Məhkəmə qərarları › İş №e-2(003)-3790/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(003)-3790/2025

27.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(003)-3790/2025 27.10.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Natiq Fərhad oğlunun sədrliyi Fərzəliyeva Tünzalə Baləli qızının katibliyi İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh faktiki nikahlarından xx.xx.2023-cü il tarixində doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində - 246 (iki yüz qırx altı) manat alimentin Cavabdeh hər ay tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Əbülfəz qızı Cavabdeh ilə 2021-ci ilin dekabr ayından 2022-ci ilin dekabrına kimi Sumqayıt şəhərində kirayə mənzildə, daha sonra isə iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan Südçülük sovxozunda yerləşən mənzildə faktiki nikah münasibətində yaşamış, onların birgə münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü övladları X4 dünyaya gəlmişdir. Qeyd edilməlidir ki, İddiaçı hamiləlik dövründə onunla Cavabdeh arasında münasibətlər dəfələrlə gərginləşmiş və onlar faktiki nikah münasibətlərini davam etdirə bilməmişlər. Bakı şəhəri 7 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023 tarixli, doğum haqqında akt qeydləri kitabında 1543 nömrəli qeydlə qeydiyyatı aparılmış uşağın doğum haqqında şəhadətnaməsində, həmçinin AA5489181 seriya №li; FİN:GVC4U4D şəxsiyyət vəsiqəsində də cavabdehin ata kimi adı qeyd olunmuş və atalıq rəsmi olaraq müəyyən edilmişdir. Ata ilə uşaq arasında qanuni qohumluq əlaqəsi mövcuddur. Hazırda uşaq ana ilə birlikdə yaşayır və bütün ehtiyacları ana tərəfindən qarşılanır. Uşaq doğulduğu gündən bu günədək uşağın atası – Cavabdeh isə onun nə saxlanılmasında, nə də təminatlarında iştirak etməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, uşağın səhhətində də “dilin qatlanması”, “ürəkgetmə” halı ilə müşayət olunan xəstəlik yarandığı üçün ana bir neçə dəfə onun Respublika Pediatriya Mərkəzində müayinə və müalicəsinin aparılmasını təşkil etmişdir. Lakin Cavabdeh uşağa xüsusi qulluğun və qayğının tələb olunduğu bu vaxtlarda iddiaçın və uşağının yanında olmamış, heç bir maddi-mənəvi dəstək göstərməmişdir. Həmçinin İddiaçı rəsmi iş yeri yoxdur. Hövsan Südçülük sovxozunda yerləşən “Gülüm” gözəllik salonunda “saç ustası” kimi çalışaraq, öz dolanışığını təmin edir. Bu səbəbdən də onun daimi və sabit gəliri yoxdur. Övladını təkbaşına saxlayır və ona heç kim tərəfindən maddi və mənəvi dəstək göstərilmir. Göründüyü kimi, uşağın normal və sağlam böyüməsi üçün cavabdeh tərəfindən köməyə ehtiyac vardır. Proses iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq izahatında qeyd etmişdir ki, atalığın müəyyən edilməsi barədə cavabdehin özü qeydiyyat şöbəsinə müraciət etmişdi, 7 saylı Bakı ASAN Xidmət mərkəzində atalığın tanınması haqqında şəhadətnamə verilmişdi və həmin sənədi təqdim etmişdir.

4. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh faktiki nikah münasibətində yaşamış, onların faktiki nikah münasibətlərindən xx.xx.2023-cü il təvəllüdlü X4 doğulmuş, hələ iddiaçının hamiləlik dövründən tərəflər arasındakı münasibət pozulmağa başlamış, uşaq doğulduqdan sonra cavabdeh tərəfindən onun saxlanılması üçün heç bir maddi yardım göstərilməmiş, mediasiya prosesində iştirak zamanı aliment ödəməyə imkanının olmadığını, bundan sonra olacaq məhkəmə iclaslarında iştirak etməyəcəyini bildirdiyini qeyd etmişdir. O, həmçinin cavabdehin mülkiyyətində daimi və rəsmi olmasa da özünə və uşağına baxacaq qədər qazancı olduğunu, iddia tələbi həcmində olmasa da, heç olmasa 100-150 manat məbləğində aliment verməyinə də razı olduqlarını bildirmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin və qanuni nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işin materialları:

İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:

6. AZ-İV 877782 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır.

7. AZ-İ seriyalı 479739 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir.

8. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Cavabdeh ümumilikdə 3 uşağı – xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2023-cü il təvəllüdlü X4 vardır.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

9. 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar.

10. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

11. 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

12. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

13. 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir.

16. Azərbaycan Respublikası Prezidentinin “Minimum aylıq əmək haqqının məbləğinin artırılması barədə” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir.

17. Azərbaycan Respublikası Mülki-Proessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarının: - 8.2-ci bəndinə əsasən, uşağın Azərbaycan Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. - 8.4-cü bəndə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. - 8.4-1-ci bəndinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Məhkəmənin mövqeyi:

19. Məhkəmə iş materiallarını, iddia ərizəsinin dəlillərini araşdırıb, iddiaçı tərəfin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

20. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı doğulmuş X5 atası hesab edilmişdir

21. İşin mübahisəli halı isə ondan ibarətdir ki, cavabdeh uşağın saxlanılmasında və maddi tələbatlarının ödənilməsinə iştirak etmədiyi üçün uşağın saxlanılması üçün vəsaitin (alimentin) məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır.

22. Məhkəmə qeyd edir ki, iddia ərizəsində cavabdehin uşağın saxlanılmasında heç bir zaman iştirak etmədiyini, onun iddiaçıya maddi köməklik göstərməməsi qeyd olunmuş, iddiaçı və onun vəkili məhkəmə iclaslarında vermiş olduqları izahatda da bu faktı bir hda qeyd etmişlər. Məhkəmə qeyd edir ki, aliment təyin edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulur. Əlavə olaraq məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il təvəllüdlü X1 başqa daha iki uşağı vardır. Həmçinin hazırda cavabdehin qazancı və gəlirləri barədə, tələb olunan məbləğdə alimentin ödənilməsi üçün cavabdehin maddi imkanının olması barədə hər hansı sübut təqdim edilməmiş, elektron məhkəmə informasiya sistemində də onun rəsmi iş yeri və qazancı barədə məlumat yoxdur. Qeyd olunmalıdır ki, sabit pul məbləğində alimentin məbləği müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyətinin, eləcə də, diqqətəlayiq digər halların nəzərə alınması qanunvericiliyin tələbidir. Habelə aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, onun maddi təminatını ödəmək vəzifəsindən azad etmir. Beləliklə, cavabdehin daimi və sabit gəlirinin olması və tələb olunan aliment məbləğini ödəmək imkanının olduğunu təsdiq edən sübut təqdim edilmədiyini, cavabdehdən iddia tələbi həcmində olmasa da, heç olmasa 100-150 manat məbləğində aliment verməyinə də razı olduqlarını bildirməsi və diqqətəlayiq digər halları nəzərə alaraq məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli (150:400=0,375) həddində sabit pul məbləğində aliment tutulmalıdır.

23. Məhkəmə alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmalı olması ilə bağlı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbinin hazırki işə tətbiqi baxımından hesab edir ki, təyin edilən sabit pul məbləğində alimentin tutulmağa başlanılması iddia ərizəsi ilə məhkəməyə müraciət olunduğu vaxtdan, yəni xx.xx.2025-ci il tarixindən hesablanmalı, habelə qətnamə dərhal icra olunmalıdır.

24. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliklə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad edildiyi və hazırda iddiaçı tərəfindən dövlət rüsumu ödənilmədiyi üçün, dövlət rüsumu cavabdehdən tutulmalıdır. Belə ki, MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən də, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məbləğinin hər ay cəmi 150 manat müəyyən olunduğu nəzərə alındığında, bir il ərzində ödəmənin məcmusu 1800 manat (150x12=1800) təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən də, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manat məbləğindən 10.000 manat məbləğinədək olduqda 30 manat məbləğində + 1.000 manat məbləğindən yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Qeyd olunanlara əsasən, ödənilməli dövlət rüsumunun məbləği 38 (otuz səkkiz) manat təşkil edir. Beləliklə məhkəmə hesab edir ki, 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.

26. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq məcmu halında və tələb həddində hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulmalı və qətnamə dərhal icra edilməlidir. Habelə, 38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi

İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixindən başlayaraq xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməmiş 38 AZN (otuz səkkiz manat) dövlət rüsumunun məbləği Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə aliment tutulması hissəsində dərhal icra olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə ondan şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Natiq Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar