Məhkəmə qərarları › İş №e-2(003)-218/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-218/2021

02.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-218/2021 02.03.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Mustafayev Ceyhun Mustafa oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, nikahdan əvvəlki soyadın bərpası və aliment tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, nikahdan əvvəlki soyadın bərpası və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012ci il tarixdə 278 saylı eydə alınmış nikahın pozulması, nikah pozularkən nikahdan əvvəlki qızlıq soyadı “Əsgərova” soyadının bərpa edilməsi və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 170 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi olaraq nikaha daxil olimaqla ailə qurmuşdur. Onların birgə nikahlarından bir uşaqları xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdehlə ailə qurduqdan sonra onlar bir müddət ailədə normal münasibətdə yaşamışlar. Lakin sonradan cavabdehlə xasiyyətləri biri-birinə uyğun gəlməmişdir. Ailənin qorunub saxlanması üçün etdiyi bütün cəhdlər uğursuz olmuş və müsbət nəticələnməmişdir. Cavabdeh uşağına heç bir maddi köməklik göstərmir. Uşağı təkbaşına saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. İddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, tərəflərə barışıq üçün vaxt verilməsinə baxmayaraq, onların barışmadığını və iddiaçının nikahın pozulmasında təkid etdiyini bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sabunçu rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İ seriyalı 740742 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X3 xx.xx.2012-ci il tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 278 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Fərzəliyev, arvada Fərzəliyeva soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Rusiya Federasiyası Başqırdıstan Respublikası Ufa şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.2-ci maddəsinin tələbinə görə, tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə, işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasını təkid etdikdə, nikah pozulur. Məhkəmə araşdırmasında müəyyən edildi ki, tərəflər arasındakı ər-arvad münasibətləri kəsilmişdir, onlar birgə yaşayıb, birgə təsərrüfat idarə etmirlər və tərəflərin birgə nikahlarından bir yetkinlik yaşına çatmayan uşaqları vardır. İş materiallarından görünür ki, tərəflərin barışması üçün 03 (üç) ay müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci və 22.2.2-ci maddələrinə əsasən, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Məhkəmədə iddiaçı barışıq üçün verilmiş vaxt tamamında nikahın pozulmasını təkid etdiyindən, məhkəmə hesab edir ki, tərəflər arasındakı nikah pozulmalı, onların birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra anası-İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Konstitusiyanın 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşaqlarının anasının yanında qalması və onun saxlanılması üçün vəsait tələb olunduğu nəzərə alınaraq, cavabdehdən hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı aliment tələbi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2020-ci il tarixdən başlanmalıdır. Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Eyni zamanda, məhkəmə iddia tələbini nikah pozularkən iddiaçının nikahdan əvvəlki qızlıq soyadı “Əsgərova” soyadının bərpa edilməsi hissəsində əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 183-cü maddəsinə əsasən ər (arvad) ona nikahdan əvvəlki soyadının verilməsini arzu edirsə, nikahın pozulmasının qeydə alınması zamanı bunu müvafiq icra hakimiyyəti orqanına bildirməlidir. Ərə (arvada) nikahdan əvvəlki soyadının verilməsi barədə həmin orqan müvafiq qeyd aparır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 278 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra anası-İddiaçı yanında saxlanılmalı, xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Proessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı Fərzəliyeva (Əsgərova) Arzu Zaman qızı ilə Cavabdeh arasında Sabunçu rayon qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə 278 nömrəli akt qeydi ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X2 nikah pozulduqdan sonra anası-İddiaçı yanında saxlanılsın. xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icra olunsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar