaq məcburiyyətində qalmış və bu səbəbdən kirayə haqqı ödəmiş və hazırda da kirayə evdə yaşamaqla kirayə haqqını ödəməkdə davam edir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı, cavabdehdən ödənilmiş kirayə pulunun əvəzini və ödənilməli olan kirayə haqqının məbləğini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsinə əsaslanmaqla tələb etməsi əsassızdır. Eyni zamanda məhkəmə nəzərə çatdırır ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment institutu mövcuddur ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən məhkəmə qaydasında həll olunur. Hazırki iş üzrə isə cavabdehdən iddiaçının xeyrinə birgə nikahdan olan uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi əsasında aliment tutulur. Bundan başqa Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: -85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; -85.1.2. 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); -85.1.3. nikah pozulana qədər və ya nikah pozulduğu gündən bir il ərzində əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad); -85.1.4. ər-arvad uzun müddət nikahda olmuşlarsa, nikah pozulduğu andan 5 il müddətindən gec olmayaraq pensiya yaşına çatan və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad). -85.2. Alimentin miqdarı və nikah pozulduqdan sonra onun keçmiş ərə (arvada) ödənilməsi qaydası keçmiş ər-arvad arasındakı sazişlə müəyyən edilə bilər. Göründüyü kimi qanunvericilik nikah pozulduqdan sonra keçmiş arvadın özünün saxlanılması üçün müəyyən hallarda zəruri vəsaitə malik olan keçmiş ərdən alimentin tutulmasını nəzərdə tutmuşdur. Bu hallar yuxarıda qeyd olunan maddədə öz əksini tapmışdır. Hazırki iş üzrə iddia tələbi qeyd olunan qanunvericiliyin müddəaları çərçivəsində olmamaqla keçmiş arvad (iddiaçı) kirayə evdə yaşadığına görə ödənilmiş və ödənilməkdə davam edilən kirayə haqqını keçmiş ərdən (cavabdehdən) tələb edir ki, bununla bağlı keçmiş ər, keçmiş arvad qarşısında hər hansı öhdəlik daşımır və bu öhdəliklərin daşıması barədə qanuni əsaslar mövcud deyil. Odur ki, iddiaçının keçmiş əri olan cavabdehdən yaşadığı evin kirayə haqqını ödəməsi tələb etməsi əsassıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və bu səbəbdən də təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı cavabdehdən keçmiş kirayə haqqı 20000 manatın və gələcəkdə kirayə haqqının ödənilməsi üçün hər ay 500 manat alınaraq ona ödənilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar