Məhkəmə qərarları › İş №e-2(003)-2216/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2216/2023

17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2216/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Xudiyeva Ayşən Əmir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı uşaqların ölkə hüdudlarından kənara çıxarılmasına razılıq verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı uşaqların ölkə hüdudlarından kənara çıxarılmasına dair razılıq verilməsi tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə rəsmi faktiki nikahlarından olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki nəfər uşaqlarının cavabdehdən rəsmi razılıq alınmadan onunla birlikdə müvəqqəti olaraq xarici ölkələrə, ölkə hüquqlarından kənara sərbəst surətdə gedib-gəlməsi hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında göstərdi ki, 29 noyabr 2008-ci il tarixdə iddiaçı cavabdehlə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2010cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Onların nikahı Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5620/2021 saylı qətnaməsi ilə pozulmuşdur. İddiaçı özü hazırda işləyir, övladlarının bütün təminatlarını qarşılaya bilir. İddiaçı davamlı olaraq xaricə gedib-gəlir. Hazırda iddiaçının uşaqları ilə onunla birlikdə xaricə gedə bilməsinə icazənin verilməsi zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, bu uşaqların mənəvi tələbatlarının ödənilməsi, şəxsiyyətinin, onların psixi və mənəvi inkişafı, eləcə də milli və ümumbəşəri dəyərlərə uyğun normal və hərtərəfli inkişafı, bununla da uşaqların ümumi mənafelərinin və xoşbəxt həyatlarının təmin olunması üçün zəruridir. İddiaçı ilə cavabdehin arası yaxşı olmadığından cavabdeh ona razılıq ərizəsi vermir. Bir müddət öncə tərəflər arasında olan nikah pozulmuşdur. Hesab edir ki, iddiaçının da ana kimi uşaqlarını Azərbaycan Respublikasından kənara aparmaq hüququ təmin olunmalıdır. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5620/2021 saylı qətnaməsi ilə iddiaçı ilə onun arasında bağlanmış nikah pozulmuşdur. Uşaqlar nikah pozulduqdan sonar daimi olaraq anaları ilə birlikdə yaşayırlar. İddiaçı dəfələrlə uşaqlarla görüşməsinə mane olmuş və süni əngəllər yaratmışdır. O, da ata kimi uşaqlarının gəzmək, istirahət etmək üçün xarici ölkələrə getmək hüquqlarının olduğunu anlayır. Lakin uşaqları ilə ünsiyyəti olmadığından ata kimi onların fikrini öyrənə bilmir. Uşaqların anaları ilə birlikdə xaricə getməsinə etirazının olmadığını və əsas məqsədinin uşaqlarla görüşərək onların fikrini öyrənmək olduğunu qeyd etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5620/2021 saylı qətnaməsindən görünür ki, cavabdeh və iddiaçı arasında 29 noyabr 2008-ci il tarixdə bağlanmış nikah pozulmuş və birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 iddiaçının yanında saxlanılması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması və həmin uşaqların yetkinlik yaşına çatanadək Cavabdeh hər uşağa görə 170 manat olmaqla, cəmi iki uşağa görə 340 manat sabit pul məbləğində alimentin alınınb ona verilməsi qət edilmişdir. -xx.xx.2023-cü il tarixli “mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə təyin edilmiş mediasiya sessiyasında iştirak etməmiş, İddiaçı isə iştirak edərək 50 manat məbləğində mediasiya xərcini ödəmişdir. (Mediator: M.S.Mehdiyev). - Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(003)-5620/2021 saylı qətnaməsindən görünür ki, Cavabdeh verdiyi Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-5620/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)- 5620/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə mövcud mübahisənin həlli ilə bağlı ilk növbədə bildirir ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin “Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi qaydası” adlı 11-ci maddəsinin mənasına görə, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Bu kimi razılıq olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir (maddə 11.2.). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. BMT-nin 1959-cu ildə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Bəyannaməsinin ikinci maddəsinin mənasına görə, qanunla və başqa vasitələr ilə uşağın sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır. Azərbaycan Respublikası AM-nin 60.1-ci maddəsinə əsasən, valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Həmin Məcəllənin 60.2-ci maddəsinə əsasən, valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Göründüyü kimi, 18 yaşına çatmamış vətəndaşın yaşayış üçün ölkədən getməsinə yalnız onun valideynlərinin və ya qanuni nümayəndəsinin yazılı şəkildə ifadə edilmiş və notarius tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş yazılı razılığı ilə yol verilir. Sadalanan hüquq normalarına əsaslanmaqla məhkəmə hesab edir ki, hazırki halda cavabdehin razılığını almadan uşaqların iddiaçı ilə xaricə getməsi onların üstün mənafeyinə hər hansı bir maneçilik yaratmır. “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 7.8-ci bəndinə əsasən valideynlərdən biri əcnəbi olduğu hallarda bu kateqoriya mübahisələrə baxılması zamanı bir sıra xüsusiyyətlərin məhkəmələr tərəfindən nəzərə alınması diqqətdən kənarda qalmamalıdır. Belə ki, Ailə Məcəlləsinin yeddinci bölməsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin iştirak etdikləri ailə münasibətlərinə tətbiq edilməli olan qanunvericiliyə dair qaydalar göstərilmiş, bu Məcəllənin 153-cü maddəsində isə onların birgə və ya ayrı yaşaması faktından irəli gəlməklə valideynlərin və uşaqların hüquq və vəzifələri məsələləri ilə bağlı hansı ölkənin ailə qanunvericiliyinin tətbiqinə dair iki imperativ qayda nəzərdə tutulmuşdur. Başqa bir qayda isə məhkəmənin mülahizəsinə buraxılmışdır. Belə ki, həmin maddənin məzmununa əsasən, valideynlərin və uşaqların hüquq və vəzifələri, o cümlədən valideynlərin uşağı saxlamaq vəzifəsi onların birgə yaşadıqları ölkənin qanunvericiliyinə uyğun, uşaqlarla ataananın birgə yaşayış yeri yoxdursa, uşaqların və ata-ananın hüquq və vəzifələri uşağın vətəndaşı olduğu ölkənin qanunvericiliyi ilə müəyyənləşdirilir. Bununla belə, qanunverici aliment öhdəliklərinə və valideynlərlə uşaqlar arasında digər münasibətlərə, iddiaçının tələbi ilə ərazisində uşaq daimi yaşayan ölkənin qanunvericiliyinin tətbiq olunması imkanını nəzərdə tutmaqla onun tətbiqi mümkünlüyünü məhkəmənin (məhkəmənin öz mülahizəsinə üstünlük verilməklə) mülahizəsinə buraxılmışdır. Odur ki, valideynlərdən birinin əcnəbi olduğu hallarda qanunvericiliyin tətbiqi ilə bağlı istinad edilən tələblərə riayət edilməli olduğu nəzərə alınmalıdır. Həmin qərarın 7.18-ci bəndinə əsasən, bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, uşağın himayəsinə verildiyi iddiaçı valideyn, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi daşımır. Çünki, əksi sübut edilənədək qanuni qüvvəsini almış məhkəmə qərarı ilə uşağın himayəsinə verilmiş (və yaxud mübahisəsiz qaydada faktiki himayədə olduğu hallarda) valideynin yanında olmasının onun mənafeyinə uyğunluğu prezumpsiyası qəbul olunur. Digər tərəfdən uşağın həmin valideynlə müxtəlif məqsədlər üçün (istirahətinin təşkili, dünya görüşünün artırılması, keyfiyyətli tibbi xidmətdən istifadə etməsi, təhsil alması və digər) ölkə ərazisindən kənara getməsi Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş azadlıq hüquqununun (maddə 28, İİİ hissə) həyata keçirilməsidir. Bu hüquq uşağın üstün mənafeyini qorumaq məqsədilə, özü də mütənasib şəkildə məhdudlaşdırıla bilər. Ona görə də, uşağın xarici ölkəyə aparılmasına etiraz edən valideyn səfərin uşağın mənafeyinə, o cümlədən tərbiyə və təhsilinə, psixi sağlamlığına, əxlaqi inkışafına uyğun olmadığını sübuta yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 28.3-cü maddəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı mütəmadi olaraq xarici ölkələrə gedib-gəlir, hazırda uşaqların da öz anaları ilə birlikdə xarici ölkələrə getməsinə icazə verilməsi zərurəti yaranmışdır. İddiaçının uşaqları özü ilə birlikdə xarici ölkələrə aparmasında səbəb övladlarının dünyagörüşünün formalaşması və bu yöndə daha da inkişaf etmələrini təmin etməkdir. Eyni zamanda hazırki iddianın təmin olunmaması üçün uşaqların mənafeyinə zidd ola biləcək heç bir mötəbər sübut cavabdeh tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 61-ci maddəsinə görə, uşaqlardan ayrı y yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı uşaqların ölkə hüdudlarından kənara çıxarılmasına dair razılıq verilməsi tələbinə dair iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin edilsin. xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birgə Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə icazə verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar