Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3693/2024 03.10.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi Məhərrəmova Şeyda Ədalət qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 218.01 AZN pul vəsaiti, ödənilmiş 35.34 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış CO0009376 saylı, xx.xx.2023-cü il tarixli “tam kart” müqaviləsinə əsasən bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən müştəri bu müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (abb-bank.az) yerləşdirilmiş xx.xx.2022-ci il tarixli fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair “Standart Şərtlərdə” müəyyən edilmiş müvafiq müddəalarla tanışdır və ona sadalanan məsələlər barədə ABB tərəfindən məlumat verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də vəsait banka geri qaytarılmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2024-cü il tarixə cavabdeh tərəfindən banka 218.01 AZN məbləğində vəsait qaytarılmalıdır. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli, CO0009376 nömrəli “tam kart” müqaviləsindən görünür ki, həmin müqavilə üzrə Cavabdeh 5 il müddətinə 15.000 manat kredit limiti ayrılmışdır. Cavabdeh elektron ərizə ilə xx.xx.2023-cü il tarixli, CO0009376 nömrəli “tam kart” müqaviləsi üzrə bank kartının sifarişini təsdiq etmişdir. İş materiallarında olan “əsassız varlanmanı əks etdirən” arayışdan görünür ki, Cavabdeh cəmi kart üzrə borcu 218,01 AZN və rüsum üzrə tələb olunan məbləğ 25,40 AZN məbləğindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, “əsassız varlanma əticəsində əldə edilmiş əmlakın qaytarılmasına dair” xəbərdarlıq məktubundan görünür ki, cavabdehə bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən təqdim edilmiş kart vasitəsilə sistemdə baş vermiş xəta səbəbli ona aid olmayan 218.01 AZN pul vəsaiti onlayn və nağd əməliyyatlar nəticəsində istifadə etmiş və qeyd olunan həcmdə banka maddi zərər vurmuşdur. Qeyd olunanları nəzərə alaraq, əsassız varlanmaya səbəb olan borcunun 3 gün ərzində ödənilməsi tələb olunmuş, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan dövlət rüsumunun ödənilməsinə dair ********** nömrəli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 35,34 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, Cavabdeh 5 il müddətinə 15.000 manat kredit limiti ayrılmışdır. Hazırda iddiaçı qeyd edir ki, cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Məhkəmə işin faktiki hallarına münasibətdə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, iddiaçı ilə cavabdeh arasında 5 il müddətinə 15.000 manat kredit limiti ayrılması barədə xx.xx.2023-cü il tarixli, CO0009376 nömrəli “tam kart” müqaviləsi olsa da cavabdeh tərəf xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan 218.01 manat məbləğində vəsaitdən istifadə etmiş, lakin həmin vəsaitin cavabdehə verilməsi üçün hər hansı əsas müəyyən edilməmişdir. Buna baxmayaraq Cavabdeh həmin pul məbləğini iddiaçıya tam məbləğdə qaytarmamışdır, bununla da əsassız varlanmışdır. Məhkəmə qeyd edir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi 218.01 manat məbləğində vəsaitin cavabdehə verilməsi barədə tərəflər arasında hər hansı müqavilə münasibətləri olmamış, lakin cavabdeh həmin vəsaitdən istifadə etmiş və nəticə etibarı ilə də həmin vəsaiti iddiaçıya tam məbləğdə qaytarmamaqla sonuncunun hesabına pul məbləği əldə etməklə əsassız varlanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh 218.01 manat məbləğ həcmində iddiaçının hesabına əsassız varlandığından 218.01 manat cavabdehdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 218,01 manat tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə isə məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 222-ci, 284-1-284-6, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 218.01 (iki yüz on səkkiz manat, bir qəpik) manat, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №e-2(003)-3693/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3693/2024
03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver