Məhkəmə qərarları › İş №e-2(003)-3016/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3016/2025

10.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3016/2025 10.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Mamızadə Raksananın Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Mamızadə Raksana Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü Mamızadə Yunusun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra “MPM”) 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.3-cü maddəsinə əsasən, alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. MPM-in 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir. MPM-in 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. MPM-in 443.0.4-cü maddəsinə əsasən, aliment alınması işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan bu işlərə baxmağa haqlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi şəxs barəsində — xüsusi nümunəli vəsiqə; 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Belə ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, cavabdeh Məmizadə X1 rayonu, Nərimanabad Ə/D, Nərimanabad qəsəbəsində rəsmi qeydiyyatdadır. Bu baxımdan cavabdehin rəsmi qeydə alındığı yer Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. Hazırki mübahisənin aliment alınması tələbi ilə bağlı olduğunu və qanunvericiliyə əsasən belə iddiaların iddiaçının öz yaşadığı yerə görə də verilə biləcəyini nəzərə alaraq məhkəmə qeyd edir ki, hazırda aidiyyət məsələsinin həlli üçün iddiaçının məhkəməyə müraciət etdiyi vaxt yaşayış yerinin məhkəmənin yurisdiksiyasına aid ərazidə olubolmamasına qiymət verilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus pasportun, etibarnamənin və digər sənədlərin surətindən məlum olur ki, iddiaçı X2 Federasiyası vətəndaşıdır (əcnəbidir). Belə olan halda qanunvericiliyin tələbinə əsasən əcnəbi şəxsin yaşayış yeri müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli sənədlə müəyyən olunmalıdır. Lakin iddiaçının Azərbaycan Respublikasında yaşayış yerinə malik olduğunu təsdiq edən sənəd ümumiyyətlə iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən də iddiaçının şəxsiyyətini və yaşayış yerini müəyyən etməyə imkan verən məlumatlar müəyyən edilməmişdir. Bununla belə, iddia ərizəsində “iddiaçının xarici vətəndaş (əcnəbi) olduğu, himayəsində azyaşlı uşağının olduğu, hazırda Bakı şəhəri, Sabunçu rayonu ərazisində yaşadığı və bunun Dövlət Miqrasiya Xidməti tərəfindən 29 saylı Vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 05/11974/di nömrəli məktubla təsdiq olunduğu, bu səbəbdən işin ərazi aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə aid olduğu” qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla istinad olunan məktub ümumiyyətlə iddia ərizəsinə əlavə edilməmişdir. Digər tərəfdən, iddiaçının yaşayış yeri onun məhkəməyə müraciət etdiyi vaxta uyğun müəyyən edilməlidir (halbuki istinad edilən məktub 10 ay əvvələ aiddir). Habelə, iddia ərizəsində iddiaçının Sabunçu rayonu ərazisində yaşadığı və işin ərazi aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə aid olduğu qeyd edilmiş, buna baxmayaraq iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edilmişdir. MPM-in 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, nə cavabdehin rəsmi qeydiyyat ünvanının, nə də iddiaçının yaşayış yerinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyi təsdiq olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Habelə məhkəmə diqqətə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Mamızadə Raksananın Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar