Məhkəmə qərarları › İş №e-2(003)-3056/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərardad — İş №e-2(003)-3056/2025

14.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(003)-3056/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlu İddiaçı Mamızadə Raksananın Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə Müəyyən etdi İddiaçı Mamızadə Raksana Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan olan övladları xx.xx.2023-cü il təvəllüdlü Mamızadə Yunusun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı daha əvvəl eyni iddia tələbi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli, e-2(003)- 3016/2025 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılaraq, iddiaçıya izah olunmuşdur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Həmin qərardaddan şikayət verilməmişdir. Lakin iddiaçı qərardadda qeyd olunan nöqsanları aradan qaldırmadan yenidən Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı ərizədə Xəzər Rayon Məhkəməsinə müraciət etməyini belə əsaslandırmışdır ki, “İddiaçı xarici vətəndaş olmaqla hal-hazırda Bakı şəhəri, Xəzər rayonu ərazisində yaşayır və himayəsində azyaşlı uşaq vardır. Bu barədə məlumat Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli, 05/11974/di nömrəli “29” saylı vəkil bürosuna ünvanlanan məktubda öz əksini tapmışdır. Cavabdeh tərəfindən nikahın pozulması üzrə tələb də Xəzər Rayon Məhkəməsinə ünvanlanmış və Xəzər rayon Məhkəməsi bu iddianı qəbul edərək e-2(003)-387/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamə qəbul etmişdir. Bu səbəbdən işin Xəzər Rayon Məhkəməsində baxılması üçün ərazi aidiyyəti mövcuddur. Əgər Xəzər rayon Məhkəməsi Cavabdeh tərəfindən verilmiş iddia ərizəsini qəbul etmişdirsə onda Mamızadə Raksana tərəfindən verilmiş ərizəni də qəbul etməlidir. Əks təqdirdə bu bərabərlik hüququnun pozulması anlamına gəlir.” Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tərəf kimi iştirak etdiyi hansısa iddia ərizəsinin Xəzər Rayon Məhkəməsinin icraatına qəbul edilib-edilməməsi, onun tərəf olacağı digər bütün iddiaların da bu əsasla icraata qəbul edilməli və ya edilməməli olduğu mənasına gələ bilməz və bu bərabərlik hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Çünki hər bir iddianın xüsusatları və aidiyyət qaydaları fərdi qaydada müəyyən edilir və hər bir iddia ərizəsi yalnız o iddiaya münasibətdə MPM-in tələblərinə, o cümlədən aidiyyət qaydalarına riayət edilməklə verildiyi təqdirdə, onun məhkəmə icraatı mümkün sayıla bilər. (MPM 151.1.) Ona görə məhkəmə hər bir mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı fərdi qaydada yoxlamalı və qiymətləndirməlidir. (MPM 45.1.) Bu isə həm Azərbaycan Respublikası Konstitusiyasının “Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi” adlanan 62-ci maddəsinin (“Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.”), həm də Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinin (“ərazi aidiyyati qaydalarının pozulmasına yol verilmir.”) tələblərinə uyğundur. Digər tərəfdən hazırki mübahisənin aliment alınması tələbi ilə bağlı olduğunu və qanunvericiliyə əsasən belə iddiaların iddiaçının öz yaşadığı yerə görə də verilə biləcəyini nəzərə alaraq məhkəmə qeyd edir ki, aidiyyət məsələsinin həlli üçün ilk növbədə iddiaçının məhkəməyə müraciət etdiyi vaxt yaşadığı yerin məhkəmənin yurisdiksiyasına aid ərazidə olub-olmamasına qiymət verilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, iddianın cavabdehin rəsmi qedə alındığı yerin məhkəməsinə verilməli olması barədə tələb “qayda”, iddiaçının yaşadığı yerə görə verilə bilməsi isə “istisnadır”. Bununla bağlı MPM-in aşağıdakı normalarının tələbi əsas alınmalıdır: MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 36.3-cü maddəsinə əsasən, alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. MPM-in 443.0.4-cü maddəsinə əsasən, aliment alınması işlərində iddiaçı Azərbaycan Respublikasının ərazisində yaşayış yerinə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan bu işlərə baxmağa haqlıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun “Yaşayış yerinin müəyyən edilməsi barəsində sənədlər” adlanan 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 3) Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbi şəxs barəsində — xüsusi nümunəli vəsiqə; 4) Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbi şəxs barəsində - müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli qərar. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Belə ki, iddia ərizəsinə əlavə edilmiş iddiaçıya məxsus pasportun, etibarnamənin və digər sənədlərin surətindən məlum olur ki, iddiaçı X1 Federasiyası vətəndaşıdır (əcnəbidir). Belə olan halda qanunvericiliyin tələbinə əsasən əcnəbi şəxsin yaşayış yeri müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən xüsusi nümunəli sənəd əsasında müəyyən olunmalıdır. Lakin iddiaçının Azərbaycan Respublikasında yaşayış yerinə malik olduğunu təsdiq edən yuxarıda qeyd olunan müvafiq sənəd ümumiyyətlə iddia ərizəsinə əlavə edilməmişdir. Eyni zamanda Elektron Məhkəmə İnformasiya Sistemindən də iddiaçının şəxsiyyətini və yaşayış yerini müəyyən etməyə imkan verən məlumatlar müəyyən edilmir. Bununla belə, iddia ərizəsində “iddiaçının hazırda Bakı şəhəri, Xəzər rayonu ərazisində yaşadığının (halbuki əvvəlki iddia ərizəsində Sabunçu rayonu ərazisində yaşadığı qeyd edilmişdi) Dövlət Miqrasiya Xidməti tərəfindən 29 saylı Vəkil bürosuna ünvanlanmış xx.xx.2024-cü il tarixli, 05/11974/di nömrəli məktubla təsdiq olunduğu” qeyd olunur. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla istinad olunan məktub ümumiyyətlə surətdir və MPM-in tələbinə görə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti istifadə edilə bilər. (MPM 89.3.) Digər tərəfdən, hətta həmin sənədin əsli təqdim edilmiş olsaydı belə yenə də bu sənəd hazırki iddianın ərazi aidiyyətinin müəyyən olunması üçün əsas sayılmayacaqdı. Çünki iddiaçının yaşayış yeri onun məhkəməyə müraciət etdiyi vaxta uyğun olaraq müəyyən edilməlidir, halbuki istinad edilən məktub 10 ay əvvələ aiddir və bu, iddiaçının hazırda yaşayış yerinin qeyd olunan ünvan olmasını təsdiq edən sübut kimi qəbul edilə bilməz. Məhkəmə Cavabdeh rəsmi qeydə alındığı ünvana münasibətdə qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilən məlumatdan görünür ki, cavabdeh Lənkəran rayonu, Nərimanabad Ə/D, Nərimanabad qəsəbəsində rəsmi qeydiyyatdadır. Bu baxımdan cavabdehin rəsmi qeydə alındığı yer də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid deyildir. MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, nə cavabdehin rəsmi qeydiyyat ünvanının, nə də iddiaçının yaşayış yerinin Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyi təsdiq olunmadığına görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Habelə məhkəmə diqqətə çatdırır ki, MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Mamızadə Raksananın Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada aidiyyəti məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə elektron qaydada) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar