Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-2933/2024 20.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştrakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müqavilə üzrə 27,200 manat borcun,2380 manat faiz borcunun, 178,74 manat dövlət rüsumunun və hüquqi xidmətə görə 500 manat borcun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, Cavabdehlə İddiaçı MMC arasında 22 dekabr 2021-ci il tarixli P-17/21 saylı tikinti-təmir işlərinin yerinə yetirilməsinə dair podrat müqavilə imzalanmışdır. Həmin Müqavilənin ümumi dəyəri 112.000 manat olmuşdur. 28 iyul 2022-ci il tarixində cavabdehin xahişi əsasında Müqavilə üzrə işlərin icrası dayandırılmış və “tikintinin dayandırılma səbəbinə dair” akt tərtib edilmişdir. Akta əsasən Müqaviləyə xitam verilmiş və cavabdehin İddiaçı MMC qarşısında 27.200 (iyirmi yeddi min iki yüz) manat miqdarında borcu qalmışdır. 28 iyul 2022-ci il tarixli “tikintinin dayandırılma səbəbinə dair” akta əsasən sözü gedən borc 10 sentyabr 2022-ci il tarixinə qədər İddiaçı MMC-yə ödənilməli idi. Buna baxmayaraq bu günə qədər həmin borc ödənilməmişdir.İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli P-17/21 saylı tikinti-təmir işlərinin yerinə yetirilməsinə dair podrat müqaviləsindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında imzalanan müqavilənin dəyəri 112.000 manat təşkil edir. İş materiallarında olan tikintinin dayandırılma səbəbinə dair xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Cavabdeh maddi sıxıntısı olduğu üçün müqaviləyə xitam vermişdir və xx.xx.2022-ci il tarixə kimi 27.000 manatı İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, cavabdeh borc barədə xəbərdar edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə borc məbləğinin borcludan tutulması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 216OPXO241761066 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC “Femida” vəkil bürosuna 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (iddiaçının) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, işi görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, iddiaçının isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrində iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. “EPUL” ödəmə sisteminin xx.xx.2024-cü il tarixli, 60688467 nömrəli mədaxil qəbzində görünür ki, iddiaçı tərəfindən 178,74 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş 178,74 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC-nin xeyrinə Cavabdeh 27,000 manat əsas borc, 2380 manat faiz borcu, ödənilmiş 178,74 manat dövlət rüsumu və hüquqi xidmətə görə 500 manat borc olmaqla, cəmi 30.058,74 manat məbləğində pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 222 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı MMC-nin xeyrinə Cavabdeh 27,000 manat əsas borc, 2380 manat faiz borcu, ödənilmiş 178,74 manat dövlət rüsumu və hüquqi xidmətə görə 500 manat borc olmaqla, cəmi 30.058,74 (otuz min əlli səkkiz manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №e-2(003)-2933/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-2933/2024
20.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver